Nizami Gəncəvidən Orxan Pamuka

Nizami Gəncəvidən Orxan Pamuka
20 iyul 2017
# 19:23

Zaman sanki bir az da amansızlaşıb; sürətlə ötüb keçir. Həyat bir göz qırpımında ruhumuzu canımızdan alır. Divar boyu düzülmüş kitab rəflərini gözdən keçirdikcə içindən təəssüf hissi keçir: sizin hamınızı oxumağa ömür çatmayacaq, mənim sadiq dostlarım. Hər gün yüzlərlə kitablar nəşr olunur. Sən bu kitabları acgözlüklə mənimsəmək istəyirsən.

Hiss edirsən ki, getdikcə bibliomana çevrilirsən. Bu doyumsuz mütaliə ehtirası zehnində bir xaos yaradır. Vaxt ömrünü anbaan azaldır, nə qədər kitablar isə oxunmamış qalacaq. Amma bu məlum həqiqət sənə agah ikən qiymətli vaxtını oxuduğun kitabların təkrar mütaliəsinə sərf edirsən. Sizcə, buna dəyərmi?

Yaxşı kitabları oxuya bilmək üçün düzgün mütaliə seçimi etməyimiz lazım gəlir. Bəzən yanlış kitablar insanları yanlış istiqamətə aparıb çıxarır. Mənəvi çaşqınlıq yaradır və bundan qorunmaq üçün təfəkkürümüzdə bir oxu immuniteti olmalıdır. Mütaliə zamanımızın sərhədlərini müəyyən etmək və zövqümüzü korlayan kitabların bu sərhədləri adlayıb bizim vaxtımızı işğal etməsinə imkan verməməliyik.

Elə kitablar var ki, o kitablar təkrar-təkrar oxunmaq üçündür. O kitabları oxumaq vaxt itkisi sayılmaz, çünki o kitabları hər dəfə oxuduqca insanın ruhu bir az da saflaşır, mənəvi dünyası bir az da zənginləşir, idrakının sərhədləri bir az da genişlənir, ilk oxunuşda səninçün gizli qalan mənalar növbəti oxunuşda sənə daha aydın şəkildə agah olur. Bu mənəvi qazanc itməyən bir sərvətdir. Dörd səmavi kitab, miflər, rəvayətlər, dastanlar həyatın təməl gerçəklərini bizə öyrədir. Bəşəriyyətin mənəvi inkişafı birbaşa bu kitablarla bağlıdır. Ən qədim yazılı abidəmiz olan "Kitabi-Dədə Qorqud" möhtəşəm bir həyat ensiklopediyasıdır. Yaradılışın və yaşamın bütün təməl kuralları bu kitabda öz əksini tapıb. Tanrının böyüklüyü, ədaləti, insan oğlunun inamı, sədaqəti, sevgisi, sağlam ailə modeli, yurda, torpağa bağlılıq, Vətən məhəbbəti, yalanın, riyanın aqibəti, şərin məğlubiyyəti, dünyanın faniliyi və insanın hünəri - həyatın bütün komponentləri "Kitabi-Dədə Qorqud"un on iki boyunda öz əksini tapıb. Bu dastan mənim sctolüstü kitablarım sırasındadır. Dünya ədəbi meridianlarını "gəzib-dolaşdıqdan" sonra hər dəfə yenidən "Kitabi-Dədə Qorqud"a qayıdıram.

Bir də Nizami Gəncəvi! Onun dünya qədər qədim və dünya qədər təzə söz səltənəti. Nizami sözü elə bir zirvəyə qaldırdı ki, ondan sonrakı poeziya o zirvəyə çatmaqdan ötrü fikrin, düşüncənin, idrakın intəhasız yoluna çıxdı və nəticədə yeni-yeni zirvələr fəth etdi. Ortaçağ Şərq mədəniyyətinin üfüqlərində Nizami bir Günəş kimi tülu etdi. Onun poeziyası Şərq fəlsəfi fikrinə yön verdi, elm üçün yeni istiqamətlər göstərdi. Nizaminin "Xəmsə"sində təsvir olunan dünyaya giriş üçün şifrələri, kodları bilmək gərəkir. O kodlar da Qurani-Kərimdə, astronomiyada, həndəsədə, mifologiyada gizlənir. Bu elmlərə vaqif olmadan Nizamini oxusanız, "Bir qalanın sirri" filminin qəhrəmanı Elşən kimi pis vəziyyətdə qalacaqsınız; "kəmər belinizdə dayanmayacaq".

Nizami özünəqədərki əfsanə və rəvayətləri idrakının süzgəcindən keçirərək onların üzərində ideal insan konsepsiyasını yaratdı. Böyük şair ilk dəfə insanın ruhuna xitab etdi, onu ruhi, mənəvi əzablardan keçərək ucalığa qaldırdı. Miflər, rəvayətlər insanları çevrələyən və yaşamın təbii parçası olan Xeyirlə Şərin əbədi mübarizəsindən yaranmışdı və onları Xeyirin tərəfində olmağa səsləyirdi. Xeyirin tərəfində olmaq insanlığın əsas şərtidir. "Xəmsə"nin ikinci poeması "Xosrov və Şirin" Şərqin ən böyük məhəbbət dastanlarından biridir və bu əsər Nizamidən sonrakı Şərq və Qərb ədəbiyyatına da çox ciddi təsir göstərmişdir. Nizami bu əsəri o zaman Sasani şahı Xosrov Pərvizlə Şirinin məhəbbətiylə bağlı xalq arasında dolaşan əfsanə və rəvayətlər əsasında yazmışdı. Ona qədər Firdovsi özünün "Şahnamə"sində Xosrovun şahlığı və qələbələrinə ayrıca bir bölüm həsr etmişdi. Firdovsinin nəql etdiyi hekayətdə Xosrovun eşq macəralarına yer ayrılmayıb. Çünki Firdovsinin məqsədi bu deyildi. Nizami isə Xosrovla Şirinin məhəbbətini nəzmə çəkməklə həm də dövrünün geniş mənzərəsini təsvir etmişdir. Şair poemanın girişində özü bu haqda yazır və "yorğun qoca" - deyəndə də Firdovsini nəzərdə tuturdu:

Söylərkən o həkim bu xoş dastanı,
Çıxarıb içindən eşqi, fəğanı.
Altmış yaşındaydı yazanda bunu,
Saxlaya bilmirdi yayda oxunu.
Altmışda sevginin, eşqin həyəcanı
Titrədə bilməzdi yorğun qocanı.
Bilici deyəni etmədim təkrar,
Məlumu deməkdən kimə fayda var?!
Onun yazdıqları - cəngavər eşqi,
Mənim yazdıqlarım - bir dilbər eşqi.

Poemada istər Xosrovun, istərsə də Şirinin hökmdarlığı və aşiqliyi paralel xətt üzrə davam etdirilir və onların insani xüsusiyyətləri ibrətamiz əhvalatlar kontekstində üzə çıxır. Nizamidən sonra çox "Xosrov və Şirin"lər yazıldı. Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai və digər söz ustaları bu sevgi dastanını nəzmə çəkdilər. Onlar Nizami ənənələrini davam etdirməklə şairin didaktik nizamından kənara çıxmamışdılar. Amma Arif Ərdəbilinin "Fərhadnamə"sində Xosrov da, Şirin də, Fərhad da tamamilə başqa xarakterə malik insanlar idilər. Onun "Fərhadnamə"si "Xosrov və Şirin"in indiki dillə desək, dekonstruksiyasıdır. Arif Ərdəbili öz əsərinin bir neçə yerində Nizamini eşqdən, məhəbbətdən bixəbər adlandırır. Poemanın bir yerində yazır:

Ey qəmlər şairi, hardasan, dillən,
Nədir eşqbazlıq, gəl məndən öyrən.

"Fərhadnamə"ni fars dilindən bizim dilə çevirən filologiya elmləri doktoru Xəlil Yusifli kitabın ön sözündə yazır ki, "Arif Nizami ədəbi məktəbinin davamçılarından biri olsa da, onun yaradıcılığına tənqidi yanaşmış, Nizamini Yaxın və Orta Şərqin ən böyük şairi kimi həzm edə bilməmişdir". Arif Ərdəbili öz əsərində Fərhadı da, Şirini də cismani ehtiraslarının qulu kimi təsvir edir, bu obrazlar mənəvi keyfiyyətlərdən xalidirlər. Nizami isə onları mənəvi ucalıq mərtəbəsinə qaldırmışdı. Nizaminin məqsədi "eşqbazlıq" deyildi, o, qəhrəmanlarını pillə-pillə kamillik mərtəbəsinə qaldırmışdı. Nizamidə Xosrov Şirinə xəyanət etsə də Şirin sonadək öz eşqinə sadiq qalır. Fərhad eşqi uğrunda bütün cəfalara dözür və Şirindən ötrü canından keçir. Arif Ərdəbilinin "Fərhadnamə"sində isə Şirin xəyanət edir, Xosrovdan gizlin öz qəsrində Fərhadla birlikdə eyş-işrətlə məşğul olur. Fədakarlıq hissi onlara yaddır. Nizaminin Şirini isə o qədər əzəmətlidir ki, onun ağlının qüdrəti qarşısında Xosrov acizdir, Şirinin eşqi tərbiyəvi bir eşqdir. O, Xosrovu məhz bu ilahi eşqi ilə, ləkəsiz məhəbbəti ilə tərbiyə edir. Xosrov cismani ehtirasların əsiridir, Şirin isə öz gözəlliyi və əxlaqıyla məğlubedilməzdir. Xosrov Şirinlə görüşdən məyus qayıdarkən "ağıl mənzilindən avara düşdüyünü" dərk edir və bundan sonra onun daxilindəki insan oyanır. Arif Ərdəbili isə insanın batininə enmir, zahiri göstəricilərini təsvir edir. O, özünün görmək istədiyi Fərhadı, Şirini qələmə alıb. Nizami Firdovsini "yorğun qoca" adlandırdığı kimi, Arif Ərdəbili də Nizamiyə eyni münasibəti göstərir. Fərq Nizaminin insana vertikal, Ərdəbilinin isə horizontal yanaşmasındadır. Nizami ilahi eşqi tərənnüm edirdi, Ərdəbili isə cismani eşqin macəralarından danışırdı. Xəlil Yusifli haqlı olaraq qeyd edir ki, "Arif Ərdəbili eşqi yanlış başa düşür, onu ancaq əyləncə hesab edir. Ona görə də Nizamini düzgün qiymətləndirə bilmir".

Mərhum akademik Həmid Araslı Nizaminin Şirinini Dantenin Beatriçası, Şekspirin Cülyettası ilə müqayisə edirdi. "Fərhadnamə"dəki Şirini isə onlarla müqayisə etmək mümkünsüzdür. Orta əsrlər klassik Şərq poeziyasının tematikası (eşq əfsanələri), poemaların quruluşu (Yaradana xitab, minacat, peyğəmbərin, şahın tərifi, təzim xitabəsi və nəhayət, dastanın başlanması) demək olar ki, eynidir. Amma bulağın gözü Nizamidir.

Biz bu yazıda "Xosrov və Şirin"dən bəhs etdik. Qəfildən Orxan Pamukun "Mənim adım qırmızı" romanının mövzusunu xatırladım. Oxuyanlar bilir, bu roman haqqında vaxtilə yazı da yazmışam deyə, təkrara varmaq istəmirəm. Nobelli yazıçı "Ötəki rənglər" kitabında "Mənim adım qırmızı"nı necə yazmasından bəhs edir və yazır: "Xosrov və Şirin" mənim qəhrəmanlarımın yaşadığı mədəniyyətdə əsas hekayədir".

Biz məhz bu mədəniyyətin daşıyıcılarıyıq. /"Ədəbiyyat qəzeti"/

# 4040 dəfə oxunub

Müəllifin son yazıları

# # #