Dünyanın ən gözəl xəyanəti...

 Dünyanın ən gözəl xəyanəti...
21 noyabr 2013
# 17:26

İllərdir evin bir küncündə unudulmuş tablo kimi dururdu. Özünə uğursuz əl işi desə də, bəlkə əyyaş ərinin ən uğurlu əl işi idi. Bilmirdi kimi qınasın. Belə cəza almasında talemi, bəxtmi, yoxsa onu yarımcan edən qəzamı səbəb idi, bilmirdi. Bildiyi o idi ki, ərinin ona ən yaxın rəfiqəsi ilə xəyanətindən sonra ruhu içində ölmüşdü. Qəzanın baş verdiyi o anı belə xatırlamırdı...

Əri ölmüş qadınlara bənzəyirmiş ruhsuz insan. Hər kəs yaddan çıxarır. Zəruri olmasa yada salan olmur. Əslində özü də daha çox zərurətə inanırdı. Təsadüfün özünü belə zərurət sayırdı. Öz zəruri təsadüfünü gözləyirdi. O zəruri təsadüf əyyaş ərinin onu bircə dəfə olsun yad eləməsi idi bəlkə də. Ona sevgi, diqqət, hörmətdən başqa hər şey vermişdi. "Heç nə verməmişdi " deməyə yox, düşünməyə belə utanırdı. Gözləyə-gözləyə diri ölüyə çevrilmişdi. Adamlar var diridir, amma ölüb. Həmin adam bu qadın idi bəlkə də. Bir iynənin ucu qədər ümidi qalmışdı. O ümid də olmasaydı intihar edəcəkdi yəqin. Ümidinin yaxasından asacaqdı özünü. Ya da ümidini kəsib, intihar edəcəkdi. Fərqli intihar kimi düşünmüşdü bunu. Fərqli xəyanət də düşünmüşdü. Ölümünə qoşulub qaçacaqdı. Ölümcül ağrıları başlayanda ölümü əlini yaman bərk sıxırdı. O isə "səbirli ol, gəlsin, danışaq, sonra gedəcəyik" deyirdi.

Bir gün illərdir durduğu qaranlıq küncə, bir işıq düşdü. Sonra kölgə göründü. Gözləri qamaşdı, yerində qurcalandı. Səsə çaşdı, qorxdu da deyəsən adam. Uzandığı çarpayıya əyilib üzünə diqqətlə baxdı. Diksinib geri çəkildi. Əl işini tanıdı, ya tanımadı demək çətindir, amma bəyənmədiyi dəqiq idi. Dönüb getmək istədi. "Getmə!" dedi, içində. Adam durdu. Qadın gözlərinə inanmadı. Məni eşitdimi? Geri çevriləndə üzündəki dəhşətdən qorxdu qadın. Hirslə geriyə döndü. Qadın qaranlığa qısıldı, hətta görünməz olmaq istədi. Aldığı ilk sillədən anladığı bu oldu ki, adam onu tanıyıb. Üzündəki qaysaq bağlamış yaralarından qan axırdı aldığı zərbədən sonra. Qadın ağrısını unudub, hətta bu cür olsa da yada düşməsinə sevindi elə bil. Sonra qolundan tutub ayağa qaldırdı onu. Qarşı-qarşıya dayandılar. Günahını etirafa bənzətdi üzündə gördüyü ifadəni.

Aldığı sillə isə əfv olunmamasına üsyanı idi bəlkə. "Daha çirkin olduq" demək istədi elə bil hər ikisi. Susub danışırdılar. Əyilib çirkli əski parçası götürdü döşəmədən adam. Üzündəki yaraları, axan qanı ləkə bildi deyə silməyə çalışırdı. Bəyənmədiyi, üstü toz basmış bir əsəri, tablonu səliqəyə salmaq cəhdi idi bu bir az da. İllərdir umduğu, amma görmədiyi bir şey idi bu qadının: Diqqət! Sevindi. Bir az da gülümsədi. Ağrısını heçə saydı. Gözlərini yumdu. Susaraq "sənin əl işinəm. Uğurlu ya uğursuz, hamı öz işini sevir, sən də sevsəydin" dedi. Bir damla dəydi yanağına. Göz yaşı da bezmişdi illərdir içinə axmaqdan. O da heç olmasa bir damlasını dünyaya gətirdi. Əlinə toxunan nəmdən diksindi adam! Bir az köksünə sıxdı qadını. Davasız, qovğasız, ilk dəfə danışdılar. Həm də susaraq.

Bu adam onun əri idi. Üst başından həmişəki kimi siqaret, içki qoxusu gəlmirdi artıq. Hər şey dəyişmişdi. "Əsl xəyanət anıdır" deyə düşünürdü qadın. Gözlərini yumdu. "Gedək" dedi ölümünə. Üzü ərinin sinəsində, əli ölümündə. İlk dəfə dərindən nəfəs aldı yanında. Sonun əvvəli kimi idi bu. Həm də ərinə ilk xəyanəti oldu ölümünə qoşulub qaçması... Ən azı ona belə düşünüb, ölümü qəbullanmaq daha rahat idi...

# 5660 dəfə oxunub

Müəllifin son yazıları

# # #