Nitşe müsəlmanlığı niyə kişiyana əqidə adlandırırdı?

Nitşe müsəlmanlığı niyə kişiyana əqidə adlandırırdı?
21 aprel 2016
# 13:34

Kulis.Az İlqar Fəhminin “Qapalı dairə və ya, bitmək istəməyən XX” məqaləsinin beşinci hissəsini təqdim edir.

Yazının dördüncü hissəsini burdan oxuya bilərsiniz.

Mürəkkəbdə İblis

XIX əsr Avropasında pozitivist və marksist fəlsəfənin yayıldığından vahiməyə düşən məşhur filosof-teoloq Seren Kyerkeqor əsərlərinin birində belə ifadə işlətmişdi: “Quttenberqin mürəkkəbində iblis gizlənmişdi...”

Təbii ki, söhbət kitab çapının yaranmasından və ali düşüncə sahibləri üçün yazılan, lakin kütlə üçün təhlükəli olan əsərlərin geniş tirajlarla çap olunmasından gedir...

Yenə də əvvəl qeyd etdiyimiz fikrin üstünə qayıdırıq. İntibah dövründən sonrakı filosoflar əski "tanrı-insan" münasibətlərini azad düşüncəylə yeniləşdirmə cəhdləriylə qeyri-ixtiyari olaraq "cini butulkadan buraxmış oldular." Sonradan onu yenidən şüşəyə qaytarmaq yolunda idealist filosofların çoxsaylı cəhdləri də təbii ki, uğursuzluqla nəticələndi...

Başqa sözlə desək, ilanın quyruğunu onun ağzından xilas etmək heç cür alınmırdı, çünki quyruğun böyük hissəsi artıq yeyilmişdi...

İndi isə kitablar... Kyerkeqorun qorxduğu kitablar... Burda da çox maraqlı bir mətləbin üstünə gəlib çıxırıq...

Gecə-gündüz hər yerdə - orda da bizdə də təbliğ olunur ki, insanın mənəvi inkişafı, ali dəyərlərə sahib olması yalnız və yalnız kitab oxumağıyla bağlıdır...

Son vaxtlar mətbuatda da, internetdə də belə başlıqlarla çox rastlaşırıq: “Mütləq oxunmalı yüz kitab”, “Vacib oxunmalı əlli əsər” və sair və ilaxır...

(Əfsuslar olsun ki, bu siyahının doxsan doqquz faizi XX əsr Qərb müəlliflərindən ibarət olur. Təbii ki, belə də olmalıdır. Axı əsl inkişaf yalnız onlardadır...)

Deməli insanın yüksəlişi yalnız və yalnız çoxlu kitab (ələlxüsus XX əsrin Qərb kitabları) oxumaqla bağlıdır...

Digər tərəfdən də yazımızın əvvəlki fəsillərində gəlib ora çıxmışdıq ki, bir çox kitablar adi insan şüuru üçün təhlükəlidir. Bizi "xəyali inkişaf"a aparmaq əvəzinə, real krizisə - uçuruma gətirə bilər... Onların artıq düşdüyü mənəvi uçuruma...

Bizsə təbii ki, mümkün olduğu qədər, bu krizisdən, bu uçurumdan yan keçmək istəyirik.

Belə olan halda neyləməliyik? Nə müasir fəlsəfə, nə müasir ədəbiyyat oxumamalı? Ruhumuzdakı intellektual yükdən imtina etməli? Bəlkə bütün kitabları yandırmalı və rədd etməli?

Axı bu barədə hələ Nitşe xəbərdar edirdi ki, müasir (o dövr üçün) ədəbiyyat ziyanlıdır, çünki mənəvi çöküşə və dekadansa gətirib çıxardır... Dekadans isə fəaliyyətsizlikdir, süstlükdür, mənəvi ölümdür.

Bəs belə olan halda hara gəlib çıxırıq? Deməli, Yaşasın "cəhalət", "nadanlıq", "zülmət"? Rədd olsun intellekt?

Yenə də İntibah

Xristian Avropasının "cəhalət", "nadanlıq" içində çapalamağını görən o dövrün filosofları, mədəniyyət və incəsənət adamları təbii ki, tarixə baş vururdular, yarı aşkar-yarı gizlin Yunan-Roma sivilizasiyasının nümunələri ilə daha yaxından tanış olurdular... Və təbii ki, zaman etibariylə onlardan uzaq olan bu mədəniyyət onlara Avropanın Qızıl dövrü kimi canlanıdı...

"Qaranlıq Orta Əsrlər" - bu termin sonrakı Avropa filosoflarına məxsusdur. Sonradan onları təqlid edən Şərq tarixçiləri öz keçmişlərini də bu cür adlandırdılar.

İlk baxışdan həqiqətən də insana elə gəlir ki, həmin dövrlərdə günəş olmayıb. Hər yer qaranlıq olub, insanlar vəhşi kimi yaşayıb, hamı cahil nadan olub, kilsənin də işi-gücü inkvizisiyanın vasitəsiylə şəhərlərdə tonqallar qalayıb adamları yandırmaq olub... (Əfsuslar olsun ki, indi biz də öz tarixi keçmişimizi məhz bu cür təsəvvür edirik - radikal dindarlıq, ruhanilərin insanlar üzərində hakimiyyəti, mənəvi qaranlıq, cəmiyyətdəki zülmət, nadanlıq, cəhalət və sair)

Tarixçilər qeyd edir ki, Avropada XV-XVI əsrin düşünən insanları bu qaranlıq dövrün yetirməsi olan sənət əsərləriylə əllərinə düşən qədim Yunan-Roma əsərlərini - ədəbiyyat nümunələrini, fəlsəfi əsərləri, heykəlləri, rəsmləri tutuşdururdular və görürdülər ki, əski dövrün inciləri nə qədər gözəldi, cazibədardı, mükəmməldi.

Ən əsas fərq də bunda idi ki, xristian Avropasının ikonalarından, dini düşüncəni əks elətdirən başqa sənət nümunələrindən fərqli olaraq, Antik Roma-Yunan mədəniyyətinin nümunələrində - ədəbi abidələrdə, heykəltəraşlıq nümunələrində, divarüstü rəsmlərdə hər şeyin mərkəzində İNSAN dayanırdı... İnsan yüksəklərə qaldırılır, insan bütün gözəllikləriylə təsvir olunur, insan təfəkkürü və düşüncəsi bütün kainatın az qala mərkəz nöqtəsi kimi elan olunurdu.

Bəli, ilahi, səmavi qüvvələr var idi. Amma bunlar da insan tipində, insan xarakterində təsvir olunurdu. Zevsdən tutmuş Apollon qədər, Peseydondan tutmuş Dionisə qədər hər bir Antik tanrı həm də insan idi və müəyyən insani xüsusiyyətlərin daşıyıcısı idi, hərəsinin öz xarakteri, xasiyyəti vardı. Tanrılar hətta cinslərə də bölünürdülər, ailə qururdular, savaşırdılar, boşanırdılar...

Bu minvalla Tanrılar sanki fövqəl-insani bacarıqlara malik insanlar idi...

"Adəmi dinlər"in davamı olan xristianlıqda isə belə şey yox idi... Tanrı vahid idi, gözəgörünməz idi və zatı insan şüuru tərəfindən tam dərk edilə bilməzdi. Düzdü, xristianlıqda müsəlmanlar tərəfindən bəyənilməyən detal İsa peyğəmbərin Tanrının oğlu kimi təqdim olunması idi ki, bu da bir çoxlarının nəzərində Tanrıya insani keyfiyyət vermək, onu yerdən göyə endirmək, vahidi ikiləşdirmək kimi qəbul olunurdu. Amma hər halda xristian təfəkküründə antik düşüncədən fərqli olaraq, onlarla Tanrı yox idi və onlar hər addımbaşı evlənib boşanmırdılar.

Əslində Antik mədəniyyətdə olduğu kimi, xristianlığın yetirdiyi sənət əsərlərində də təfəkkürün mərkəzində insan dayanırdı. Amma bu insan adi bəşər deyildi, Tanrı-insan olan İsa Məsih idi... Adi insanlar isə ilahi qüvvənin qarşısında daim baş əyməli olan, daim mütilik içində yaşamalı olan varlıqlar idi. Ən ali insan isə ən müti olanlar, zahidliklə gün keçirdənlər, dünya nemətləri ilə əlaqəsini minimuma endirib özünü yalnız tanrıya həsr eləyən müqəddəslər idi...

Tanrı-insan qarşılaşması

Gəlin qarışıq fikirlərimizi bir sıraya düzüb dediklərimizi yenə də qısa formada ifadə etməyə çalışaq... Bunun üçünsə, təxəyyülümüzü işə salıb özümüzü XV-XVI əsr Avropa filosoflarının yerində təsəvvür edək. Budur, bizim qarşımızda iki fərqi təfəkkürün nümunəsi olan fəlsəfi kitablar, ədəbiyyat və incəsənət nümunələri var. Birində ən mükəmməl ən ali hesab olunan insanlar - qoluzorlu qəhrəmanlar, qorxubilməz döyüşçülər, şücaətli igidlərdir, digərində isə belini büküb təqva ilə məşğul olan çəlimsiz, fağır, müti müqəddəslər, dünyadan əl üzən rahiblərdir...

Birində insan öz iradəsi, öz gücü ilə hətta tanrı səviyyəsinə qalxmağa qadirdir, digərində isə insan öz iradəsiylə nə eləsə, bu onu tanrıdan uzaqlaşdırır. Birində ən ali qəhrəman öz tanrı atası Zevsə belə baş əyməyən, ona qarşı qiyama qalxıb öz iradəsini yeridən güclü, yaraşıqlı Herakl, o birində öz tanrı atasının hökmüylə bəşəriyyətin bütün günahlarını öz üstünə götürüb mütiliklə bu yükü daşıyan və sonda çarmıxa çəkilərək qeyri-insani zülmlərə məruz qalan, amma etiraz səsini qaldırmayan, qiyam etməyən İsa Məsih...

(Məhz bu detalları nümunə gətirən Nitşe XIX əsrdə təxminən belə yazırdı ki, xristianlıq kişi dini deyil, çünki bir üzünə vurulan şillənin müqabilində o biri üzünü vermək kişiyə layiq deyil... Nitşe hətta müqayisə apararaq "göz əvəzinə göz, diş əvəzinə diş," prinsipini nümunə gətirir və müsəlmanlığı daha çox kişiyana əqidə adlandırır.)

Beləcə, XV-XVI əsr Avropa filosofları, düşüncə adamları belə müqayisələr apardıqdan sonra, xristianlığın fonunda Antik dövr onların nəzərində Qızıl dövr, itirilmiş Cənnət, ən ali gözəlliklərin (insan və təbiət gözəlliklərinin), igidliklərin, şücaətlərin , mənbəyi kimi canlanırdı...

İntibah meylləri də məhz bu Qızıl dövrü yenidən dirçəltmək, Avropanı Şərqin yetirməsi olan Xristianlığın əsarətindən qurtarıb, öz əski Antik gözəlliklərinə qaytarmaq həvəsindən başlanmışdı...

Əlbəttə, bu meyllər açıq şəkildə ifadə olunmurdu, hətta bu alimlərin, filosofların bir çoxu bütün varlığı ilə xristianlığı qəbul edən dindarlar idi və yəqin ki, onlar vaxtiylə bilsəydilər ki, ortaya qoyduqları ideyalar yüzilliklər sonra Avropanın ümumiyyətlə dindən üz döndərməsiylə nəticələnəcək, yəqin ki, təəccüblənərdilər...

Axı diqqətlə müşahidə edəndə də görürük ki, İntibah dövrünün həm ədəbi əsərləri, həm də incəsənət nümunələri hələ də əksər halda xristian mövzularına həsr olunmuşdu. Amma bunlar artıq əvvəlki dövrün dini əsərləri deyildilər. Hərçənd tanrı ideyasından hələ imtina edilməmişdi, amma səmavi mövzular insanlaşdırılmışdı...

Misalçün Andrey Rublyovun ikonaları ilə Rafael Santinin eyni məzmunlu rəsmlərini müqayisə edək...

Andrey Rublyovun yaratdığı müqəddəs Məryəm obrazları da insanı xatırladır, amma bu, həm də insan deyil, çünki bu, tanrı anası olan insandır. Və rəsmlərdəki bütün metafizik ab-hava məhz obrazın "yer"dən aralayıb, səmavi müstəvidə təqdim olunması hesabına əldə olunub. Bu rəsmlərə baxan insanda dünyəvi heç bir hiss yaranmır, əksinə, fövqəl-insan, fövqəl-qadın aurası peyda olur...

İndi isə Da Vinçinin Madonnasına baxaq. Burada ilahi gözəllikləri özündə əks elətdirən obrazdan daha çox gözəl, yaraşıqlı, cazibədar, işvəli və hətta seksual bir qadın simasını görürük. Və bu qadının zahiri cizgilərinin, bədən gözəlliklərinin bütün incəlikləri elə təsvir olunub ki, baxanın bütün mənəvi, səmavi atmosferi dağılır, səndə belə hiss yaranır ki, qarşında dayanan obraz Tanrı-İsanı dünyaya gətirən varlıq yox, sadəcə ətrafında gördüyün cazibədar qadınlardan biridir... Və bu qadın dünyaya tanrı övladını gətirməkdən daha çox, öz zahiri gözəlliyi ilə sıravi kişilərin ağlını başından çıxartmağa qadirdir.

Yaxud intibah rəssamlığının başqa obrazlarına diqqət edək. Müxtəlif işgəncələrə məruz qalaraq Tanrı yolunda canından keçən Xristian müqəddəslərinin təsvirində biz özünü tanrıya fəda edən mömin obrazından daha çox müasir reklamlardakı təndürüst, əzələli, yaraşıqlı bədəni olan idmançı kişiləri görürük...

Bəs Danteni o dünyada kim gəzdirir? Gənc və gözəl Beatriça... Sıravi bir qadın. Sadəcə gözəl, yaraşıqlı və şirin... Amma "İlahi komediyada" o biri dünya bələdçiliyinin estafetini böyük Vergilidən məhz balaca Beatriça alır...

Bu ona bənzəyir ki, Füzuli meracnamə yazaydı və təsvir edəydi ki, Peyğəmbərə tanrı dərgahına gedən yolu bir gözəl qadın göstərir...

Nümunələr çox göstərmək olar, amma məqsədim İntibah mədəniyyətinin mahiyyətini izah eləmək deyil. İncəsənət tarixiylə bağlı məqamları da ona görə önə çəkirəm ki, əsərimizin əsas mövzusu, ana xətti bir başa bununla bağlıdır.

Bəli, əlli ildi bütün dünyanın ünlü filosofları Qərbdən başlamış və dünyanı bürümüş mənəvi krizislərdən, ruhun deqrodasiyasından - öz quyruğunu dişləyən ilanlardan danışır. Və biz də bu xüsusda nəsə fikir bildirməkçün, mütləqdi ki, bu krizisin rüşeyminin yaranması dövrlərinə diqqət edək. Əks halda bir çox problemlərin səbəbini başa düşə bilməyəcəyik. Səbəbi bilinməyən nəsnə ilə də mübarizə aparmaq isə qaranlıq otaqda qara pişiyi axtarmağa bənzəyir..

Beləcə, o yerə gəlib çatdıq ki, bugünki "dünya mədəniyyəti"nin rüşeymi qoyulan İntibah dövrünün əsas hadisəsi İlahi məqamları, Səmavi məsələləri yerə endirmək, İNSANLAŞDIRMAQ oldu...

Antik yunan mədəniyyəti Avropa xristian təfəkkürünə məhz bu cür nüfuz elədi. Yavaş-yavaş ön plana İNSAN çəkilməyə başladı. Və indinin özünə qədər bütün dərsliklərdə Avropa İntibah hadisəsi "bəşər təfəkkürünün təntənəsi", "insani gözəlliklərin ali səviyyəyə qaldırılması", "reallığın irreallıq üzərində qələbəsi", "cəhalətdən qurtuluşa doğru atılan ilk addım", "insan iradəsinin mövhumat zəncirlərini qırıb Azadlığa çıxması" kimi təqdim olunur...

Beş yüz illik iyirmi

Və biz də İntibahı məhz bu cür qəbul etmişik. Və bəşər tarixini öz fikrimizdə bu cür bölmüşük. İntibaha qədərki və intibahdan sonrakı... Köhnə dövr, yeni dövr... Qaranlıq və işıq.

Əslində təkrar-təkrar qeyd etdiyimiz "İyirminci əsr fenomeni"nin başlanğıcı məhz Avropa İntibah dövrünə təsadüf edir. Sonradan fəlsəfədə, mədəniyyətdə, ədəbiyyatda, incəsənətdə yaranan bütün "izm"lərin də ilkin yaranış nöqtəsi həmin hadisə hesab olunur. Bu baxımdan demək olar ki, "Avropa İntibahı" indiyə qədər davam edir. Və yaxud başqa cür də adlandırmaq olar. "XX əsr" məhz o vaxt başlamışdı.

Növbəti bir bölgüyə fikir verək. Bütün qeyri-Avropa xalqlarının tarixi də təxminən oxşar bölgüyə məruz qalıb. İntibahdan başlayan "Yeni Avropa təfəkkürü"nün həmin xalqa nüfuz etdiyi dövrdən əvvəlki əsrlər cəhalət, qaranlıq dövrlər, sonrakı əsrlər isə işıqlı inkişaf illəri kimi təqdim olunur. Tutalım Rusiyada bu keçid XVIII əsrin əvvəli, Birinci Pyotrun hakimiyyəti illərindən; Yaponiyada XIX əsrin ikinci yarısında Syoqunatın ləğv olunmasından hesablanır...

Qeyri-Avropa xalqlarının içində kimlərsə bu prosesə müasirləşmə, kimlərsə Avropalaşma, kimlərsə Qloballaşma adını verib. Amma hər nə ad verilsə də, mahiyyət eynidir. Avropanın ardıyca yavaş-yavaş bütün dünya zorla "İntibah"laşdırılmağa başladı...

Bəli, məhz zorla...

İncə bir məsələyə diqqət edək. Dünya xalqlarının içində heç birində bu proses yaşamın təbii inkişafı olaraq baş vermədi. Hər yerdə bu inkişaf məhz Avropanın (daha sonra da Amerikanın) təsiri və təzyiqi nəticəsində oldu.

Mutasiya və transmutasiya

XX əsr Qərb filosoflarının özləri də müasir dünyada baş verən hadisələri "bəşər təfəkkürünün transmutasiyası" adlandırır...

Başqa dillə desək, təxminən belə çıxır ki, bəşər təfəkkürü min illər boyu öz axarıyla gedirdi, lakin on beşinci əsr Avropasında onkoloji şişin yaranmasına bənzəyən mutasiya hadisəsi baş verib... Və bu mutasiya ilk olaraq məhz Tanrı-insan münasibətlərini, metafizik dünyagörüşünü zədələyib. Daha sonra isə dünyanın əksər xalqları arasında da zəncirvarı reaksiyaya bənzəyən transmutasiya prosesləri baş verməyə başlayıb.

(Mutasiya ilə transmutasiyanın fərqi isə belə izah olunur ki, mutasiya insan iradəsindən asılı olmayaraq, qeyri-şüuri şəkildə baş verir, trankmutasiya isə güc və iradə tətbiqi nəticəsində yaranır. Yəni birinin səbəbləri məlum deyil, ikincisini isə insan özü yaradır.)

Son beş yüz ilin tarixinə fikir versək, bu yanaşmanın həqiqiliyi üzə çıxar. Avropanın özündə bu təfəkkür mutasiyasının dəqiq səbəbi məlum deyil. Hərçənd bununla bağlı hipotezalar çoxdur, və bunların bəzisi barədə sonradan danışacağıq.

Amma mutasiya olunmuş Avropa təfəkkürünün başqa xalqlar arasında yayılması həqiqətən də məqsədli transmutasiyanı xatırladır.

-Siz də bizim kimi olmalısız. Bütün dünya bizim kimi olmalıdır. Və sizin istəyib istəməməyinizin əhəmiyyəti yoxdur. Əsas budur ki biz bunu istəyirik. İstəyirik və edəcəyik.

Burdan belə bir həqiqət meydana çıxır ki, əslində Qərbi Avropanı çıxmaq şərtiylə dünyanın heç bir bölgəsində, heç bir xalqın içində bu mutasiya prosesi baş verməmişdi. Deməli "inkişaf" hadisəsi onların yaşamının təbii axarı, təbii davamı deyildi, kənardan gətirilib zorla sırınmışdı...

Yenə də burda müasir avroposentristlər bəyan edə bilər ki, axı niyə müasir inkişafı onkoloji şişin mutasiyasına, ağır xəstəliyə bənzədirsiz? Axı Avropadan başlayan bu inkişaf olmasaydı, insan hələ də cəhalət və mövhumat içində yaşayırdı.

Lakin bu sözü deyən insanlar elə Avropanın özünün bir çox müasir alimlərinin, filosoflarının əsərlərini oxusalar bu sualların cavabını alarlar. Bəli, inkişaf gözəldi, amma əfsuslar olsun ki, bunun "stop" nöqtəsi yoxdur. Və nəticə də bundan ibarətdir ki, hal hazırda insan iradəsiylə dünyanın yarısını atom silahıyla məhv etmək olar: insan iradəsiylə dünyanın yarısını kimyəvi silahlarla xəstələndirmək olar; insan iradəsiylə genləri dəyişib insanları manqurtlara, robotlara çevirmək olar; insan iradəsiylə hər şey eləmək olar... və ən qorxulusu budur ki, bunları eləməyə iradəsi və imkanı çatan varlıqlar yalnız işıqlı qüvvənin daşıyıcısı olan İlahi məxluqlar deyil, ikili təbiətə malik olan "İNSAN"lardı.

İnsan isə mələk deyil. İçindəki qaranlıq, şər qüvvə işıqdan daha çoxdur... (elə bu faktı da qərbin özünün son yüzildə inkişaf edən psixologiya, psixoanaliz elmi sübut edir)

Və ən qorxulusu budur ki, haqqında danışdığımız dağıdıcı imkanlara malik İNSAN bu saat mənəvi deqradasiya içində olan, ruhi çöküş yaşayan, psixi depressiyalardan heç cür qurtula bilməyən, ziddiyyətli hiss və duyğuların içində çapalayan bir varlıqdır....

Əgər insan ikili təbiətə malik ağ-qara məxluqdursa, deməli inkişafın nəticəsi olan bu imkanların da insanın içindəki hansı rəng tərəfindən istifadə olunmağı sual altındadır...

Bir faktı da qeyd etməkdən özümü heç cür saxlaya bilmirəm. Avropada on doqquzuncu əsrdəki elmi-texniki inqilabın ilk bəhrələrini məhz HƏRBÇİLƏR istifadə ediblər. Hətta bir çox hallarda dəqiq elmlərlə məşğul olan alimlərin elmi fəaliyyətini, laborator təcrübələrini də maliyyətləşdirən məhz militarist hərbçi dairələr olub...

Deməli bar-bar bağırdığımız elmi-texniki inkişafın əsas lokomativi Avropanın ekspansiv müstəmləkəçi qüvvələri olub. Məqsəd isə məlumdur. DÜNYA HAKİMİYYƏTİ...

Şeytani "maraq"

Yenə də incəsənətin bəzi məqamlarına diqqət edək, çünki elə bizim də düşüncəmizdə möhkəmlənmiş bir çox detallar var ki, onların mütləqliyi əslində məhz intibah dövründə yaranmağa başlayıb....

"İzm"lərdən danışdıq...

Bəli, dediklərimizdən belə çıxır ki, bu saat bütün bəşər mədəniyyətini, fəlsəfi təfəkkürün (elə bizim özümüzü də) hörümçək toru kimi əhatəsinə almış realizm, romantizm, modernizm, postmodernizm və sairlər İntibah mutasiyasının bəşər orqanizmində verdiyi metaztazlardan başqa bir şey deyil. Və bu metastazların ən böyüyü və ən qorxulusu qəribə də görünsə, məhz RELİZM-dir ki, öz ziyanlı təsirini İntibahın ilk illərindən başlayaraq bu günki günümüzə qədər göstərməkdədir.

Amma bütün bu "izm"lərin bizim beynimizdə yaratdığı mifi sonrakı fəsillərdə araşdıracağıq. İndi isə çox kiçik amma əhəmiyyətli bir detala diqqət etməliyik...

Nədir bu detal? Təfəkkürün və sənətin MARAQLILIĞI...

Maraq və onun yaranmasına səbəb olan zahiri qeyri-adilik, zahiri rəngarənglik və müxtəliflik, zahiri dinamika, aktivlik...

İncəsənət tarixçiləri də bunu qeyd edir , elə özümüz də İntibahdan əvvəlki sənətlə, sonrakı sənəti müqayisə edəndə ilk olaraq dilimizə belə bir ifadə gəlir - köhnə sənət (təfəkkür) MARAQsızdı... (əlbəttə zahirən sözünü işlətmirlər, çünki son beş yüz ildə hər şey yalnız ZAHİR-dir. Batin kölgədə qalıb.)

Avropanın Xristian Orta əsrlərində yaranan əsərlər də, Rusiyanın Pyotrdan qabaqkı mədəniyyəti də, elə bizim müsəlman Şərqinin keçmiş ədəbiyyatı da eyni təəssüratı yaradır...

Həqiqətdir. Tutalım müsəlman Şərq ədəbiyyatının demək olar ki bütün əsərlərində eyni irfani, hikmətamiz motivləri görürük, yaxud bütün rus ikonalarında oxşar rəngləri və obrazları müşahidə edirik, Avropanın bütün xristian sənətində oxşar mövzular önə çəkilir. Və bu zahiri eyniyyət bizi yorur, bezdirir, darıxdırır. Çünki rəngarənglik, əlvanlıq istəyirik. Eyniyyət bizə sükunət , fəaliyyətsizlik, gerilik kimi görünür... Axı biz də müasir dövrün insanlarıyıq...

İndi isə bir detala diqqət edək.

İki nöqtə arasında düz xətt birdir, əyri xətt isə yüzlərlə çəkilə bilər...

İstənilən bir fakt haqqında həqiqi söz birdir. Yalan isə yüzlərlə ola bilər...

Ağ rəng birdir. Və saf ağ rəng yeganə rəngdir ki, onun heç bir çaları yoxdur. Çünki istənilən çalar onu ağlıqdan çıxardır... Başqa rənglərin isə yüzlərlə çaları ola bilər...

Deməli əgər söhbət mütləq işıqdan, mütləq saflıqdan və mütləq həqiqətdən gedirsə, burda rəngarəngliyin olması mümkün deyil... Əksinə, eyniyyət daha təbii görünür... Həqiqət vəhdəttədir.

Rəngarənglik, əlvanlıq və onların yaratdığı maraqlılıq isə insan mahiyyətinə xasdır. Çünki kəsrətdir, çoxluqdur...

İntibahdan əvvəlki sənətkarlar İlahi əqidələrin təsiri altında olduqlarına görə, əsərlərinin də "iki nöqtə arasındakı düz xətt"ə (insan-tanrı arasında yol, siratəl-müstəqim) yaxın olmağına çalışırdılar. Çünki əsl həqiqət o düz xəttdə idi.

Ən ali dəyər rəngarənglik, fərqlilik yox, məhz həmin düz xəttə maksimum yaxınlaşmaq cəhdləri sayılırdı... Ona görə də, rəngarənglik yox idi... çünki bütün əyri xəttlər özlərini düz xəttə oxşatmaqçün bacardığı qədər "düzləşməli" olurdular. Deməli zahiri fərqlilik də itirdi... Və bu əyrilik nə qədər çox itirdisə, insan da həmin düz xəttə - Həqiqətə daha çox yaxınlaşmış olurdu...

Lakin intibah dövründən başlayaraq tərsinə hərəkəti müşahidə elədik... "İnsan eqosu", "insan məni" ön plana çəkilməyə başladı... Və hər bir düşünən, yaradacı insan öz fərdi identifikasiyasını o birilərdən fərqləndirməkçün öz xəttini daha da çox əyməyə başladı... Və xəttlər əyilə-əyilə bir-birindən fərqləndi, çoxaldı, yavaş-yavaş bu xətlərdə düyünlər peyda oldu, artdı. Nəhayət indiki dövrdə bütün bəşər təfəkkürünü əhatə eləyən hörümçək toruna çevrildi...

Hər şey isə iki nöqtə arasında olan düz xəttə bənzəməmək, ondan daha çox fərqlənmək cəhdlərindən başlamışdı...

Çünki insan zahirən maraqlı görünmək istədi...

Maraq isə iblisanə xüsusiyyətdir... Çünki iblisdə aktivlik var, hərəkət var, dinamika var... Tanrı isə pərgarın mərkəz nöqtəsidir...

Hərəkətsizdir...

Ağ rəng maraqsızdı, çünki çaları yoxdu, əlvanlıqdan məhrumdur, həmişə eynidi...

Ona görə də Böyük Fransa inqilabı zamanı monarxiyanın nişanəsi olan xırda zanbaqlı ağ rəngli bayraq üç rəngli əlvan bayraqla əvəz edildi... Və sonrakı onilliklərdə fransızların nəzərində ağ rəngli bayraq məhz köhnəliyin passivliyin cəhalətin rəmzi kimi qalmışdı. O biri əlvan rənglər isə inkişaf yenilik rəmzi kimi qəbul olunurdu.

Bəli, əslində intibah mədəniyyəti bəşər təfəkkürünün vahid ağ işıqdan qopub zahiri əlvanlığa doğru hərəkətinin başlanğıcı idi...

Lakin bir həqiqət də var - AĞ İŞIQ yalnız zahirən çalarsızdı, passivdi... Şüşə prizmadan keçirəndə isə məlum olur ki, əslində bütün o biri rənglər ağ işığın içindən doğub. Ağ işığın tərkibində yeddi rəngin hamısı var. Sadəcə bunu görmək üçün zahiri göz kifayət eləmir. İnsanın bəsirət gözü açılmalıdır... çoxluq isə bu gözdən əfsus ki məhrumdur...

Bəli, həqiqət budur ki, İntibah dövründən başlayaraq bəşər təfəkküründə bir əhəmiyyətli dəyişiklik də bu idi - bəsirət gözü açıq olan fərdlərin ali mərtəbəyə qaldırılmasının müqabilində, adi insanların - sıravi fərlərindin ali zirvəyə qaldırılması... Kütləviləşmə... Kütlələşmə... Beş yüz il ərzində bəşər təfəkkürünü öz ardıyca aparan ən böyük mif, nağıl - Kütləvi yüksəliş illüziyaları...

Kütlə heç vaxt inkişaf edə bilməz. Çoxluq heç vaxt ali düşüncəyə sahib ola bilməz. Və insanların bəsirət gözü kütləvi şəkildə açıla bilməz...

Lakin bu artıq növbəti fəsillərimizin mövzusudur...

# 1526 dəfə oxunub

Müəllifin son yazıları

# # #