Öpüşmək gözəldi

Öpüşmək gözəldi
20 noyabr 2012
# 08:15

Çox az kitab olar ki, o kitab sənin yol yoldaşına, masaüstü kitabına çevrilər, onu vərəqləməkdən, nişanladığın cümlələri təkrar-təkrar oxumaqdan yorulmazsan, uzun müddət o kitabın havası səni tərk etməz...

Qan Turalının yenicə çapdan çıxmış “Polis qorxusuyla öpüşmək” kitabına daxil olan esselərin əksəriyyəti əslində mənə tanışdır. Amma onları bir daha kitab səhifələrindən ləzzətlə oxudum, o zövqü yenidən yaşadım.

Bu kitaba daxil olan esselər Qan Turalının sürətlə keçən zamanın cəngindən xilas etdiyi yazılardır. Dostum külçə halındakı bu yazıları sanki qızıl suyuna çəkib oxucuların ixtiyarına verdi. Mən bu kitabı uzun bir şeir kimi oxudum, sonuncu cümləni oxuyub bitirməyənə qədər kitabı əlimdən yerə qoymadım. Burdakı mətnlər təkcə ədəbi-fəlsəfi deyil, həm də poetik enerji daşıyır.

“Polis qorxusuyla öpüşmək” həm də bir yoldur. Bu yola çıxırsan və bir də ayılırsan ki, həmin yol səni gətirib öz içinə çıxarıb. Kitab səni neçə dəfə o yolla aparıb gətirir. Müəllifdən başlanan yol sənin öz içində bitir. Çünki yazar məhz sənin içini, daxili aləmini hədəf alıb.

Eşq tərəfsizdi, o sol və sağ bilməz. Mən heç bu kitabda hansısa təmayül axtarmaq həvəsində də deyiləm. Eşq birtərəfli yol kimidi, o yol ürəkdən keçir. Qan Turalının kitabı da ürəkdən keçən o incə, ağrılı, əzablı, acılı-şirinli, səfası da, cəfası da xoş olan yol haqqındadır.

Bu kitabda nakam sevgilərdən də danışılır. Nakam sevgiyə tuş olan insan silahsız əsgərə bənzəyir. Uğursuz sevgilər bizimlə həyat arasında keçilməz bir divar hörür. Hər səhər yeni ümidlərlə oyansaq da axşamlar tükənir, içimizdəki yaranı şərabla ovuduruq... “Polis qorxusuyla öpüşmək” çox yaxşı təsəllidir, hətta şərabdan da yaxşı dərmandır sevənlər üçün...

“Yorulmuş eşq-90-lar” essesi gəncliyi 90-cı illərin əvvəllərinə təsadüf edən yorğun insanlarda nostalji, həm də kədərli hisslər oyadır... Qan Turalı o dövrün mənzərəsini çox dəqiq təsvir edir. Yeniyetməliyi və gəncliyi o dövrə təsadüf edən bir adam kimi dostumla razılaşmaya bilmirəm. Həmin dövrdə doğurdan da “ən son yada düşən şey sevgiydi”. Sevgidən başqa insanlar hər şey haqda düşünürdü. Sevgi bu ölkədən qaçaq düşmüşdü.

Kim 90-cı illərin ictimai-siyasi, mədəni mühitini öyrənmək istəyirsə Qan Turalının bu essesini oxusun. Mən bu esseni oxuduqca həmin boz, yeknəsək günləri sanki yenidən yaşadım. Həyatımız büsbütün mənasızlıq içində keçirdi və ancaq xülyalarla yaşayırdıq. Sabahımız məchulluğa bürünmüşdü. Çətin idi, çox çətin...

Bu gün sevgimiz boldu. Bu kitab da sevginin bəhrəsidir.

Sevgi bol olanda “Polis qorxusuyla öpüşmək” də gözəldi...

# 4219 dəfə oxunub

Müəllifin son yazıları

# # #