81 il yaşayıb, kitab çap etməyən şairimiz - ARAŞDIRMA

81 il yaşayıb, kitab çap etməyən şairimiz - ARAŞDIRMA
23 sentyabr 2013
# 11:35

O, Əliağa Vahidin ustadı idi...

Əsrlərin o tayından, müqəddəs Kərbəla torpağından Mövlana Məhəmməd Füzulinin sehrə-əfsuna bələnmiş ləngərli səsini eşidirəm bu səs dalğa-dalğa içimə yayılır:

Kuhkən künd eyləmiş min tişəni bir dağ ilən,

Mən qopardıb atmışam min dağı bir dırnağ ilən.

Bu əsnada yaddaşımdan daha bir səs – məğruranə, nidasını böyük Füzulinin səsinə qatmaq istəyən, Füzuli sözünün ucalığından güc almış, bu sözün sehriylə tilsimlənmiş bir səs boy göstərir:

Yoxsa cismimdə təvan, dağ qoparıb atmağa var,

Kuhkən tişəsinin qüdrəti dırnağımda.

Kimdir bu səsin sahibi? Biz onu tanıyırıqmı?

Yox! Tanımırıq...

Bu səs sahibinin daha bir beyti dolaşır xəyalımda:

Deyiləm gərçi sərəfrazi-inayət səndən,

Etməzəm kimsəyə izhari-şikayət səndən.

O, yaşadığı ömründə bircə dəfə də olsun, heç nədən və heç kimə şikayətlənmədi. Sadə, təmtəraqdan uzaq, səssiz-küysüz bir ömür yaşadı. Yuxarıdakı misraları da ona tükənməz ilhamı, rəvan təbi pıçıldadı...

***

Dolanışığın çətinliyi, güzəranın mürəkkəbliyi Hacı Məcidi məcbur edir ki, ailəsini də götürüb Petrovsk (indiki Mahaçqala) şəhərinə köçsünlər. Lakin Hacı Məcidin fikrini məşğul eləyən köçmək qayğısından daha çox balaca Azərin gələcəyi idi. Axı ona təhsil lazım idi, görəsən orada oxuya biləcəkdimi, yad bir şəhərdə onun üçün çətin olmayacaqdı ki? Axı deyirdilər Petrovskidə uşaqların təhsil alması müşkül məsələdi, orada heç bir məktəb-filan yoxdur. Hələ orada maarif topları atılmayıb, cəhalətin kəsif, bulanıq havası balaca Azərin saf beynini, düşüncəsini zəhərləyə və birdəfəlik məhv edə bilər.

Bircə nigarançılığı bu sarıdan idi. Azər ailənin ilki idi deyin, Hacı Məcid bütün mehrini ona salmışdı. O biri övladlarını da əzizləyirdi, nəvazişini heç birindən əsirgəmirdi, onun ürəyindəki ata sevgisindən ciyərparalarının hər birinə bolluca pay düşürdü. O, övladlarının hər birinin nəzərində mehriban bir ata idi.

Lakin balaca Azərin gələcəyini sövq-təbii bir hisslə duyduğundanmı, ya nədəndisə, onun üstündə daha çox əsirdi, qəlbən ona daha çox bağlandığını hiss edirdi. Azərin içində şölələnən və gələcəkdə məşələ çevriləcək qığılcımları Hacı Məcid görmüşdü.

***

Buzovnada adi bahar günlərindən biriydi. Təbiət əlində ülgüz çöllərə, çəmənlərə, ağacların boyuna yaşılı don biçməyində idi. Topa saqqallı qazı adəti üzrə ərəb və rus dillərində bir doğum şəhadətnaməsi yazdı və balaca Azərin anadan olma tarixini təsdiqlədi: 1870-ci il, 2 aprel.

Yazdığını suçəkənlə qurutduqdan sonra eynəyini taxıb bir də oxudu, haqqını alıb qoydu cibinə. Hacı Məcid də şəhadətnaməni cibinə qoyub sevinə-sevinə evinə qayıtdı.

Hacı Məcid ata-babadan qalma bağ və əkin yerlərinin gəliri hesabına ailəsinin ehtiyaclarını ödəyirdi. Azərin məktəb vaxtı çatan kimi əlindən tutub mollaxanaya, Hacı Molla Məlik Məhəmmədrzanın yanına gətirdi.

Yadıma Nəcəf bəy Vəzirovun XIX əsrin sonuncu çərəyində yenicə nəşrə başlamış “Əkinçi” qəzetinə yazdığı qeydlər düşür:

“Hərdən tənha oturub fikir edirəm, xudavənda, bizim axırımız necə olacaq?! Ağlımız ata-baba ağlı, getdiyimiz ata-baba yolu; heç bir dəyişiklik yoxdur. Ata-babamız xoruz və qoç döyüşdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nağılına qulaq asıb, qızıl quş saxlayıb günlərini keçirib. Biz də ki, bu yolu gedirik, tələf olacağıq. Səbəb ki, zaman dəyişilib. Əlbəttə ki, on il bundan əqdəm bizim dolanacağımız indikindən də yaxşı idi və on ildən sonra daha yaman olacaq? Bəs biz haçan öz dərdimizin əlacının dalınca olub uşaqlarımıza elm öyrədəcəyik?”

Azərin uşaqlığı məhz belə bir mühitə təsadüf etmişdi və heç şübhə etmirəm ki, Nəcəf bəyin bu sözləri Hacı Məcidin də fikrində, xəyalında dolaşıb. Köksündə çırpınan o qığılcımlar olmasaydı, bəlkə elə Azər də bəd bir axına qoşulub gedərdi, böyür-başında fırlanan tüfeylilərdən, dələduzlardan birinə çevrilərdi. Ürəyindəki qığılcımlar qorudu onu...

Görəsən valideynləri ona Azər adını verəndə nə düşünüblər? Azər – od, alov, oda qulluq edən mələk mənasını bildirir. Azər elə uşaq yaşlarından içindəki közü üfürə-üfürə alova çevirdi və onun cismi büsbütün atəşə, oda büründü. İllər keçəndən, şair kimi püxtələşəndən sonra yazdığı misraları xatırlayıram:

Azərin atəşi-qəlbinə toxunma, ey eşq,

Qoy yanıb cismi sərasər külü bərbad olsun.

Azərin tutiya misraları yaddaşımda dolaşır, durna qatarı kimi səfə düzülür, yarpaq-yarpaq çevrilir, qızılgül ləçəkləritək bu yazıma səpələnir...

Cilvəgər səthi-səmadə sabitü-səyyarələr,

Ahım odundadır, uçmuş çərxə atəşparələr.

***

Hacı Məcidin dayısı Məşədi Nəcəf bir iranlı tacirin gəmisində kapitan işləyirdi. O, bacısı oğlunu da gəmisində işə düzəldir. Hacı Məcid bir müddət gəmidə işləyir. Daha sonra dayısı onu Petrovsk şəhərindəki Gerasimovun ticarət kontorunda işə düzəldir. Burada işləyə-işləyə ticarət sahəsinə bələdliyi də artır. Şəhərdə xüsusi mağaza açaraq ticarətlə məşğul olmağa başlayır.

Lakin bu şəhərdə Azər necə oxuyacaq? Hacı Məcid əlacsız qalıb müvəqqəti də olsa, Azərin təhsiliylə məşğul olmağı Qədir adlı dərbəndli bir mollaya tapşırır. Bir müddət Qədir məşğul olur Azərlə.

Şəhərdə işlərini sahmana salıb, yer-yurdunu rahatlayandan sonra Hacı Məcidin gəliri də artmağa başlayır və o, şəhərdə oğluyla məşğul olmaq üçün yaxşı bilikli müəllim axtarır. Və tapır...

Hər gün bir buğda boyu böyüyən Azər burada Seyid Həmzə Hüseyni və Hacı Molla Yəhya kimi dövrünün açıq fikirli müəllimlərindən dərs alır. Qısa bir zamanda ərəb və fars dillərini mənimsəyir. Bu iki dili bilməsi onun Şərq ədəbiyyatı və tarixi ilə tanışlığına böyük imkanlar yaradır. Biliyini günbəgün artırır, dini və dünyəvi elmləri mükəmməl şəkildə öyrənir. Müəllimlərin verdiyi dərslərlə kifayətlənməyib şəxsi mütaliəsini artırır, rus və türk dilli xalqların tarix və ədəbiyyatına dair bilgilərini genişləndirir.

Artıq Hacı Məcid sakit və arxayındır. Oğlunun istedadının gün-gündən parladığını sezdikcə onunla öyünür. Gümanında yanılmadığına sevinir. O, Azərin sabit və dayanıqlı biliyə yiyələnməsi xatirinə Seyid Həmzə Hüseynini və Hacı Molla Yəhyanı ailələriylə birlikdə öz evlərinə köçürür və hətta onların ailələrinin ehtiyaclarını da ödəməyi öz boynuna çəkir.

Azər ilk qoşmalarını yazır. Zamansa yel qanadlı ata dönüb XX əsrə doğru çapmağındadır.

***

Anlaşılmazlıq, unutqanlıq, yalqızlıq – həqiqi şairin baxtına düşənlər budur. Bu sözləri yazdıqca Füzuli məktəbinin layiqli davamçısı olmuş ustad şair Məşədi Azərin ədəbi taleyi haqqında düşünürəm və acıyıram ki, 81 il ömür sürmüş, Azərbaycan ədəbiyyatı xəzinəsinə 30 min beytdən artıq zəngin ədəbi irs qoyub getmiş sənətkarın sağlığında bir kitabı belə nəşr olunmadı!... Hələ üstəlik vəfatından sonrakı 45 il ərzində ədəbiyyatımızın təəssübünü çəkən bir şəxs belə tapılmadı ki, bu dəhşətli biganəliyə, laübalı münasibətə son qoysun.

İlk dəfə biganəlik buzunu sındıran və bu biganəlik buzlarını yara-yara Azər ünvanlı səfərə çıxan gəminin kapitanları filologiya elmləri namizədi Ədalət Tahirzadə və ustad şairin layiqli xələfi, klassik irsimizin cəfakeş tədqiqatçısı, mətnşünas alim, qısa bir müddətdə klassik irsimizin əvəzsiz nadir incilərini itib-batmaq təhlükəsindən xilas edərək üzə çıxarıb nəşr edən və yenidən ədəbiyyatımızın malına, sərvətinə çevirən “Boz Oğuz” nəşriyyatının baş direktoru Rəhimağa İmaməliyev Məşədi Azəri misra-misra, bənd-bənd, qətrə-qətrə xalqına qaytardılar.

Arxiv rəflərində xiffətdən saralıb solmuş əlyazmaları bəni-insan əlinin nəvazişli sığalını hiss etcək özləri dil açıb danışmağa başlayır. Nələrdən, kimlərdən danışmır bu əlyazmaları?! Bu əlyazmalarından Oğuz türklərinin dırnağı göy qaşıyan şahbaz atlarının kişnərtisi və kişnərtiyə qarışmış qılınc, mizraq səsləri eşidilir. Bu əlyazmalarında müəllifinin avtoportreti boylanır:

Aşiqi-zari pərişan ki, deyirlər, - o, mənəm,

Dəsteyi türreyi-canan ki, deyirlər, - o, mənəm.

...Didəgiryan, ləqəbi Azər, özü sərgərdan,

Şairü bisərü-saman ki, deyirlər, - o, mənəm.

Qarşımda bir kitab durur: Məşədi Azər, “Seçilmiş əsərləri”. Yenə də qeyri-ixtiyari şairin ədəbi taleyi haqqında düşünürəm. Yadıma yunan mifologiyasında tarixi həqiqətləri hər cür təhriflərdən qoruyub himayə edən Klio adlı ilahə düşür. Tarixi saxtalaşdıranlar və təhrif edənlər Klio tərəfindən mühakimə olunurmuşlar. Belə bir mühakimə olsaydı, ədəbiyyatımızın müdafiəsiz qalacağı şəksizdir. Kimlərsə bu fikirlə razılaşmaya da bilər. Lakin uzun illər klassik ədəbi irsimizə soyuq münasibət göstərməyimiz, kimlərdənsə, nələrdənsə çəkinməyimiz son nəticədə ədəbiyyat xəzinəmizin müflisləşməsinə gətirib çıxarırdı.

Əgər 81 il ömür sürmüş və bu ömrün yarım əsrdən çoxunu fasiləsiz olaraq yazıb-yaratmış, 30 min beytdən artıq zəngin ədəbi irsi qalmış bir şair sağlığında bir əl boyda kitabını görmürsə və ölümündən yarım əsr sonra bu şərəfə layiq görülürsə, bəs kimdir günahkar?

Azər çox məhdud dairədə şair kimi tanınırdı. Bütöv bir əsr ərzində geniş oxucu kütləsi onun bir kitabıyla belə rastlaşmayıb. Ona görə də Azəri tanımayanları qınaya bilmərik.

Əlbəttə, Azər də “nöyütdü şalban, mən sənə qurban” və bu qəbil Stalinə, partiyaya mədhnamələr yazsaydı, qalın kitablara onun da adı düşərdi. Lakin o, bunu etmədi və istəsəydi belə, bacarmazdı. Bütöv bir xalqın assimilyasiyaya məruz qaldığı və “türk” deyən dillərin kökündən kəsildiyi çağlarda Azər Oğuz türklərinin rəşadətini nəzmə çəkirdi:

Türklər zəfər yollarını açdılar,

Düşmənləri saçma kibi saçdılar.

***

...Atasının vəfatından sonra Azər Petrovskda qalmadı. Köçünü yığıb həmişəlik Bakıya qayıtdı. Əsrin əvvəlləriydi. Bütöv Şərq hələ də cəhalət, fanatizm, xürafat içində boğulurdu. O illərdə şüuru oyatmaq üçün ən kəsərli silah satira idi. Azər cəhalət dünyasına meydan oxuyan “Molla Nəsrəddin” məcmuəsində “Azər Əyyar” imzasıyla satiralarını dərc etdirir. Məcmuənin mühərriri Mirzə Cəlillə ünsiyyəti, dostluğu da bu illərdə başlayır. Böyük ədib Azər kimi mütərəqqi fikirli gəncləri öz ətrafına toplayır, onları cəhalətə qarşı mübarizəyə səsləyirdi.

Çox-çox illər sonra Məşədi Azər əlli yaşın tamamına yetişmiş Mirzə Cəlilə - köhnə dostuna hədiyyə olaraq Füzulinin “Səhhət və mərəz” əsərini rüqə (klassik xətt növü) ilə yazıb hədiyyə etmişdi. Mirzə Cəlil də çox məmnun olmuşdu və bu bəxşişi qiymətli yadigar kimi arxivində qoruyub əzizləmişdi. Şaxtalı qış günlərində qızınmaq üçün öz əlyazmalarını sobaya atıb yandırsa da Azərin əlyazmasına toxunmamışdı. Hal-hazırda həmin əlyazma Cəlil Məmmədquluzadənin əlyazmalarıyla birgə Əlyazmalar İnstitutunun fondunda mühafizə olunur.

Məşədi Azərin qızı Qəmər xanım söyləyirmiş ki, böyük dramaturq Cəfər Cabbarlı tez-tez atasının Buzovnadakı bağına gələr, onunla saatlarla klassik ədəbiyyatdan söhbətlər edər, ondan dəyərli məsləhətlər alarmış. Azər də hələ sənətdə kövrək addımlarını atan növrəstə Cəfərdən qayğısını, diqqətini əsirgəməzmiş. Bu faktı xalq şairi Qabil “Ulduz” jurnalına verdiyi müsahibədə xüsusi qeyd edir:

“Cəfər Cabbarlı ilk şeirini neçə dəfə qaytarıldıqdan sonra “Babayi-Əmir” jurnalında çap eləyəndə, böyük pyeslərinin səhnəyə qoyulmasından çox sevinmişdi, çünki o şeiri dönə-dönə qaytarmışdılar. Qocaman buzovnalı şair Məşədi Azər danışardı ki, cavan Cəfərin “Bahar” şeirini bəyənəndə müəllifin sevinci dünyaya sığmırdı...” ( “Səhv düşməsə yerimiz, yaşamağa nə var ki!” Xalq şairi Qabillə müsahibə. “Ulduz” jurnalı, 3-4-cü sayları, 1993-cü il, səh 42-43)

Azərin Buzovnadakı evi şeir məclisləri, söz yığnaqları ilə bəzənərmiş. Kimlər yığışarmış görən bu əfsunlu, əsrarlı şeir gecələrinə? Əliağa Vahid, Seyyid Zərgər, Əbdülxaliq Cənnəti, Ağadadaş Müniri, Məmməd Sədi Ordubadi və bu kimi dəyərli insanlar...

20-ci illərdə Ordubadi yay istirahətini çox zaman ailəsiylə birlikdə Buzovna bağlarında keçirirmiş. Həmin vaxtlar o, dəfələrlə Azərin Tuğaydakı bağında təşkil olunan şeir məclislərinin əziz qonağı olmuşdur.

Azər İran şairləri ilə, dərbəndli həmkarları ilə müntəzəm məktublaşıb. 21 yaşında olarkən Qümri Dərbəndinin əsərlərindən ibarət əlyazmalarını vətənə gətirmək üçün külli miqdarda vəsait sərf edib. Çox təəssüf və ağrı hissiylə qeyd edirik ki, onun ehtiyatla, nəvazişlə topladığı zəngin xəzinəni Bakıya gələndə yolda, olub-qalanını isə Buzovnadakı mülkündən oğurlayıblar.

Məşədi Azər əsrin əvvəllərində yaranan maarif ordusunun ən fəal sıravi əsgərlərindən birinə çevrildi. Zəngin biliyini “gözünü açandan dünyanı qaranlıq görən” kəndçi balalarının maariflənməsi istiqamətində səfərbər etdi. Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə 1923-cü ildən etibarən uzun illər Bakının müxtəlif orta məktəblərində ədəbiyyat, fars dili fənnindən dərs dedi.

Bir maraqlı məqam da yada düşür. Azər XIX əsrin 80-ci illərindən 1923-cü ilə qədər fəaliyyət göstərən Bakı şairlərindən ibarət “Məcməüş-şüəra” ədəbi məclisinin Məmmədağa Cürmidən sonra rəhbəri olub. Əliağa Vahid Azəri özünün ustadı sayırdı. Ona Vahid təxəllüsünü məhz Məşədi Azər vermişdi.

Azərin nəhəng tərcüməçilik fəaliyyətindən söz açmasaq, natamamlığa yol vermiş olarıq. Onun, Firdovsinin “Şahnamə” əsərindən “Rüstəm və Söhrab” dastanının tərcüməsi böyük şairin 1000 illik yubileyində (1934-cü ildə) Azərnəşrin çap etdiyi kitaba salınmışdır. Eyni zamanda Məşədi Azər Firdovsinin yubileyini keçirən Dövlət Komissiyasının baş məsləhətçisi təyin olunmuşdu. Bundan əlavə, Sədinin “Bustan” əsərinin 1-3-cü bablarını, Nizaminin “Yeddi gözəl” poemasının bir hissəsini bizim dilə məharətlə tərcümə etmişdir. Bundan başqa, şair məşhur “Kəlilə və Dimnə” əfsanəsini nəzmə çəkmişdir.

Bu faktları sadalamaqda məqsəd Azər ömrünün müxtəlif istiqamətə şaxələnən qollarını oxucuya çatdırmaqdır. Onun ömür yolu və yaradıcılığı ləngərli və qüvvətli bir nəhrə bənzəyir. Ömrünün son illərində yaşıdlarını və sənət dostlarını bir-bir itirən Azərin tənhalıq çəmbəri daha da daralmışdı. O, nəhr kimi aləmə səs salsa da, bu səs kar qulaqlara yetmədiyindən o, tənha idi...

Eldən, əqrəbadan inciyəm əz bəs,

Həmdəm tapa bilməm özümə bir kəs.

Etmişəm hamıdan qəti əlaqə,

Özüm də şairəm, ləqəbim Azər,

Yoldaşım qələmdi, qəzəldi, dəftər...

1951-ci ildə dünyasını dəyişən, sağlığında layiqincə dəyərləndirilməyən, ədəbiyyatımızın yorulmaz cəfakeşi Məşədi Azərin yeganə nekroloqu yetirməsi Vahidin aşağıdakı kədərli misraları oldu:

Vahid, hələ sən dərdinə bir çarə tapınca,

Ustadımız Azər də köçüb getdi məzarə...

Mənbə: Məşədi Azər. “Seçilmiş əsərləri” “Boz Oğuz” nəşriyyatı, Bakı, 1996

# 3368 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #