Fərid Hüseynin cəfakeşliyi

Fərid Hüseynin cəfakeşliyi
18 mart 2016
# 11:10

Ədəbi qüvvə kimi güvənəcəyimiz Fərid Hüseynləri itiririk...

Fərid Hüseyn müasir ədəbi prosesdə ədəbiyyatın ən müxtəlif sahələri ilə məşğul olan, öz ruhi-estetik zövqünü və elmi-nəzəri biliyini formalaşdırmağa çalışan müəlliflərdəndir. Ədəbiyyatları (dünya və Azərbaycan) müqayisəli şəkildə öyrənməyə cəhd, dünya ədəbiyyatının ən qiymətli əsərlərini araşdırmaq və bizim oxucu auditoriyasında onun müzakirəsini yaratmaq, fikir oyatmaq, müqayisələr və paralellər aparmaq üçün esselər yazır, tərcümələr edir, nəsr, nəzm nümunələri ilə eksperimentlər aparır, ədəbi redaktordur və elmi fəaliyyət sahəsini də unutmur. Mənim ədəbiyyat səhifələrində tez-tez gördüyüm Fərid Hüseyn “böyük ədəbiyyat”ın nə olduğunu bilir. Əsas məsələ də budur... “Ədəbiyyat” adlı geniş bir məkana bələd olmadan orada söz demək, mövqe ortaya qoymaq olarmı? Bizim bu gün gözümüz qarşısında donkixotsayağı meydana hücum edən, hardan əsib hara getdiyini bilmədiyi “Yel”lə vuruşan gənc müəlliflər qısa bir müddətdən sonra suyu süzülmüş halda kənara çəkildilər, ya da ədəbiyyatın yox, ədəbiyyatətrafı söhbətlərin mövzusuna çevrildilər...

Mən Fəridi ədəbiyyat haqqındakı mühakimələrində ciddi müəllif kimi qəbul edirəm və çox hallarda onunla hesablaşıram. Klassik Azərbaycan və dünya ədəbiyyatını, müasir ədəbi prosesi ədəbi təfəkkür potensialı fonunda düzgün şəkildə izah edə bilən yazarın bədii yaradıcılığından əlavə onun ədəbi qavraması daha çox diqqətimi cəlb edib. Bizim yaşlı nəslin də mütaliə prosesində tərtib etdikləri “gündəlik”lər, yazdıqları memuar və esselərlə tanışam. Onların böyük əksəriyyətində oxucu mənimsəməsi və analizi həddini keçə bilməyən rəy və şərhlərlə Fəridin esselərindəki analiz arasında böyük fərq var. Ədəbiyyatşünaslığın nəzəri cəhətdən mübahisəli məsələlərinə sərbəst müdaxilə, fəlsəfi yanaşma, müqayisəli təhlil üsulu onun ədəbi mütaliəsində mətnə yalnız zövq və estetik prinsiplərlə deyil, həm də araşdırıcı marağı ilə yaxınlaşmasından xəbər verir.

“Zövq həqiqətdən yaranır. Həqiqət məcbur edir ki, biz nəyəsə inanaq, inanandan sonra isə təsdiqləyərək seçirik. Əsərlərindən imtina edən yazarların imtina səbəbi: həqiqətlərini dəyişməsidir. Bu mənada, insanların zövqləri yox, həqiqətləri fərqlidir. Elə dəyişən də zövqlər yox, həqiqətlərdi”.

“Məncə, robot düşünən insanın intellektual zəhmətinin nişanəsi deyil. Robot yorulan insanın intellektinin bəhrəsidir. XIX-XX əsr dünyanın yorğunluq dövrü idi. Yaponlar II Dünya Müharibəsindən sonra külün üstündən dövlət yarada bildilər. Çalışdılar və yoruldular, yorulanda ağıllarına robot gəldi və yaratdılar”.

“İnsanlar təkcə tamahkar olduqlarına görə cənnətdən qovulmayıblar. Çünki Allah bağışlayandır, rəhimlidir. O belə xırda şeylərə görə insanı Cənnətdən qovmazdı. Allah insanları cənnətdən ona görə qovdu ki, insanlar SÖZƏ xəyanət etdilər. Təsadüfi deyildi ki, dünyadan əvvəl söz yaranmışdı. Allahın Adəm və Həvvaya tapşırığı SÖZ idi. Onlar almaya – qadağaya yox, Allahın SÖZünə, tapşırığına xəyanət etdilər. Allahsa sözə xəyanət edənləri bağışlamır”.

Müxtəlif esselərindən gətirdiyim bu misallarla onun məntiqi mühakiməsinə diqqəti cəlb etmək istədim. Hətta daşlaşmış mülahizələrə yeni baxış mövqeyini görürük. Məsələn, məlum Adəm-Həvva “cinayəti”, günahı həmişə “alma” simvolu üzərində mühakimə olunur. Amma Fərid bu bəşəri və dini hekayətdə diqqəti başqa yöndən cəlb etdirir. Onlar Allahın malına, mülkünə deyil, SÖZünə, tapşırığına xəyanət etdilər. İnsan onsuz da xəyanətkar kimi izah olunmalıdır, burda mübahisə yoxdur. Ona etibar edən, onun (insanın) üstündə mələklərini narazı salan Tanrını “haqsız”, İblisi haqlı çıxaran İnsan oldu. Fərid iddia edir ki, İnsan Allahın SÖZündən çıxdığına görə yer üzünə enmə cəzasına layiq görüldü. Amma bu məqamda müəllifin ideyası və mesajı məni bir az başqa cür düşünməyə sövq etdi. Bəlkə insan Allahın yox, Allah qarşısında verdiyi öz SÖZünə xəyanət etdiyinə görə cəzalanıb. Axı İnsan şüuruna, nitqinə (əşyaların adını bilmək və s.) və SÖZünə görə bütün canlılardan, mələklərdən üstündür. Bu daha ağrılı deyilmi? Öz üstünlüyünü, fərqləndirilməsini, ona verilən ali qiyməti nəfsinə, (almaya) dəyişən İnsan SÖZ üstündə məhbəsə (yer üzünə) məhkum oldu. Belə çıxır ki, bizdən soruşsalar: “Nə üstündə tutulmusan? (yəni yerə məhkum olmusan) – deməliyik ki, “SÖZümə xəyanət üstündə”...

“Qocalandan sonra müğənnilərin sevgi kliplərində özləri yox, cavan aktyorlar oynayırlar. Yaşlı müğənnilərsə sadəcə mahnı oxuyurlar. Budur: cavanlıqda insan öz nəğməsini oxuyur, qocalandasa kimlərinsə...”

“Deyirlər ədəbiyyat işıq axtarışıdır. Amma unutmaq olmaz ki, işıq axtarışı qaranlıq qorxusundan yaranır. Elektrik lampasını ixtira edən Tomas Alva Edisonun qaranlıqdan qorxduğunu, çoxları bilir. Bu mənada, işıq axtarışı adı ilə “nikbin poeziya” yaratmaq cəhdi, hələ şeytandan uzaq olmaq deyil, içindəki şeytanı qaranlıqda gizlədib, işığa qaçmaq “hünəridir”.

“Sokratın məhkəməsində 501 andlı hakim iştirak etmişdi. Onlardan 280-i Sokratın öldürülməsinə, 221-i isə sağ qalmasına səs vermişdi. Sokratın illərlə boğazını gərə-gərə tələbələrinə heç bir təmənnasız öyrətdiyi “demokratiya dərsləri”nin – səs vermə hüququnun acı nəticəsi bu idi.

Sokrat unutmuşdu ki, vicdansız adamlar var, onlar demokratiyanın keşiyində də öz vicdansızlıqları ilə dururlar. Sokratın ölüm hökmünə məhkum edilməsi, bəlkə də “yaxşı oldu”, bununla da demokratiyadakı səs çoxluğunun əsl mahiyyəti açıldı. Həm də Sokrat əsl taleyini yaşamış oldu - insan mübarizə apardığı nəsnənin qurbanına çevrilir”.

“Sevdiyim iki qəhrəman var: İsa peyğəmbər və Qalley. İsanı ona görə sevirəm ki, o sağ üzünə vurulan şillədən sonra sol üzünü çevirdi, bununla da bəşəriyyətə sübut elədi ki, əzab nə qədər əbədidirsə, dözüm bir o qədər əbədidir.

Qalileyi ona görə sevirəm ki, o ölüm anında da dilinin altında özü üçün həqiqətini mızıldandı: "Yəqin ki, fırlanır". Qaliley xalq və din önündə öz qanununa qarşı çıxdı, amma Allah və öz vicdanı önündə isə o qanunu dilinin altında mızıldanaraq təsdiq elədi. Ağır rejimlərdə vicdan və Allah dilin “altında olur”.

Bəli, həqiqət və azadlıq, mübarizə, iradə, şərəf və ləyaqət haqqında bundan yaxşı, bundan mənalı aforizm yaratmaq olarmı? – “Ağır rejimlərdə vicdan və Allah dilin “altında olur”. Qalileyin pıçıltısı əsrlərdir eşidilir, Prometey odu əldən-ələ keçən kimi Qaliley pıçıltısı da azad fikir simvolu kimi dodaqlarda gəzir...

“Herman Hessenin Tomas Manna yazdığı məktubları tərcümə elədim. Qəribədir Hesse həmkarının əhvalını soruşmur, şəxsi həyatıyla da maraqlanmır, birbaşa Mannın əsəri olan "Höte və Tolstoy"dan danışır.

Yaxud Frans Kafka Milenaya yazdığı məktubda ondan nigaran qalan sevgilisinə xəstəliyi barədə yazmaqdansa, Dostoyevsknin necə məşhurlaşmasından yazır.

Ədəbiyyat həyatdan vacib olanda belə olur...”

Tərcüməçi Fərid Hüseyn nəyə diqqət edib? Tərcümə prosesində ədəbiyyatın həyatı və şəxsi, subyektiv olan hər şeyi, hətta sevgini və sevgilini belə üstələməsini diqqətindən yayındırmayıb. Və Fəridin bu essesinin təsirilə yenə fikrə dalırıq. Herman Hesse, Tomas Mann, Frans Kafka, Milena... Şəxsi talelər və özəl münasibətlər yoxdur böyük ədəbiyyatda... Hər yan bədii mətndir, hər şey ədəbiyyatdır, hər kəs ədəbi obrazdır, F.Kafkanın dediyi kimi, yazarın öz həyatı fəaliyyətində balaca bir epizoda çevrilib...

Fəridin öz həyatı ilə bağlı esselərindən birindəki xırda bir detal onun şəxsi kədərini və faciəli anını çox həssaslıqla və ironik tərzdə bədiiləşdirə bilib: “Atam can verən gün bizi (qardaşımı və məni) dayımgilə aparmışdılar ki, onun ölümünü görməyək. Axşam bizi evə gətirəndə, küçədə qonşumuzu gördüm. Həmişə mənimlə pis davranan o qonşu oğlan mehriban-mehriban danışanda başa düşdüm ki, onun mənə yazığı gəlir və atam ölüb...” Həmişə kobud olan qonşu oğlanın “mərhəmət”i obrazlaşdı. Bu “mərhəmət” daha kədərli, daha sarsıdıcı təsir bağışladı. Bu hal bizlərə də doğmadır, amma onun bu şəkildə real, həyati və bədii ifadəsini bu essedə gördük...

Qonşumuzda bir qadın var, xərçəng xəstəliyi aşkarlayıblar həkimlər, amma uşaqları ona bildirmir. Bir gün heç vaxt onunla mehriban davranmayan və “xala” belə deməyən kürəkəni mer-meyvə ilə xəstəxanaya gəlir və “xala”, “xala” deyə-deyə qadına qayğı göstərməyə başlayır. Qadın üzünü divara çevirib ağlayır. Kürəkən gedəndən sonra qadından səbəbini soruşurlar, deyir ki, mən indi bildim ki, məndə xərçəng var... Qadını kürəkənin “mərhəməti” sarsıtmış və həqiqəti faş etmişdi... Fəridin atasının ölümü ilə bağlı yazdığı essesində bu paralel hadisəni xatırladım. Əslində, daha geniş həcmli bədii mətn materialına çevrilə biləcək belə ştrixlər çoxdur onun esselərində.

Fərid Hüseynin xeyli sayda maraqlı və oxunmasını məsləhət bildiyim esseləri var ki, onlarla tanışlıqdan sonra müəlliflə müzakirə, mübahisə etmək iddiasında oluruq. Deməli, o bizi danışdıra bilir. Daha doğrusu bizə təsir edə bilib ki, biz onunla ədəbi dialoq həvəsinə düşürük. Lakin maraqlıdır ki, o, esselərində də daha çox şairlik və şeir sənəti haqqında düşünür, yazır.

“Əksər şairlərimiz hər nədənsə “dərd”ini hamıya çəkdirməyə çalışır və pisi odur ki, bunu qəbul etməkdə və “pəhpəh” deməkdə mahirik. Məncə, biz gözəgörünməz “mən varamsa başqaları var” özündənrazılığı ilə qavrayırıq, poeziyanın sərhədlərini də məhz belə görürük. Belədə isə poeziyamız və ona münasibət mənə yas mərasimlərindəki qadın haraylarını xatırladır: Hamı ağlayır, amma öz dərdinə.

Müasir sürət dünyasında, daha çox kiçikhəcimli romanlara üstünlük verilir, təsvirçilik minimuma endirilib. Təsvirçiliyə qarşı olan Bryce Courtne isə deyirdi: “Mətbəxi təsvir eləmə, bıçağın yerini de”.

Fəridin şeirləri onun esselərinin poetikləşmiş şəklidir. Düzdür, poetik fikir, düşüncə ilə poetik ifadə arasında böyük yol var. Sözə çevrilənədək təxəyyükdəki şeiriyyət rəngini xeyli dəyişmiş olur. Fərid Hüseynin şeirlərində isə bu daha aydın şəkildə nəzərə çarpır. Onun şeirlərində poetik düşüncə poetik ifadəni üstələyib. Şeir kimi yadda qalmayan misralar fikir kimi unudulmur. Bədii yaradıcılıqda bu qanunauyğun hesab edilir, lakin Fəriddə düşüncə sözə çevriləndə sanki daha çox uduzur, ahəngini, intonasiyasını, həzinliyini itirmiş olur.

Gecələr bütün ağrılar yerbəyer olur bədənimdə,

gedə bilməməyim ayaqlarıma çökür.

Sevdiyim ürəyimə, göz yaşlarıma çökür anam,

Yumruğuma bükülüb ovcuma sığıram.

Bütün canımı gəzmişəm,

bədənimdə bircə unutmağa yer yoxdu.

Bədənim bir qadından qalmış xatirədi ancaq.

“Yumruğuma bükülüb ovcuma sığıram” , “Bütün canımı gəzmişəm” kimi deyimlər ağrı və unutmanın yeni şəkildə ifadəsidir.

Paytaxtda dilənən qadının

uzanmış qabarlı əlini itələdikcə

harın, boyalı barmaqlar.

İsaları özünə çəkdikcə çarmıxlar,

artacaq insan ölümləri.

Biz həmişə unuduruq ki,

bizi döyüşə səsləyən, həm də

bizi ölümə aparandı.

Qırmızıya azadlıq deyibən,

qırmızıdakı qanı görmədikcə,

adamlar baş kəsəcəklər manatlara görə-

artacaq ölülərin ölümləri.

İnsanların sevgilərinin susuzluğundan

mərhəmətləri quruduqca

küçələrdə çoxalacaq küçə itləri.

Özünüzü qoruyun..

Ədəbiyyatın ənənəvi mövzusu, sosial qruplar arasındakı fərqin, kontrastın ifadəsi, hətta yoxsula, dilənçiyə, acizə, məzluma yazıq görkəm verib özünü də peyğəmbər kimi göstərmək ədası müəlliflərimizin fərdi üslub əlamətinə çevrilib bütün zamanlarda. Amma bu şeirdə bir lövhə - “dilənən qadının uzanmış qabarlı əllərini itələyən harın, boyalı barmaqlar” – təsvirdəki dar məkanı düşüncəmizdə genişləndirir, böyüdür. Bu iki anti detal-iki təbəqənin (dilənən və diləndirən) simvoluna çevrilmiş əllər cəmiyyətin üz-üzə qalmış iki sinfinin faciəsi kimi əks olunur. İkrahla itələnən əl! Bu əl və bu əli itələyən harın barmaqlar bizi düşündürmədimi və bizə tanış deyilmi?

“İsaları özünə çəkdikcə çarmıxlar” ifadəsi mənalı və fərqlidir. İsa çarmıxa çəkilmir, çarmıx İsanı özünə çəkir (sanki çarmıxların da bir İsa yanğısı, İsa həsrəti var - deyə düşündük). Lakin müəllif bu yüklü, mənalı misralarını sona qədər apara bilmir, şeirin süjeti qırılır, fraqmentallıq yaranır. Misralar ideya daşıyıcısı kimi sıralanmır, replikalar kimi “atılır”: “Biz həmişə unuduruq ki, bizi döyüşə səsləyən, həm də bizi ölümə aparandı”, “Qırmızıya azadlıq deyibən qırmızıdakı qanı görmədikcə, adamlar baş kəsəcəklər manatlara görə - artacaq ölülərin ölümləri”, “İnsanların sevgilərinin susuzluğundan mərhəmətləri quruduqca küçələrdə çoxalacaq küçə itləri”, “Özünüzü qoruyun”...

Yeri gəlmişkən onu da qeyd edim ki, bu fraqmentallıq Fəridin ümumi ədəbi-estetik görüşlərinin spesifikasına çevrilməkdədir. Lakoniklik, yığcamlıq yox, məhz fraqmentallıq, kəsiklik, yarımçıqlıq və tamamlanmamış kimi görünən ifadə tərzi... Bu xüsusiyyəti onun esselərində də görmək olur. Fəridin “Ədəbiyyat qəzeti”ndə çap olunan “Tərkimühit düşüncələr” silsiləsini oxuyanda bu qənaəti bir daha yəqinləşdirmişdim və düşünmüşdüm ki, o hələ uzun müddət irihəcmli əsər yaza bilməz bəlkə də... Təxəyyülünü, analitik təfəkkürünü, çözüm və yozumlarını get-gedə böyüməkdə olan ideya və süjetin fərmanına, əmrinə “işçi qüvvəsi” kimi verməkdənsə, onları təcili geri çağırır və yazını yekunlaşdırır. Süjetlilik, tamlıq olmadan fikrin ifadəsi mükəmməlliyini itirir.

Onun “Anlayıram” şeiri şərqşünas Məsiağa Məhəmmədinin doğum gününə həsr edilib. “Babullaoğlunun və Sipehrinin bizə sevdirdiyi Məsiağa Məhəmmədinin doğuluşuna” epiqrafıyla başlayan şeirdə oxuyuruq

Siz insanları dəqiq görməkçün yox,

böyük görməkçün – böyütməkçün eynək taxırsız,

mən sizin gözlərinizi anlayıram.

Şərq əyninə Bağdad libası geyinib,

bombalar ölür, qəlpə-qəlpə olur uşaq cəsədlərində.

Mən sizin Şərqinizi anlayıram.

Bilirsiz, Sizin ömrünüzün yarısını yaşamamış,

əllərim əsir,

görünür, mənim əllərimi anlayan olmadı.

İndi bu titrək əllərlə, divi buraxıb,

nəfsimi salmışam şüşəyə.

Qanım gülaba dönür canımda

Bilrisiz, buynuzlu qoçun heyfi

qalmadı buynuzsuz qoçda.

Sonda tale oldu hər şey

Yazılanlar, soyutdu ürəkləri,

ona görə kağızda susdu sözlər,

Mənsə saitlərlə samitləri ayrı salmamaq üçün yazdım.

Yaş artıqca insan dünyaya qaytarır aldıqlarını,

Bal yeyəndə unuduruq arı vızıltısını.

“İnsan nankordu”, deyir KİTAB.

Siz ömrü süzüb bir əlli vurduz,

Vicdan şüşəniz əskilmədi amma,

mən bu doğruluğu anlayıram.

Şərqşünas Məsiağa Məhəmmədinin öyrəndiyi Şərqin obrazını ötəri işarələrlə poetikləşdirir. Əvvəlcə ona “mən sizin adamları böyüdən gözlüklü gözlərinizi və öyrəndiyiniz Şərqinizi anlayıram” – deyir. Yenə qeyri-adi təsvir :bombalar ölür, qəlpə-qəlpə olur uşaq cəsədlərində”. Çarmıxa çəkilən İsa yox, İsanı özünə çəkən çarmıx obrazlılığını xatırladıq. Şair demir ki, uşaqlar bomba qəzasında ölür, deyir ki, bombalar körpə cəsədlərində qəlpə-qəlpə olub ölür... Bu kinayəli təsvirdə körpəni öldürən bomba yox, bombanın odunu, alovunu canı ilə söndürüb məhv edən körpə cəsədləri hədəf olur... “əllərim əsir, görünür, mənim əllərimi anlayan olmadı”, “sonda tale oldu hər şey” və “körpə bədənində ölən qəlpələr” kimi “kağızda susdu sözlər”... Düşüncədə olanda söz alovlu, odlu olur, kağıza enəndən sonra susur, sönür, ölür demək... şeirin sonrakı misraları da öz-özlüyündə mənalıdır, lakin bir şeir mətnində qaynayıb-qarışa bilmirlər sanki. Yuxarıda da qeyd etdiyim kimi, Fəridin şeirlərinin ən böyük qüsuru şeir mətnini süjetsiz, ümumiləşmiş ideyadan kənar şəkildə “tərtib olunmasındadır”. İndi bəhs etdiyim şeirdə də belədir. Biz sınaq üçün həmin şeirin ortasından bir neçə misranı çıxarıb onun başqa şeirinə əlavə edə bilərik ya da əksinə... Və bu “calaq”lar hiss olunmaz onun üslubunda... Deməli, müəllif hər bir şeirini müstəqil siması, obrazı olan ədəbi nümunə kimi yaratmaqda çətinlik çəkir. Nəticədə, poetik və fəlsəfi-estetik kəşfləri şeir həyatı yox, sadəcə misra ömrü yaşamalı olur. Yəni, onun poeziyası şeir-şeir deyil, misra-misra yadda qalası olur...

Aşağıdaki şeirlərdə isə əksinədir, şeir mətni tam və bitkindir:

Allah oğul da verəcək mənə,
Pul da.
Bəlkə oğluma ağıl da.
Gedəcəyəm dünyanın o başından, bu başına
Təyyarəylə, maşınla.
Amma ömürlük naşükür olacam sənsiz,
Nəyim olsa da, elə biləcəm
Heç nəyim yoxdu.

...................

Bölün ömrümü
18-ə qədər anam danışsın,
25-ə qədər sevgilim,
arxasını da dostlar
və qurtarıb getsin bu hekayə...
Yoxsa hansısa Şəhrazad
öz nağıllarına qatacaq...

...................

İki hecalıdır sevgi sözü,
Yarısı sənə,
yarısı mənə düşür,
Sevməyənlər dartışdırır bu sözü.
Sevənlərsə səssiz-küysüz bölüşür.

.......

Oğlunun səsini dilənir şəhid anası -
kəsilib səxavətli əllər...
Gəlinlər ərlərinə gül borcunu qaytarırlar -
məzar üstə güllər...
Uşaqlar dabanlarını qaldırıb gələcəyə boylanırlar -
təpə-təpə ölüllər...

Antilər situasiyası: övladına doğmadan doğma, yaxın olan ana onun səsini uzaqlardan, yadlardan “dilənir”, Sonrakı msralarda gül obrazı ikiləşir. Qadına ən xoş günlərdə təqdim olunan sevincli, fərəhli, sevgi dolu güllər indi kişilərin məzarı üstündə hüznlü sevgilərlə “borc qaytarır”, dabanlarını qaldırıb ümidlə sabaha, yüksəkliklərə boylanan uşaqlar “təpə-təpə ölülər” görür ümidlərin ünvanlandığı uzaq məsafələrdə...

Tələsik yaşamaq lazımdı -
Ölüm vaxtını irəli çəkiblər,
əcəl saatını dəyişdiriblər əzrailin...

Uşaqları tezcənə böyütməli,
əmzikləri əlüstü tullamalıyıq,
yoxsa bombaları taykeş geyindirəcəklər gül ayaqlara...

Tez-bazar evlənməli, birgə qocalmalıyıq,
su içməli, hava udmalıyıq,
necəsə dünyadan doymalıyıq...

Hardan biləsiz, ay atəş səsləri:
Ölüm, eşitdiyi səsə çevriləcək qədər andırsa,
həyat, çevrilmək istəyi boyda zamandır...

Həyatımız ölümlər, sui-qəsdlər, terrorlarla göz-gözə dayanıb. Tələsmək lazımdır, nələri yaşamalıydıqsa yaşamaq lazımdır. Elə bil telefonumuzda xeyli kontur varmış, bizim xəbərimiz olmayıb. Qəflətən aydın olur ki, 1 gün ərzində danışmasan vaxtı bitir. Və sən məcbur olub lazımlı-lazımsız adamların hamısı ilə lazımlı-lazımsız söhbətlər etməli olursan...

Tələsik yaşamaq lazımdı -
Ölüm vaxtını irəli çəkiblər,
əcəl saatını dəyişdiriblər əzrailin...

Təbii proseslər belə süni şəkildə icra olunmalıdır, “tələsik yaşamaq lazımdır”... Onsuz da zaman bizi qabağına qatıb qovur, yaşamağın səfasını zaman maşınında sürə bilmirik, əksinə, zamanın əqrəblərinin və təqviminin üzünə qorxa-qorxa baxırıq.

Uşaqları tezcənə böyütməli,
əmzikləri əlüstü tullamalıyıq,
yoxsa bombaları taykeş geyindirəcəklər gül ayaqlara...

Bir ömürlük həyatı, görüləcək işləri, əbədiyyət qədər uzun görünən zamanı əritməli, hər şeydən “doymalısan”. Bir sözlə, yaşamaq yox, əcəl əmrini icra etməli, həyatı bitirməliyik...

Tez-bazar evlənməli, birgə qocalmalıyıq,
su içməli, hava udmalıyıq,
necəsə dünyadan doymalıyıq...

Məhəmməd Hadiyə yazdığı şeirdə günümüzün şair obrazı kinayə ilə “vəsf olunur”: Biz şeirimizi yox, özümüzü satıb yorulduq, alnımızdan kirli əllər sildi,

puçur-puçur tərləri”.

Esselərindən birində də şair yazır: “Bakının bir tərəfində danos yazan şairin, digər tərəfindəsə haqqında danos yazılan şairin heykəli var. Deməli, tarix onların heç birini unutmur. Amma biz hansı heykəlin yanında hansı hissi keçiririk, bax, məsələ bundadır”.

Ümumiyyətlə, o ictimai-siyasi, sosial durumdakı hadisə və situasiyalarla barışmazlığını istehzalı lirizm ilə ifadə edir. Məsələn, L.N.Tolstoya ithaf etdiyi şeirdə oxuyuruq:

Ölümü gözləyirik hücrəmizdə,
ayağımızdan dartırlar tale üzəngisini.
Batıra bilmir təzə doğulan körpənin çığırtısı,
hücrəmizə yaxınlaşan cəlladın ayaq səsini.

Kreslolar söykəlidir,
çara, dumaya, kilsəyə.
Bizə yeriməyi öyrədirlər ki,
hər kəs öz ayağı ilə getsin ölməyə.

Bu şeirdən də ən çox yadımızda qalan “sarı simli” misralar: çara, dumaya, kilsəyə (prezidentlərə, parlamentlərə, papalara, şeyxlərə) “söykənən kreslolar” –oldu…

Şairlik qəhrəmanlıq deyil. Poeziya da xeyirxahlıq deyil. Təbii ki... P.Nerudanın gözəl bir bənzətməsi var: “Yox, şair ― kiçik tanrı deyil. O, başqa peşə sahiblərindən üstün, seçilmiş insan deyil. Həmişə deyirəm ki, ən yaxşı şair gündəlik çörək ehtiyacımızı ödəyən, tanrılıq iddiasını ağlının ucundan belə keçirməyən, qonşuluğumuzda yaşayan çörəkçidir. O, vətəndaşlıq borcunu ödəyərək bizi çörəklə təmin etmək üçün hər gün xəmiri yoğurub, sobaya qoymaq, qızılı rəng alanadək bişirməkdən ibarət iddiasız və ecazkar işini yerinə yetirir. Bu sadə sirrə yiyələnə bilsə, şair də insanlığın çörək, həqiqət, şərab və yalan kimi məhsullarını tədarük edən, bəşəriyyətin tabe olduğu şərtləri dəyişən, cəmiyyətin təməlini təşkil edən, sadə və ya mürəkkəb struktur daxilindəki nəhəng prosesin tərkib hissəsinə çevrilər. Öz öhdəliklərini, səylərini və həssaslığını insanların gündəlik mübarizəsi ilə birləşdirməklə, şair onların bitib-tükənməz mübarizəsinə qoşulmalı, onlarla eyni xəyalları paylaşmalı, şərab və çörəyin yaradılmasında iştirak etməli, onlarla birlikdə tər tökməlidir. Yalnız sadə insana çevrilməklə, biz poeziyaya dövrdən dövrə azalan qüdrətini qaytara bilərik”...

Poeziya səmimiyyətin, təbiiliyin, saflığın və iddiasızlığın bizlərə ünvanlanmış şəklidir. Bu P.Nerudanın dediyi kimi qızılı rəngli , günəş üzlü çörək bişirən çörəkçi qadınların “vətəndaşlıq borcu” kimi bir missiyadır bəlkə də...

Bu həddə qalxanadək, şeir boyda böyüyənədək və ətrafımızdakı insanların sevincinə, kədərinə, qayğı və düşüncələrinə enənə qədər gedilən yol ədəbiyyatın, eləcə də poeziyanın yoludur. Fərid də bir çox şairlərimiz kimi bəzən tək-tənha, öz “mən”i ilə əlahiddə şair taleyi yox, şair obrazı oynamalı olur... Bu bizim şairlərin yox, həm də bütövlükdə ədəbiyyatın bəlasıdır. Şair ya romançı olmaqdan daha çox, həmin sənət sahibliyinin taleyini özünə yaşatmaq məcburiyyəti...

Fəridin aforistik misraları daha çox yaddaqalan və məntiqlidir: “uçduğuma görə qanadımdan vurulmuşam”, “İlahi sükuta bax – hamısı mənim səsimdi”,” Bir ömür yaşadım ki, o ömrün “vüsalında” , yaddaşım əl uzadır, xatirələr görüşmür...”, ” Mən indi halımıza bab hansı təşbehi yazım - yalan qışqırmasın üstümə güzgüdən?”, “Ehey xatirələrini alma kimi soyan qadın, nə tez-tez qırılır qabıq?”, “Qadınım öləndə hamı güllə səsində gizlənmişdi” və s.

Qadınım öləndə
hamı güllə səsində gizlənmişdi -
özüm yudum,
kəfin-dəfin elədim -
torpağa tapşırdım.

Qayıdıb evə gördüm ki, yoxdu o,
yüyürüb çaydan soruşdum:
- ağlasam daşarsanmı?
Dinmədi...

Üz tutdum tarlaya
soruşdum pambıqdan -
kəfəni yaraşırdımı ona?
Lal idi...

Gəldim torpağın yanına,
baxdım - qadınım ordadı...
güllə səsisə yoxdu...

...Evə çatanda gördüm oğlum
kürəyini güllə səsinə söykəyib ağlayır...
...göz yaşını sildim torpağın...

Bir hekayə anladan kədərli lirika var burda. Güllə səsində gizlənən insanlar, bu səsə “kürəyini söykəyib ağlayan” uşaq...

Fərid ölüm, kədər, faciəli sonluqlar haqqında şeirləri çoxdur. (Baxmayaraq ki, esselərində bu cür poeziyanın əleyhinə çıxır) Və bu barədə çox düşünür. Hətta özü də bilmədən bu “ölüm”ləri düşündükcə “yaşam”ları unudur...

“Həyat ölümün əvvəlidir, ölüm həyatın sonu? Bəs bizim yaşamağımız yaşamaqdımı? Bizim ölümümüzün əvvəli hanı?

Doqquz iqlimi olan ölkədə havam çatmır, desəm yəqin inanmazsan, Nitsşe...”

Çağdaş ədəbi gəncliyimizin Fərid Hüseyn qədər zəhmətkeş, hətta cəfakeş ikinci bir nümayəndəsi bəlkə də onun özüdür. Amma bütün yaradıcı gənclərimiz kimi Fəridin yazmaq imkanlarının qarşısını alan imkansızlıqlar adamı kədərləndirir. Mövcud ədəbi mühitdəki acı reallıqları içində ironik bir “təsəlli” ilə “yola verən” Fərid özü, düşüncəsi, təxəyyülü, ədəbi qabiliyyəti boyda böyüyə bilmir. Bu çox acıdır, ədəbi qüvvə kimi güvənəcəyimiz gəncləri korrektələr, redaktələr, köşələr, guşələr, tərcümələr və s. bu kimi işlərlə “ədəbi fəhləyə” çevirmək ədəbiyyatın gələcəyi üçün təhlükədir...

# 992 dəfə oxunub

Müəllifin son yazıları

# # #