O alçağı niyə ifşa etmirlər?

O alçağı niyə ifşa etmirlər?
21 fevral 2013
# 11:13

Layihə- 37

“Kommunist” qəzetinin 8 may 1937-ci il tarixli sayında Mirzə İbrahimovun Azərbaycan Dövlət Dram Teatrında nümayiş etdirilmiş “Həyat” tamaşası haqqında bir sıra qələm adamlarının fikirləri yer alır. Kulis.az “Azərbaycan incəsənətinin yeni qələbəsi” sərlövhəli yazıdan iki şəxsin-xalq şairi Süleyman Rüstəmin və yazıçı-dramatuq Şəmsəddin Abbasovun fikirlərini təqdim edir.

Xatırladaq ki, Şəmsəddin Abbasov (1906- 1975) 1938-39-cu illərdə Bakı Kinostudiyasının(indiki “Azərbaycanfilm” kinostudiyasının - red) direktoru, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, 1944-1951-ci illərdə isə Radiolaşdırma və Radio Verilişləri Komitəsinin sədri vəzifələrində çalışıb. Onlarla hekayə və şeir kitablarının, povest və oçerklərin, ssenari və pyeslərin müəllifidir.

Qüvvətli bolşevik əsəri

Xalq düşmənləri Ruhulla Axundov, Əli Kərimov, Əhməd Triniç sənət cəbhəsində böyük ziyankarlıqlar etmişlər. Triniç teatroda “rəhbərlik” etdiyi zaman sovet yazıçılarını teatroya yaxın buraxmayırdı və yeni dram əsərləri yaranmamağı üçün çalışırdı.

Xain Əli Kərimovun “rəhbərliyi” vaxtında da teatro səhnəmiz çox pis vəziyyətə düşdü. Səhnə orijinal əsərlərdən məhrum qaldı.

Bu xainlər teatro ilə xainlər arasında uçurum yaratmaq istəyirdilər.

İ. Mirzənin “Həyat” əsəri də iki il teatroda süründürüldü. Xain Əli Kərimov bu əsəri səhnəyə buraxmadı. Çünki bu əsərdə Süleyman obrazı simasında Əli Kərimovlar ifşa edilirdi, çünki bu əsər tamaşaçıları Əli Kərimov kimi alçaqlara qarşı sayıqlığa səfərbər edir, çünki bu əsər xalqı Əli Kərimov kibiləri ifşa üçün partiyanın əyilməz bayrağı altına toplayır.

“Həyat”ın müvəffəqiyyət qazanmayacağı haqqında çox dedi-qodular getdi. Lakin bu əsərə çox ürəklə girişmiş olan teatro kollektivi yorulmadan çalışdı. “Həyat” pyesini Aprel revolyusiyasının 17-ci ildönümü günündə tamaşaçıların qarşısında nümayiş etdirdi. “Həyat”ın dəyərli, siyasi, bədii tərəfdən qüvvətli bir bolşevik əsəri olduğu tamamilə aydınlaşdı.

Teatronun qarşısında gələcək il mövsümünün repertuarını indidən əsas etibarilə orijinal əsərlər hesabına qurmaq vəzifəsi durur. Teatromuz bütün bunları partiyamızın, hökümətimizin rəhbərliyi ilə təbii ki, parlaq surətdə yerinə yetirəcəkdir.

Azərbaycan Dövlət Dram Teatrosunun direktoru S. Rüstəm

Kolxozlu kəndin əsl həyatını göstərən pyes

“Həyat” pyesi Azərbaycan SSR-nin 15 illiyi münasibətilə elan edilən bədii əsər konkursunda ikinci mükafatı qazanmışdır.

Bir çox pyeslər kibi “Həyat” pyesi də faşizmin alçaq agentləri, vətən xainləri, trotskist, nasionalist Ruhulla Axundovun və Əli Kərimovun “fəaliyyəti” sayəsində uzun müddət süründürülmüş, hətta bu əsərin oynanılmamasına belə cidd-cəhd edilmişdi. Repertuar “azlığından” dəm vuran, yazıçıların teatroya yaxınlaşmadıqlarını, bədii dram əsərləri vermədiklərini bəhanə edən bu əclaflar teatroya gəlməkdə olan yazıçıların başına min bir oyun açırdılar.

Onların fikri-zikri Azərbaycan incəsənətini geriyə çəkmək, gənc talantların yüksəliş qanadlarını qırmaq, xalqın sosialist milli kulturunun inkişafı qarşısına böyük bir sədd çəkmək idi.

Lakin bu alçaqların fırıldağı baş tutmadı. Onların maskası yırtıldı, onlar bütün çılpaqlığı ilə ifşa edildilər.

Dövlət Dram Teatrosunun yeni rəhbərliyi (direktor Süleyman Rüstəm yoldaş) bütün bunları ciddi nəzərə aldı, əsl sovet dram əsəri olan “Həyat” pyesinin səhnədə qoyuluşuna başladı. Bütün aktyor kollektivi gənc dramaturqa yardıma qoşdular. Ay yarımlıq gərgin iş aparıldı və parlaq nəticələr əldə edildi.

“Həyat” pyesi hər şeydən əvvəl revolyusion sayıqlığı yüksəltməyə, xalqın düşmənlərinə qarşı çox qəti və amansız olmağa çağırır.

Lakin bununla bərabər pyesdə bəzən revolyusion sayıqlığın zəif olduğu da nəzərə çarpır. Məsələn, Pardon Qurbanəli kibi yalançı və bir o qədər də görkəmli adam olmayan tip oyun boyunca “mıtıryal- mıtıryal” deyə bağırır və heç kəs də onu ifşa etməyir. Məncə, bu tipi tezliklə ifşa edib, kolxozdan qovmaq lazımdır.

Pyesin nöqsanlarından birini də qeyd edək. Məsələn, düşmən Süleyman çox qüvvətli olduğu halda Həyat ona nisbətən zəifdir. Kolxozun aşağı partiya aktivinin siması qabarıq surətdə görükmür. MTS siyasi şöbəsi naçalnikinin siyasi işlər üzrə müavini Həyatın yavəri kibi nəzərə çarpır. Həyat çox vaxt təsərrüfat məsələlərinə uyaraq siyasi və partiya işlərini unudur.

Zənnimcə, bütün bu nöqsanları düzəltmək mümkün və lazımdır.

Ş. Abbasov

“Kommunist” qəzeti 8 may 1937-ci il

# 2874 dəfə oxunub

Müəllifin son yazıları

# # #