Məhəbbət adası - Kamal Abdullanın yeni hekayəsi

Məhəbbət adası - Kamal Abdullanın yeni hekayəsi
25 iyul 2023
# 09:00

Kulis.az Kamal Abdullanın "Məhəbbət adası" adlı yeni hekayəsini təqdim edir.

Deyirlər ki, halva-halva deməklə ağız şirin olmaz. Düz deyirlər. Bir dəfə desən, olmaz. İki dəfə desən, olmaz. Əlli dəfə desən də olmaz.

Amma sən bunu sabah tezdən günəş çıxınca deməyə başlasan və axşam günəş batıncaya qədər aramsız desən, ölü-ölü keçən günlərin bir günü, əslində, günlərin yox, gecələrin bir gecəsi qəflətən yuxudan ayılıb ağzının dərin bir guşəsində, boğazına yaxın bir yerdə vaxtilə əziz bir adamının yas mərasimində udquna-udquna yediyin o şirindən şirin zəfəranlı halvanın unudulmuş dadını hiss etməyə başlayacaqsan. Sən əvvəl-əvvəl bu dadı tanımayacaqsan. Sən onu unutmusan. Amma yox, belə deyil. Bu unudulmuş dad sənin ağız boşluğunun dərinliyindən qarşısıalınmaz lava kimi baş qaldıracaq, dişlərinin ətinin dibinə çökəcək, oradan onu sovurduqca gəlib dilinə qədər çatacaq, dilinin üstünə, arxasına, yanlarına - hər tərəfinə yayılacaq, dilindəki bütün uyumuş dad sinirlərini məst edərək yavaş-yavaş, nəhayət ki, özünü sənin yadına salacaqdır. Bəli, bu odur. Unudulmuş, amma qayıtmış halva dadı.

İndi isə təsəvvür edin ki, "halva" yerinə sidq-ürəklə "Allahım, sən mənə qanad ver" deyirsən. Yenə də hər gün aramsız deyilən bu sözlər deyildiyi yerdən hansısa ucalığa yol alır, orada o sözlər bəlkə də dəfələrlə deyildiyindən zəhlə tökməyə başlayır və sən gecələrin birində, yox, bu dəfə sübh açılarkən hiss edirsən ki, çiyinlərində qəribə bir ağırlıq var. Arxana boylana bildiyin qədər boylanıb görə bildiyin qədər görə bilirsən ki, çiyinlərindən iki qara qanad pardaxlana-pardaxlana çıxmaqdadır. Allahının sənə, inanırsan ki, yazığı gəlmişdir və o səni əfv etmişdir. Sənə məhkum olunub salındığın bu həbsxanadan qaçmaq imkanı vermişdir.

...Qanadlar sənin vücudundan tam çıxıb məsələ bitəndən sonra mən çiyinlərimdə yenə də əvvəlki yüngüllüyü hiss etdim. Heç kimin gözünə görünmədən alatoranlıqda o tərəfə, bu tərəfə qaçdım, yeni halımı sınaqdan keçirməyə çalışdım. Uçmaq mənə əvvəl-əvvəl inandırıcı gəlmədi. Amma ayaqlarım yerdən ayrılırdı, mən görürdüm ki, mən az qala boşluğa addım ata-ata uçuram. Qanadlarım dəniz dalğalarının üstü ilə qayığı irəli aparan iki böyük avar kimi məni az qala ucsuz-bucaqsız səmaya uçururdu. Qanadlarım başımın üstündəki nəhayətsizliyə can atırdı, səmaya doğru çırpınırdı. Bu, bir möcüzə deyildi. Bu, bir həqiqət idi. Bəli, yalnız bu zaman mən inandım ki, mənim səsimi eşidiblər, məni bağışlayıblar və bu mənfur adadan, onun özü boyda həbsxanadan uçub qaçmaq üçün mənə qanad veriblər. Sanki deyiblər: Sən indi uça bilərsən. Mən xoşbəxt idimmi?! Bəli, mən özümü xoşbəxt sayırdım.

Mən gözdən, qulaqdan uzaq, səs çatmayan, ün yetməyən bu qərib məkanda - hamı tərəfindən unudulmuş bu adadakı onun özü boyda həbsxanaya atılıb illərlə orada məhbus olub qalmışdım. Bu ada dünyada yaşayanların hamısından gizli şəkildə öz həyatını sürməkdə idi. Onun varlığı barədə dünyadakıların heç birinin məlumatı yox idi. Sakit okeanın ortasında qəribə parametrlərdə və qəribə maqnit burulğanlarının arasında yer alan bu kiçik ada onun yanından nadir hallarda üzüb keçən gəmilərin belə gözünə görükmürdü. Uca göylərdən bu adanın başı üstündən uçub keçən təyyarələr də onu sezmirdilər. Bizim dünya ilə bu adanın bütün əlaqələri kəsilmişdi. Göydəki ulduzlar yanımızdakı və nə vaxtsa bizim dünyamız olan dünyadan bizə sanki daha yaxın idilər. Bu ada kənardan baxanlar üçün tamamilə görünməz bir məkan idi. Özü də başdan-başa həbsxanadan ibarət məkan.

Bu həbsxananın divarı, qoruması yox idi. Oradakı məhbuslar ada daxilində nə istəyirdilər edirdilər. Hara istəyirdilər gedirdilər. Bir-birilə yoruluncaya qədər gəzişib ünsiyyət bağlayırdılar. Bu adada boy atıb ucalan cürbəcür ağaclarda ilboyu yetişən cürbəcür meyvələrdən yeyirdilər. Okeanda istədikləri qədər çimirdilər, qumluqda istədikləri qədər istirahət edirdilər. Onların sanki hər şeyə ixtiyarı çatırdı. Bu adamları sanki belə bir əcaib həbsxanaya salıb sonra unutmuşdular. Onlara əbədi istirahət bəxş etmişdilər. Amma bu istirahətin çəkilməz, ağır məqamı da yox deyildi. Bu məhbuslar üçün ən əzablı olan bu idi - onlar bilirdilər ki, o uzaq və sevimli dünya artıq əlçatmazdır. Onlar əbədi olaraq bu gözdən uzaq adada yaşamağa məhkumdurlar. Buradan çıxış yolu axtarıb tapmaq əbəsdir. Hər gün eyni yeknəsaqlıq. Hər gün eyni simalar. Hər gün eyni söhbətlər. Bu onları - üzmürdümü, bu onları üzürdü.

Mən özümü o adadan qaça bilmiş yeganə məhbus hesab edirdim və indi bu ahıl çağımda, gəlib yenidən sevdiyim, amma məni unutmuş dünyaya dönməyimlə özümü xoşbəxt sayırdımmı?! Bilmirəm. Qanadlarım çiyinlərimdən çıxan sabah mən hamıdan gizlənə-gizlənə sahildə heç kimin gəzib-dolaşmadığı bir yerə gəldim. Yaşıl ot üzərində sahilə tərəf yeridikcə çiynimdəki qanadlar arxamca sürünürdü. Düşünürdüm ki, işimi bitirdikdən sonra onları öz yerinə - kürəyimə necə qaytara biləcəyəm?! Bu fikir ideya-fiks olub məni heç cürə rahat buraxmırdı.

Adadakı həbsxananın adını, daha doğrusunu desəm, adanın adını məhbuslar özləri qoymuşdular. Adanın adı Məhəbbət adası idi. Bura məhbuslar yarızarafat, yarıciddi Məhəbbət həbsxanası da deyirdilər.

Məhəbbət həbsxanasına oradakı məhbusları dünyanın müxtəlif yerlərindən yığıb gətirmişdilər. Onların yeganə günahı dünyada yaşadıqları zaman öz sevdikləri şəxsi hər şeydən, hər kəsdən artıq sevməkləri olmuşdu. Onlar sevdikləri qadını hər şeydən, hətta Tanrıdan artıq sevmişdilər. Bu azmış kimi bunu hər yerdə bəyan belə etmişdilər. Və indi belə məlum olurdu ki, Tanrı onları buna görə bağışlaya bilmir. Və Tanrı onları bu adaya salmaqla, dünya ilə əlaqələrini kəsməklə cəzalandırırdı. Tanrının prinsipi bu idi - hər şey qədərində olmalıdır.

Bura gətirilənlərin gəlişi qəribə şəkildə baş verirdi. Hər dəfə gətirilən yeni məhbus okeanın sahilində, sarı qumların üstündə özündən getmiş şəkildə tapılırdı. Onları bu adaya ucsuz-bucaqsız okeanın suları gətirirdi. Heç birinin yaddaşında bura necə gəlib düşdükləri barədə kiçicik də olsa, bir şey qalmırdı. İlk vaxtlar bu ada onlara ekzotik bir yer kimi görünürdü. Sonra isə depressiya dövrü başlayırdı. Dünyada qoyub gəldikləri və itirdikləri heç bir şey bu adamları rahat buraxmırdı. Bu adamlar saatlarla, günlərlə sahildə ağac kimi dayanıb okeanın nəhəng hüdudsuzluğuna baxırdılar. Baxdıqca baxırdılar, yorulmurdular. Xatirələrin qoynundan heç cür çıxa bilmirdilər. Xatirələr bu adada verilən ən ağır işgəncə idi. Tanrının qisası bundan ibarət idi.

Onu da deyim ki, geri qayıtmaq yolunu mənə qanadlarım öyrətdi. Göy üzü ilə qanadlar özləri məni aparırdı. Okeanın üstü ilə uçduqca qanadlarım öz-özünə hərdən tənbəl-tənbəl, hərdən isə yeyin-yeyin yellənirdi və mən tamamilə heç bir iş görmədiyimdən, boş-bekar olduğumdan həyatımdakı cürbəcür hadisələri yaddaşımda canlandırır, onları gözümün önündən kino lenti kimi keçirməyə çalışırdım. Yadıma vaxtilə kimlərəsə dediyim və bununla qəlblərə dəydiyim sözlər, bədxah sandığım adamlara qarşı yönəltdiyim haqlı və haqsız əməllər düşürdü. Suallar, suallar məni rahat buraxmırdı. Niyə məni sevənlər bu qədər çox sevdilər, niyə mənə nifrət edənlər bu qədər çox nifrət etdilər?! Hər şey qədərincə olsaydı, biz daha rahat və daha hüzurlu həyat sürməzmiydik?!

Ən vacib sual isə mənim üçün bu idi. "Dəyərdimi?!" Məhəbbət adasına düşməyimin səbəbkarı dünyadan - mənə əziz olan adamlardan, sevdiyim şəhərdən, sevdiyim küçələrdən, meydanlardan, bağçalardan, məni sevən dostlarımdan, evimdən, eşiyimdən ayrılmağıma, əldə etdiklərimi itirməyimə, ən vacibi isə geridönməzliklə az qala barışmağıma dəyərdimi?! Mən o məzlumbaxışlını Tanrıdan daha artıq sevdiyimi bəyan eləməyimlə kimə, nəyi sübut elədim?! Uça-uça mən vaxtilə necə də böyük səhvə yol verdiyimi düşünürdüm. Mən vaxtilə düşünürdüm ki, bu boyda məhrumiyyətlərə bu boyda sevgi yəqin ki, dəyməzdi. Mən onun yaddaşından, əlbəttə ki, silinib getmişdim. Onun məzlum baxışları məni daha heç yerdə axtarmır. Beynimdən "axtarmır" sözü keçdi, yadıma məni sarsıdan haman söhbət düşdü.

...Mən itəndən sonra məni düz bir ay axtarmışdılar. Nə ölüm, nə dirim barədə heç bir məlumat əldə edə bilməmişdilər. Polis məmuru, nəhayət, gəlib dostlarıma və ona belə bir elan etmişdi:

- Bu adamı çox axtardıq. Onun nə ölüsü tapıldı, nə də dirisi. Onu mərhum kimi qeyd edirik. Başqa çarəmiz yoxdur. Başınız sağ olsun.

Dostlarım içərisində ən yaxın bildiyim Hamlet bu zaman demişdi.

- Onu daha axtarmağa dəyməz. Çünki o elə adamdır ki, sağ olsaydı, bu qədər gizlənməyə, sadəcə, hövsələsi çatmazdı. Üzə çıxardı.

Mən bu söhbət barədə hardan bilirəm?! Sonralar adaya gətirilən məhbuslar içərisində haman polis məmuru ilə rastlaşdım. O özü mənə yaxınlaşdı. Mənə tanışlıq verdi və danışdı ki, mənim itməyimdən sonra ilk baxışda məzlum görünən o qadın onlara öz sakit oturuşu, heç nə bildirməyən baxışı ilə necə işkəncə verirmiş. Bu, əlbəttə, o idi. O məzlum görünməyi bacarırdı.

Qara buludların arasına girirəm. Nə aşağı görünür, nə də yuxarı. Ürəyim şiddətlə vurur. Amma qanadlarım məni az qala ildırım sürətilə bir qədər də ucalara, bu qaranlığın üzərinə qaldırır. Artıq o qara buludları özümdən aşağıda görməyə başlayıram. Ürəyimin zərbələri yavaşıyır. Uçuş yenə də öz sakit məcrasına düşüb rahat şəkildə davam edir.

...Onunla mənim aramda qəribə mübahisələr olurdu. Biz bir-birimizlə hər məsələdə anlaşa bilirdik. Amma bir məsələdə heç cür eyni fikrə gələ bilmirdik. Kimsə buna güləcək. O deyirdi ki, sən mənim qafiyəmsən. Mən deyirdim ki, yox, sən mənim qafiyəmsən. İndi düşünürəm ki, heç bunun da üstündə mübahisə edərlər?! Biz ikimiz də bir-birimizin qafiyəsi idik. Qafiyələrin hansı hansınındır - bunu bilmək olarmı?!

Polis məmuru mənə danışırdı.

- Bir ay bu qız bizim başımıza oyun açdı. Hər gün eyni vaxtda səhər saat 9-da idarəyə gəlirdi, məzlum-məzlum bir küncdə oturub bizə baxdıqca baxırdı. "Mən onu burda gözləyəcəyəm" deyirdi. Gözlərinin dərinliyindəki kədər o qədər böyük idi ki, onu oturduğu yerdən ayırıb çölə çıxarmaq heç kimin ağlına gəlmirdi.

- Sonra, sonra nə oldu? - Mən hövsələsiz halda soruşdum.

- Bir aydan sonra biz onu bir daha görmədik. Bir gün əvvəl qərarımızı sənin dostlarına, yaxınlarına söylədik. O da orada idi. Axtarışlar əbəsdir, biz əlimizdən gələni etdik - dedik. Bu adam bir daha üzə çıxmayacaq. O bunu dinləyib susdu, cınqırını da çıxarmadı. Heç bir söz belə biz bu qızdan eşitmədik. Nə nalə, nə bir hənirti. Nə yalvarış, nə təhdid... Bircə o yadımda qalıb ki, üzü daşa dönmüşdü. Məzlum baxışları yox olmuşdu. Elə o daş üzlə də oturduğu yerdən ayağa qalxıb sakitcə çölə çıxdı. Bir daha onu görmədik.

"Bir ay... Bu adamın vəfası bircə aya qədər çəkdi..." - mən düşündüm.

Polis məmuru mənim çaşqınlığımı duyub susdu. Mən hiss elədim ki, o yenə nə isə demək istəyir. Düşünür ki, desin, ya deməsin. Əlacsızlıqla gözləməyə başladım.

- Sən bilmirsən, burdan qaçıb gedən olub, ya necə? Ümumiyyətlə, bu mümkündürmü? - Polis məmuru ümidlə mənim üzümə baxdı. Üz-gözümdən, naümid baxışımdan hiss elədi ki, doğru sual verməyib, bu sualın cavabı yoxdur və bir "ah" çəkib mənim mövzumu davam etdi.

- Bilmirəm, bu məsələyə, yəni, o qıza nə qədər dəxli var, ya yoxdur - Polis məmuru söhbətini yavaş-yavaş tamamlayırdı, - amma bir məsələni də istəyirəm, sənə deyəm. Bizim bəyənatımızdan iki gün sonra şəhərimizdəki Sultan qayasını bilirsən, sıldırım bir qayadı. Oradan bir qız, məlumat gəldi ki, özünü dənizə atıb. Nə qədər axtardıq, o qızın cəsədini tapa bilmədik. Bəlkə də səninki ilə heç bir əlaqəsi yoxdur. Amma hər halda... O qızı heç soruşan, itdiyini maraq edən olmadı. Sən yəqin bilərsən, sənin adamının bir qohumu-zadı var idi?

Mənim qafiyəmin heç kimi yox idi. Tənha idi. Tale onu mən yaşayan şəhərə necə, nə təhər, niyə atmışdı, bunu mən onda da bilmirdim, indi də bilmirəm.

Polis məmuru gözünü okeanın nəhayətsizliyinə dikərək söhbətinin sonunda bir də bunu dedi.

- Sultan qayasından tullandığı o yerdə...

- Nə? Nə? Məktubmu qoymuşdu? Bir işarətmi buraxmışdı?

- Yox, yox, boş ver. Bunun məsələyə yəqin ki, dəxli yoxdur. Qayanın üstündə bizimkilər balaca kağız parçası tapmışdılar.

Mənim az qala nəfəsim dayanacaqdı.

- Kimsə kağızı yazandan sonra cırmışdı, yazılanları qaralamışdı. Bir sözü oxumaq isə çətinliklə də olsa mümkün oldu. "Qafiyə..." Hə, o çətin oxunan söz "qafiyə" idi... Bizim hamımıza qəribə gəlmişdi. "Qafiyə"nin məsələyə nə dəxli vardı?! Biz o kağızı itmiş qızın işinə heç tikmədik də...

... Adadan qanad çalıb 500 kilometr okeanın üstü ilə uçandan sonra Qrinviçlə 38 dərəcə sağa döndüm və bir qədər keçdikdən sonra uzaqda hansısa işıqların yandığını gördüm. Əlbəttə ki, bu şəhər mənim şəhərim deyildi. Və bu şəhərdə Sultan qayası adlanan sıldırım qaya yox idi. Amma bu artıq mənim dünyam idi və ürəyimdə mənə daha bir şans verdiyinə görə Allahıma dualar etdim. Ondan daha çox heç nəyi və heç bir şeyi sevməyəcəyimə özümə bir daha söz verdim. Vaxtilə belə etsəydim, bütün başıma gələnlər də olmayacaqdı. Qafiyələr də bir-birinin yanında durub bir-birinin qarovulunu çəkəcəkdilər. Amma indi mənim qafiyəm mənə daha lazım olmayacaqdı. Sultan qayasını mən unutmalı idim. Mən yaşamalı idim.

Qanadlarımdan necə xilas olacağam, onları nə edəcəyəm sualı öz-özünə həll oldu. Ayağım torpağa - əsl torpağa dəyən kimi bu qanadlar çiyinlərimdən öz-özünə yox oldu, əriyib getdi. Sanki onlar əvvəldən olmamışdılar, mənim kürəyimdən çıxmamışdılar və məni okeanın üstü ilə bu nəhəng və qorxulu məsafədən keçirib bura gətirməmişdilər.

Ayağım sahilə toxunandan sonra ətrafa boylandım. Yaxınlıqda bir kolluq vardı. Bu kolluqdan qarışıq və ehtiraslı səslər gəlirdi. Kişi və qadın səsləri idi. Bir-birinin sözünü kəsə-kəsə, nəfəsləri bir-birinə qarışa-qarışa aramsız danışırdılar. Mən hələ insan dilini tam unutmamışdım. Bu adamlar bir-birinə tükənməz məhəbbətlərini bəyan edirdilər. Bir-birinə kimin o birini daha çox sevdiyini sübut etməyə çalışırdılar. "Təki bir-birinə deməsinlər ki, mən səni hər şeydən artıq sevirəm" fikrini ağlımdan keçirməyə belə macalım olmadı. Kolluqdakı kişi səsi qürurla pıçıldadı.

- Mən səni... hər şeydən artıq sevirəm.

O kolluğa təəssüflə baxıb oradan tez aralandım.

Son

# 2545 dəfə oxunub

Müəllifin son yazıları

# # #