Biz hara gedirik? - İlqar Kamilin yeni hekayəsi

İlqar Kamil

İlqar Kamil

30 sentyabr 2022
# 12:00

Kulis.az İlqar Kamilin yeni hekayəsini təqdim edir.

Məni dostum zorla tutub gətirib bura. Zalım oğlunun işi ki düşdü ha, o zəhər-zəqqum dili çönüb olur bir kiloluq təmiz bal: “Qardaşımsan, Nəbi, kişi öldürər axı getməsəm, canıvı yiyərəm ey sənin, gedəy də mənimlə... yarım saat oturub, qalxarıq, papa canı”. Bu dillərin qarşısında “yox” demək olar?

Haçandı burdayıq, salamlaşıb, qucaqlaşıb oturmuşuq. Zəhləm gedir belə təsadüfi məclislərdən: yad şəhər, yad adamlar, yad mövzular... burdakıların, ay qardaşım, elə bil gülüşləri də başqadı axı. “Bura haradı məni gətirmisən, ay qa?” Arabir dostuma baxıb göz ağardıram. Dinmir. Hərdənbir bığının altından gülüşünü göstərib gizlədir. Özümü yadplanetli kimi hiss edirəm, getdikcə daha çox sıxılıram...

Ortayaşlı lopabığ kişilərdi. Hansısa ölənlərini yad eləməkçün yığışsalar da fermadan, torpaqdan, alverdən başqa danışdıqları yoxdu. Əslində buna danışmaq da demək olmaz axı, bir çəllək mənasız laqqırtıdı, dağılıb ortalığa vaxtın anasını ağladır. Qəfil aralarından göygöz olanı nə “oşibka” buraxırsa əməlli-başlı qırğın düşür. Qırğın deyirəm e sizə, qardaş, bağırtının biri beş qəpikdən; zalımın balaları elə bil mikrofon udublar: kim daha bərkdən qışqırsa o da haqlı çıxacaq.

Danışıqlarından bəllidir ki, hamısının yekə, yepyekə, olduqca yekə ferması var, amma kim daha “bərk gedən”di - bax, dava bunun davasıdı. Bu nədi, ilahi, harda olduqlarını unudublar bunlar? Özümü pivə çəlləyinə düşmüş dindar kimi hiss edirəm, sifətim turşuyur, ürəyim bulanmağa başlayır, amma məni görən kim? Söyüşləri elə ürəkdən söyürlər ki, lap elə bil mərhumun ruhuna dua-salavat çevirirlər. Bircə qalır süfrədəki stəkan-nəlbəkini götürüb bir-birinin başına çırpmaq... birdən bütün bu səs-küyün içindən nəsə yeni bir səs, yeni bir söz eşidilir. Səsdə qəribə bir doğmalıq da var:

– A kişi, hara gedirsiz?

Hamı kimi mən də ehmal-ehmal dönüb səs gələn tərəfə baxıram və nə qədər qəribə də olsa görürəm ki, sözü deyən mənəm, mən – özüm! Sözümü tanımağım xoşuma gəlir. Necə olubsa tuta bilməmişəm, sivişib dodaqlarımın arasından, atılıb düşüb masaya. Elə də dik dayanıb ki, sanki elə indicə əlini qaldırıb ləzginka oynuyacaq. Hamı mat-mat sözümə baxır, elə bil qurbağa gölünə daş atmısan, axı bunlar niyə heç nə demir? Bu vahiməli sükutu pozan bircə səs var, o da dostumun öskürək səsləridi. Bilir axı xasiyyətimi. Dümsükləyir ki, di bəsdi, dur çıxaq aradan! Hara gedirəm, a kişi, indi başlamamışam bəs? Özümü itirərəm heç? Sözümə tərəf əyilib dalından bir çırtma vururam ki, yenidən hərəkətə gəlsin, yenidən səs salsın. Amma bu dəfə hər şey şüurludu, qəsdlidi:

– Cənablar, hara gedirsiniz?

Kaş burda ola və bu sallaqdodaqların sifətlərindəki ifadəni görəsiniz. Sanki hamısı bir ağızdan soruşur:

– Əə, bu nə danışır, əə?!

– Həyat nədir sizinçün? – Birinci tək qalmasın deyə ikinci sual da çıxır ağzımdan.

– Heç həyat haqqında düşündüyünüz olub? – Bu da üçüncü sual. Ortaya elə tappıltıyla düşür ki, elə bil evə pəncərədən soxulur. Biz artıq bir dəstəyik və mən birinci sualın dalına yenidən bir çırtma vurururam:

– Siz, a bəylər, hara gedirsiniz?

Göygöz, yekəqarın olan həmən kişi alnını şaftalı tumunun qırışı kimi qırışdırıb dostuma tərəf burulur:

– Əə, bu... kimdi?

“Bu”dan sonra astadan nəsə deyir, eşitmirəm, amma təxmin edirəm: “axmaq”dı. Dostum yazıq da neyləsin, işimizin fırığ olduğunu görüb yenidən mənə göz eləyir ki, qurban olaram, başına dönərəm, qalx çıxaq aradan. Getmirəm! Uzağı döyülmək deyil? Buyursunlar döysünlər. Ölmək ölməkdi, xırıldamaq nə deməkdi...

Yox, əşşi, nə ölməsi, nə xırıldaması? Budur, artıq bir çəm tapıb söhbəti fırlatmışam. Ara sakitləşib də, isinib də və hətta indi mən bu lopabığlara rus rejissoru Bıkovun “Axmaq” adlı filmindən danışmağa başlamışam. Birdən mesajımı tutarlar deyə dostumun canı ağzındadı, qarınlı bəylərinsə dünya veclərinə deyil; hətta danışdıqlarıma gülərkən belə yarışırlar: görək kim daha bərkdən, daha ağayana güləcək!!!

Beləcə deyib, gülüb, əylənirik, amma, gərək düzünü deyəsən, sonda mərhuma rəhmət oxumağı da unutmuruq.

Axşamdır. Özümüzü maşına çatdırıb toxtamışıq. Dostum, bir əli çiynimdə, bir əli göydə, dava-şavasız qurtardığımızçün Allahına şükr eləyir, mənimsə beynim elə dumanlıdır ki, mühərriki işə sala-sala gic-gic dostuma baxıb soruşuram:

– Doğrudan e, Çini, indi biz hara gedirik?

# 2101 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #