Bəxtsiz padşahın nağılı - Mübariz Örən

Mübariz Örən

Mübariz Örən

21 noyabr 2022
# 18:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Mübariz Örənin "Bəxtsiz padşahın nağılı" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Badi-badi giriftar,

Belə nəql edirlər ki, bineyi-qədimdə ya Məşriqdə, ya Məğribdə gözdən-qulaqdan uzaq sakit bir məmləkət olub. Allah-taala dünyada nə var-dövlət, nə nazı-nemət var, o məmləkətə artıqlamasilə veribmiş: təbiətinə çatan təbiət, gözəlliyinə çatan gözəllik yox imiş. Torpaqları o qədər bərəkətli imiş ki, altı-üstü qızılmış. Hara bir çürük dən atsan, göyərib yeddi günə yeddi qarış olurmuş. Əmin-amanlıqda isə o məmləkətin tayı-bərabəri yoxmuş. Düz-dünya alışıb yana, onların torpaqlarına bir “çırt” belə düşməzmiş. Yer üzünün külli-çapqın-çapovulçuları cəm olub üstlərinə gələ, yel olub yanlarından ötə bilməzmiş. Çünki padşahları ağıllı padşahmış, – bəlkə də kral olub, bilmirik; ölkə necə idarə olunub, nə üsuli-idarəymiş, deyilmir, – eləsini gündüz əliçıraqlı, gecə gözübağlı axtarsan tapa bilməzmişsən. Başqa məmləkətlərin nökər-nayibləri, əmir-əyanları paxıllıqdan ölürmüş, qarınlarına qurd dolurmuş ki, bizim niyə belə ağıllı padşahımız yoxdu.

Ağıllı olduğu qədər də mərhəmətli padşahmış padşah. Təbəələrinin üstündə yarpız yarpağı kimi əsərmiş. Birinin ayağına bir daş dəyə, ya iynə ucu qədər tikan bata, inan, həmən gecəni ürəyinin ağrısından yata bilməzmiş. Gecə-gündüz çalışarmış ki, təbəələri xoş gün görsün, iş-gücləri yeyib-içmək, deyib-gülmək, çalıb-oynamaq olsun. Di gəl, neynirsən, yazığın əlinin duzu yox imiş. O qədər qayğının qabağında rəiyyətin üzü gülmürmüş ki gülmürmüş. Oturub-durub şikayətlənirmişlər ki, bu nə yaşayışdı, bu nə həyatdı, bu nə gün-saatdı, darıxırıq. Əvvəl-əvvəl o hala fikir verən olmasa da, – deyirmişlər, darıxmaqdı, keçər, – sürünüb-sarınıb bütün məmləkəti cənginə alır; uşaqdan-böyüyə hamı darıxmağa başlayır. Hər şeyin dadı-duzu qaçır, heç kimin heç nəyə həvəsi olmur. “Bu işlərin axırı nə olacaq?” – deyib, orda-burda əsnəşirlər. “Eyni şey, eyni şey, nə qədər olar, ay Allah!” – deyib, bir-birlərinin üzünə baxırlar. Padşah nə qədər ağıllı padşah olsa da, o təhribilinməz dərdə çarə tapa bilmir; çünki nə istədiyini xalq özü bilmirmiş.

Odur ki, padşahın adı qalır Bəxtsiz padşah.

Bir o var ki, xalq özü də hədsiz dərəcədə şahsevən xalq imiş. Dünyasında padşahın bir sözünü iki, iki sözünü bir eləməzmişlər. Razı olmazmışlar ki, hansısa ölkənin padşahı gəlib bunların padşahından üstün olsun, – taxtı-tac olsun, ya şahi-libas, xəzinə, hərəm... heç nədə! İnan, həmən saat dünyanı dağıdarmışlar. Yer üzündə Bəxtsiz padşahın sarayına çatan ikinci bir saray ola bilməzmiş; bir sarayın ki kərpicləri qızıldan, sütunları gümüşdən ola, – o məmləkətdə gümüş qızıldan bahaymış, – başı buluddan, ayağı dəryadan nəm çəkə! Bəli, elə təəssübkeş, şah qədri bilən xalq imiş xalq. Di gəl, bircə o sarsaqqulu darıxmaqları ilə – elə darıxmağın başqa adı yoxdu – gördükləri işin, etdikləri yaxşılığın maliyətini bir qara qəpiklik edib qoyurmuşlar ora. Özləri də pis olurmuş, padşahı da peşman edirmişlər ki, bir darıxmaq nə olan şeydi ki, onun əlində əsir-yesir qalıblar. Hər səhər yuxudan duranda özlərinə söz verirmişlər ki, daha darıxdı yoxdu. Gün əyilib axşam olan kimi başlayırmışlar yenə arsız-arsız darıxmağa. Getdikləri yerdə, oturduqları yerdə, qol açıb oynadıqları yerdə, ağızlarına loxma apardıqları yerdə... darıxırmışlar.

Ağız-ağıza verib əsnəşməkdən çənələri əyri bitibmiş.

Bir gün iş gəlib o yerə çatıb ki, məmləkətdə doğulan uşaq anadangəlmə ağzıəyri olub. Bəxtsiz bu işdən lap qorxuya düşüb, yeddi gün-yeddi gecə yatmayıb, sonra yeddi gün-yeddi gecə yatıb, amma nə əyanda, nə vəyğada o avaragor dərdə çarə tapa bilməyib. Çox düşünüb, çox daşınıb, axırda qərara gəlib ki, sarayın bir qoşun vəzir-vüzərası, əmir-əyanı var, illərdi xəzinədən havayı pullar alırlar, iş-gücləri ortalıqda bekarçılıqdan it döyməkdi, çağırım, ağızlarını arayım, bəlkə birinin dilindən bir düz-əməlli söz çıxdı.

Bəxtsiz padşah əvvəl baş vəziri yanına çağırıb. Çağırıb deyəndə, baş vəzir elə oralardaymış. Padşah gözünü açandan onu qara pıspısa kimi taxtın bir küncündə pısıdıb yatan görübmüş. Özgə vaxt ona baş qoşan olmasa da, sarayın daşlaşmış qanunlarına görə, ölkənin dar günündə padşah əvvəl baş vəzirlə məsləhətləşməli, onun fikrini öyrənməli, sonra başqalarına söz verməli imiş; nə qədər olmasa da, baş vəzir baş vəzir imiş, sarayın təxti-mizanını, çərxi-nizamını ondan yaxşı bilən yox imiş. Üstəlik o, padşahın atasının, atasının atasının (bəlkə ondan da qabaqkıların) Müqəddəs üzüktaxma-tacqoyma mərasimlərinin sağ qalan yeganə iştirakçısı, o ayinlərin tək və əvəzolunmaz icraçısı imiş, – deyilənə görə, ölkəni 789 il eyni sülalə idarə edib, taxt-tac babadan ataya, atadan oğula, ondan da obirilərinə keçib; ölüm ayağında qoca padşah taxt-tac rəmzi sayılan yaqut üzüyü kimin barmağına taxsa, o da növbəti padşah olub.

Baş vəzirin yaşı o yaş imiş ki, dünya-aləm büzüşmüşünə deyilmiş. Allahdan aşağı dünyada heç kəsdən, hətta padşahın özündən belə qorxmurmuş; ağlına gələni ordaca dilinə gətirərmiş. İnsafən heç padşah da onun sözünün başına çatı salmazmış. Odur ki, şah hüzurunda baş əyib yer öpməyi də özünə borc bilməyib, – əslində zaman özü onu əyib-büküb çoxdan ikiqat eləyibmiş, – öskürüb birbaşa mətləbə keçib. “Padşah sağ olsun, – deyib, – bu gün burda ətimi kəssən də, dərimə saman təpdirsən də, dediyimi deyəcəm. Ölkəni bu günə qoyan sən oldun! Bu saray heç vaxt belə başsızlıq görməmişdi. Rəiyyətlə belə davranmaq olmaz, Qibleyi-aləm. Bu qoyun sürüsünü mənnən yaxşı tanıyan yoxdu. Bular yaxşılıq-zad bilən deyillər. Bularınkı odu, qoyasan gün-axşaamacan torpaqnan, gərmə-kəsəknən əlləşib özlərinə beş qara qəpik çörəkpulu qazanalar. Allahın nəzir-niyazını, padşahın bac-xəracını verib başlarını birtəhər dolandıralar. Harda görünüb ki, rəiyyət darıxsın? Rəiyyətin də darıxmağa vaxtı olar? Hamısı bekarçılıq əlamətidi, Qibleyi-aləm! Pis öyrətmisən buları. Qudurtmusan! Gör indi bular nə qədər harınlayıblar ki, sarayı karvansara qapısına döndəriblər. İstədikləri vaxt girirlər, içtədikləri vaxt çıxırlar... Hər sözü də demək olmur, Qibleyi-aləm... – bu yerdə baş vəzirin onsuz da qısıq səsi bir az da çuxura düşüb. – Hərəmxananı quşxanaya döndəriblər. Marçıltıdan, lırçıltıdan sarayda oturmaq olmur, Qibleyi-aləə-əm!..”

Bu sözləri bir başqası desəydi, padşah əmr verib ordaca o adamın boynunu vurdurardı. Amma baş vəzirin cığıltılı səsi, ya milçək dızıltısı, padşah üçün eyni şeymiş. Odur ki, heç nə deməyib, qapı arxasında əmrə müntəzir vəzir-vüzaranı içəri çağırtdırıb.

Şah dərgahında baş əyib yer öpən, onun şəninə təriflər yağdırıb. Başqa vaxt xoş sözdən xoşallanan padşah bu dəfə bərk əsəbləşib; hiss elətdirib ki, tərifin də, vəsfin də, məddahlığın da yeri, vaxtı, təhri var. Boş danışıqları yığışdırıb nəsə bir iş görmək lazımdı.

Çox adam çox söz desə də, ilk ağlabatan təklif Zurnaçıoğlu adlı gənc vəkildən gəlib. Daha doğrusu ideya; çünki Bəxtsiz həmişə bir sözə qulaq asar, onun tam əksini edərmiş. Vəkilin deməyindən belə çıxıb ki, xalqı ruh düşkünlüyünə salan intizarlı mahnılar, qəmli-kədərli şeirlərdir. Ölkədə nə qədər dərin mənalı şeir yazan şair, ağlamalı mahnılar, mərsiyələr oxuyan müğənni var, hamısı tutulub zindana salınmalıdır. Ölümdən, ümidsizlikdən bəhs edən kitablar yandırılmalı, daşa dəymiş məhəbbətdən yazılan şeirlərə qadağa qoyulmalıdır.

Təklif padşahın sinəsinə sarı yağ kimi yayılsa da, özünü o yerə qoymur, məmnunluğunu əsla büruzə verdirmir, əksinə, üz-gözünü turşudaraq guya hədsiz dərəcədə məyus olur və heç kimin gözləmədiyi halda əlindəki sümüyü – bu yerdə oxucu qaşlarını çatıb sual verə bilər ki, niyə sümüyü? – hirslə vəkilin sifətinə çırpır.

Vəkil də o vəkil olsun ki, Avropada – bəlkə də Misirdə, Çində – təhsil alıb, külli-elmin açarları cibində vətənə yenicə qayıdıbmış. Siyasət, təbabət, təbiət elmlərini beş barmağının beşi kimi, ərəb, çin, firəng dillərini öz anasının dili kimi bilirmiş. Özü də o qədər yaraşıqlı, boylu-buxunlu imiş ki, içi parşahın başdanxarab qızı qarışıq, ölkənin bütün qız-gəlini onun dərdindən dəliymiş. (Hələ qız-gəlin bir yana, deyir, guya bəzi bığıburma kişilər belə onunla üzbəüz gəlməkdən çəkinirmişlər ki, gədənin üzündə zənən gözəlliyi var). Oxuyub vətənə dönəndən sonra Bəxtsizin onu saraya çəkib birbaşa vəkil eləməsi rəiyyət arasında dedi-qoduya səbəb olubmuş; deyirmişlər, zurnaçı oğlu kimdi ki, aparıb onu sarayın yuxarı başında əyləşdirib (əslində vəkil zurnaçı oğlu deyildi, sələmçi oğluydu; atası sələmçiliyə zurnaçılıqdan gəlibmiş deyə və dədə-babadan zurnaçılar nəsli olubmuşlar deyə hamı onları Zurnaçıoğlu çağırırmış). (Onu da deyək ki, atasının zurnaçılıqdan sələmçiliyə keçməkdə, pul yığıb oğlunu Avropada – bəlkə də Misirdə, Çində – oxutdurmaqda məqsədi “zurnaçı” ləkəsini üstlərindən götürtmək imiş). Yəqin, deyirmişlər, padşahın fikri öz çəyirtkəvücüd qızını vəkilə verib, – padşahın züryət adına aman-zaman bircə qızı varmış, – gələcəkdə onu taxt-tac sahibi eləməkdi. O səbəbdən padşahın yaxın ətrafı, ən çox da padşahlığa varisliyi çatan qardaşuşaqları Zurnaçıoğlunu özlərinin bir nömrəli düşməni sayırmışlar. “Hardan gəldi bu şeyinnənyarıyan düşdü qabağa” – deyib, hər fürsətdə onu padşahın gözündən salmağa çalışırmışlar. Halbuki yazıq vəkilin padşahın sinətaxta-simqılça qızında heç gözü də yoxmuş və nə vaxtsa padşah olmaq fikri onun ağlının ucundan belə keçmirmiş.

Əslinə qalsa, heç kim istəmirmiş ki, o gözəlliyində oğlan gedib suyumsuz-sərəyin birinə qismət olsun, öz sevimli padşahlarının bircə balası olsa belə! Bu münasibət Bəxtsizi əməlli-başlı pərt eləyibmiş. Padşaha yer eləyən oymuş ki, elədiyi yaxşılıqların qabağında camaat vəkili ondan daha çox istəməyə başlayıbmış. Hər halda padşaha çatan söz-söhbətlərdən belə görünürmüş. Kimlərsə – məlum məsələdi kimlər – gedib-gəlib padşahın qulağını doldururmuş ki, o zənənsifət gədədən ehtiyyatlı olsun, camaatın yanında hörməti günü-gündən artır. Padşah hər sözə qulaq asan padşah olmasa da, hər halda, o da insanmış, onun da öz təbi-təbiəti, xuyu-xasiyyəti varmış. Bir belə, beş belə, axır bir gün öz içində özünə də yad gələn bir hiss körüklənib alışıb, – nəyi, nəyi, xalqın məhəbbətini o, heç kimlə bölüşən deyilmiş! – çox götür-qoydan sonra qərara gəlib ki, vəkilin dalından o söz!
Amma vəkili hamı kimi, adi qaydada saraydan qovmaq olmazmış; onun başından bircə tük əksik olsa, heç kim yox, elə arvadlar özləri – biri onun başdanxarab qızı (hələ hərəmxana quşbeyinlərini demirik) – şah sarayını aşırıb böyrü üstə qoyarmışlar. Elə bir əsas olmalıymış ki, xalq özü padşahın qərarına əhsən desin. Odur ki, padşah oturub səbrlə gözləyirmiş. Gözləyirmiş ki, Zurnaçıoğlu bir gün öz xoşuyla gəlib buynuzunu onun çomağına sürtəcək. Elə ki o, şairləri, musiqiçiləri ölkədə bədbinlik toxumu səpməkdə günahlandırır, padşahın əlinə çoxdan gözlədiyi girəvə düşür. Sadə xalqın içindən çıxan sənətçilərin şərlənməsinə padşah guya dözmür, Zurnaçıoğlunun bu böhtançılığını qınından çıxıb qınını bəyənməmək, ən pisi isə, dədə-babaların daşş...laşmış adət-ənənələrinə dil uzatmaq kimi qiymətləndirir və belə olanda ordaca əmrini verir: “Zindana atın!”. Ona deyiləndə ki, məmləkətdə bircə dənə də olsun zindan yoxdu, – padşah həddən artıq humanist, insansevər padşah imiş, – bərk dilxor olur, çarəsiz qalıb zindan cəzasını edamla əvəz edir.

Padşahın ürək ağrısı ilə verdiyi o bədahət qərar ölkədə görünməmiş ruh yüksəkliyinə səbəb olur! Gözlərində işıq, başlarında dəyişiklik eşqi ölkənin dörd tərəfindən qala qapılarına axışan insanların ucu-bucağı, sonu-sonrası görünmür. Bu “gəlhagəldən” başını itirən padşah, bir tərəfdən, daşqın sel kimi cənginə keçəni silib-süpürtləyən başsız kütlənin qarşısında duruş gətirə bilməyəcəyindən qorxur, – illərdi izdiham görməyən şəhərin baş meydanı hava ağarar-ağarmaz nəhəng insan burulğanına çevrilibmiş! – digər tərəfdən isə, xalqı dəhşətli ruh düşkünlüyündən, üzücü darıxqanlıq əzabından qurtaracaq yolun, nəhayət ki, göründüyünə sevinir. Otağına çəkilib zırın-zırın ağlayır, dizinə-başına döyür ki, neçə illərdi bu milləti xoşbəxt görmək istədim, qarınlarının dərdi nədi, bilmədim. Mənim dilbilməzliyim üzündən bu zavallıların üzü bir yol gülmədi. “Gör indi iş nə yerə çatıb ki, günahının nə olduğu bilinməyən birinin edamı bunları sevindirir.” – Padşah bu yerdə barmağını dişləyir: hamam hamam içində!

Tonqallar qalanır, təbillər çalınır, carçılar car çəkib camaatı küçə-meydanlara tökür. Hər yerdə toy-büsat, çal-çağır, ye-iç, de-gül!.. Rəqqasələr göbək rəqsləri ilə, müsiqiçilər şən-nəşəli mahnıları ilə, kəndirbazlar, sehrbazlar, hoqqabazlar... hərə bir yolla camaatı əyləndirir, öz bozaraq həyatlarını az da olsa özlərinə unutdurur.

Şairlər haqda padşah ayrıca fərman imzalayır: ölkə şairlər ölkəsi elan edilir. Hər kənddə, qəsəbədə şairlər evinin filialları açılır, hər qafiyə qoşana şairlik vəsiqəsi verilir, çəkidə ağır, vəzndə yüngül şairlərdən sarayın Ali Məşvərət şurasına üzvlər seçilir, “Həftə səkkiz, mən doqquz” poeziya axşamları,
gecələri, günləri keçirilir...

Bir müddət camaatın başı belə qarışır, çox keçmir, toy-büsat da, şeiriyyat da açılıb gedir öz işinə. Əyləncə daha heç kimi maraqlandırmır, əksinə, bezdirir, yorur. Özlərindən asılı olmayaraq başlayırlar yenə darıxmağa. Ufuldaşıb orda-burda tək-tək darıxsalar da, səslərini çıxarmağa qorxurlar ki, birdən gedər Bəxtsizin qulağına çatar, yazığın qanı yenə qaralar. Amma darıxmaq quş deyil ki, tutub salasan qəfəsə. Halları gün-gündən pisləşir, gen dünya başlarına dar gəlir, nəfəsləri daralır... və söhbət gedir çıxır yenə padşaha.

Bu xəbərdən Bəxtsizin başına qaynar su tökülür, təbəələrinin günü-gündən pisləşən əhvalını düzəldə bilməməsi – və o pisləşmənin nədənini tapa bilməməsi – onu tamam hövsələdən çıxarır. Baş vəzirdən tutmuş baş vəzəri satanacan bu dəfə hamını yığır saraya. Əsir, coşur, çığırır... yalvarır-yaxarır, acizanə xahiş edir ki, nə yolla olur olsun bu işə bir çarə qılın, amanın bir günüdü! Amma o məlum-məşum hadisədən sonra – Zurnaçıoğlunun nahaq edamı heç kəsin yadından çıxmayıbmış – heç kim özünü ağıllı göstərmək istəmir. Əksinə, qəstən dəxlisiz təkliflər irəli sürürlər ki, padşahın ağlına bir şey batmasın.

Eşikağasının ölkə sularında köpəkbalığı ovuna qadağa təklifinə hamının gülməyi tutur (bilə-bilə ki, ölkədə köpəkbalığının üzə biləcəyi bircə dəniz, dərya belə yoxdu, Eşikağası o təklifi həyasızcasına dilinə gətiribmiş). Meşələrbəyinin qanunsuz göbələk yığımına görə aylıq qazancın əlli misli civarında cərimə təklifinə və Əmiraxurbaşının icazəsiz at cütləşdirməyə görə at yiyəsinin axtalanması təklifinə padşahqarışıq hamı şaqqanaq çəkib gülür. Ən səfeh təklif Qızlarağasından gəlir və heç kimin gözləmədiyi halda padşahın qaşları çatılır. Saraydakıların canına qorxu düşür ki, yazıq Qızlarağası, ömrü boyu ağzını açıb bircə kəlmə danışan deyildi, nə oldu birdən-birə ki, dillənib başını bəlaya saldı.

Sən demə, adam yerinə qoyulub şah dərgahına çağırılmağı Qızlarağasını elə xoşbəxt edibmiş ki, fikri ala dağda çəmən çiçəklərindən çələng hörürmüş: dörd tərəf yaşıllıq, kəpənəklər, quşlar... Elə ki, padşah ona qəfil söz verib, yazığın nitqi tutulub, bilməyib nə desin. Deyib: “Qibleyi-aləm, təklif edirəm, quşlar haqda da bir fərman imzalayaq!”. “İmzalayaq” ha öz də! Hamı bu sözə qəşş eləyib gülüb. Padşah da qoşulub olara, gülüb, gülüb, gülüb, birdən yadına baş vəzirin “hərəmxana-quşxana” söhbəti düşüb, – yaman şeyyaddasaxlayan padşahmış padşah, – elə bilib, axta Qızlarağası onunla məzələnir. “Nə quş?!” – padşahın birdən beyni çönüb. “Bazar meydanında asın!” – ordaca əmrini verib! Hirsli başla çıxardığı cəzanın ağır olduğunu hiss edəndə: “Burulmuşundan!” – deyə, əlavə edib, camaatın gözü qarşısında baş tutacaq o “əyləncəni” təsəvvüründə canlandıraraq bığaltı qımışıb da.

Qızlarağasına vəkilin acı aqibətini yaşadacağından qorxan saray əhli işin belə yüngül qurtardığına sevinib. Sevimli padşahlarının hazırqərarlığına heyran qalıblar ki, xədim Qızlarağası üçün onsuz da o “şey” hissiz-sinirsiz çıxıntıdı, dartılıb bir az ağrıdacaq, əvəzində öz başı salamat qalacaq, camaat isə o ki var əylənəcək. Həm də, padşahın qırımından belə görünürmüş ki, xədimə sən deyən işgəncə vermək fikri yoxdu, bir az bəyirdib-çığırdıb buraxacaq.

Nə o olur, nə bu!

Həmin gün bazar meydanında insan əlindən tərpənmək mümkün olmasa da, hökmün icrasına saatlar qalmış xəbər çıxır ki, bəs, camaatın gözü qarşısında lütlənəcəyini özünə sığışdırmayan qızlarağası gecəynən özünü asıb öldürüb.

Bu xəbər padşaha çox pis təsir edir. Xədimin ölümündə özünü günahkar sayır. Qaranlıq otağına çəkilib yeddi gün-yeddi gecə ac-susuz qalır, yanına heç kəsi buraxmır, nəhayət səkkizinci gün şairləri, musiqiçiləri yanına çağırıb acizanə xahiş edir ki, uçan quşlar haqda dünyanın ən kədərli mahnısını qoşsunlar, – deyilənə görə o mahnılardan biri günümüzəcən gəlib çatıb, – memarları çağırıb yalvarır ki, şəhərin ən hündür yerində “Qanadı sınmış quş” abidəsi ucaltsınlar.

Bununla da padşahın ürəyi soyumur, işıldaböcəkdən tutmuş dəvəquşunacan uçan-qaçan nə qanadlı var, hamısının ovuna qadağa qoyur, adlarını o vaxtın qırmızı üzlü kitabına saldırır. Yerdən qurtarır, keçir göyə: “Uçan boşqab”ların ölkə torpaqlarına gediş-gəlişləri haqda cahanşümul fərman imzalayır. Ölkə ərazisində nəhəng dairəvi meydanların – “UBodrom”ların tikintisinə başlanılır. Aydan gələnlər üçün ayrı, yaxın ulduzlardan, yad planetlərdən gələnlər üçün ayrı qonma-qopma zolaqlarının təməli qoyulur. Ölkənin yarıdan çox ərazisi düzlənib yerlə bir edilir: meşələr qırılır, bağçalar, bağlar kəsilir, çaylar, gölməçələr qurudulur... Əli bel, balta tutan hər kəs iş-gücünü atıb o yelsovuran işdə can çürüdür. Zolaqlar tikilib, son tamamlama işləri görüləndə, nağıldan keçək hekayəyə, hansısa usta (bəli, usta; görünür, o vaxtın ustaları da indikilər kimi işdən iş çıxaran, işdən iş tutan olub) qayıdasan ki, bəs mayak?! Soruşurlar, nə mayak?! Deyir, bəs “boşqablı” qonaqlara yolu kim göstərəcək, mən?! “Mayak lazımdı, özü də güzgülüsündən!” – şuğulunu padşahın gözləri önündə saat kəfkiri kimi gəzdirir: “Məndən demək, özünüz bilin, gəlməyəcəklər!”. Bu söz padşahı tutur. Fikirləşir ki, düz deyir, mayaksız bu iş əməl yeyənə oxşamır. Həm də, deyir, onsuz da neçə illərdi rəiyyətə elədiklərimin, gözlərindən gəlsin, bir çürük qozcan qiyməti yoxdu. Ondansa, qoy elə bir qalıcı iş görüm ki, İsgəndər Zülqərneyn kimi adım tarixə düşsün!

Dünyada nə ki daş ustası, memar var padşah yığır saraya. Xəzinənin ağzını açıb tökür qabaqlarına, deyir, mənə elə bir “Güzgülü mayak” tikin ki, İskəndəriyyə mayakı bunun yanında işıq dirəyinə oxşasın (oxucunun heyrət dolu gözləri sətirlərin o üzündən ağarır; heç olmasa “yel dəyirmanı”, “gözətçi qülləsi” deyəydi, o vaxt işıq vardı?!”).

Təpələr düzlənir, düzlər təpələnir, bünövrə qazılıb, qüllənin təməli qoyulanda, kimsə yerindən qalxır ki, (görünür, hər addımbaşı özünü gözə soxmaq istəyənlər o vaxt da olub) bəs, Qibleyi-aləm, bu necə “Güzgülü mayak” olacaq ki, ölkədə bircə qırıq güzgü belə yoxdu. “Necə yəni yoxdu?!” – padşah əlindəki qızıl əsanı hirslə yerə vurur, amma tez də özünü yığışdırır ki, deyəsən, özümü ələ verdim axı; məsələ burasındadı ki, padşahın hansısa padşah babası nə vaxtsa güzgüyə qadağa qoymuşdu (və o qadağa hələ də qüvvədəydi), ancaq özü o qanunu xəlvətdə pozurdu. Əndərunda – heç kimin nəfəsi belə dəyməyən içəri otağında qədimdənqalma bir güzgüsü vardı, hər darıxanda, hər padşahlıqdan bezəndə, özüylə təkbətək qalmaq istəyəndə o otağa çəkilər, döşəyin altında gizlətdiyi sehirli şüşəni çıxarıb baxardı. Baxdıqca yorğunluğu canından çıxar, hövsələsi genələr, dərdi-səri azalardı. Amma padşah o sözü deyəndə – “Necə yəni yoxdu?!” – bir tərəfdən hövllənsə də, digər tərəfdən bədənindən xoş bir gizilti keçir: “Ey dadi-bidad, güzgü!”. “Adamları darıxırqanlıq girdabına atan bəlkə güzgüsüzlükdü?!”. “Əlbəttə, güzgüsüzlük!” – öz kəşfindən özü də xoşallanır. Amma o an bir acı reallığı da dərk edir (və bütün bədənini soyuq tər basır) ki, babasının verdiyi o mübarək qadağanı ləğv edə bilməyəcək; əvvəla o qanun çıxanda padşahın həyatda heç izi-tozu da yox idi, fərmanın hansı səbəbdən – yaxud zərurətdən! – verildiyini bilmirdi, ikincisi isə, şah fərmanı oyun-oyuncaq deyildi ki, hər gələn onu geri oxusun!

Bəxtsiz padşah həyatında bəlkə də ilk dəfə doğulduğu günə lənət oxuyur. Taxtını-paytaxtını söyür ki, niyə axı padşah doğulurdum! Amma işi dayandırmağa da qoymur: “Siz başlayın, mən bir şey fikirləşərəm. Lazım gəlsə güzgü yerinə daş-qaş işlədərik”.

Ölkədə daş qalmır, divar qalmır, ağac, dəmir... – hamısını tikinti “happ” eləyib udur. Qüllə tikilib yarıya çatmamış, baxırlar ki, həmişə daş-qaşla, ləl-cəvahiratla təpili-tıxalı xəzinədə dişə vurulası bir qara qəpik yoxdu; hamısı daşa-quma xərclənib. Camaatın əli işdən soyuyur, min bir həvəslə, əziyyətlə başladıqları iş gözlərindən düşür, dağılıb tədricən özü boyda xarabazara çevrilir. Öz güzaranları isə günü-gündən pisləşir. Elə ac, möhtac günlərə düşürlər ki, oturub indi də əvvəlki darıxmaqlarından ötrü darıxırlar. Yazıq padşah: “O gözəlliyində məmləkəti bir quşun güdazına verdim” – deyib, gecə-gündüz vaysınır. Keçmiş qayğısız günlərinin xiffətini çəkir.

O qayğısız günləri Bəxtsiz bir də harda görə bilərdi? – əlbəttə yuxuda! Bir gün hardansa qarabəxt vəkil də gəlir girir padşahın yuxusuna. Amma yaxşı girir: ağ uzun libasda, sakit, gülərüz... Səhərisi gözəl bir gün çıxıbmış, bir quş da uçub qonubmuş sarayın açıq şüşəbəndinə, şirin-şirin ötürmüş. Quş adı gələndə padşahın başı ağrısa da, – məlum məsələdi niyə, – cəh-cəhdən içi təzələnir, kefi durulur, vəkilin nahaq edamından sonra neçə ilmiş qızıyla kəlmə kəsmirmiş, çağırır yanına, dindirib könlünü alır və qız ürəklənib elə bir sirrin üstün açır ki!..

Sən demə – xəlbir saman içində!

Həmən o məşum edam günü ərəfəsi kimlərləsə əlbir olan şah qızı – çünki o ağılla o işi təkbaşına görə bilməzdi – dərdindən dəli olduğu Zurnaçıoğlunu gecəynən ölkədən çıxarıb hansısa uzaq adada gizlədibmiş. Başına torba salınıb camaatın gözü qarşısında asılan isə hansı binəvaymış, bir Allah bilir.

Padşah əvvəl qulaqlarına inanmır, deyilənlərin həqiqət olduğunu biləndə isə sevindiyindən sarayın qırxqapı dəhlizində qabağına keçəni tutub öpür, dəvə boyda qızını – əslində yaşda yekəymiş, özü çəyirtkənin biriymiş – dalına alıb divanxana əsgərlərinin qabağında dövrə vurur, başının şahlıq tacını çıxarıb qapı gözətçisinin başına qoyur, sağ tərəfin vəziri ilə sol tərəf vəzirini güləşdirir...

Deyir, o vaxtacan Bəxtsizi elə xoşbəxt görən olmayıbmış. Xoşbəxtliyə səbəb təkcə vəkilin sağ qalması xəbəri deyilmiş, yox, – hərçənd o işin də öz təsiri olub, – əsas məsələ qızının gördüyü iş, tökdüyü tədbir, işlətdiyi fənd imiş, bəli!

Qızının ağıllandığını görən padşah tezliklə xalqı meydana yığıb ölkənin yeni padşahını elan edir! Baş vəzir Müqəddəs üzüktaxma-tacqoyma ayinini böyük şövq, təntənə və ustalıqla yerinə yetirir: yeddi sirli dua, yeddi anlaşılmaz nəğmələr oxuyaraq taxt-tac rəmzi sayılan yaqut üzüyü şah qızının barmağına taxır. Hər kəs bu işdən duyğulanır; gözləri önündə çəlimsiz, səyala bir qızın birdən-birə necə böyüdüyünün, başqalaşdığının – padşahlaşdığının şahidi olurlar. Amma şah qızının ölkəni idarə edə bilib-bilməyəcəyinə hələ də inamları yoxmuş. Odur ki, canı-dildən sevinə bilmirmişlər. Gözləyirmişlər ki, hardadısa, Zurnaçıoğlu ortaya çıxsın, şah qızının yanında olduğunu gözləri görsün, yelkənləri yığılsın.

Meydanda itələşmə düşür. Yuxarıda – şah məqamında Zurnaçıoğlu peyda olur. Baş əyib əvvəl yuxarıdakıları, sonra aşağıdakıları salamlayır, yeriyib şah qızı şahla uzun-uzadı göz-gözə, burun-buruna, barmaq-barmağa dayanır. O nəfəskəsən anlar nə qədər çəkir, deyə bilmərik, amma, deyir, şah qızı şah (bəzi nağılçıların dilində: gic qızı gic) o yerdə elə bir hərəkət edir ki, aşağılı-yuxarılı hamının səsi içində qalır: barmağının şahlıq üzüyünü çıxarıb Zurnaçıoğlunun barmağına taxır, bəli, – 789 illik sülalə hakimiyyətinin boyunduruğu bir anda açılıb ayaqlar altına düşür!

Gözlər baş vəzirə dikilir!

Baş vəzir axır vaxtlar sarayda baş verənlərdən onsuz da narazıymış, çəyirtkəvücud şah qızından isə zəndeyi-zəhləsi gedirmiş. Odur ki, dinməzcə ayağa qalxır, Müqəddəs üzüktaxma-tacqoyma ayinin yükü çiynində, ağır-ağır irəli yeriyir, gedə-gedə də fikirləşir ki, düz deyirlər, qızı özbaşına buraxsan, ya halvaçı tapar, ya zurnaçı! “Amma şah qızında günah yoxdu, bu gözəlliyində məmləkəti belə cavan, ağıllı, oxumuş adam idarə etməlidi”. Yaqut üzük onsuz da Zurnaçıoğlunun barmağındaymış, şahlıq tacını da çıxarıb sakitcə onun başına qoyur, vəssalam. Meydana ağır süküt çökür. Elə ağır ki, başına şahlıq quşu qonan Zurnaçıoğlu özünü itirir, 789 illik sülalə bayrağını öpmək əvəzinə, əyilib baş vəzirin ətəyindən öpür.

Əslində bu yerdə göydən üç alma düşməliydi.

Amma – dəvə dəlləklik elər köhnə hamam içində.

And içib ölkəsini darıxqanlıq əzabından qurtaracağına söz verən Zurnaçıoğlu ilk çıxışında elə şeylərin müjdəsini verir ki, fələyin almaları ətəyində qalır. Sabahısı sarayın havasını dəyişmək adıyla baş vəzirin mitilini çıxartdırıb atdırır bayıra! Dalıyca külli-əmir-əyanı saraydan uzaqlaşdırıb, rəiyyət arasından təzələrini seçmək istədiyini deyir. Özü də belə: “Kimi istəyirsiniz, özünüz seçin”.

Zurnaçıoğlunun növbəti fərmanı ölkənin zərif zümrəsini dərin məyusluğa qərq edir: hərəmxananı saraydan birdibli yox elətdirir. Çoxları bu işdə çəyirtkəvücud şah qızını – Şahbanunu günahlandırsa da (deyirmişlər, qancıq istəyir ki, hamının olmalı olan təkcə onun olsun), ona haqq qazandıranlar da olur. Çünki Şahbanu o qədər safürək, sadədil adam imiş ki, avamlığı haqda hətta lətifələr gəzirmiş. Təsəvvür elə, Zurnaçıoğlunu ölümün pəncəsindən alıb, kimsəsiz adada gizlədəndə, yanına qırx say-seçmə keşikçi ilə yanaşı, qırx qənirsiz gözəl kəniz də qoydurubmuş ki, – qızda ağıla bax! – sevgilisi qürbətdə darıxmasın. Xiffətdən tələf olmasın, bəli. Deyilənə görə, adada olduğu müddətdə Zurnaçıoğlu şah qızına xəyanət etməyib, başını qaldırıb bircə qızın üzünə belə baxmayıb, düzdü, amma... ada keşikçilərinin sonradan öz aralarında xısınlaşdığı bir məsələ bəzi ağzıgöyçəklər arasında başqa söhbətlərə yol açıb...

Zurnaçıoğlunun gördüyü işlər – xüsusən saray seçkiləri ilə bağlı fərmanı – çoxlarının ürəyindən xəbər versə də, köhnə padşahın əllaməçiliyi gözlərini elə qorxudubmuş ki, heç bir təzəliyə razı və hazır deyilmişlər. Ağıllarına sığışdıra bilmirmişlər ki, rəiyyət arasından kimsə çıxıb sarayın yuxarı başında əyləşə bilər. Amma Zurnaçıoğlu vaxtilə Avropada – bəlkə də Misirdə, Çində – oxuduğu kitabların qüdrətinə o qədər inanırmış ki, heç kəs onu yolundan döndərə bilməzmiş.

Amma hər şey kitablardakı kimi olsa, nə vardı.

Seçkilər başlayır, ömründə saray üzü görməyən dilsiz-ağılsız təbəə vəzifə üstündə elə iyrənc oyunlardan çıxır ki, Zurnaçıoğlu elədiyinə peşman olur. Qapı-qapı gəzib seçicilərə yalançı vədlər verməkləri, bu yolda ətək-ətək pullar tökməkləri bir yana, – Zurnaçıoğlu məəttəl qalıbmış ki, rəiyyətdə bu qədər pul hardandı! – bülletenləri oğurlayıb, seçki qutularını yandırırlar (deyir, hələ o vaxt açıq səsvermə icad olunmayıbmış), bir-birlərinin malına-mülkünə qəsd edirlər, iş gəlib tayfa davasına, qan davasına çıxanda padşah məcburi səsverməni dayandırmalı olur. Seçkilər pozulub, arzuları gözündə qalanlar isə, əllərində pul kəsdirirlər padşahın qapısını ki, nə yolla olur olsun, bizə bir iş! Yazıq Zurnaçıoğlu bilmir neyləsin...

Zurnaçıoğlu burda baş sındırmağında olsun, sizə kimdən deyim, ada keşikçilərinin öz aralarında xısınlaşdığı o sirri-müəmmadan! Bəli, sən demə, adada olduğu müddətdə Zurnaçıoğlu heç də papağı günə yandırmayıb, qırx kəniz arasından sevib-seçdiyi sarı saçlı, səma gözlü firəng qızıyla xəlvətdə görüşüb! Bu işin üstü o vaxt açılıb ki, Zurnaçıoğlu şah taxtında yerini bərkidib, ətrafını təmizləyəndən sonra bir uşaq qucağında, biri qarnında sarı saçlı, səma gözlü firəng qızı sarayda peyda olub, gələn kimi də adlayıb yuxarı başa keçib. Bu naqafil təşrif şah qızı Şahbanuya elə pis təsir edib ki, havalanıb düşüb çöllərə, – deyir, o vaxtdan Şahbanunu sarayda görən olmadı, – külli-rəiyyətin isə heysiyyatına toxunub: “Özümüzdə gül kimi qızlar ola-ola zurnaçı oğlu zurnaçı niyə gedib qıraqdan qarnı-yanıbalalı arvad gətirib!”. “Onu qınamalı deyil, tayfası xarabdı, əlinə qızıldan əsa ver, yenə zurnasını yerə qoymayacaq”, – deyənlər də tapılıb.

İndi bilinmir sarı saçlı, səma gözlü firəng qızı padşahın ağlına salıb, ya özünün huşu kəsib, – çünki zurnaçı nəslindən olsa da, padşah özü sələmçi oğluymuş və pul haqq-hesabından yaxşı başı çıxırmış, – əllərində ləyən-ləyən qızıl-gümüş, ovuc-ovuc daş-qaş saray qapısında boyun bükən adamlara baxıb deyib: “Bunları niyə qəbul etməyim? Bunlar ki saraya pul gətiriblər! Balalarının boğazından kəsib, qapısının axırıncı atını, itini satıb mənasız işə sərf edən adamın seçki nəyinə gərəkdi?!”. Rəiyyətin dəhşətli şöhrətpərəstliyi Zurnaçıoğlunu heyrətə gətiribmiş: “Öz xeyirlərinə etsələr yenə dərd yarıdı, bular kiməsə xoş gəlmək, özlərini kiməsə göstərmək üçün edirlər. Belə çıxır ki, bulara vəzifənin özü yox, adı lazımdı?!”

Zurnaçıoğlu tezliklə fərman verib xəzinədarlığın qiymətli “Vəzifə” möhürlərini buraxdırır. Üzərində şah nişanı olan Möhür dəridən olur, vəzifənin böyük-kiçikliyindən asılı olaraq qiymətləri dəyişir. Belə Möhürü və vəzifə rəmzi sayılan gümüş üzüyü əldə edən şəxs heç bir işlə təmin olunmasa da, vəzifə daşıyıcısı hesab edilir. “Ac qulağım, dinc qulağım, Möhürüm cibimdə, üzüyüm barmağımda!” – bu sadə prinsip ölkədə görünməmiş canlanmaya səbəb olur. Dünənəcən əlçatmaz görünən hər işin pulla düzələcəyi fikri insanları rahat oturmağa qoymur. Özlərini oda-közə vururlar ki, nə yolla olur-olsun, pul tapıb Möhür alsınlar. Hamının fikri-zikri pul, sözü-söhbəti pul olur! Pul, pul, pul! Camaatın başı pula elə qarışır ki, darıxmaq darıxıb gedir öz işinə. Möhürlərin hədsiz bahalığına baxmayaraq ölkədə vəzifəli şəxslərin sayı durmadan artır. Vəzifəli şəxslərin sayı artdığından vəzifəli şəxslərin arvadlarının da sayı artır. Toylarda, yaslarda ədalı vəzir-vəkil arvadları, özündənrazı ləşkərbaşı, eşikağası anaları, təkəbbürlü minbaşı, yüzbaşı bacıları peyda olmağa başlayır. Hamı onları ehtiramla qarşılayır, xətir-hörmətlə yuxarı başa keçirir, nəzakətlə yola salır. Möhürü olmayan kişinin arvadı bir qıraqda boynubükük qalır. Belə kişilərin qapısına heç kim elçi düşmür, oğluna heç kim qız vermir. “Arabaçı olsa da, – deyirmişlər, – heç olmasa möhürlü arabaçı olsun”. Hamı çalışır ki, nəyin bahasına olur-olsun pul tapıb Möhür alsın. Malını-mülkünü satan verir Möhürə. Xəzinə dolub-daşır! Zurnaçıoğlunun icadı bütün dünyaya səs salır. Başqa ölkələrin tərəqqipərvər insanları Möhür dalınca bu ölkəyə axışıb gəlir. Bundan həvəslənən Zurnaçıoğlu “Rütbə”, “İlahiyyat”, “Fəxriyyət” Möhürləri də buraxdırır; hər kəsin ali hərbi rütbə, yüksək dini titul, fəxri ad almaq imkanı olur. Bu fürsət insanları coşdurur, xoşbəxt edir. Daha heç kim özünə əziyyət verib işləmək istəmir: yer belləmir, əkin əkmir, bağ becərmir. Möhür ciblərində dükan-bazarları gəzir, istədikləri malın ən yaxşısını alır, aşxanalarda, meyxanalarda yeyib-içib, adlarını şəstlə borc dəftərinə yazdırırlar... Nağıl dili yüyrək olar, bir də baxırlar ki, – hamamçının tası yox, baltaçının baltası, – nisyə qudurub mayanı yeyib, borc yiyələri qara qış kimi kəsdirib qapını.

Əsl yabalaşma da ondan sonra başlayıb...

***

Eşit gör nə deyirəm, bu nağılı necə ki mən sənə danışdım, mənə də uzun qış gecələrində isti peç qırağında babam danışardı və söhbətin bu yerində həmişə nağılı yadından çıxardı. O deyirdi ki, ayrı padşahın ölkəsindən gələn, dünyanın yetmiş iki dilini bilən, ağır yüklü dəvələrini itirib noxtası əlində diyar-diyar dəvə gəzən yorğun karvanbaşıdan eşidib bu söhbəti; ona da dünyanın yetmiş iki dənizində üzən, yetmiş üçüncüdə gəmisi firtınaya düşüb qayalıqlara çırpılan, möcüzə nəticəsində sağ qalan gəmibaşı danışıbmış; o da, qayalıq adaya nə vaxtsa quş dimdiyində düşən, qocalığın dərinliklərinəcən enib insanlıq cildindən çıxan, yaddaşını itirsə də, nağılını itirməyən gümüş üzüklü məxluqdan eşidibmiş.

O deyirmiş ki, bəli, əsl yabalaşma ondan sonra başladı:

Qarışqa şıllaq atdı, dəvənin budu batdı.
Milçək mindik çay keçdik, yabaynan dovğa içdik...



# 3530 dəfə oxunub

Müəllifin son yazıları

# # #