“Yəhudilər, zəncirlərinizi qırın” - İradə Musayeva

“Yəhudilər, zəncirlərinizi qırın” - İradə Musayeva
30 dekabr 2023
# 15:00


Kulis.az İradə Musayevanın "Marsel Prust yeni ədəbi zövqü və səbri olan oxucular müəllifidir" adlı yeni yazısını təqdim edir.

(Marsel Prustun “İtmiş zamanın sorağında” romanı haqqında)

I məqalə

Qardaşı Robert deyirdi ki, Prustu oxumaq üçün

gərək xəstələnib yatağa düşəsən.

Marsel Prust (1871-1922) 1900-cü illərdə “İtmiş zamanın sorağında” romanını yazmağa başlamamış “Qətl edilən kilsələrin xatirəsinə” və “Kilsələrin süqutu” başlıqları altında toplanmış məqalə, eləcə də esselərini yazdı.

Bu mətnlər təcrübəsiz bir yazıçının eksperimenti deyildi, gələcək romana giriş mahiyyəti daşıyırdı. Bir az sonra, I Dünya müharibəsi zamanı Qərb cəbhəsində hərbi əməliyyatlar əsasən Fransada baş verdi, Fransanın bir çox şəhər və kəndlərinə ağır zərbələr vuruldu. Tarixi abidələrin dağıdılması xüsusilə ağrılı idi, o cümlədən 1914-cü ilin sentyabrında alman artilleriyası tərəfindən darmadağın edilmiş məşhur Reyms kilsələri... Bu hadisə ziyalıların da etirazına səbəb oldu. Tanınmış yazıçı, “Jan-Kristof” roman-epopeyasının müəllifi Romen Rollan alman ordusunun vəhşiliklərinə pamfletlər həsr etdi.

Lakin Prustun əsərləri xeyli əvvəl yazıldığı üçün sırf müharibə ilə bağlı deyildi. Kilsələrin dövlət tərəfindən sıxışdırılması, dini ayinlərin icrasına maneçilik və s. bu kimi siyasi xarakterli nüanslar var idi.

Orta əsr memarlıq abidələri romantik ədəbiyyat mətnlərində milli dəyər və ekzotika elementi kimi qabardılırdı. M.Prust sonralar romanlarında bütün başqa xırdalıqlarda olduğu kimi dini abidələrin elementlərini təsvirdə də bir neçə sənət estetikasından (rəssamlıq, memarlıq, rəngkarlıq, yazıçılıq, filosofluq və s.) çıxış edərək bədii-estetik zövq formalaşdıran fraqmentlər yazırdı. M.Prustun 1999-cu ildə çap olunan “Qətl edilmiş kilsələrin xatirəsinə” (Марсель Пруст. Памяти убитых церквей: Согласие; Москва; 1999, 68 c.) adlı kitabının ön söz müəllifi S.Zenkin yazırdı ki, alman alimi, italyan rəssamlığının məşhur bilicisi Abi Varburq deyirdi ki, “tanrı detallarda, şəklin “xırda” hissələrindədir. Prust yəqin ki bu fikri bəyənirdi və sübut edirdi ki, yeni dövrün əsl möcüzəsi sənət əsərinin hərtərəfli, dəqiq təhlilində də özünü göstərir. Yəni elə təhlillər ki, abidələr vasitəsi ilə zamanlar görüşə bilsin. Bu hal nə vaxtsa o əsəri yaradan, onun barəsində düşünən adamlarla bizi doğmalaşdırır.

Prust inanırdı ki, hər bir mədəniyyət adamının müxtəlif zamanlarda məhv edilmiş sənət abidəsi ilə mənəvi əlaqəsi var. Bu təkcə “mənəvi” (dini) deyil, həm də müasir, dünyəvi bir sivilizasiyaya xas olan bəşəri hisslərin əlaqəsidir. Bu elə məqamdır ki, şəxsiyyətin mədəni-intellektual baxımdan inkişafında öz sözünü deyir. M.Prust bu mövzuya həsr etdiyi oçerklərini, esselərini sonralar yazacağı “İtmiş zamanın sorağında” romanına daxil edəcəkdi. Din və estetika problematikasının obrazlı inikasını romanlarında da görürük.

“Qətl edilmiş kilsələrin xatirəsinə” kitabında ruhani xidmətini digər yaradıcı adamların fəaliyyətindən daha üstün hesab etdiyini yazırdı. Qeyd edirdi ki, onlar həqiqi ruhanilərdir və onların xidmətləri daha gözəldir, çünki onları ruhlandıran estetik hiss deyil, imandır.

1831-ci ildə V.Hüqo “Paris Notr-Dam kilsəsi” romanını yazmışdı. M.Prustdan az qala bir əsr əvvəl V.Hüqo kilsə, orta əsr insanının dini dünyagörüşü, mənəvi azadlıq və stereotipləri qırmaq ideyasını reallaşdırdı. Tarixi hadisələr, xronologiyaya əsaslanan sənədlər fonunda orta əsrlər Parisi və fransız cəmiyyətinin romanını yazmaq təcrübəsi artıq var idi. V.Hüqo da V.Skott ənənəsinə dayanırdı. Lakin dəyişən zamanlarda ictimai-siyasi, sosial fərqliliklər həm də ədəbi-estetik yenilik tələb edirdi. “Hüqonun diqqətini niyə məhz XV əsrin cəlb etməsi də təsadüfi deyil. Yazıçı orta əsrlərdən İntibaha keçid hesab olunan bu dövr haqqındakı çağdaş təsəvvürləri – du dövrü yeni sivilizasiyanın başlanğıcı hesab edən bir çox tarixçilərin (F.Gizo, P.de Brant), yazıçıların (Volter Skott), eləcə də utopist mütəfəkkirlərin (Ş.Fürye, A.Sen-Simon) fikirlərini bölüşürdü. Onların fikrincə XV yüzildə ilk dəfə kor-koranə dini inanca qarşı şübhələr yaranmağa başlayır, bu inancın daşlaşdırdığı dəyərlər sistemi dəyişir, əski ənənələr buraxılır, ilk dəfə “azad araşdırma ruhu”, yəni insanın azadfikirliliyi və mənəvi müstəqilliyi məsələsi meydana çıxır”. (V.Hüqo. Paris Notr-Dam kilsəsi”, “Şərq-Qərb”, Bakı, 2007, 488 s. s.10).

Hüqo həmin ideyaları əsas götürərək tarixi hadisələri yeni dövr Fransasında baş verən proseslərlə, o cümlədən 1830-cu il inqilabının nəticələri ilə əlaqələndirirdi. Mülahizələrində “bütün gələcəklərin keçmişdən doğması” məntiqinə söykənən Hüqo yaşadığı dövr Fransasında baş verən böyük siyasi-sosial, ictimai hadisələri məhz XV əsrlə bağlayır, zənn edirdi ki, bütün gedişatların start nöqtəsi məhz XV əsrə dayanır.

Paris Notr-Dam kilsəsi Hüqonun romanında XI-XV əsr abidəsi kimi yalnız memarlıq baxımından deyil, həm də ictimai-siyasi, dini-fəlsəfi dünyagörüş simvolikasıtək səciyyələndirilirdi. Memarlıqda roman üslubunu kobud, primitiv və ehkamlara boyun əyən sənət növü kimi tənqid edir, qotika estetikası yeniliyini alqışlayırdı. Hətta onu xalq sənəti qədər azadfikirlilik şəraitində yaradılmış baxış növü hesab edirdi. V.Hüqo insanın qaranlıq və primitiv üslubda tikilmiş kilsələrdə aciz varlıq, instiktiv davranışlara ram olan həşərat qədər ibtidai element səviyyəsində özünüifadəsinə etiraz edir, ali varlıq olan yaradıcı insanın şüur və qabiliyyətinin əzəmətini ifadə edən möhtəşəmlik tələb edirdi. Bu möhtəşəmlik Paris Notr-Dam kilsəsində özünü göstərdi.

M.Prustun ilham mənbəyi isə başqa adam idi. Avropada böyük şöhrət qazanmış ingilis yazıçısı, tənqidçisi, sənətşünas Con Raskinin kitabları Prustu heyran edirdi.

Fransada o dövrdə onun əsərləri ilə az adam tanış idi. C.Raskinin estetik nəzəriyyələri yeni dövrün manifestinə çevrilmişdi. Yazıçı, rəssam, sənət nəzəriyyəçisi, ədəbiyyatşünas və şair, Arundel Cəmiyyətinin üzvü olan bu sənətçi XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində sənət tarixi və estetikasının inkişafına böyük təsir göstərmişdir. Prust onun əsərlərini çox böyük çətinliklə (ingilis dilini bilmədən) tərcümə edirdi. “Bəla onun ingilis dilini bilməməsi idi: yalnız latın, yunan və alman dillərini öyrənirdi. Ancaq özünəməxsus təfəkkürlə, tanış olmayan dildə kitabları başa düşməyin ən yaxşı yolu, onları öz dilinə tərcümə etməkdir və Prust bu işə başlamışdı. Əvvəlcə anası ona kömək etdi: Xanım Prust çox savadlı idi və ingilis dilini yaxşı bilirdi. Sonra başqa bir köməkçi Mary Nordlinger, yaxın dostu, bəstəkar Reinaldo Ananın ingilis əmisi oğlu tapıldı” (Марсель Пруст Три письма. “Иностранная литература”, Москва, 2009, №3).

O həm də yəhudi əsilli fransız filosofu Anri Bеrqsondan təsirlənmişdir. “İtmiş zamanın sorağında” romanında onun Berqsonun “zamanı yaradan yaddaşdır” – tezisindən istifadəsi müşahidə olunur.

Bu təsirlənmələr və məftunluq sonradan Prustun romanlarında təməl rolu oynadı. Prust Con Raskinin iki kitabını tərcümə etmiş və öz romanlarında onun fransız dilinə tərcümə olunmamış iyirmi beş əsərinə istinad etmişdir. Bu da onun ingilis dilini lazımınca biməsə də, Raskini orijinaldan oxumaq bacarığını göstərirdi.

M.Prust Konstanten de Brankovana tərcümələri ilə bağlı məktubunda yazırdı:Gizlətməyəcəyəm, ingilis dilində danışmağımızı istəsən, səni başa düşməyəcəm, çünki astma xəstəliyinə tutulmuşam və danışa bilməyəndə ingilis dilini öyrənmişəm. Dili gözlərimlə öyrəndim və ingilis dilindəki sözləri tələffüz edə və ya qulaqla eşidə bilmirəm. İngilis dilini bildiyimi iddia etmirəm. Raskinin əsərlərini bildiyimi isə iddia edirəm. Bəlkə də səni inandırmadım və yenə də tərcüməmin qeyri-dəqiqliklərlə dolu olduğunu düşünürsən... İngilis dilində bilmirəm və ingilis dilində oxumuram. Amma mən dörd ildir ki, “Amiens İncili”ndə işləyirəm və bunu əzbər bilirəm; Mətnin mənası mənə tamamilə aydındır” (Марсель Пруст Три письма. “Иностранная литература”, Москва, 2009, №3).

Məktublarla bağlı izahat verən Yelena Baevskaya bu barədə çox marqlı ifadə işlədir: “Və əslində Prust yalnız “Raskinin ingilis dilini” bilirdi”.

Konstantin de Brankovan Parisdə yaşayan Rumıniya aristokrat ailəsinin üzvü idi, 1902-ci ildə “Latın intibahı” jurnalını nəşr edirdi. Brankovan 1903-cü ildə Prustu tərcümə ilə bağlı əməkdaşlığa cəlb etmişdi.

Dünya ədəbiyyatında əbədi olaraq itirilmiş, sonsuza qədər keçmişə doğru uzadılmış, qeyb olmuş bir məfhumun – “Ölü zaman”ın romanını bu həcmdə (3000 səhifədən çox) ilk və son dəfə M.Prust yazdı. Heç tələsmədən, bezmədən, usanmadan hər kəsin yoxluq, boşluq, heçlik hesab etdiyi “İtirilmiş zaman”a romanı ilə əbədi heykəl ucaltdı. Gözümüzün qarşısında damla-damla, zərrə-zərrə əriyib yoxa çıxan zamanın peşində bu qədər həssaslıqla kəşfiyyatda olmaq hər yazarın, filosofun işi deyil. Zaman-məkan-hərəkət sisteminin (həm də kateqoriyalarının) bir aparıcı qüvvəsi var: yaddaş! Hamısını yaddaş idarə edir. X.L.Borxes deyirdi ki, hər kəs öz yaddaşı boyda, çəkisindədir.

Həqiqətən də, kiçik, primitiv, subyektiv həyatdan ibarət yaddaş insanı fərddən şəxsiyyətə çevirməz. Yaddaşsızlıq isə, ümumiyyətlə, yoxluq, heçlik, köləlikdir. Yaddaş əzəməti yaratmaq üçün həm də filosof olmalısan. Prust yazar və filosof yaddaşı ilə öz psixologiyasını, şəxsiyyətini, kimliyini müəyyənləşdirməyə çalışırdı. Amma bu yaradıcılıqda həm də bütün insanlığın və insanların yaddaşını oyatma təşəbbüsü vardı.

Uşaqlıq və gənclik xatirələri ilə yola çıxan, əslində isə daima yatan adam obrazı roman boyu gözümüz önündə donub qalır. Dünya, illər, saat əqrəbləri bu adamın başına fırlanır, elə bil. Və bu adam hər dəfə, bəlkə milyonuncu kərə yuxudan oyanan andaca təşviş içərisində məkanını, zamanını və kim olduğunu ayırd etməyə çalışır, səsləri, rəngləri, əşyaları, qaranlıq boşluqlardakı zaman izini arayır. “...çünki harada olduğumu xatırlamırdım, kim olduğumu da bilmirdim. Ən ibtidai, ən sadə formada, bəlkə də bir hörmüçəyin öz torunda necə hərəkət etdiyi kimi mən də mövcudluq hissimi oyadırdım; bir mağara adamından daha aciz olurdum. Ancaq sonra bir yaddaş deyilən şey (hazırkı yerimin yaddaşı olmasa belə), əvvəllər yaşadığım və indi özümdən çıxa bilməyəcəyim bu boşluqdan çıxartmaq üçün göydən uzanan kömək əlitək mənə qayıdırdı” (Пруст Марсель. В поисках утраченного времени. В сторону Свана: роман: Советский писатель; Санкт-Петербург; 1992, 650 c. c.6).

O keltlərin inancını xatırladır, itirdiyimiz insanların, daha ibtidai bir varlığın, bir heyvanın, bitkinin və ya içərisində həbs olunan cansız bir şeyin ruhlarının olduğuna inandığını, həqiqətən bu ruhları itirdiyimizi bildirirdi. “Sən bir gün ruhunu əsir etmiş ağacın yanından keçirsən, ruhunu saxlayan obyekti təsadüfən ələ keçirirsən. Sonra ruh titrəməyə, çağırmağa başlayır və bunu bilən kimi yazım pozulur. Bizim xilas etdiyimiz ruh ölümü qovur və yenidən bizimlə yaşamağa başlayır. Keçmişimiz üçün də eyni şey baş verir. Keçmişi xatırlamaq səyimiz əbəsdir, ağlımızın bütün səyləri puçdur. Keçmiş heç vaxt imkan vermədiyimiz bir cisimdə (bu cismin bizə verəcəyi duyğu) ağılın, ağıl aləminin gücündən kənarda gizlənir. Ölməzdən əvvəl bu obyekti görməyimiz təsadüfdən asılıdır” (Пруст Марсель. В поисках утраченного времени. В сторону Свана: роман: Советский писатель; Санкт-Петербург; 1992, 650 c. c.26) – deyirdi.

Prustun romanında hər şeyin yaddaşı var və süjet xətti boyu bütün hadisələr bu yaddaşın oyanışı ilə hərəkərlənir. Anası onun həvəssiz, xəstəhal vaxtında tortla çay təklif edir. Tortun dadı, ağız, damaq yaddaşı instiktiv olaraq onda yeni ovqat yaradır. Bu xoşbəxtlik haradan gələ bilər? Çayın və tortun dadı ilə bir əlaqəsi olduğunu hiss edir, amma bunun üstündən keçir. Haradan gələ bilər? – sualı haqqında düşünə-düşünə ikinci qurtumu alır, birinci qurtumla, üçüncü qurtum arasındakı dadın yaddaşına qayıtmağa cəhd edir. Sonrakı qurtumlarda daha çox şey tapa bilmədiyi üçün, ikinciyə qayıdır. Çay içməyə son verir. İksirin təsiri azalırmış kimi axtardığı həqiqətin bu olmadığını anlayır və içilmiş bir qurtumluq çay, yeyilmiş bir tikə tortla bağlı ölmüş, itmiş zaman sorağına yol alır. Zaman qırıqlarını, tikələrini yaddaşda toplayıb bir tam, bütövlük yaratmaq iddiasında olur.

Zehnini işə salır, həqiqəti tapmaq zehin, düşüncə, yaddaşla mümkündür. Səbəbsə adi tort kəsimi və çay oldu. Özünün də dediyi kimi, o təkcə həqiqəti axtarmırdı, həm də yaradırdı... “Yenə özümə sual verməyə başladım ki, bu naməlum əhval-ruhiyyə nədən ibarət ola bilər, verdiyi xoşbəxtlik və digər əhval-ruhiyyələri sildiyi həqiqət üçün heç bir məntiqi sübut təqdim etmir, amma bu xoşbəxtliyi və gerçəyi əks etdirir. Onu təkrar ortaya çıxarmaq istəyirəm. İlk qurtuma qayıdıram. Eyni ruh halını, yeni bir aydınlanma olmadan tapıram. Zehnimden daha bir səy göstərməsini, qaçan duyğunu geri gətirməsini istəyirəm. Bütün maneələri, əlaqəsi olmayan düşüncələri kənara qoyub qulaqlarımı və diqqətimi qonaq otağından gələn səslərə yönəldirəm ki, yaddaşıma heç bir şey mane olmasın” (Пруст Марсель. В поисках утраченного времени. В сторону Свана: роман: Советский писатель; Санкт-Петербург; 1992, 650 c. c.27).

Nəticədə çox uzaq və qarmaqarışıq keçmişi, Leoniya xalasının bazar ertələri çay və ya cökə suyuna batırıb verdiyi şirniyyat dadını yadına saldı. Xalasına baş çəkmək üçün getdiyi günlərdə o həmin tort dadını andıran şirniyyata onu qonaq edirdi. Kombre günlərini büsbütün, bütün xırda təfərrüatı ilə yadına sala bilir və kiçik bir detal yeni roman söylədir... Uzun illər boyunca yaddaşlardan çox şeylər silinir, yox olur. Dağıdılan, məhv edilən keçmişin xarabalıqları üzərində şüur oyanışı və yuxu vasitəsilə həmin zamanın şəklini yenə yaddaş çəkib ortaya çıxarır. Və o bu xatirəsini yada sala bildiyi üçün çox sevinir, özünü hədsiz dərəcədə xoşbəxt sayır. Bu prosesdə qoxular və dad daha etibarlı, daha güvəniləndir. Düşünür ki, uzaq keçmişdən heç bir şey qalmadıqda, insanlar öldükdə, əşyalar yox olduqdan sonra tək, kövrək, lakin daha uzunömürlü, mənəvi aləmlə bağlı olan, daha sabit, daha sadiq qalanı qoxu və dad olur....

Leoniya xalasının evini bütün cizgiləri, o uzaq ovqatdakı şəkli ilə təsvir edir, şəhər, nahardan əvvəl gəzdiyi meydan, alış-veriş etdiyi küçələr, hava gözəl olduqda seyr etdikləri yerlər onun yaddaşında tam yerini tutur. Onları tez-tez ziyarət edən, evlərinin çox hörmətli qonağı, aristokratiya nümayəndəsi Svanla bağlı xatirələr sıralanır...

Bir parça tortla başlanan yaddaş rəngli bir dünyaya, bənzərsiz çiçəklərə, evlərə və insanlara çevrilir. Təmiz qəlbli kənd sakinləri, küçələr, çaylar, kilsə...

Xalası daima öz-özünə danışar və monoloq xarakterli çıxışlar edərdi. Adətən “Yatmadığımı yadıma salmalıyam” ifadəsini dönə-dönə təkrarlayardı. Fransuaza onunla yaxşı davranırdı və o, ümumiyyətlə, romanda azad, sərbəst düşüncəli, qulluqçu olmasına baxmayaraq, daha iradəli və müstəqil fikri olan obraz kimi təqdim edilir. Leoniya xala ilə dialoqunda da bu davranış aydınca görünür:

“ – Qızım, sizin də vaxtınızı alıram.

– Nə olcaq madam Oktav, mənim vaxtım o qədər qiymətli deyil, vaxtı yaradan, bizə pulla satmadı ki... Gedim. Yenə ocağa baxım, birdən sönmüş olar”.

Prust Kombre kilsəsini bütün qeyri-estetik və kobud elementləri, lakin həm də böyük sevgi ilə xatırlayır. Əsrlər qalın kilsə divarlarının arxasında gizlənmişdi, Kombre kilsəsinin həqiqətən bir estetik dəyəri olduğunu izah edə bilmir, “o qədər kobud idi, estetik və hətta dini təsirdən məhrum idi!” – deyir. Kənardan baxanda yol qovşağı aşağıda olduğuna görə, kobud divarlar, çınqıllarla örtülmüş, söküntü daşından hazırlanmış oturacaqlar görünürdü. Divardakı pəncərələrin yuxarıda olması belə, kilsəni yox, həbsxananı xatırladırdı.

“Şübhəsiz ki, belə baxanda daha gözəl olan bir çox zəng qülləsi var; Kombrenin tutqun küçələrindən fərqli bir gözəlliyə sahib, damların üzərində yüksələn zəng qülləsindən meydana gəlmiş müxtəlif şəkillər yaddaşıma nəqş olunmuşdur. Normandiya, Balbeк yaxınlığındakı qəribə bir şəhərdə də onları müxtəlif səbəblərdən sevdim və hörmətlə yanaşdım. XVIII əsrdən olan iki cazibədar malikanəni heç vaxt unutmayacağam... Sent-Oqyustin kilsəsinə aid olan bu qübbə, Parisin Piranezini, Roma mənzərələrini xatırladır, ancaq bu kiçik oymaların heç birində yaddaş yoxdur. Çoxdan itirdiyim hisslərin heç birini başqa yerdə tapmıram, yəni obyektləri sadəcə görüntü kimi qəbul edirəm. Kombredə isə insanların bənzərsiz olduqlarına inandığıma görə yaddaşım doğma hisslər yaşayır. Heç bir abidəni həyatımın dərin bir hissəsini özündə yaşadan kilsənin arxasındakı küçələrin zəng qülləsi görüntüsü kimi dəqiqliklə xatırlamıram” (Пруст Марсель. В поисках утраченного времени. В сторону Свана: роман: Советский писатель; Санкт-Петербург; 1992, 650 c. c.32).

“Ürəyimdə bir küçə var” həsrəti ilə danışdığı hekayələrdə insanlar da abidələr kimi əbədiyaşar görünür. Məsələn, mühəndisin obrazını belə ifadə edir: “M.Legranden bizimlə qarşılaşanda “Salam, dostlar” – deyərək bizə yaxınlaşar, “Burada uzun müddət qala bildiyiniz üçün şanslısınız, mənim sabah Parisə, kiçik yuvama dönməm lazımdır” – deyirdi. Sonra özünəməxsus incə istehza və xəyal qırıqlığı ilə gülümsəyir, “Evimdə gərəksiz əşyaların hamısı var, şübhəsiz. Sadəcə gərəkli olan şey yoxdur: buradakı kimi qocaman bir göyüzü parçası. Həyatınızın üstündə daima bir göyüzü parçası saxlamağa çalışın, balalarım!” (Пруст Марсель. В поисках утраченного времени. В сторону Свана: роман: Советский писатель; Санкт-Петербург; 1992, 650 c. c.39).

Xəstə və ürəksıxıntısından əzab çəkən qəhrəmanın xarirələri əsla ağırlıq, bədbinlik yaratmır. Qapalı mühitdə belə gözəllikləri, ülvi və işıqlı simaları, xasiyyət və əlamətləri diqqətə çatdıra bilir. Prust Versalda olarkən, 1906-cı ildə Meri Nordlingerə yazdığı məktubda belə bir kədərli fikir ifadə edir: “Əziz dostum, sən qəlbimə nə qədər yaxınsan və getməyin bu yaxınlığa nə qədər zərər vurdu! Səni həmişə isti hisslərlə və keçmişə aid xatirələrimizi daima həsrətlə düşünürəm. Bədbəxt həyatımda, qırıq qəlbimdə sənə qarşı incə davranış və diqqət üçün hələ də yer var” (Марсель Пруст Три письма. “Иностранная литература”, Москва; 2009, №3).

M.Prust işıqlı insanlar və ya insanlarda işıq axtarırdı. Keçmişdə, xatirələrində belə olsa, onları unutmurdu. Leoniya xala onu anlaya biləcək, özünə doğma hesab etdiyi bir adamın adını çəkir: Yevlaliya.

Yevlaliya, bir ayağı axsayan, qulağı ağır eşidən xeyirxah qızdır. Kiçik yaşlarından qulluqçu kimi verildiyi Madam Bretonerienin ölümünden sonra təqaüdə çıxmış, kilsənin yanında bir otaq kirayələmişdi. Hər gün kilsəyə, ayinlərə, dua mərasimlərinə gedər, kimlərəsə yardıma yetişərdi. Qalan vaxtlarda isə Leoniya xala kimi xəstələri ziyarət edib onlara kilsədə olanlardan danışar, onları darıxmağa qoymazdı.

Platonik bir eşqlə teatrı sevən yazıçının xatirəsində teatr mənzərələri sadəcə xəyali bir aləm idi. Çünki valideynləri teatra getməyə izn verməzdilər. Lakin hər səhər qaça-qaça Morris afişa dirəyinə baxar, orada hansı təmsilləri göstərdiklərini öyrənərdi.

Romanda fraqmentlər yaddaş qırıntısı kimi görünsə də, mahiyyət etibarilə süjetin əlaqəli detalıtək yazılır. Məsələn, əmisinin ölən günədək ondan və ata-anasından inciməsini kiçik bir hekayə ilə xatırladır. İznsiz, xəbər vermədən onu ziyarətə gedir. Həmin gün əmisinin bir qadın qonağı varmış. Əmisi bu qəfləti gəlişdən narahat olur və qadınla onun dialoqunu yarımçıq kəsib getməsini istəyir.

“– Xeyr qalması mümkün deyil – dedi əmim. Heç vaxtı yoxdur, çox çalışır. Məktəbdə həmişə birincidir, mükafatlar alır”. Və mənim bu yalanı eşidib düzəliş verəcəyimdən qorxduğu üçün əlavə etdi:

– Kim bilir bəlkə də gələcəkdə bir balaca Viktor Hüqo, ya da Volabel olacaq, elə deyilmi?

– Sənətçilərə bayılıram – deyə cavab verdi “çəhrayı xanım”, – qadınları bir tək onlar anlayır... Bir onlar, bir də sizin kimi seçkin kişilər” (Пруст Марсель. В поисках утраченного времени. В сторону Свана: роман: Советский писатель; Санкт-Петербург; 1992, 650 c. c.46).

O, fərqinə varmadan əmisinin evində gördüklərini ata-anasına danışır, anlaşılmazlıq, kiçik diqqətsizliklər qohumlar arasında dərin uçurumlar yaradır. Bunun səbəbkarı kimi oğlan çox əzab çəkir və əmisinin ölümündən sonra o evə getmək belə istəmir.

Prust realistcəsinə müqayisələr aparır, həyatla, mövcud mənzərələrlə insanların xəyal və sənət estetikası arasındakı absurdluğu qələmə alır. Məsələn, qiymətli rəsm əsərləri kolleksioneri aristokrat Svan qulluqçu qızların portretini alıb divardan asır, o əsərlərdəki “mərhəmət” mövzusunu müzakirə edirlər. Lakin elə bu evdə hamiləliliyinin son günlərini yaşayan qabyuyan qızın dayanmadan çalışdığını hamı görür, mərhəmət hissi isə yalnız divardan asılmış tabloya baxarkən baş qaldırır.

Prustun ana babası yəhudi idi. Romanda yəhudilərə və yəhudiliyə münasibət də birmənalı deyil.

“Babam yaxınlıq etdiyim və evə gətirdiyim dostlarımın hamısının yəhudi olduğunu söylədi, amma o, bir qayda olaraq etiraz etmədi – öz dostu Svan da yəhudi mənşəli idi, belə baxanda mənim seçdiyim dostlar adətən yəhudilərin tanınmayan nümayəndələrindən olurdu. Evə yeni bir dost gətirdiyim zaman, o, tez-tez yəhudi qadının “Ey əcdadlarımızın Allahı” ya da “Yəhudilər, zəncirlərinizi qırın”- misralarını pıçıldayırdı, melodiyasını sözlərsiz (la-la-la) oxuyardı, amma qorxurdum ki, dostum melodiyaları tanıyacaq və sözlərini xatırlayacaq. Babam onları görmədən, yəhudi adına bənzər bir ad eşidər-eşitməz yəhudi olub-olmadığını belə dəqiqləşdirmədən bəzilərinin ailələri haqqında pis ehtimallar yürüdərdi.

“– Bu axşam gələcək olan yoldaşının soyadı nədir?

– Dumont, baba.

– Dumont, ha! Aman! Heç güvən olmaz!

Sonra mahnıya keçərdi:

– Oxatanlar, diqqət yetirin! Dayanmaq yox, ehtiyatla davam edin.

Başqa ürəküzücü suallar da soruşandan sonra:

– Diqqət, diqqət – deyə qışqırırdı və ya həmin adam gəldikdən sonra hiss etdirmədən onu sorğu-sual edirdi. Özünün də xəbəri olmadan yəhudiliyini etiraf etməyə məcbur olmuş dostuma heç bir şübhəsi qalmadığını bildirmək üçün:

– Mümkünsüzdür, tutub burayamı gətirdiniz bu utancaq yəhudini? – deyirdi.

Ya da sevimli “Hebron vadisi, babamın tarlaları” və yaxud, “Bəli, mən seçilmiş irqdənəm” misrasını anlaşılmaz şəkildə mızıldanıb bizə baxmaqla kifayətlənirdi” (Пруст Марсель. В поисках утраченного времени. В сторону Свана: роман: Советский писатель; Санкт-Петербург; 1992, 650 c. c.53).

Prustun xatirələri və yaddaşı zamanı dondurub diri saxlaya bilir, ən əsası da usta qələmi ilə oxucusunu da bu diriliyə, canlılığa, mövcudluğa inandırır. Onun yuxuları, yaddaşı və xatirələri zamanı sərhədləyir, müəyyən bir çərçivəyə alıb onun tarixini, müddətini rəsm edir. Yaddaşa dönüş isə keçmiş zamanın ruhundan qopardığı hər bir xatirədə ağrı ilə oyanır. Keçmiş zamanı sancı, ağrı, kədər və nisgillə təsvir edir. “Keçmiş” isə bəzən uşaqlıq xatirələrindəki məişət detalları ilə dolu, bəzən isə Adəm və Həvvaya qayıdışa qədər bəşəri çalarlı olurdu. Bəzən yuxusunda həyatının ilk illərinə – keçmişdə əbədi qalacaq bir yaşa səylə qayıdırdı, uşaq qorxularından biri, məsələn, saçlarının kəsildiyi günə qədər yaşadığı qorxu – onun üçün yeni bir dövrün başlanğıcını simvolizə edir.

Doqquz yaşından astma xəstəliyinə tutulan Prustu ailəsi “xəstə uşaq” kimi qəbul edir və ona daima güzəştli münasibət sərgiləyirdilər. Bu münasibət isə Prustu sıxırdı. O, təsəlli xarakterli yanaşmaların mahiyyətini çözür, anasının, nənəsinin, əmilər və xalalarının, atasının aristakratiyaya xas jestlərini təkcə özü ilə bağlı deyil, həm də cəmiyyətə qarşı münasibətini təhlil və təsvir edirdi. Özünü ailənin deyil, həm də cəmiyyətin bir üzvü kimi kənarda axtarmağı bacarırdı. Nəticədə aristokratiya yanaşmasındakı qeyri-etik, meşşan və təkəbbürlü məqamları ortaya çıxarırdı. Təsvir edilən zamanın aristokratiyası isə öz çöküş tarixini yaşamaqda idi. 1900-1905-ci illərdə onun ailə həyatında bəzi hadisələr baş verdi. 1903-cü ildə böyük qardaşı Robert evləndi və ailəni tərk etdi, elə həmin il atası öldü. Onun üçün daha böyük itki anasının ölümü oldu. Anasının ən böyük arzusu oğlunu məşhur yazıçı görmək idi. Prustu məşhurlaşdıran əsərlər isə anasının ölümündən sonra yazıldı. Lakin 1905-ci ildə anasını itirən yazıçı məhz onun arzusunu reallaşdırmaq, ruhu qarşısındakı sözünə əməl etmək üçün o zamandan başlayaraq 1922-ci ilə ölümünədək “İtmiş zamanın sorağında” romanı üzərində işlədi.

Dünya ədəbiyyatında modern roman estetikası yaradan bu əsər həm də həyata, zamana, dünyanın gedişatına münasibəti dəyişə bildi. Prust yeni ədəbi zövqü və səbri olan oxucular müəllifidir. 10 il boyunca həyatını daha çox qapalı şəraitdə, öz otağında keçirən Prust romanında sanki bütün Fransanı, ictimai-siyasi prosesləri, cəmiyyət hadisələrini və bu hadisələrin mərkəzində dayanan insanları, onların dünyagörüş və düşüncə tərzini rəsm edirdi. Zaman onun romanında sadəcə xatirələr seli kimi ifadəsini tapmırdı, həm də siniflər və ictimai təbəqələr, elita, aristokratiya ilə aşağı təbəqə kontrastı kuliminasiyasını əks etdirirdi.

M.Prustu çox zaman C.Coysa bənzədir və onunla müqayisə edib “şüur axını” ədəbi-estetik nəzəriyyəsindəki oxşar məqamları misal göstərirlər. Lakin “Uliss”romanı ilə “İtmiş zamanın sorağında” silsiləsində “zaman və şüur axını”, daha doğrusu, zaman seli və şüur axını fəlsəfəsi tam olaraq eyni yanaşma və üslub, təfəkkür tərzi ilə ifadə olunmur. Coys bütün süjeti beyin kontekstində, şüur enerjisinin yayılma prosesində şaxələndirir, Prust isə ən kiçik zaman parçasında ən kiçik fraqmenti tutub saxlayır, onu dərindən təhlil və analiz edib həmin məqama sanki məhkəmə qurur. Və bu eksperiment və mühakimələrdə təkcə hadisələrin mahiyyəti deyil, həm də insanların xarakter və xisləti ortaya qoyulur. Romanda böyük hadisələrdən qaçmaq, bəlkə də bilə-bilə ən ötəri, elementar, kiçik hesab etdiyimiz nüansları mərkəzə çəkir. Gün ərzində yüz dəfə qarşılaşdığımız bu ötəri nüansların romanını yazmaq qədər möhtəşəm sənət estetikası yaratmaq qəribəlik deyildi ancaq, həm də hünər idi...

Məsələn, anası bir axşam onun otağına çıxıb “gecən xeyrə qalsın” demir. Bunu evdə hörmətli bir qonağın olması ilə əlaqələndirir. Lakin oğlan israrlıdır, dəmir qanunlarla yaşayan elit bir ailədə nəyisə dəyişmək, nədəsə cızıqdan kənara çıxmaq hikkəsi vardı və o düşünürdü ki, anasını görmədən yatmayacaq, Nəyin bahasına olursa olsun, onunla uzun müddət küsülü qalmalı olsa belə, yatmağa çıxanda onu mütləq öpəcək və s.

Bəzən də yuxusunda Adəmin qabırğasından Həvvanın doğuşu kimi bir qadının doğulduğunu vücudunda hiss edir, düşünürdü ki, onun təsvir və izah etmək istədiyi həqiqi həzz və eşq məhz bu qadınla bağlıdır. Həmin qadın Prustun yaddaşını zəbt etmiş anası da ola bilirdi. Hər gecə yatmazdan öncə onun yanına qalxıb üzündən öpən və “gecən xeyrə qalsın” – deyən bu qadının ən kiçik zaman parçasındakı bu rituala çevrilmiş davranışı sanki onun ayağını yerdən üzürdü. “Bir neçə saniyə əvvəl ayrıldığım bu qadınla müqayisədə digər insanlar məndən çox uzaq olardı; Yanağımdakı öpüşün istisini hiss edərdim, bədənim öz ağırlığı altında əzilirdi”– həyəcanı onu uzun müddət tərk etmirdi.

“Svanların tərəfi” bölümündə Marsel anasının onu öpüb “gecən xeyrə qalsın” demədiyi gecələri necə ağır keçirdiyini yazır. İlk sevgi, anadan qopub anaya doğru uzanan bədənin nəvazişdən uzaqlaşması sıxıntısı ilə öləziyir və o bu xırda görünən diqqətsizliyə görə göz yaşı tökür. Bu öpüşü əldə etmək üçün plan qurur və kiçik bir məktub yazıb ev xidmətçisi Fransuaza vasitəsi ilə aşağı mərtəbədə qonaqlarla məşğul olan anasına yollayır. Hətta xidmətçi belə əlində tutduğu kağıza baxıb: “Belə övladı olan ata-anaya yazıq!” – istehzası ilə düşüncəyə dalır. O, israrla anasının bu ritualı davam etdirməsini tələb edir. Övlad kimi atasından tez-tez gördüyü istehzalı münasibəti sanki anasının ikiqat diqqət və sevgisi ilə əvəzləmək istəyir.

Ancaq ağrı ilə yazır: “Anam gəlmədi”... Bu “gəlməmək” məsələsi üçün də daha bir neçə səhifə həsr edir. Beş dəqiqə sonra özünü pəncərədən aşağıya atmalı olsa belə, o anda istədiyi yalnız anasını görmək, ona xeyirli axşamlar diləmək idi. Arzusunu reallaşdırmaq üçün bütün gücünü səfərbər etmiş, israrla mübarizəyə qalxmışdı. Lakin vəziyyət birdən-birə dəyişir, indi bu laqeydlikdən, anasının onu cavabsız qoyması gözlənilməzliyindən qisas almaq, daha qətiyyətli olmaq əzmi göstərməyə, əks reaksiya verməyə cəhd etməli idi. Anasını görmədən yatmaq, əgər o otağa gələrsə belə ona etinasızlıq göstərmək istədi... Onun ağlamağının o qədər dərin mənası, sonsuz səbəbləri olduğu halda niyə onu ən doğma insanlar anlamırdı? Niyə qulluqçu qızın sualına (“Xanım əfəndi, kiçik bəyin nəyi var ki, belə ağlayır?”) anası onu incidəcək qədər laqeyd və yanlış cavab verir: “Özü də bilmir ki, Fransuaza, sinirləri pozulub”. Lakin vəziyyət daha kəskin xarakter alır, ən kiçik yanlışlığa görə anındaca cəzalanan uşaq indi heç bir qorxu hiss etmədən dəhlizdə anasının qarşısını kəsir. “Qaç tez, tez qaç ki, atan belə dəlilər kimi gözləməyini görməsin! – dedi anam. Mən hələ də “Gəl, mənə gecən xeyrə qalsın – de!” – deyib durmuşdum. Atamın əlindəki şamın işığının divarda böyüməkdə olduğunu görüb dəhşətə gəlir, amma bir yandan da onun yaxınlaşmasından bir təhdid olaraq istifadə edir, anam imtina etməyə davam edərsə, atamın məni orada görməsindən qorxaraq “Otağına get. Gəlirəm!” – deyəcəyini gözləyirdim. Amma çox gec idi. Atam artıq qarşımızda dayanmışdı. Özümdən asılı olmadan, heç kimin eşitməyəcəyi bir səslə: “məhv oldum!” – deyə pıçıldadım”. (Пруст Марсель. В поисках утраченного времени. В сторону Свана: роман: Советский писатель; Санкт-Петербург; 1992, 650 c. c.21).

Prust atası haqqında “onun gözlərində insan haqları ilə bağlı heç bir ifadə olmazdı” – deyir. Anası və nənəsinin ona verdiyi azadlıqları da həmişə atası ləğv edirdi. “Çünki anamın və nənəmin mənim barəmdə bildiyini atam o günə qədər bilmirdi. Onlar mənim hər axşam nə qədər bədbəxt olduğumu anlayırdılar, atamsa yox” (Пруст Марсель. В поисках утраченного времени. В сторону Свана: роман: Советский писатель; Санкт-Петербург; 1992, 650 c. c.21).

İndi dəhlizdə “Gecən xeyrə qalsın!” vaqeəsinin kuliminasiya nöqtəsi yaşanırdı. Ata çaşqın və əsəbi bir ifadə ilə ona baxır, ana nələrisə anlatmağa çalışır və final gözlənilməz olur. Ata elə bir qərar verir ki, Prust o təkrarolunmaz anları heç vaxt unutmayacağını yazır.

“– Canım, yanına getsənə, uşağın, – dedi – onsuz da yuxunun gəlmədiyini deyirdim, bir az otağında oturarsan, mənim də heç nəyə ehtiyacım yoxdur.

- Amma həyatım, – deyə cavab verdi anam sıxıla-sıxıla. Yuxumun gəlib gəlməməsində deyil məsələ, uşağı vərdiş etdirməkdədir.

– Vərdiş etdirmərik, canım, – dedi atam çiyinlərini silkələyərək. Görürsən ki, uşaq pərişandır, çox üzülmüşdür, biz də işgəncəçi deyilik axı... Uşaq xəstələnsə daha yaxşı olacaqmı?” (Пруст Марсель. В поисках утраченного времени. В сторону Свана: роман: Советский писатель; Санкт-Петербург; 1992, 650 c. c.21-22).

Problem bu cür həll olunduğu anda onun içindən tam əks bir istək keçir: “O anda cəsarətim olsaydı, anama: “xeyr, istəmirəm, burada yatma!” – deyərdim”. Beləcə kiçik bir zamanın səhifələrcə analizi, təhlili davam edir. İnsan duyğularının, iradəsinin hər an yeni və fərqli sıçrayışları, kaprizləri mürəkkəb və anlaşılmaz vəziyyətlər yaradan qığılcım kimi mənalandırılır. Bəlkə bütün dünyadakı müharibələr, inqilablar, sülh və asayiş də bu cür qəfləti və gözlənilməz daxili püskürtülərdən qaynaqlanır?

Anası oma “Tarla uşağı” kitabını oxuyur... Prustun romanında simvollar, ümumiyyətlə, simvolizm detalları çoxdur.

Dekadentizm və Prust yaradıcılığının, dünyagörüşünün üslub və estetikası haqqında bir qədər sonra söz açacayıq. Prust hazır ədəbi cərəyan qəlibində çıxış etmirdi. Onun epopeyası yeni estetik nəzəriyyələrə yol açırdı. Mənəvi baxımdan süquta varmış insanların intibahi oyanışı da elə onların öz daxili aləmlərində baş verirdi. Bu çöküş və oyanış kontrastının romanını təfərrüatı ilə yazmaq sənətdə yeni yanaşma, üslub və ictimai-siyasi, sosial, mədəni mühitə fərqli baxış nümunəsi idi. Romanın qəhrəmanı xatirəsində, yaddaşında qalan nə varsa, onu var olan, “yaşayan zaman” tarixçəsinə aid edirdi. Qalan nə vardısa, ölmüş, qeyb olmuş zamanın içərisində ərimişdi. Ümumiyyətlə, zamanın özü yoxa çıxmışdı.

Onun təsvir etdiyi qaranlıqlarda illər, ölkələr, yollar, təyyarələr, dondurulmuş kimi illərdir dayanıqlı vəziyyətdə olan əşyalar – hər şey yaddaş zamanının sorğulamasından keçirdi. Dəyişməyən son suallar isə bu olurdu: “Mən kiməm? Hardan gəlib hara gedirəm? “Gəldiyim yer getdiyim yer deyilmi? Keçmiş gələcəkdirmi? Və s. Zaman onu, o isə zamanı əsir etmişdi. Romanda daima axan zaman selini Prustun sərhədlədiyini aydınca hiss edirik. Zamanı qələmilə durdurub, bütün dəyişimləri, təkrarları, irəliləyişləri təhlil edir. Hətta bəzən həyatın, reallığın sürətini deyil, əslini təqdim etdiyini düşünürük. Çünki təqdim etdiyi səhnənin orijinala tam uyğun gələn portretini yaratdığını düşünürük. Onda həm də yaşadığı otağı bütün əşyaları ilə gündə yüz dəfə yenidən görmək qabiliyyəti vardı. Yorğun, süst və daima uyuşmuş kimi hiss etdiyi bədənini, əzalarını yuxudan oyadanda onları instiktiv olaraq zaman qavramı işinə yönəldirdi. Onun bədəninin də yaddaşı vardı. Hərdən vücudunun yaddaşı, qabırğalarının, dizlərinin, çiyinlərinin yaddaşı, yatdığı otağı təsvir edirdi. Bu vaxt, təsəvvür edilən otağın şəklindən asılı olaraq tərpənməz divarlar, qaranlıqda çubuq kimi hərəkətli olurdu. Fikri zamanların və formaların astanasında durur, yenə otaqları, bədənini, hər bir otaq haqqında ayrı-ayrı detalları, yatağın növü, qapıların yeri, pəncərələrin işığı, dəhliz olub-olmadığını xatırlayırdı.

Bədənini “keçmişin ən vəfalı gözətçisi” adlandırırdı. Bədən yaddaşı ilə keçmişi xatırlaya bildiyi üçün... Sonda bir xeyirxahlıq mələyinin gəlib bütün bu anlaşılmazlığı nizama saldığını da yazır. Əşyaları, bədəninin əzalarını, məkanını – hər şeyi. Yenidən yuxuya gedər və oyananda isə hər şey – bütün əzab təkrarlanardı. İtmiş zamanın sorğulanması başlanardı... Təkrar-təkrar dönən qarışıq xatirələri nizama salmaq və keçmişin yaddaşında onlara yer eləmək əzabını yaşayan qəhrəman alışqanlıq və vərdişi qorxulu bir yaşantı əlaməti sayırdı, deyirdi ki, zehnimiz həftələrlə eyni vərdişlərdən əzab çıkir, bunun səbəbi isə alışqanlıqdır! Alışqanlığımız bizim bu əzabımıza göz yumur...

Dünyanı metafizikcəsinə öyrənmə çabası modern roman, yeni zaman həqiqəti, həqiqətin yeni zamanı ideyası kontekstində reallaşırdı. M.Prust bitmiş zamanı hərəkətləndirir, daima yaşayan və var olan zaman mexanizminin fəlsəfəsini yaradır.

Ardı var...

# 2191 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #