Səndən əclaf yaratdım, elə bildilər mənəm

Səndən əclaf yaratdım, elə bildilər mənəm
21 iyun 2013
# 10:13

Kulis.Az yazar Kənan Hacının yeni şeirlərini təqdim edir.

Ölüm qatarı

Ölüm qatarıdı mindiyim qatar,
mən getdim, ürəyim qaldı bu yerdə,
məni tənhalığa sürüyür qatar,
hər sözün, eyhamın snayper kimi
elə dəqiq vurur arzularımdan,
yaralı canımı götürüb çıxdım,
məni məğlub kimi görməyəsən sən…
bu gedən qatarın insafı yoxdu,
görmür qan süzülür arzularımdan,
səbrimin dizləri didik-didikdi,
tərslikdən kupedə adam da yoxdu,
bir cüt çəkməsiylə ovutsun məni…
vahimə asılıb soyuq şüşədən,
adamı sürgünə tək yollamazlar,
belə uzun sürən ölüm olmaz ki…
bu, necə qatardı, sərnişini yox,
məndən özgəsiylə heç bir işi yox…
hələ ki, çeynəyir dəmir dişiylə,
səhər məni vağzala qusacaq qatar,
ən dadlı tikəmi ona vermədim,
yaxşı ki, ürəyim
bir uca çinarın altında qaldı…
quruca canımı götürüb çıxdım,
yorğun ümidlərim yanında qaldı…

Kənd reproduksiyası – I

bu şəhərin dodağında
yenə söndü işıqlar,
ümid küçəsini keçib
doğulduğum kəndə döndüm,
gördüm ümidin başdaşın əyib zaman…
kürəyini dənizə söykəyən evin
qəbir kimi uzun sükutunu
şimşək kimi doğradı
içimi boğan qəhər,
qəbirdən gələn səs kimi
inildədi nəm divarlar:
şəhər ögey anadı,
burda da doğman qalmayıb,
bura ölməyə gəlmisən?…
bir vaxt anam baxan güzgüyə,
atam baxan güzgüyə
bir də baxdım,
əksimi göstərmədi,
daşa basdım burda soyuq işıqları,
qaranlığı əl-qolumu doğradı,
bir şam yandırıb oturdum,
tozlu pəncərədən
mənə yad adam baxırdı,
qəlbinin küncündə boğduğu kədər
qırışa çevrilib alnına çıxmışdı,
yumruğumla qırdım pəncərəni də!..

***

bir möhürlə həbs qoyulanda sevgiyə

öz əllərimizlə imza atırıq o kağıza...

sonra

mentalitet adlı dəmir barmaqlıqdan

həsrətlə baxırıq azad sevgilərə...

orda xatirələr toxuyan

hörümçək kimidi zaman...

orda bağlı qapılar

çılğın arzulara keşik çəkir...

orda sevinc çox bahadı,

qəm havayı...

bircə ümidin qalır

yanına kimsə gələ,

sənə sevgi gətirə

əfv fərmanı kimi...

Gözlərinin işığını yandır...

Bu gecə quyu kimi dərindi,
gözlərinin işığını söndürüb getmisən,
yastığım soyuqdu nəm torpaq kimi,
bir qara bulud da
bu quyu gecənin ağzını örtmək istəyir,
burula-burula üstümə çökən
ağır sükutun altında
sıxılır sinəm,
gözlərinin işığını yandırmasan,
gözlərim tutulacaq,
səni əllərim sevəcək,
barmaqlarım şam kimi yanacaq,
dünya gözlərimdə yenə
səninlə işıqlanacaq...
bu sənsiz şəhərin səhərləri də
soyuq olur,
bivaxt banlayan xoruztək
vaxtsız oyadır adamı
saatlarının zəngi də,
hər açılan səhər
dünənkindən ucuz olur bu şəhərdə,
acqarına hər səhər
təəssüf tüstüsüylə zəhərlənir ciyərlərim,
istifadə müddəti bitmiş ümidi
yavanlıq edirəm hər səhər,
bu gün dünənin surətidi,
burda bütün səhərlər müvəqqətidi...
uzaqda bir şəhər var,
"xoşbəxtlik nədir" sualını
çinarlarıyla cavablandırır...
səhərə hələ bir səhər var,
gözlərinin işığını yandır...

Əlyazmaları yanır...

Həyat qəsdimə durur yenə,
məni öz sözümlə vurur,
öz sözümün qurbanıyam...
öz sözümü yandırıb
külüylə oynayacaq halım yox,
kitablarımdan tonqal qalayıb
özümü atacam o tonqalın içinə!...
sözüm, sən də keçdin həyatın tərəfinə,
həyat kimi amansız oldun,
həyat kimi vurdun məni ümidlərimdən,
həyat kimi yeriklədin qanıma,
səndən bir iz qoymayacam
özümdən sonra,
küləklər sovuracaq külünü,
daha sözüm yoxdu,
sözüm yoxdu,
içimdə
bir hüznlü sazaq var,
sənin yerin üşüyür,
sən də durdun qəsdimə,
səndən əclaf yaratdım,
elə bildilər mənəm,
elə bildilər
məndən keçir bütün xəyanətlər,
yalançı şahid kimi
üzümə durdun sözüm!..
daha sənə sözüm yox,
sən də bu həyat kimi
amansızsan, fanisən,
indi tanıdım səni...
sənə asi oldum bu gün,
yandırdım bütün əlyazmalarımı!...

# 1609 dəfə oxunub

Müəllifin son yazıları

# # #