Dəvə yağışı - Kamal Abdullanın hekayəsi

Kamal Abdulla, Xalq yazıçısı

Kamal Abdulla, Xalq yazıçısı

7 iyul 2024
# 12:00

Kulis.az Kamal Abdullanın "Dəvə yağışı" hekayəsini təqdim edir.

Bu gün axşam xəbərlərin sonunda hava haqda məlumatı bütün şəhər dinlədi və rahatlıqla köks ötürdü.

«Sabah – xəbərdə deyilirdi – göydən yerə dəvə yağacaq». İki gün əvvəl göydən yerə şir yağmışdı və bu daha təhlükəli idi.

Şirləri bu dəfə də birtəhər aldadıb – əslində, bu onların ən çox zəhləsi gedən bir şey idi, buna ovsunlamaq deyirdilər – ağızlarını heyvanxanaya döndərmişdilər. Amma heç də hamısına qəfəs çatmamışdı. Ona görə də indi şəhərin ən böyük problemi beş-beş, on-on bir qəfəsdə daldalanan bu şirləri ovsundan hələ tam ayılmamış birtəhər hardasa yerləşdirmək olmuşdu. Müxtəlif təkliflər gəlirdi və hər bir təklif o saat müxtəlif TV-lər tərəfindən ictimai müzakirəyə çıxarılırdı. Təkliflərin ən maraqlısı bu idi və deyəsən Elmlər Akademiyasından gəlmişdi:

– Şirləri öyrədib onlardan əsl döyüşçülər dəstəsi yaratmaq lazımdır. Şir dili bilənləri, hərbçiləri bu işə cəlb etmək məqsədəuyğun olardı.

Yeni, böyük zoopark tikib şirləri ora yerləşdirmək, şirlər üçün ərazi, başqa sözlə, əsl savanna yaratmaq, təbii şəkildə ətraf təbiəti şirlərin həyat tərzinə uyğunlaşdırmaq təklifi ilə Mədəniyyət Nazirliyi çıxış etdi.

Özü də bu işə xarici investisiyaların cəlb olunma zərurətini də ortaya atdı.

Bir qədər kəskin, hətta çoxuna bu, qəddar qərar kimi gəldi, təklifi müştərək «Xəz – Dəri – Kürk» «Azad Müstəvi» Birləşməsinin işçiləri verdi:

– Şirləri öldürüb, dərilərini ixrac etmək şəhərə çox ciddi ulduz axını gətirər…
Təkliflərdən biri isə kifayət qədər gülməli olduğundan hətta televiziya diktoru bu təklifi səsləndirərkən təbəssümünü heç cürə gizlədə bilməmişdi:

– Şirlər üçün məktəb açmaq lazımdır. Onların dilində tədris aparmaq, onların mədəniyyətini inkişaf etdirmək biz insasanların irqi borcudur. – Bu təklifi də Heyvanları Müdafiə Komitəsi Təhsil Nazirliyi ilə bir yerdə irəli sürmüşdü.

…Dəvələr dolu kimi yağırdı. Ovsunçulara şirlərlə iki gün əvvəl bütün güclərini sərf etdikləri üçün dincəlmək, özlərinə gəlmək icazəsi verilmişdisə də, dəvə yağışı gec ara verdiyindən bir daha onların, yəni ovsunçuların köməyindən istifadə etmək məsələsi ortaya çıxdı.

Göydən düşə-düşə bir dəvə o birinə deyirdi:

– Bu insasanlar heç də qorxaq deyilmişlər.

O biri cavab vermək istədi:

– Bəs sən bilmirdin ki… – sözünü bitirə bilmədi, çünki guppultuyla yerə dəydi, tez vurnuxub ayaqları üstə qalxdı. Ora-bura boylanıb gördü ki, o biri dəvələr də onun kimi yıxılıb böyrü üstə qalıblar – görünür yerə enərkən düzgün aerodinamik avtozərbə mövqeyi seçmədiklərinə görə – o birilər, düzgün mövqe seçənlər güclə də olsa ayağa qalxır, onun kimi tez özünə gələnlərin isə, deyəsən, heç nə veclərinə deyil, donqarlarını dik tutub, odu ha, səhrada yelkən kimi enib-qalxıb ora-bura qaçışırlar. Hər biri öz cərgə yoldaşını arayır.

Ovsunçular gələnəcən belə bir anlaşılmaz – hərc-mərclikmi deyək, anlaşılmazlıqmı deyək, hal davam etdi.

Ovsunçular yarıyuxulu idilər və, deyəsən, ovsunları özləri bunu istəyən kimi kar etmirdi, bir sözlə, dəvələrin hələ ki, biri də könüllü şəkildə gəlib «Maqnus-180» – istifadəyə bu yenicə buraxılmış elektromaqnit mühərrikli nəhəng aerobuslara girmək istəmirdilər.

– Lap elə gəlib girdilər bu maşına, sonrası nə olsun? – Ovsunçular deyinirdilər. – Hara aparacağıq bunları?!

– Əvvəl savannanı yaratmaq lazım idi, sonra bunlar barədə fikirləşmək olardı.

– Şirlər, bunları şirlərin yanına buraxmaq! Həngamə o zamandı. Biz də dincələrdik.
Dəvə yağışı, nəhayət ki, kəsdi. Qəfəsdəki şirlər az qala ağızlarının suyu axa-axa «Maqnus-180»-lərdən quzu kimi aşağı hoppanan dəvələrə baxır, ürəklərində gülməklərini güclə saxlayırdılar. Doğrudan da, dəvələri ovsunçular, nəhayət ki, bir təhər ovsunlayıb gətirib yığırdılar heyvanxananın qabağına. Yaxın ətrafda yaşayan insasanlar tək-tək, cüt-cüt, ürəklənən irəli çıxıb, cəsarəti çatmayan uzaqdan bu mənzərəni durub seyr edirdilər.

– Dəvə ətinin yaxşı qutabı olur. «…mətbəxləri» kitabında görmüsən? – Yaşlı bir insasan əlindən tutduğu nəvəsinin üzünü dəvələrə sarı döndərdi. Uşaq heç cür yola gəlib dəvəyə baxmaq istəmirdi, ağlayıb dururdu, evə qayıtmaq istəyirdi, qorxmuşdu nədi?!

– Bax, bu, dəvədir, – deyə insasan nəvəsinin könlünü almaq istəyirdi və bir gözü ilə də əlində işi olmayan bir ovsunçu axtarırdı ki, uşağı yola gətirsin, onun ürəyinə girib dəvəyə maraq yaratsın. Amma bütün ovsunçular dəvələrlə məşğul idi.

– Evə istəyirəm, evə gedək – Uşaq get-gedə daha da israrlı olurdu.

– Ay səni, bir bax, axı sən heç zaman əsl dəvə görməmisən.

– İstəmirəm bu dəvəni. Mən evə istəyirəm. İndi «Səhrada gəmi» başlayacaq. Evə gedək… Niyə görməmişəm. Mən dəvə görmüşəm…

«Səhrada gəmi» son zamanların ən dəbdə olan, ən sevilən virvizual filmi idi. İçinə cürbəcür heyvanlar dolmuş gəmi səhra ilə qumluqda «üzür» və sənin istəyinlə televizor ekranından keçib bir başa otağın içinə girə bilirdi. Virvizual ekran son texniki nailiyyət idi və çox da bahaya başa gələn ləzzət idi. Baba bütün sonrakı təqaüdünü bir yerə toplayıb ailəyə kömək etməsəydi bu ekranı almaq mümkün olmayacaqdı.

Nəvə çox yalvarmışdı. Amma açıq demək lazımdır ki, babanın özündə də az yox idi, o da get-gedə öz uşaqlığına daha çox yaxınlaşırdı. Virvizual ekrana baxmaq ondan ötrü də çox maraqlı idi. Bu ekran bütün ailə büdcəsinin ziyanına – Ana heç cür razı olmurdu, güclə baba onu dilə tutdu, sonra isə Ana Uşağın göz yaşlarına dözmədi – bəli, məhz büdcənin ziyanına alınmışdı və indi nəvəsi həmin «Səhrada gəmi» filminin növbəti seriyasına baxmaq üçün evə can atırdı.

– Ay səni, dəcəlsən ki, dəcəl. Yaxşı, gedək evə. Bu dəvə axı sənin o gəmindəki dəvədən deyil. Bu həqiqi dəvədi. O isə… Eh…

– Yox, o dəvə yaxşıdır. O mənim dostumdur. Mənimlə danışır. O məni gözləyir.
Ovsunçular, nəhayət, dəvələrin hamısını – bir-ikisi, hələ bəlkə daha çoxu tapılmamışdı – heyvanxananın qabağına yığdılar. Kiçik bir müşavirə keçirdilər:

– Olan-qalan gücümüz çatacaqmı bu dəvələri şirlər üçün toxunulmaz edək?! Odur bax, necə gözləri ilə yeyirlər bunları…

– Yox, gücümüz çatmayacaq. Şirlərin qarnını ovsunla doldura bilmərik.

– Vəziyyətdən çıxış yolu görürsünüzmü? Məsələ belə qoyulurdu və bütün ovsunçular taqətsiz halda bu suala cavab axtarırdılar.

Elə bu zaman Baba ilə Uşaq gəlib Damdabacalar küçəsindəki evlərinə çatdılar. Uşaq yamanca tələsirdi.

Baba isə, artıq onun yorğunluğu aşkar hiss olunurdu, ayaqlarını güclə çəkirdi.

– Gəl, gəl gecikirik.

Saat Günəş vaxtından Ay vaxtına keçdi. Buludlar göy üzündə şahə qalxıb dondular. Şəhərətrafı səhradibi evlər bir-bir üzə çıxdı.

– Vaxtdı. Tez ol, baba, tez ol… – Uşaq lap səbirsizləşdi.

– Gəlirəm, ay səni… Bir dayan görüm, sən məni lap karıxdırdın.
Qapını onlara açan Ananın üzünə Uşağı görən kimi ilıq və bir az da narahat təbəssüm qondu: «Buna nə olub?!»

Tez-tələsik özünü ananın yanından içəri dürtən uşaq bir təhər özünü virvizual ekranın yanına çatdırdı.

«Mən gəldim» tanıma sözünü elə qışqırdı ki, evdəki əşyalar da az qaldı cingildəsin. Virvizual ekran dərhal işıqlandı. Uşaq elə durduğu yerdəcə donub qaldı, gözlərini ekrana dikdi, elə bil, bu dəqiqə onu yeyəcəkdi, yanında gəlib səssizcə kresloya özünü yetirən Babaya astaca:

– Baba, bax. İndi özün görəcəksən. Bu dəvə o dəvələrdən daha gözəldi, – dedi.
Ovsunçuların ayaqüstü müşavirəsində son sözü Şəhər «İnsasanlarla heyvanlar arasındakı münaqişələrin Çözüm Komissiyası»nın üzvü dedi. Və onun təklifi artıq əməlli-başlı əldən düşmüş ovsunçular tərəfindən o saat qəbul edildi. Təklif isə bundan ibarət idi. Biz gərək elçilər dəstəsini hərəkətə gətirək. Şirlərdən söz alaq ki, dəvələrə dəyməyəcəklər. Ta ki, ovsunçular öz güclərini bərpa edəndən sonra şirləri yenidən ovsuna tutmaqla dəvələrin necə olacağını götür-qoy eləmək olar». «Bəs, şirlərə nə vəd eləyə bilərik?» sualına «Çözüm» Komissiyasının üzvü burnunun altında «onlar üçün savanna yaratmağı» mızıldandı.

Gərək ki, ictimaiyyətdən gələn təkliflərdən biri də elə bu idi.

Heç kim məsələnin bu cür asanlıqla həll olacağına inanmırdı. Ay vaxtı artıq başlamış, hamı yorulmuşdu.

Elçilər dəstəsinin nümayəndəsi şirlərin yanından qayıdıb əvvəlcə dövlət TV-sinə, sonra da özəl TV-lərə intervyü verdi ki, şirlər qısa məsləhətləşmədən sonra onlara edilən təkliflə razılaşdılar. Öz növbələrində: «təki, ovsunçular gəlməsin. Biz hər şeyə razıyıq» dedilər. Beləliklə, hamı rahat nəfəs aldı. «Yağış anı» üzrə koordinator olan qoca Şir və «Ümumi sülh saatı»nın nümayəndəsi ortaya çıxıb öz səliqə-sahmanlarını yaratmağa başladılar

…Gəmi uzaqdan gəlib yavaş-yavaş qum dənizində böyüməyə başlamışdı. Uşaq o anı gözləyirdi ki, ekranın altındakı virsaniyə düyməsini bassın, çünki gəminin içindəkilər yalnız bu zaman içəri otağa daxil ola bilərdilər. Baba lap səbirsizləşdi. Diqqəti tarıma çəkildi.
«Vaxtdı!» – Uşaq bağırdı və gəmi virtual-vizual sərhəddə burnunu soxan kimi düyməni basdı – «Dəvəni istəyirəm» – bu dəfə pıçıltıyla dedi.

Elə germetik təsəvvür yarandı ki, nəhəng gəmi bu virvizual ekranı parça-parça edib otağa girəcək. Əlini uzatsan, gəmiyə toxuna biləcəksən. Artıq neçənci dəfə uşaq da belə düşündü. Baba özü əvvəllər, təzə-təzə az qala bu tələyə düşmüşdü. Amma başqa cür oldu. Gəminin burnundan onların yanınadək bir yol açıldı.

O yolla otağın içinə tərəf yeriyən dəvə göründü.
Dəvə əvvəlcə kiçik idi, sonra böyüməyə başladı. Artıq yolla gəlib virvizual ekrandan otağın içinə girəndən sonra dəvə öz təbii ölçüsünü alıb qurtardı. Uşağın sevinc və təəccübdən matı qurumuşdu. Onun qarşısında onun yaratdığı, onun seçdiyi canlı virvizual bir dəvə var idi.

– Di yaxşı, daha bəsdi, qaytaraq onu gəmiyə. Buraları tamam batırıb duracaq. Hə, balası?! – Baba dedi. – Ay vaxtı da bitmək üzrədi, sən isə hələ heç öz nağılının içinə də girməmisən. Qapadaq bu ekranı. Bu gecəlik bəsdi. – Baba son dövr xüsusi inkişaf etmiş bütün bu texnoturbosillobik yeniliklərə bir qədər şübhə ilə yanaşırdı. – Bax nağıl da artıq səni gözləyir.

– Yox, mən nağıl istəmirəm. Mən bu dəvəni istəyirəm. Bizdə qalsın! – Uşaq, nəhayət ki, arzusunu dilə gətirdi. O yavaş-yavaş deyəsən inada düşürdü.

– Di yaxşı, bəsdi. Babanın sözünə bax! – Ana da mətbəxdən gəlib söhbətə qarışdı. – Nağıla girmək vaxtıdı. Dünən ay vaxtı meşədə haracan getdin?

– Yox, mən nağıl istəmirəm. Nolar, ana, ay ana, dəvəni saxlayaq da, heç olmasa bir gün.
Bu zaman Baba Ananın, Ana da Babanın üzünə baxmışdı. Nə edəsən? Uşağın tərsliyi tutmuşdu. Bu, heç də yaxşı nəticə verməyəcəkdi. Nağıla girməməsi yaxşı yatmaması demək idi, bu isə öz növbəsində Günəş vaxtının zərrəsinə çatmamaq, az qala dünyanın o biri başında yerləşən «Döyüşən öküzlər» məktəbinə geçikmək demək idi.

– Yaxşı, razılaşdıq. Dəvəni həyətə apar. Amma şərtimiz şərtdi. Sabah axşam o, gəmiyə qayıdır. – Ana öz qərarını verdi. «Nə edə bilərik?» – beynindən Babaya sensorlu məlumat göndərdi.
Uşaq sevincək virvizual ekranı daimi energiya rejiminə keçirdi və sonra Babasına tərəf qələbə çalmış on beşinci Günəş əbədiyyətinin dördüncü minilliyinin kiçik qum zabiti kimi baxdı və dəvənin boynundan asılmış əvvəlcədən heç kimin görmədiyi və indi apaydın görünən ipdən tutdu. Onlar – Uşaq və dəvə həyətə çıxdılar.

Xəbər gəlmişdi ki, Şirlər qəfəslərinin ağzının açılması təklifi ilə Çözüm komissiyasına müraciət etmək qərarına gəliblər. «Bir halda ki, razılıq əldə edilmişdir və biz dəvələrə dəyməyəcəyik, o zaman bizi bu dar qəfəslərə yığıb ağzını bağlamaq nə deməkdir?! Məgər bizə inanmırlar? Bu bizə təhqirdir. Biz ki, söz verdik». – Yağış anı üzrə koordinator olan Qoca Şir Çözüm komissiyasının sədrinə belə bir məlumat göndərmişdi.

Qəfəslərin ağzı açıldı. Şirlər qəfəslərdən çıxdılar və dəvələrin arasında sakit-sakit dolaşmağa başladılar. Amma bu sakitliyin öz vahiməsi vardı. Hamı nəyinsə baş verəcəyini gözləyirdi. Nəhayət, Ay axşamı vaxtının nabələdlərə kömək zamanı gəldi… Ay tərəfdən düz heyvanxananın qapısınacan Ay zolağı açıldı.

O zolaqla bayaqdan cınqırları da çıxmayan və indi, nəhayət ki, asudə nəfəs alan dəvələri Aya yola salmağa başladılar. Bu zaman şirlər anladı ki, onlarla insasanlar arasındakı razılığın birinci bəndi yerinə yetirilməyə başladı.

Axırıncı dəvənin görüntüsü Ay zolağında hələ itməmişdi ki, heyvanxananın qarşısında bir sükut yarandı.

Amma bu sükut uzun çəkmədi. Qısa bir müddətdən sonra bu sükut qəfildən pozuldu. Ovsunçu gəlməmiş onların qoxusunu havadan alan şirlər məsələni artıq başa düşmüşdülər. «Xəyanət! Xəyanət! Savanna yalanmış. Ovsunçular gəlir. Bizi aldatdılar. Bizi aldatdılar». Şirlər arasında əsl vurnuxma, hay-küy başladı. Amma şirlərin bu hay-küyü daha heç kim üçün qorxulu deyildi. Çünki bu zaman ovsunçular artıq şirlərin başının üstünü almışdılar. Qısa bir zamandan sonra şirlərin biri də ayaq üstə dura bilmədi.

Güclərini özünə qaytarmış ovsunçular ovsundan sonra laybalay torpağa sərilən şirləri quş lələyi kimi qaldırıb qəfəsin içinə atırdılar. Aldadılmış şirlər hər şeyi unutmuşdular. Artıq onların göz qapaqlarından ağır-ağır ekstramaqnit daş parçaları basmaqda idi. Şirlər yavaş-yavaş ağır yuxuya gedirdilər.

Bir hadisə baş verməsəydi şirlərin aqibəti Şəhər üçün, yəqin ki, uzun müddət həlledilməz qalacaqdı.

Uşaq və arxasınca dəvə – bu sonradan TV məlumatlarında məhz belə şərh olunurdu – evin həyətinə çıxan zaman dəvə özünü qəribə aparmağa başlayır. O, Uşağın rəsmi əmrlərinə tabe olmur, heç nəyə məhəl qoymadan həyətdən birbaşa Damdabacalar küçəsinə çıxır. Virvizual ekran artıq onu idarə edə bilməmişdi. Heç kimin gözləmədiyi halda, sensor yaxın kosmik idarə üsulu tərəfindən komanda olmadan Dəvə inamla küçəbəküçə heyvanxana istiqamətində irəliləyir. Sonrakı şərhə görə dəvə Ay zolağına girən dəvələrin ardınca qaçmağa başlayır. Özünü zolağa salmaq istəyir. Məqsədi virvizuallıqdan çıxmaqmış.

Uşaq dəvənin ardınca düşüb heyvanxanaya qədər gəlir. Zorla dəvəyə çata bilir. Bəzən onu gözüylə izləyir. Heyvanxananın lap qabağında artıq məlum olur ki, Ay zolağının üstünə sonuncu dəvə keçir.

Virvizual dəvə Ay zolağının önündəcə torpağa pərçimlənib durur. Gözlərindən yaş axmağa başlayır.

Zolaq və sonuncu dəvə gözdən itirlər. Bir özəl TV məqbulsuzluq zonasına girib – sonralar bu TV ciddi cəzaya məruz qaldı və ay proqramlarından məhrum oldu – bu barədə belə demişdi: Ay zolağı, elə bil, virvizual dəvədən canını qurtarmaq istəyirdi.

Və bu zaman həmən o hadisə baş verir. Uşaq bunu belə danışır: Mən özümü çatdırıb gördüm ki, dəvənin gözlərindən artıq yaş axır. Bu zaman qəfəslərin içindəki şirlər ovsundan çıxmağa başladılar. Ən qəribə və izahedilməz məqam da elə bu idi. Şirlər ovsundan ayılıb qəfəsdən çıxmağa başlayırlar. Əlbəttə, belə etinasızlığı, yəni, qəfəslərin qapısının nə üçün bağlanmamasını sonralar ovsunçular təhqiqat komissiyasına heç cür izah edə bilmədilər. Və TV-şərh də bunu ovsunçularda çoxdan diqqəti cəlb etməkdə olan özündənarxayınçılıq halı kimi qələmə verdi. Şirlərin ovsundan özbaşına çıxmaqlarını mütəxəssislər Ay zolağından sonrakı elektromaqnit atmosferə kəskin naməlum qıcıqlandırıcı impulsların – bu isə dəvənin sulu məhlul olan göz yaşından yayılan şüalar idi – daxil edilməsinin nəticəsində baş verdiyini iddia etdilər. Sonralar bu fərziyyənin doğruluğu elmi cəhətdən də sübuta yetdi – naməlum məhlulun dərin termoelektrik təhlili aparıldı və o ovsundan çıxma kodekslərinin əsas maddələrindən birinə çevrildi.

Mütəxəssislərə o da qəribə gəlmişdi ki, qəfəsdən çıxan şirlər əvvəl-əvvəl Uşağı və dəvəni əhatəyə almış, bir xeyli ətraflarında var-gəl etmişdilər. Uşaq və dəvə bir-birinə qısılıb qalmışdılar. Şirlərin çoxu «Bizi aldatdılar – intiqam, intiqam!» deyə fınxırırmış. Bu məqamda hadisə yerinə özünü Ana və Baba da yetirmişdilər. Hətta ovsunçular dəstəsi də gəlib çıxmışdı. Amma nə onlar, nə də hadisəyə yığılmış başqa əmniyyət hissələri qəzəbli şir sədlərini keçib Uşağa və dəvəyə yetişə bilmirdilər. Faciənin qarşısı isə gözlənilməz şəkildə öz-özünə alınmışdı.

– Biz bunu etməyəcəyik! – Dal pəncələri üstə çöküb bayaqdan yorğun qıyıq gözlərini düz dəvənin gözü yaşlı üzünə dikmiş Yağış anı üzrə koordinator olan qoca Şir, nəhayət ki, dillənmişdi. Şirlərin bəzilərinin qəzəbi bir az da artsa da Qoca Şir ikinci dəfə: – Biz bunu etməyəcəyik! – demişdi.
Sonra belə bir əlavə etmişdi:

– Biz gedirik. İnsasanlar bizi aldatdılar. Biz gedirik və bir də yağış kimi insasanların şəhərinə yağmağı mən əbədiyyən şirlərə qadağan edirəm.
Bundan sonra şirlər əmrə tabe, dinməz-söyləməz Uşaqla dəvəyə heç bir fikir vermədən heyvanxananın yanından uzun bir cərgəyə düzülüb Şəhərdən çıxma qapısına doğru yol almışdılar.

# 1696 dəfə oxunub

Müəllifin son yazıları

# # #