Oğru - Fateh Səfərov

Fateh Səfərov

Fateh Səfərov

16 dekabr 2022
# 14:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Fateh Səfərovun "Oğru" hekayəsini təqdim edir.

Qatar yola düşməyə hazırlaşır. Pəncərədən çöldə hara tələsdiyini bilməyən adamlar qarışqa kimi dolaşır. Plaskart vaqon otağında məndən başqa kimsənin olmaması qəribə görünür. Qəribə olsa da düşünmək üçün əla fürsətdir. Murmanskdan qaçıram. Nə vaxtsa buralara qayıtmaq fikrim olsa bu, çox güman ki, 10-15 ildən sonraya təsadüf edər və mən maksimum hansısa qohum və ya qardaşın yanına özümü alverdə sınamağa gələrəm. Son həftələrdə həyatda olmadığım qədər xoşbəxt və olmadığım qədər bədbəxtdim. Rus qadınla yaşadığım günlər çətin ki, yaddaşımdan silinə. Mən onunla adi pivnoyların birində tanış olmuşdum. Tanışlığımızın ikinci günündə sevişmişdik. Hadisələrin bu qədər sürətlə inkişaf etməsini gözləmirdim. Yaşca bir neçə il böyük qadınla sevişmək mənim üçün yeni təcrübəydi.

Xarakterlərimizin uyumlu olması saatlarla birlikdə vaxt keçirməyimizə mane olmurdu. Məncə bir-birimizdən sıxılmırdıq. Bəzən filmə baxır, klassik musiqilər dinləyir, adətən, rus ədəbiyyatını müzakirə edirdik. O, Tolstoyun vurğunu idi. Ürəkağrısı ilə qeyd edirəm ki, “Hacı Murad” əsərini qadınla tanışlıqdan sonra oxudum. Qadının zahirindəki hüznü kimsədə görməmişdim. Tez-tez içirdi. Mənə elə gəlirdi ki, qadının ağzından həmişə şirin konyak qoxusu gəlir.Onunla səmimi olmağa çalışırdım. Qonşum rus qadınlarının səmimiyyətə qiymət verdiyini demişdi nə vaxtsa. Bir neçə gün sonra onun evində yaşamağa başladım. Tanış olduğumuz gün barda telefonda rus dilində heç vaxt eşitmədiyim söyüşləri söydüyü həmin adamın kim olduğunu soruşmurdum. Nə vecimə. Əsas odur ehtiyaclarımın müəyyən hissəsini ödəyib yaşayıram. Komfort zonadan çıxmaq istəmirdim.

Qadının 40-45 yaşı olardı. Baxımlı bədənindən gələn təravətli qadın qoxusunu kəndimizdə yarısevişdiyim qızların qoxuları ilə müqayisə edirdim. Uzun barmaqlarının toxunuşları anamdan görmədiyim nəvazişlərin əvəzini çıxırdı. Həmişə ana nəvazişini özümdən asılı olmadan özgə qadınlarda axtarmışam. Anam atamın vaxtsız ölümündən sonra evdə bütün kişi işlərinin nəzarətini üzərinə götürmüşdü. Toyuq başı kəsir, inəkləri otlaqdan evə gətirir, odun doğrayır və.s. kişi işləri adlandırdığımız işlərdən yapışırdı. Anamdan çox danışmaq istəmirəm... Qadının kalan zinyət əşyaları var idi. Qır-qızılı çox sevdiyini anlamaq çətin deyildi. Adi günlərdə belə evdə qır-qızıl taxırdı. Qulaqlarından heç vaxt çıxarmadığı sırğalar diqqətimi yaman çəkirdi. Yatanda da çıxarmazdı. Yəqin ki, sırğalar barədə xüsusi planım olduğuna görə onları niyə heç vaxt çıxarmadığını soruşmurdum. Çox bahalı sırğalara oxşayırdı. Yaxşı pula gedərdi. Saqqız oğurluğundan başqa heç bir oğurluq törətməyən mən iki bahalı sırğanı oğurlamaq sevdasına düşmüşdüm.
Günlərin bir günündə sırğaları oğurlamağa çox yaxınlaşdım. Qadın həmin gün çiməndə qəribədir ki, sırğaları çıxarıb qonaq otağındakı stolun üstünə qoymuşdu. Mən otaqdakı kresloda oturub sırğalara göz gəzdirirdim. İçimdəki yaxşı insan “oğurlama, qadın onsuz da səni hər şeylə təmin edir” deyib məni görəcəyim işdən yayındırırdı. Pis insan təhriklə məşğul idi. Xeyli müddət sırğalara baxdım. Nəhayət, ayağa qalxıb sığaları götürmək istəyəndə qadın zümzümə edə-edə hamamdan çıxdı. Tez yerimdə oturdum. O, qonaq otağına daxil olan kimi sırğaları taxdı. Mənə dodaqlarını büzüb göz vurandan sonra mətbəxə getdi. Ertəsi gün o, yuxudan tərs oyandı. Mənə bir-iki günlüyə evdən çıxıb getməli olduğumu bildirdi. Bir kəlmə də söyləmədim. Ayaqqabımın bağlarını bağlayanda yanıma gəlib paltomun cibinə nə qədərsə pul qoydu. Çıxdım.

Binanın blokundan çıxanda cibimdəki pulları çıxardım. Bir həftəni yola verə biləcək qədərdi.Düşdüm Murmanskın soyuq küçələrinə. Bu bir-iki gün ərzində harada gecələyəcəyimi düşünmürdüm. Cibdə yaxşı pul olanda bu cür problemlər yada düşmür. Qardaşlarımın yaşadığı kirayə evə getmək istəmirdim. Dalaşıb çıxmışdım axı. Qadının yalnız ev ünvanını bilirdim. Əlaqə saxlamağa telefonum yoxuydu. Əlimdən düşüb qırılmışdı. Bir tərəfdən bu hadisənin başıma gəldiyinə sevinirdim. Qardaşlarım məni tapa bilmirdi. Silsilə pivnoylar olan küçəyə üz tutdum. Soyuq havada qızına biləcəyim ən yaxşı yer pivnoydu.

Başımda fırlanan qarışıq fikirləri uzaqlaşdırıb içirdim. İçə-içə qadınla sevişdiyim anlar gözümün önündə canlanırdı. Yaşı qırxı ötsə də bu qədər baxımlı qadınla heç vaxt yatağa girməmişdim. İlk dəfə, həqiqətən, sevişdiyimi hiss edirdim. Yoxsa ki, kənd qızları ilə yarımçıq sekslər, rayonumuzdakı tanınmış fahişələrlə(əgər onları fahişə adlandırmaq olarsa) 3-5 dəqiqəlik aktlar...Nə isə. Getməyə yerimin olmadığını, onunla yenidən sevişmək istəyimi nəzərə alıb qadının evinə qayıtmaq fikrinə düşdüm. İndiyə tərsliyi keçər yəqin. İçdiyimin pulunu ödəyib pivnoydan çıxdım. Onun mənzilindən o qədər də uzaqlaşmamışdım. Qol saatıma baxdım. Evdən çıxdığım bir saat olardı. İçimdəki narahatlıq məni qadının evinə qayıtmaq fikrindən çəkindirmək istəyirdi.

Ömrüm boyu belə narahatlıqlara boyun əymişəm. Bu gün qərarımda qəti görünürdüm. Yeyin addımlarla binaya yaxınlaşdım.Binanın qarşısında dayandım. Üçüncü mərtəbənin pəncərəsinə göz atdım. Mətbəxin işığı yanır. Yəqin özünə yüngül nəsə hazırlayır. Bloka daxil olub pilləkənləri qalxmağa başladım. İçimdəki həyəcanı yenmək imkansız bir alqoritmin icrasına bənzəyirdi. Mənzilin qapısı yarı-açıq haldaydı. Qapıya toxunmadan içəri daldım. Paltomu soyunub qapının yanındakı asılqandan asdım. O, mətbəxdə saçını qurulayırdı. Əynində qara hamam xalatı varıydı. Məni görmürdü. Üzü pəncərəyə tərəf oturmuşdu. Görünmədən qonaq otağına keçdim. Otaqda əməlli-başlı süfrə açılmışdı. Bu süfrəni kiminçün açdığını düşünərək meyvəqabından bir salxım üzüm götürüb yedim. Süfrə arxasında yox, otağın kənarındakı kresloda yayxandım. Fenin səsi kəsildi. O hansısa köhnə bir rus mahnısını zümzümə edə-edə qonaq otağına daxil oldu. Məni görəndə elə bil başına qaynar su tökdülər.

- Sən burada nə gəzirsən? Demədim bir-iki gündən sonra gələrsən?
- Səninçün darıxdım. Özümü və səni intizarda saxlamaq istəmədim.
- “İndi o gələcək!” - deyə əsəbi halda və gözlərini bərəldərək dillənəndə mənzilin qapısı örtüldü. Ardınca kimsə mahnı oxuya-oxuya ayaqqabısını soyunurdu.

Qadının üzündəki ifadəni kimsənin üzündə görməmişdim. Bəlkə də uzun müddət kimsənin üzündə görməyəcəyəm. Gözlərinin bu qədər böyük olduğunu indi sezirdim. Ucaboy, yekəpər bir kişi şən halda qonaq otağına daxil oldu. Onunla birlikdə araq və konyak qoxusu da içəri girdi. Kişi məni görəndə yerində donub qaldı. Qadına tərəf baxmadan dedi:
- Bu kimdir?
Qadın üzündəki ifadəni itirməyə çalışaraq nəyisə izah etməyə çalışırdı:
- On prosta moy druq. Net neyçevo druqovo!
Mən vəziyyəti anlayıb ayağa qalxdım. Mübahisənin şiddətləndiyini görüb eyvana çıxdım. Qapıya tərəf getməyə başladım. Ayaqqabılarımı asta-asta geyinirdim ki, getdiyim hiss olunmasın. Birdən yekə bir əlin ağırlığını peysərimdə hiss elədim.
- Eyy. Mənə cavab ver, alçaq!

Kişinin ağır əli boynumun arxasına dəyib qalxırdı. Başımı qaldırmadan ayaqqabılarımı geyinməyə çalışırdım. Bu vəziyyətdən qurtula bilməyəcəyimi düşünürdüm. İstəmsizcə gözüm ayaqqabı rəfinin yanındakı boş pivə şüşələrinə sataşdı. Kişi boynumun arxasına yüngül zərbələr endirməyə davam edirdi. Qorxumun həddi izaholunmaz dərəcəyə qalxmışdı. Kişinin başını aşağı salıb üzümə baxmaq istədiyini hiss etdiyim vaxt qəfil hərəkətlə boş şüşələrdən birini onun başına çırpıb özümü qapıdan çölə atdım. Bloku necə düşdüyümü xatırlamıram. Pivə şüşəsinin çilikləri əlimi bir neçə yerdən kəsmişdi. Küçəyə çıxıb qaçmağa başladım...

Bu hadisədən iki gün keçirdi. Qardaşlarımın qaldığı kirayə evə dönmüşdüm. Dönüşüm heç isti qarşılanmadı. Sanki onlar mənim dönməyimi heç istəmirlərmiş. Burada heç rahat deyildim. Qardaşlarım səhərin gözü açılmamış Murmansk bazarlarından birinə gedir, alverə girişirdilər. Sağlıqlarına qismət, yaxşı pul qazanırdılar. Mən də evdən pul qazanmaq bəhanəsi ilə çıxmışdım. Cəmi bircə dəfə qardaşlarımın yanında anamla danışdım. Zəngin sonuna yaxın boş və mənasız, ana nigaranlığından doğan nəsihətləri eşitməmək üçün zəngi üzünə qapatdım. Gələn dəfə danışanda deyərəm set itmişdi. Onsuz da inanacaq. İndiki halda isə qadını görmək arzusu içimdə baş qaldıran ən ali arzuydu. Bu arzuma yenik düşüb heç kimə bir söz söyləmədən evdən çıxdım. Murmanskın soyuq havası heç cür sümüklərimə düşmürdü. Avtobusdan düşüb qadının mənzilinin yerləşdiyi ərazidəki marketə girdim. Xoşagəlməz hadisədən iki gün keçir, yəqin indiyə mənimçün darıxar və məni bağışlayar. Onun verdiyi pula pivə və donuz salası alıb evinə getmək fikrim var idi. Pivələri və salanı götürüb kassaya gedən yolda qadının evindəki yekəpər adamla üz-üzə gəldim. Kassa növbəsindəki ən axırıncı adam o idi. Xoşbəxtlikdən məni tanımadı. Yəqin içkinin təsirindəndir. Pivələri və salanı aldıqdan sonra dərhal yekəpərin arxasınca çıxdım. Onun hara getdiyini izləyirdim. Mənzilin əks istiqamətində harasa yoxa çıxdı. Binaya daxil oldum. 3-cü mərtəbədə sol tərəfdə yerləşən mənzil qapısını döydüm. Bir neçə dəqiqədən sonra qadın qapını açdı.

- Keç!
İçəri keçdim. Eyni hərəkətlərlə paltomu soyunub asdım. Onun ardınca qonaq otağına keçdim. Aldıqlarımı stolun üstünə qoyub sözə başladım:
- Necəsən?
- Pis deyiləm. O günkü hərəkətin hələ də yadımdan çıxmayıb. Saşkanın başı da çox pis yarılmışdı. Vay! Sənin əllərin də kəsilibmiş ki... Sən nə imişsən. Demişdim axı iki gündən sonra gəl...
- O sənin ərindir?
- İdi. Biz onunla ayrılmışıq. Hərdən mənə baş çəkir. Onun bizi görməsi heç yaxşı olmadı.
- Siz onsuz da ayrılmısız. Nə fərqi var?
- Sən gəncsən, elə şeylər var ki, başa düşmürsən. Mənim yaşıma çatanda özün hər şeyi çox gözəl anlayacaqsan. Özünə Murmanskda orta yaşlı, gözəl, baxımlı bir xanım tapmısan. İsti mənzildə heç bir şey düşünmədən yaşayırsan. Mənim sonrakı taleyim sənin heç vecinə də deyil. İnsanın insana belə laqeyd yanaşması məni öldürür, anlayırsan? Sənin yurdunda, bəlkə də, səni gözləyən sevgilin ya nişanlın, anan, ailən var. Sonunda ora dönəcəksən. Mənim istəklərim, arzularım, həyat ehtirasımı nəzərə almırsan. Belə yaşamaq mümkün deyil...

Mən heç bir söz deyə bilmədim. Eləcə yerimdə qızarıb qaldım. Başımı döşəməyə dikdim ki, onun baxışlarını görməyim. İyirmi bir yaşıma gəlmişəm, kimsə mənə bu cür səmimi sözlər deməyib. Kimsə mənimlə həyatın qaranlıq tərəfi barəsində söhbət açmayıb. Bəzən məhlə uşaqlarımızla həyat barəsində ciddi nəsə danışmaq istəyəndə belə onlardan biri “ə beş günlük dünyadı, yaşa getsin e” deyib söhbətin içinə zibil qoyardı. Qadın pəcərənin yanına getdi. Küçəyə baxırdı. Yan tərəfdən ona göz qoyanda gözlərindən yaş axdığını gördüm. Ürəyim kabab oldu. Ona arxadan yanaşıb qucaqlamaq istəyəndə məni itələdi.

- Çıx get! Daha səni görmək istəmirəm...

Lal-dinməz eyvana çıxdım. Bu evdə son görə biləcəyim işi – ayaqyoluna girib təbii ehtiyacımı – ödədim. Ayaqyolundan çıxanda onu, əllərində mənim paltom, qapının astanasında gördüm. Qapıya yaxınlaşıb nimdaş çəkmələrimi ayaqlarıma keçirdim. Paltomu əlindən alıb geyindim. Qapıdan çıxmaq istəyəndə o, boynuma sarıldı, məni möhkəm qucaqlayıb üzümdən öpdü.

Çıxdım... Magistral yolun kənarıyla addımlayarkən düşüncələr içində boğulurdum. Havanın soyuğu da nəfəs kəsirdi. Əllərimi paltomun cibinə salanda nəsə dınqıldadı...

Qatardayam. Sırğaların hesabına özümə bilet alıb vətənə yola düşürəm. Sırğaları düşündüyümdən də yaxşı qiymətə satdım. Biletdən əlavə bir xeyli pul da qaldı. Anam evə pulla döndüyümü görüb sevinər. Nişanlıma da Bakıdan bahalı ətir alaram. Plaskart vaqon otağında kimsə yoxdur...

# 3126 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #