Asiman və Zəminə

Asiman və Zəminə
27 iyun 2013
# 17:45

Kulis.Az Kamal Abdullanın "Səhvlərimizin qrammatikası" silsiləsindən "Asiman və Zəminə" hekayəsini təqdim edir.

Bu hekayə bir qəmli hekayədi, bir qəmli hekayədi. Daş olmuş ürəkləri yumşaldan, qəlbə çevirən hekayədi. Bilən biıir, ürəyin qəlbə çevrilən məqamında adam hətta ağlını itirə bilər. Gözünə cin-şəyatin görükər. Beyninə heç vədə fərqində olmadığı mətləblər gəlib girər. Cənnətə, cəhənnəmə gedib qayıdar. Sonra birdən sustalar, heydən düşər və adama elə gələr ki, yenidən doğuldu, bu doğuluşdan əvvəl isə nə baş verib, nə baş verməyib, onunla yox, başqa birisiylə baş verib.

Hər şey xeyli adi bir şəkildə başladı. Günün bir axmaq vaxtı var – nə hələ işıq tamamilə çəkilib yer üzündən, nə də hələ qaranlıq tamamilə alıb ətrafı – bəzi adamlar belə vaxta "şər qarışanda" deyir. Bir an da keçəcək və axşam düşəcək. Bax elə bu an, "axşam indicə düşdü" deyə biləcəyimiz həmən bu an Asimanın gözləri kəndin mərkəzində yerləşən Radio meydanında ondan iki-üç metr aralıda, qızlarla bir dayanıb gülə-gülə söhbət eləyən Zəminəyə sataşdı. Gündə yüz dəfə, min dəfə bir sinifdə oxuduğu və gördüyü bu qızın üzündə, gözündə ilk dəfəymiş kimi baxışları gəzməyə başladı. Asimanın qəlbindən bu zaman səbəbini özü də anlamadığı bir gizilti keçdi. Radio meydanı deyilən poçt idarəsinin qarşısındakı meydana yavaş-yavaş kənd camaatı toplaşırdı. Poçt idarəsinin qapısına dayaq kimi pərçim edilən köhnə və əyri dirəkdən asılmış radiodan həftədə bir dəfə Bakıdan verilən bir məhəbbət verilişi vardı, adı belə idi – "Məhəbbətin qanadları" – o səslənəcəkdi. Evlərdə ki radio yox idi, sevdikləri bu verilişə qulaq asmağa, demək olar ki, kəndin əksər camaatı bura gəlirdi. Veriliş bir azdan başlayacaqdı. Hələysə qonşular, qonşu olmayanlar, dağın ətəyindəkilərlə çayın o biri tayında yaşayanlar – kənd də balaca kənd deyildi – bir-birilə min illərin həsrətliləri kimi şirin-şirin söhbət edirdilər. Oğlanlar məktəbdə baş verənləri bir daha deyə-gülə, əl-qol ata-ata bir-birinə danışır, özü də aktyorlar kimi səsləriylə oynaya-oynaya danışırdılar. Özlərini bu şəkildə onlardan azca aralı topalaşmış qızlara göstərirdilər.

Bu əsnada Asimanın gözləri bu qızların arasında duran Zəminəni diri-diri yeməyə başlamadımı, başladı. Nə isə qədim bir hadisəni hap-gopla, ləzzətlə danışan Müzəffərə qətiyyən qulaq vermədən baxışıyla qızın gözlərini axtarır, tapır, zilləyirdi qara gözlərini onun yaşıl gözlərinin düz içinə. Nəydi, nə deyildi, amma indi, meydanda axşam düşən bu vaxt qız gözünə başqa cür dəymişdi. Niyə belə olmuşdu, özü də başa düşəmmirdi. Zəminə bu axşam saçlarını səliqəylə üzündən yığmışdı, sir-sifəti açılmışdı, sağ yanağındakı xal da xeyli sirin görünürdü, bəlkə bundandı, bəlkə isə ondandı ki, əslində, Zəminə də ona bu cür baxmamalıydı, yaşıl gözlərilə ona deməməliydi: "bax, baxa bildiyin qədər bax, mən buyam, bax, üzümə yaraşıq xalım da var, nədi, yoxsa birinci dəfədi görürsən, ağzının suyu axıb getdimi, elə getdi… sil, sil ağzıyın suyunu, abırsız…" Amma bəlkə də nə bu idi, nə o idi, göy üzündə iki-bir, üçbir peyda olub maraqla onları seyr edən ulduzlar idi buna səbəb?! Bu ulduzlar bu dəfə onların lap yaxınlığına gəlmişdilər, başlarının lap üstündə idilər, hərarətləri onlardan xəbərsiz canlarına girir, qanlarına işləyirdi, bəlkə səbəb bu idi?!

"Sil, sil dodaqlarını, bax beləcə axıdarsan ağzının suyunu…" Sanki bunu eşidib Asiman əlini ağzına apararaq biixtiyar pencəyinin qoluyla ağzını sildi və bu zaman Zəminənin yaşıl gözlərinə hiyləgər bir təbəssüm doldu, sonra qız çiynini atıb boynunu yana döndərdi, elə bil, yadına qəflətən nəsə düşdü, ciddiləşmiş gözlərilə kimisə axtarmağa başladı. Əlbəttə ki, Kərimi axtarırdı, başqa kimi axtaracaqdı ki?! Bütün kənd cavanları bunu bilirdi ki, kəndin "Leyli-Məcnun"u kimdi. Əlbəttə ki, Asimanın can dostu, qan qardaşı Kərim Məcnun idi, bu şər qarışan vaxta qədər isə dostunun sevgilisi kimi bacılığa qəbul etdiyi Zəminə Leyli idi. Bəs bu "Leyli" nə üçün onun baxışlarının isti ahənginin içində mum kimi əriyib haldan-hala düşür?! "Nə qədər kinayə edirsən et, nə qədər saymazyana ədan var, əsirgəmə, amma mən bilirəm, sən özün dartıb mənim baxışımı saldın öz üzünə, gözünə…" Asiman da ondan cəmi bir, ya iki qucaq yaxınlığında duran qızın süzülüb gedən yaşıl gözlərinin içinə bu sözləri göndərirdi.

Kərim o axşam Radio meydanına gəlmədi. O verilişə qulaq asmaq Asimana da qismət olmadı. Elə Zəminəyə də qismət deyilmiş. Qız yanındakı rəfiqələrinə nəsə deyib onlardan aralandı, çaya tərəf yol aldı. Zəminəgilin evi çayın o tayında təzə tikilən evlərdən idi. Yalandan bir o tərəfə getdi, bir bu tərəfə getdi, Asiman da xəlvətə salıb meydandan sivişdi, ayaqları onu bu biri yana apardı, məktəbin arxa həyətindəki Qarağacın böyründən hərlənib də çaya düşmək olardı. Beləcə, ordan yolunu salıb əyilə-dikələ, evlərin, bağçaların, ağacların arasından hərdən o biri yolla gedən Zəminənin uzaqdakı kölgəsini izləyə-izləyə çayın körpüsünə tərəf getdi. Beyni guppuldayır, ürəyi şiddətlə vururdu. Beynindəki guppultudan və ürəyinin səsindən başqa heç nə duymur, heç nə eşitmirdi. "O baxdı, qızlardan aralanan zaman mənə baxdı, baxdı…" Ancaq bu sözlər fırlanırdı beynində, bəlkə həmən guppultunu da bu sözlər salırdı, çünki nə qədər ehtiyatla getməyə çalışsa da gah ayağının altından qurbağa qaçıb canını qurtardı, məktəb həyətində hardansa Sarı it gəlib heç vədə etmədiyi bir hərəkəti eləməyə başladı, ona, Asimana hürdü. Sağ tərəfdə Kəlbəligilin çəpərindən bir quş pırıldayıb çinarın təpəsinə soxdu özünü. Asimana elə gəlirdi ki, ürəyinin guppultusudu, quşları, həşəratı yerindən eləyir və bunların səsini bu saat Zəminə də eşidir və ürəyində ona gülür. Amma gərək belə düşünməyəydi. Zəminə çaya tərəf bir az da tələsə-tələsə yol gedə-gedə nə üzü, nə də könlü gülürdü. O, dişlərini bərk-bərk sıxıb yol gedirdi, üzündə də xeyli ciddi bir ifadə var idi. Əslində, o da anlaya bilmirdi ki, qəlbi, könlü niyə belə həyəcan içində döyünməkdədi. Bəli, qızın da ürəyinin səsi, düzdü Asimanınkı kimi olmasa da, hər halda şiddətlə qulaqlarında səslənməkdə idi. Geriyə, yana-yörəsinə baxmasa da Zəminə duyurdu ki, Asiman onun arxasınca gəlir. Qızın sinəsi atır, yanaqları allanmışdı. Beynində hər şey bir-birinə qarışmışdı, amma bütün bədəninə yol getdikcə isti qan yayılırdı, qızın gözlərinin dibi gülürdü, könlünün dərinliyində qönçələr açılırdı.

Qaranlıq, əlbəttə, artıq düşmüşdü. Ulduzlar yenə uzaqlaşdılar. Bu dəfə onlar duz kimiydilər göy üzündə, işıqları çayın üstündəki körpüyə tənbəl-tənbəl gəlib çatırdı. Zəminə körpünü keçəndə başını döndərmədən, gözucu baxıb zorla da olsa sezdi ki, Asiman on- on iki metr aralıda hələ də gizlənə-gizlənə onun arxasınca gəlməyindədi. Zəminənin dodaqlarına bayaqkı qəribə, az qala hiyləgər bir təbəssüm yenə gəlib qondu. Asiman isə artıq qızı qaranlıqda görüb seçəmmirdi. Ordan-burdan gəlib işıqdı çatırdı, işığın dalınca kölgəydi görükürdü və Asiman bir onu bilirdi ki, qızın bu uzun və enli kölgəsinin dalınca düşüb gedir. Nəhayət, Zəminəgilin evinə gəlib çatanda cırcıramalar qəflətən bir toy başladılar ki, Asiman da, Zəminə də ürəklərinin guppultusunu bir andaca unutdular.

Qız həyətə girib qapını bərk-bərk arxasınca çırpdı, qapının cəftəsini bərk-bərk bağladı. Asiman bir müddət yolun bərisindəki çinar ağacına sıxılıb qaldı, maddım-maddım Zəminəgilin evininin yeganə işıq gələn pəncərəsinə baxmağa başladı, amma bir adam görünmədi bu pəncərədə. Nə illah elədi, fikrini bir yerə cəmləyə bilmirdi. Bir xeyli vaxt beləcə keçdi. Nəhayət, Asiman ağacdan aralanıb yavaş-yavaş çay tərəfə, körpüyə sarı geri döndü. Gedərkən bilmədi ki, evin bu biri, işıq gələn pəncərənin yanındakı qaranlıq pəncərəsinə yanağını dayayıb Zəminə gizlin-gizlin onun arxasınca baxdıqca baxır və bu zaman qızın qanı qaçmış, ağappaq ağarmış dodaqları elə hey bu sözləri pıçıldayır:"Allah, indi nə olacaq, nə olacaq indi, Allah?!" Zəminənin az qala səssiz və bitib tükənməyən pıçıltısı imkan vermirdi ki, bayaqkı o hiyləgər təbəəssüm təzədən gəlib qızın dodaqlarına bir daha qonsun.

Asiman isə körpünü keçəndə suyun dəcəl şırıltısı onun yadına bunu saldı: sabah məktəbdə Kərimi görəcək. Bəlkə də Kərim indi gəlib Radio meydasnına çıxıb. Getsinmi, məhəbbət verilişinin sonuna qulaq asmağa çatdırsınmı özünü?! Yox, indi o heç kimi görmək istəmirdi. Hamıya nifrət eləyirdi. Kərimə, Zəminəyə, Radio meydanında ağızlarını açıb məhəbbət verilişinə qulaq asan yar-yoldaşına, hamıya, ən çox da özünə. Məktəbin həyətinə çatmadan sola, qoşabulağa sarı döndü. Evlərinə tərəf.

Səhəri gün tezdən məktəbə gələ-gələ Asiman yol boyu düşünürdü ki, qan qardaşı Kərimlə görüşmək onunçün çətin olacaq. Çətin olmadı. Elə Zəminənin özü ilə də üz-üzə gəldiyində nə o, nə də bu heç nə ilə ürəklərindəkiləri biruzə vermədilər. Məcnunun heç nədən xəbəri yox, Leyli də özünü elə aparırdı ki, elə bil, dünən axşamkı Zəminə bu deyildi. Arada Zəminə üzü pörtmüş halda dərsin şirin yerində səsinin asta yerinə salıb yanında oturmuş Kərimdən öz nəvazişli səsilə soruşdu:

- Dünən axşam niyə gəlmədin?

- Dədəmin yanına getmişdim.

- Bəs axı… söz vermişdin axı…

Kərim dinmədi. Daha onlar bu söhbəti uzatmadılar. Düz arxalarında oturub bütün vücudunu gərərək onların arasındakı hər hansı söhbətə qulaq kəsilmiş Asiman rahat- rahat arxa söykənəcəyə kürəyini dayadı, bu sözlərdən sonra bir az rahatladı. Qızın nəvaziçli səsinin çox-çox dərinliyində gizlənmiş incikliyi duydu və bu zaman onun tarıma çəkilmiş ruhuna bir sərinlik yayıldı.

Tarix dərsi idi. Həmişə olan kimi Türyan müəllim bu gün də bir bəhanə tapıb öz sevimli mövzusunun içinə salmışdı onları. Antik mifologiyadan, yunan allahlarından danışırdı. Deyirdi ki, hətta allahlar da o qədim zamanlarda hər şeyə qadir qüvvə deyildilər. Buna inanmaq bir qədər çətin idi. Türyan müəllim deyirdi:

- Elə məsələlər vardı ki, allahların da gücü çatmırdı, onları həll eləsin. Hətta baş allah Zevs də bacarmırdı. Tale işlərinə allahlar heç cürə qarışa bilmirdilər. Tale işləri Moyra adında bacı ilahələrin əlində idi. Moyralar insanların taleyini yun kimi əyirirdilər. Nə cür alınırdı, alınırdı. Onlar heç kimə, heç bir allaha tabe deyildilər. Moyralar insanların taleyini necə istəyirdilər, elə də düzüb qoşurdular. Tale ilahələri olan moyra bacıları çox böyük gücə malik idilər…

Bu zaman Müzəffər yerindən şux bir səslə soruşdu:

- Bə bu ilahələr özləri hardan pırtlayıb çıxmışdılar? Bütün o biri allahlar axı hardansa bir yerdən çıxmışdılar?! Belə deyil? Qumru nənə aşağıda elə hey əlində nəsə toxuyur. O da bizim moyradısa, vay bizim halımıza, amma o bizim kənddidi…

Qumru nənə məktəbin gözətçisi idi. Həmişə qapının ağzında oturub əlində ip toxuyardı. Üzündə yekə ətli xalları vardı, bu xalların ətrafında isə uzun-uzun tüklər bitmişdi. Altdan-altdan heybətli, bulannıq gözlərilə məktəbə gələn, məktəbdən gedən uşaqlara bir baxardı, bir baxardı, adamın qorxudan bağrı yarılardı. Hərdən-birdən də dodaqaltı mırtdanardı. Onun yanından ötüb keçəndə təkcə uşaqlar yox, böyüklər də özlərini yığışdırırdı. Qumru nənə eynən muzeydəki qədim və qorxulu eksponatlara oxşayırdı.

Sinifdə bir-iki nəfər gülüşdü. Türyan müəllim Müzəffərə tərs-tərs baxıb acıqlandı:

- Yenə boş-boş danışmağından qalmırsan, eləmi? Tənəffüsdə gələrsən, mən sənə göstərərəm onlar hardan çıxmışdılar, Qumru nənə hardan gəlib sənin kənddin olub… – Deyim tərzi ilə Müzəffərə heç də yaxşı şeylər vəd etməyən Türyan müəllimin bu sözlərdən sonra, elə bil, birdən-birə həvəsi uçub uzaqlara getdi, səsi mis kimi oldu. -- Belə. Davam edirəm. Yazın. Bolşeviklər… başa düşürdülər ki, onlar… hakimiyyəti silah gücünə… ələ almasalar, ələ almasalar, onların özünü Müvəqqəti hökumət, Müvəqqəti hökumət… süpürrüyüb… tarixin arxivinə atacaq… Arxivinə! Atacaq! Nöqtə.

Məktəbdən çıxıb evə gedəndə, hərəsi bir tərəfdən qapıya yaxınlaşan yerdə, Qumru nənənin zindan baxışları altında onlar az qala bir-birilə toqquşacaqdı. Yenə Kərim hardasa ləngimişdi, nəydi?! Bu dəfə də o hiyləgər təbəssüm qızın dodaqlarında idi. "Nədi, yoxsa bu gün də axşam gəlib kəsdirəssən çinarın altını?" Asiman Zəminənin yaşıl gözlərində açıq-aşkar bu sözləri oxudu. "Gələcəyəm!" cavab verdi.

Bu, bir həftə sonra Radio meydanında "Məhəbbətin qanadları" radio verilişinin növbəti dəfəsində baş verdi. Asimanın ürəyinə dammışdı ki, Zəminə bu axşam Radio meydanında olmayacaq. O da ürəyinə dammışdı ki, nə olacaqsa bu axşam olacaq. Qızgilin evinin qarşısında qaranlığın içində çinara sıxılıb büzüşmüşdü, soyuq olmasa da tir-tir əsirdi. Zəminə həyətdə ora-bura gedir, anasının yuyub sərməyə macal tapmamış paltarları zivəyə sərirdi.

- Gec oldu, mən çatdırmaram, nağıldan qalmayım. Sən bunları zivəyə sərərsən. – Anası bu sözləri deyib yaylığını başında düzəldə-düzəldə daha cavab da gözləmədən və arxasına da baxmadan tez eləyib evdən çıxmış, qapı ağzında qonşu arvadlara qoşulub Radio meydanına sarı tələsmişdi.

Asiman qızın özünü yenə də görmürdü. Amma Asimanın söykəndiyi çinarın yanındakı işıq dirəyindən sarı rəngli ürəküzən, zəif bir işıq parçası qızgilin həyətinə düşürdü. Onun həyətdə paltar sərərkən əl-qol atmasını, yaş paltarları son dəfə sıxıb bu zaman alnının tərini silməyi unutmaması, tez-tez başını çöndərib həyət qapısından o tərəfdəki çinara tərəf boylanması Asimanın gözlərindən kənar, çəpərin o tərəfində baş verirdi, amma əvəzində Asiman qızın evin divarına yapışmış kölgəsini görürdü. Zəminənin vücudu nə cürə və hansı hərəkəti edirdisə, divardakı kölgə bunu qəbul edib şəklini çəkir, o dəqiqə yolun o tərəfinə, çinarın altına göndərirdi. Asiman isə kölgənin divarda yazdıqlarını öz bildiyi kimi "oxuymağında" idi. "Bir az, lap az qaldı, döz, qoy paltarları sərim qurtarım, az qaldı… gözlə, gözlə…"

Doğrudan da çox keçmədi, paltarlar sərilib qurtardı. Zəminənin kölgəsi bir qədər də həyətdə ora-bura dolaşdı, sonra yavaş-yavaş gedib girdi həyətin yan tərəfindəki töylənin içinə. Asiman kölgənin ona ötürdüyü bu işarəni də qəbul edib balaca çəpəri səssiz-küysüz birdəfəyə aşıb keçdi içəri, tullananda hesabını düz tutmamışdı deyin, əvvəl-əvvəl zivədən asılmış yaşı axan ağ, boz paltarların arasında itdi, onların içində bir qədər vurnuxub, əl-qol atıb çıxanda kölgə bu dəfə hövsələsiz bir halətdə töylənin qapısı ağzında görükdü, yəni, "bə sən harda qaldın?" və o, artıq qətiyyətlə kölgəyə tərəf getdi. Beləcənə Asiman gəlib girdi Zəminəgilin töyləsinin içinə. Heyvandan səs-soraq hardaydı, kəndin qoyunları dağdan hələ qayıtmamışdı. Zəminəgilin inəkləri də ki əvvəldən yox idi. Töylə idi, onlar idi.

Zəminə töylənin içində harasa itmişdi. Kölgə də yox olmuşdu. Hər tərəf zil-qaranlıq idi. Asiman az qala xoflanacaqdı ki, töylənin damındakı tüstü bacasından içəri ulduzlarınmı, ayınmı zəif işığı gəlib yetişdi və kölgə yenidən peyda oldu.

Kölgə yerə sərilmişdi və kölgənin üstündə bir qız heykəli dayanmışdı. Bu, Zəminə idi. Asiman onun qarşısında gəlib duranda Zəminə yavaş-yavaş yerə oturdu, daha doğrusu, Zəminə kölgəsinin üstünə arxası üstə yavaş-yavaş uzandı. Asiman da qıza baxıb kölgənin üstündə, onun yanındanca yerə çökdü. Bunların biri, iraq-iraq, sinə daşına oxşadı, o birisi isə baş daşına. Bir an keçdi, min il keçdi, Asiman bir onu bildi ki, bütün vücudu əsə-əsə yıxıldı bu sinə daşının üstünə. Bir əlilə kölgənin kənarını yorğan kimi çəkib ikisinin də üstünü örtdü, o biri əlilə qızın başının altına dayaq verdi ki, başı quru yerə dəyməsin. Sonrası asan oldu. Bu yorğanın altında dodaqlar dodaqları axtarıb tapdı, əllər əllərə, köküslər köküslərə dirəndi, ayaqlar ayaqlara sarmaşdı, saçlar saçlara qarışdı. Kölgənin altında vücud vücudun içində əridi. Ruhları bədənlərini tərk edib bir neçə anlığa uçub göylərdə pərvaz elədi. Lüt-üryan olmuş bədənlərini bacadan düşən ulduz işığından Zəminənin yorğana dönmüş kölgəsi gizlətdikcə gizlətdi.

… Zəminə səhəri gün xoşbəxt-xoşbəxt evdən bayıra çıxıb məktəbə yola düşdü. Amma çox keçmədi, yarı yoldan heysiz bir halda evə qayıtdı.

- Noldu sənə, qız? – Anası Zəminənin bu cürə yarı yoldan dönməsini anlamayıb niyaran qaldı. – Niyə yoldan qayıtdın? – Soruşdu.

- Heç… -- Zəminə əzgin səslə cavab verdi. -- Başım ağrıdı.

Səsində qızın nə vardısa anası bu dəfə bunun üzünə, boy-buxununa zənlə baxıb başını buladı və dedi:

- Keç otağına, uzan. At başını yastığa. İnşallah, keçib gedər. – Ürəyində isə düşündü: "Vaxtı çatıb bunun. Boy-buxunu arvaddaşıb. Ərə vermək lazımdı."

Üç gündən sonra məktəbin arxa həyətində Qarağacın altında Zəminə qıpqırmızı qızarmış üzünü yana tuta-tuta hər şeyi özü açıb Kərimə danışdı.

- … Bağışlama məni, heç zaman bağışlama. Mən səni bağışlamazdım.

Kərimin heyrətdən nitqi tutulmuşdu, ağzını açıb bir kəlmə danışa bilmədi. Ancaq barmaqlarını yumruq kimi sıxdıqca sıxdı.

Üç gün də keçdi. Həftə başa çatdı. Kərim ilim-ilim itmişdi, heç harda görükmürdü. Haman axşam Radio meydanında "Məhəbbətin qanadları" hekayəsinin son verilişi olmalıydı. Veriliş başlayandan bir az sonra ürəyi bərk-bərk döyünən Zəminə qızlardan yenə də ehmalca aralanıb evlərinə tələsdi. Yolla gedə-gedə duyurdu ki, ötən səfərki kimi arxasınca gələn var. Sevincdən sinəsi atlayırdı. Ötən səfərki kimi qızın ürək döyüntüləri yenə "gup-gup" vurur, dodaqlarında yenə haman hiyləgər təbəssüm oynayırdı. Çayın körpüsünü tələsə-tələsə keçdi. Nəfəsi təntiyir, qarşıdakı görüşün həsrəti sinəsini isti təndir kimi qızışdırırdı. Təngnəfəs evlərinə çatıb həyət qapısından içəri keçəndə naz ilə başını azacıq yana əyib bir daha əmin oldu ki, kölgə hələ də onunladır, demək olar ki, eyni vaxtda gəlib evə yetişiblər, budur, yolun o tərəfində dayanıb durub, amma bu dəfə çinar ağacına arxasını verməyib, ağacın yanındakı işığı yanmayan dirəyəcə çiynini söykəyib sakitcə durub.

Az sonra Zəminə töylənin ortasında durub həyəcandan tir-tir titrəyə-titrəyə Asimanı gözləyirdi. Bu dəfə töylənin içinə heç bir yerdən işıq düşməmişdi. Ay da yox idi göydə, ulduzlar da yox idilər. Məşum bir gecəydi. Qız bir onu bildi ki, arxadan yaxınlaşıb onu bərk-bərk qucaqladılar. Həsrətli bir nəfəs boynunu od parçası kimi yaladı. Bu o deyildi.

Zəminə kürəyindən sancılan bıçaq zərbəsini, demək olar ki, hiss eləmədi. Elə bil, kürəyinə isti bir əl dəydi. Yerə yıxılmazdan əvvəl beynindən son dəfə bu keçdi: "Bəs o… o niyə gəlmədi?! Biz axı…"

Asiman isə bu zaman məktəbin arxa həyətində qoca Qarağacın altında, gözdən kənar bir yerdə bir neçə saat idi ki, yıxılıb qalmışdı. Səmaya baxan açıq gözlərində belə bir sual gizlənmişdi: "Məndə günah varmıdı?!"

Bəlkə də o haqlı idi. Bu, bəlkə də Asimanın günahı deyildi. Bu, Kərimin də günahı deyildi. Zəminənin? Zəminənin heç günahı deyildi. Bəs o zaman kimin idi bu günah?!

Moyraların olmasın?!

SON

# 4045 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #