Qəhrəmanını xilas edə bilməyən yazıçı

Qəhrəmanını xilas edə bilməyən yazıçı
4 avqust 2015
# 16:11

Jorji Amadunun “Qum dəryasının kapitanları” romanı haqqında

Bütün səmavi kitablar insanı sevgiyə səsləyir, amma bəzən insanı sevgi yox, nifrət xilas edir. Nifrət haqsızlıq önündə gücsüz olan insanın yeganə silahına çevrilir, əzilən insan nifrətiylə silahlanır. Dostoyevskinin “Karamazov qardaşları” romanında belə bir yer var: Dmitri Karamazov bir meyxanada istefada olan bir zabitin saqqalından tutub oğlunun gözünün qarşısında küçəyə çıxarır və küçədə xeyli sürüyür. Təhqir olunmuş zabitin oğlu isə atasını qucaqlayır, onu azğınlaşmış Dmitrinin əlindən almaq istəyir, ona yalvarır ki, atasını buraxsın. İlyuşanın qəlbində Karamazovlara qarşı sonsuz bir nifrət yaranır və bir gün küçədə Dmitrinin mömin qardaşı Alekseyi görəndə onu daşa basır, cumub əlini dişləyir. Balaca bir uşağın qəlbi hüdudsuz bir nifrətlə dolub-daşır. Aleksey üzrxahlıq üçün onların komasına gedəndə təhqir olunmuş ata ona deyir ki, bizim uşaqlarımız belədirlər, yoxsulların uşaqları yer üzündə həqiqəti doqquz yaşından anlamağa başlayırlar.

O uşaq heç nəylə ovuna, təsəlli tapa bilmir. Atasına deyir ki, ata, onunla barışma. Onun boynunu qucaqlayıb göz yaşlarını sel kimi axıdır. Atasının təhqir olunması doqquz yaşlı uşağın qəlbində alovu heç vaxt sönməyəcək bir nifrət tonqalı çatır. Pislikləri ibtidai formada qavramaq cəhdi uşaqların qəlbində yalnız və yalnız nifrət yaradır və bu da onların hələ formalaşmamış şüurunda silinməz iz qoyur. Uşaq ömürlük psixoloji travma alır.

Braziliya yazıçısı Jorji Amadunun “Qum dəryasının kapitanları” romanı gözlərini dünyaya açandan aclıq, səfalət görmüş küçə uşaqlarının həyatından bəhs edir. Hərçənd onların yaşadıqları həyat deyil, həyatın dibində eşələnməkdir. Bu uşaqlar heç vaxt sevgi, nəvaziş, qayğı görməyiblər, hamısı aclıq və səfalət üzündən evdən qaçmış, bir parça çörəkdən ötrü oğurluğa, quldurluq etməyə məcbur olmuş biçarələrdir. Səksən doqquz il ömür yaşamış Amadu bu əsəri iyirmi beş yaşında yazıb. Güclü təfəkkür, zəngin təxəyyül, intellekt adamı heyrətə gətirir. İyirmi beş yaşlı bir gəncin belə bir əsər yazması inanılmazdır. Amma inanmağa məcburuq. Baiya limanınındakı pakhauzu (limanda gəmilərə yüklənən malların qablaşdırılması məqsədilə tikilən anbar – K.H) özlərinə iqamətgah seçmiş bu azyaşlı cinayətkarlar sevgidən, nəvazişdən, ana nəvazişindən korluq çəkirlər. Nifrət onların içində kortəbii bir qüvvəyə çevrilir. Onlar bu səfil həyata görə varlıları günahkar bilirlər, onların qəlbində varlılara qarşı sonsuz bir qəzəb var, bu qəzəb, nifrət onları quldurluğa təhrik edir.

Onlar pakhauzda təhlükə qorxusu içində yaşayırlar. Daniel Defo yazır ki, təhlükə qorxusu təhlükənin özündən min dəfə qorxuludur. Qorxu insanın qəlbində qəddarlığı yetişdirir. Heminquey isə yazırdı ki, insanın ruhunu ən çox qorxu əzir. Qum dəryasının kapitanları polisin əlinə keçməkdən qorxurlar, polisin əlinə keçənləri isə uşaq koloniyasına göndərirlər. Koloniyanın rəhbərliyi isə onlarla insanlıqdan kənar formada davranır, uşaqlar orda vəhşi heyvan kimi saxlanılır, onlara amansız işgəncələr verilir. Amadu yazır ki, rəhbərlik güzəştə getmək, bağışlamaq, insanı sevmək kimi nəsihətləri unudaraq, nəinki uşaqların qəlbini mərhəmət və mehribanlıqla ələ almağa can atmır, əksinə, ardı-arası kəsilməyən cəzalarla insanlıqdan kənar işgəncələrlə onları qəddarlaşdırır. Bu, artıq islah etmək deyil, potensial cani yetişdirməkdir.

Amadunun “Zolaqlı Pişik və Göyçə Qaranquş” adlı alleqorik povesti var. Bütün heyvanlar zolaqlı pişikdən qorxur, çəkinir, o qəddardır, xudbindir, göyərçinlər də heç vaxt pişik yaşayan yerin həndəvərində dolaşmırlar. Hamı onu qaniçən kimi tanıyır, cücələri yeyir, küçüklərin üzünü cırmaqlayır, özündən zəifləri əzir. Amma bir gün zolaqlı pişik Göyçə Qaranquşa vurulur, onun qəddarlığından əsər-əlamət qalmır. Pişik hamıyla mehriban rəftar edir, mülayim davranır. Amadu oğlu üçün yazdığı bu povestdə həm də böyük mətləblərə toxunur. Üslubca bir-birindən kəskin şəkildə fərqlənsə də hər iki əsərdə məqsəd eynidir: insanların qəlbinə sevgi toxumu əkmək.

“Zolaqlı Pişik və Göyçə Qaranquş” povestini oxuyanda düşündüm ki, kaş mən bu əsəri uşaqlığımda oxuyardım. Dünya və Azərbaycan nəsrində çox az sayda alleqorik əsərlər var. Mən təmsilləri nəzərdə tutmuram, məhz alleqorik nəsr nümunəsindən söhbət gedir. İspan yazıçısı Sezar Arkonadonun “Qaranquş əhvalatı” adlı hekayəsi var, həmin hekayə “İspan ədəbiyyatı antologiyası”nda dərc edilib. Maraqlananlar tapıb oxuya bilər. Antologiyalarla bağlı yazılar hazırlayarkən bu hekayəni oxudum və hekayə məni sarsıtdı. Qaranquşlar İspaniyaya uçurlar, orda isə müharibə gedir. Bir qaranquş isə teleqraf xəttinə toxunaraq yaralanıb, güclə uçur. Yol boyu yapalaqla, qağayı ilə, bülbüllə, torağayla rastlaşır, hər biri də ondan hara getdiyini soruşur. Qaranquş da hamısına eyni cavabı verir: Madridə. Onlar qaranquşu bu yoldan çəkindirmək istəyirlər, deyirlər dəli olmusan nədir, Madriddə ölüm həyata qalib gəlib, şəhərə bomba yağır, şəhər mühasirədədir. Amma qaranquş inadından dönmür, deyir sizin yuvanız olduğu kimi mənim də yuvam var, hamı kimi mənə də yuvam əzizdir. Madriddə onu balaları gözləyirdi. Qaranquş balalarına qovuşur, amma Madriddə hələ də qan tökülürdü. Bir gün cəlladlar Madridin mərkəzindəki ən hündür binaya od vurdular. Qaranquşun yuvası da o binada idi, qaranquş balalarıyla birlikdə torpağa qarışmışdı. Çox ibrətamiz bir hekayədir, hekayədən çıxarılan nəticə budur ki, Vətən sevgisi, övlad sevgisi ölüm qorxusuna qalib gəlir. Torpağı, övladlarımızı o qaranquş qədər sevə bilsək, hər şey gözəl olar.

Qum dəryasının kapitanları bu cür ibrətamiz hekayətləri eşitməyiblər. Onların içində bircə nəfər yazıb-oxuya bilən var, ona Professor deyirlər. Dəstənin üzvləri ona həsəd aparırlar, Professor onlara quldurların həyatından kitablar oxuyur, onlar da özlərini kitabdakı cəngavər kimi təsəvvür edirlər, qəhrəman olmaq istəyirlər. Fransa dayının karuseli onların həyatına sevinc qatır, onlar da varlı balaları kimi karuselə minirlər, beləcə xoşbəxt olurlar. Xoşbəxt olmaq üçün onlara çox az şeylər lazımdır. Karusel onların həyatına sevinc gətirdiyi üçün onu sevməyə başladılar. Amma bu sevincin də ömrü çox qısa olur. Onlar ələ keçməmək üçün gizlənirlər. Oğurluğun daşını ona görə atmırlar ki, acından ölə bilərdilər. Dəstənin üzvlərindən olan Çolaq bir gün qarət məqsədilə varlı evlərdən birinə gedir, evin xanımından onu qulluqçu kimi işə götürməyi xahiş edir. Sən demə, ev yiyəsinin oğlu gənc yaşında dünyasını dəyişib, qapıda dayanan uşaq da eynilə xanımın ölmüş oğluna bənzəyir. Uşaqdan adını soruşur, Çolaq ağlına gələn adı deyir: Aqustino.

Qadının oğlunun da adı Aqustino imiş. Qadın düşünür ki, Tanrı bu uşağı onun ölmüş oğlunun əvəzi kimi göndərib. Çolaq bir neçə gün bu evdə naz-nemət içində yaşayır, onu əzizləyirlər, təmiz pal-paltar geyinir, isti yorğan-döşəkdə yatır. Amma pakhauzda kirin-pasın içində yaşayan səfil dostlarını unuda bilmir. Qadın bütün mehrini bu uşağa salır, Çolaq xoşbəxtdir. Lakin o, özünü satqın hesab edir, dostları onu rahata həyata satılmış hesab edəcəklər. Bir gün qərara gəlir ki, evdən getsin, mərhəmətə qarşı pislik etmək məcburiyyətində qalan uşaq göz yaşları içində qadına deyir ki, siz çox yaxşı insansınız, mən sizi heç vaxt yaddan çıxarmayacam. Həmin gün qadının evi qarət olunur. Amadu yazır ki, qadın heç vaxt bilmədi ki, oğlanın göz yaşları bağışlanmaq üçün təmənna idi.

Bir gün də pakhauza yetim bir qız gəlir, bu qız tezliklə onların anasına çevrilir, onların paltarlarını yuyur, yeməklərini bişirir və kapitanlardan birinə, Pedroya vurulur. Amma onların sevgisi elə bir kədərli sonluqla bitir ki, bu haqda nəsə yazmağa gücüm çatmır. Kitabı oxusanız, bu hissəyə çatanda göz yaşlarını saxlaya bilməyəcəksiniz. Düzdür, ədəbiyyatın insanı xilas etmək kimi bir missiyası yoxdur, amma mən çox istərdim ki, Amadu Doronu, ölüm anında sevgisini vurulduğu oğlana verə bilən bu fədakar qızı ölümün cəngindən xilas edəydi. Amma Amadu onu xilas etməyi bacarmadı, çünki qoca fəhlənin dediyi kimi günahkar yazıçı yox, cəmiyyət idi.

Ədəbiyyat qəzeti.

# 1312 dəfə oxunub

Müəllifin son yazıları

# # #