Bəlkə aranızda elələri var ki, hələ də baxır. Uşaqlar qədər sevir. Uşaqlardan çox tanıyır qəhrəmanlarını. Və yəqin elə bu səbəbdən artıq onlar üçün xüsusi çəkirlər həmin filmləri, animasiya filmlərini.
Azərbaycanda ilk animasiya, 1933-cü ildə "Pişik" adlı qısametrajlı filmdə istifadə olunub. İki il sonra 1935-ci ildə qısametrajlı ilk animasiya filmi çəkilib. "Abbasın bəlası" adlı. Amma bu filmin yaradıcı heyətində azərbaycanlılar olmayıb. Heç filmlərin özü də Azərbaycanda yoxdur. Bu filmlər hazırda Moskva Dövlət Sənədlərin Kino-foto arxivində saxlanılır. Azərbaycana gətirilməsi hələlik mümkün deyil. Çünki digər filmlər kimi, bu animasiyaların da əslinin Azərbaycana gətirilməsi böyük maliyyə məsrəfləri tələb edir.
Animasiya filmlərinin titrlərində Azərbaycanlı animatorların adları ilk dəfə 1965-ci ildə "Danışan alovlar" adlı qısametrajlı filmdə görünüb. "Qırmızı, qara və başqaları", "Cırtdan", "Fitə" və sair animasiya filmləri isə bundan sonra çəkilməyə başlayıb. İndi demək olar ki, bu nağılları çəkib bizə göstərənlərin özləri nağıla dönmək üzrədir. Az olduqları üçün yerli animasiyaların sayı da aşağı düşüb, keyfiyyəti də.
Sovetlər dönəmidən bizə 1 yadigar kimi 20 qısametrajlı animasiya filmi qalıb.
80-ci illərin sonundan ta bu günə qədər cəmi 20 film çəkilib. Problem maliyyə məsələsi deyil.
Tanınan animator-rejissor Elçin Hami Axundov bildirir ki, Azərbaycandakı animatorların çoxu ölkəni tərk edib: “Zamanında təşkil olunan kurslardan çıxan kadrların əksəriyyəti 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanı tərk etdi. Səpələndilər dünyanın müxtəlif yerlərinə. Həmin animatorlar indi “Disneylənd” studiyalarında, Fransada, İsraildə, Rusiyada, Türkiyədə, Almaniyada çalışırlar. Sevimli peşələri ilə məşğuldurlar”.
Elçin Hami Axundov deyir ki, burada hərəkətin, qaydalarını, mexanikasını, biomexanikasını öyrənmək, öyrətmək lazımdır: “Aktyorlar, pantomima dərsləri də keçib incəlikləri öyrənməlidirlər. Yoxsa hər şey daha pis olacaq. Evimizdə səssiz-səssiz gələcəyin terrorçularını, cinayətkarlarını, aqressiv vətəndaşını hazırlayırlar".
Cahangir Süleymanov Sankt-Peterburqda yaşayan azərbaycanlı animator-rejissordur. Hazırda bu şəhərdə özünə aid studiyada fəaliyyət göstərir. Sosial şəbəkələrdə uzun axtarışlardan sonra tapa bildik onu. Maraqlı söhbətimiz oldu. Rusiyanın məşhur "Smeşariki" animasiya serialının rejissorlarından biridir.
Bu animasiya filmi 208 seriyadan ibarətdir və davamlı çəkilir. 9 qəhrəmanı var. Və 3-9 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Uşaqlarda davranış, yemək mədəniyyətinin, təhlükəni duyma instinktlərinin formalaşması üçün maraqlı hekayətlər üzərində çəkilib. Bəs Cahangir Süleymanov niyə Azərbaycandan gedib?
Rejissor dinləyək: “Çox çətin idi. Biz o zaman Azərbaycanda təşkil olunmuş animator-rejissor kurslarını bitirdik. Amma işləməyə layihələr yox idi. Adam əziyyət çəkib oxuyanda, öyrənəndə itirmək qorxusu çox olur. O üzdən mən Rusiyaya gəlməli oldum. Və indi hər şey yaxşıdır”.
Cahangir Süleymanov hazırda üzərində çalışdığı animasiyaya nə qədər büdcə ayrıldığını konkret deməsə müəyyən məqamlara aydınlıq gətirdi: “Hər halda böyük məbləğlərdir. Burda çox az idi. İinsan ailəsini təmin edəcək qədər qazanmırsa məncə ciddi düşünməlidir. Əslində dolana bilmirsənsə, deməli işləmirsən. Mən işləmək istəyirdim. Və qısacası belə deyim ki, az qazanmıram. Maliyyə vəsaitlərindən söz düşmüşkən, Azərbaycanda orta hesabla bir animasiya filmi üçün 70 min manat büdcə ayrılır. O üzdən ildə yalnız bir və qısametrajlı animasiya filmi çəkilir. Amma ABŞ və Avropada bu sahə ayrıca gəlir mənbəyi kimi dəyərləndirilir. Məsələn, "Şrek" filminin büdcəsi, bir bölümə görə 60 milyon ABŞ dolları məbləğindədir”.
Obrazları səsləndirən aktyorların qonorarlarına gəlincə... Hollivudun kino ulduzlar filmdə 15 dəqiqəni səsləndiribsə onun tələffüz elədiyi hər bir söz 2500 ABŞ dolları məbləğində dəyərləndirilir.
"Şrek" animasiya filmində obraz canlandıran Hollivud ulduzu Antonio Banderas deyir: "Bu çox zövqlü işdir. Uşaqların tərbiyəsində, formalaşmasında rolumuzun olmasının özü sevindirici haldı. Mən "Şirek" animasiyasında obrazı səsləndirəndə orda bir epizod var. Şrekle eşşək ay işığında uzanıb, qayğılar və problemlərdən, bir sözlə həyatdan danışırlar. Onlar film qəhrəmanları, insan olmasalar da bu səhnə çox yadımda qaldı. Fikirləri təsirli idi, Yaddaqalan idi. Bunlar ciddi məsələdir. Animasiya filmlərindəki təbliğatın böyük təsiri var".
Animasiya filmləri ilə bağlı təəssüf doğuran məqam isə odur ki, indi "uşaqlara diqqət" adı altında daha çox aqressiya təbliğ olunur.
Bəlkə daha maraqlı, uşaq psixologiyasına hesablanmış və təbii ki, bahalı filmləri almağa maraq azdır. Bu filmlər yerli kanallarda göstərilməsə belə evlərə peyk antenalar vasitəsi girirlər. Daha bir maraqlı məqam, məsələn, Azərbaycanda peyk antenalar vasitəsiylə izlədiyimiz "Kartoon Network" animasiya kanalı ABŞ və bir çox Avropa ölkələrində yayımlanmır.
Psixoloq Lalə Bağırova deyir ki, uşaqlar cizgi filmlərində gördükləri obrazlara oxşamağa çalışırlar: “Onlarda yaşlarına uyğun olmayan müdafiə və mübarizə instinktləri formalaşır. Onlar körpəlikdə izlədikləri cizgi filminin məzmununa deyil, daha çox rəngli kadrlarına, maraqlı səslərinə diqqət edirlər. Əvvəldə sadalanan keyfiyyətlər isə üç yaşdan sonra formalaşır.
Üç yaşdan sonra uşaqlar hər şeyi yeni formalaşmaqda olan zövqlərinə görə seçməyə başlayırlar. Məktəb yaşlı olanda isə artıq uşaqlarda, daha çox oğlanlarda şiddət, qorxu aşılayan filmlərə maraq yaranır. Və bir də cizgi filmləri uşaqların xəyal dünyasına güclü təsir edir: "Uşaqlar, şiddət məzmunlu cizgi filmlərindəki qəhrəmanlarla eyniləşməyə meyllənirlər. O üzdən uşaqların cizgi filmi seçiminə ciddi riayət edilməlidir”.
Psixoloqun fikrincə, tamamilə televizordan, internetdən və bu tipli cizgi filmlərindən asılı həyat keçirən uşaqların sonrakı həyatı ürəkaçan olmur: “Uşaqların gördükləri və eşitdikləri hər şey alt şüura həkk olunur və bunların əsasında psixologiyaları müəyyənləşir. Ona görə də, uşaqlara mümkün qədər kasetlərdə və ya disklərdə seçərək aldığınız cizgi filmlərini izlədin" deyə psixoloq bildirib.
Diqqət etsəniz görərsiniz ki, adıgedən kanalda fantaziya, aqressiyadan başqa heç nə təbliğ olunmur. Bu, evimizdəki səssiz terrora bənzəyir, animasiya terroruna. Və biz hələlik fərqinə varmırıq ki, hansı animasiyalara baxırlar bizim balacalar. Onlar böyüyəcəklər. Xəbərimiz olmadan tərtərşüurda onlara illər boyu yeridilən belə anımasiya görüntüləri balalarımızın həyat tərzinə, xarakterinin formalaşmasına, insanlarla münasibətlərinə təsirsiz ötüşməyəcək.