İbrahim Nəbioğlu
Hər il avqust gələndə Milan Kunderanın “Varolmanın dayanılmaz xəfifliyi” kitabını vərəqləmək keçir içimdən. Romanı ilk dəfə 1988-də, “Praqa Baharı”nın 20-ci ildönümündə oxumuşdum. Kitab yasaqlı olduğu üçün əlimə onun “Samizdat” nüsxəsi keçmişdi. Moskvadakı aspirant yataqxanasının otaqlarını tək-tək dolaşmışdı o kserokopiya kitab. Kunderanın kommunizm utopiyasını, azadlığı, eşqi, xəyanəti, kədəri ustalıqla bir araya gətirdiyi bu nəhəng əsəri oxuyub doya bilmirdik.
Yataqxanadakı qızların bəziləri özlərini Terezada, bəziləri də Sabinada görürdülər. Gənc idik, ancaq illər sonra anlayacaqdıq ki, hər bir qadın bir az Tereza, bir az da Sabina hiss edər özünü. Çox toy idik, Kunderanın insanı xəfif hiss etdirəcəyini başa düşmürdük. Dar idi dünyaya baxışımız hələ, həyatı o qədər sakit yaşamağa gücümüzün yetmədiyini görmürdük. Zamanın axmadığı illər idi, ən çox diqqətimizi çəkən romandakı erotizm, şəhvət idi. Halbuki əsərin dünya ədəbiyyat tarixində nə qədər böyük yer tutduğunu ancaq irəliləyən yaşlarda anlayacaqdıq. Kənan Hacı demişkən, romanı 35 yaşdan sonra oxumaq lazım idi…
1956-cı il Macarıstan hadisələrindən sonra Varşava bloku ölkələri içərisində mənfur sovet rejiminə qarşı baş qaldıran ikinci ölkə Çexoslavakiya oldu. İstədikləri çox şey deyildi. Sistemi dəyişməyin mümkün olmadığını bildikləri üçün bəzi kiçik siyasi islahatların aparılmasını tələb edirdilər. Dubçek və silahdaşları rejimi “insan sifətində sosializm”ə gətirmək istəyir, köklü reformları xəyal belə etmirdilər. Amma Moskva qorxmuşdu. Və Brejnev 300 minlik əsgər və 7 minlik tank armadasını “qardaş” dediyi çex və slovakların üstünə yürüdərək, ölkəni işğal etdi. Dubçek siyasətdən uzaqlaşdırıldı, yerinə Qusakın oyuncaq rejimi gətirildi.
İxtiyar balıqçı Santyaqo “İnsanı məhv edə bilərsən, amma qalib gələ bilməzsən” demişdi. Ruslar kiçik bir xalqı əzdi, qüruru və ləyaqəti ilə oynadı, amma ona qalib gələ bilmədi.
Kundera 1984-də yazdığı və şah əsəri sayılan “Varolmanın dayanılmaz xəfifliyi” romanında xalqının tarixindəki bu faciəni “arxa fon” olaraq istifadə edib, sosializmin həqiqi realizmini özünəxas bir üslubla ortaya çıxartdı. Qəhrəmanı Tomaş yaşıdlarından seçilməyən həkimdir, qadınlara yaxın, siyasətə uzaqdı, Praqa küçələrini ləkələyən rus tanklarının tırtılları onun da gəncliyinin üstündən keçdi. “Yadellilərə qarşı nifrət spirtli içki kimi bihuş edirdi” – belə təsvir edir “müzəffər rus ordusunu” ustad. Bu lənət olası tanklar bizim də gəncliyimizin, bəzilərimizin isə həyatının üstündən keçmədilərmi? Alma-Atını, Tiflisi, Vilnüsü, Bakını əzib, tapdalamadılarmı? Nitşeyə görə, bu hadisələr təkrarlanacaqdı və Kundera əsrarəngiz ədəbi fəndlərlə bu dahi filosofun fikirlərini sorğu-suala tutur.
Nitşenin “Əbədi Dönüş” düşüncəsi bütün yaşadıqlarımızın bir gün təkrarlanacağı və təkrarın özünün də sonsuza qədər təkrarlanacağı üzərinə quruludur. Tomaş da romanda “Ein mal ist Kein mal” alman atalar sözünü təkrarlayır – “Sadəcə bir dəfə olan şey heç olmamış sayılır”. Yəni yaşanacaq bir həyatımız varsa əgər, biz bu həyatı heç yaşamamışıq demək ki. Kundera insanın hər hərəkətinin onun gələcəyini təyin etmədiyini deyir, yəni hər hərəkətimizi düşünsək, nəyə səbəb olacağından ehtiyatlansaq, həyatımızın dayanılmaz, çəkilməz və dözülməz dərəcədə xəfif olduğunu söyləyir…
21 avqust axşamı yazıram bu sətirləri, kədərin dərinliyindəki Terezanın rus tankları ilə qarşılaşmasından, sehrli və romantik “Praqa Baharı”nın süqutundan düz 45 il sonra. Türk kanalları “Ərəb baharı”ndan bir-birinə bənzər reportajlar verirlər. Düşünürəm ki, indi mən türk dostlarıma necə izah edim ki, “Praqa Baharı”ndan sonra ərəblərin vətəndaş müharibəsinə “Bahar” demək mümkün deyil. İndi mən onları necə inandırım ki, Vatslav və Staromest meydanlarındakı Baharın qoxusunu gözüdönmüş insanlarla dolu Tahrir və Rabiatül Adeviye meydanlarında hiss etmək imkansızdır…
Həyatın xəfifliyi var olmaqla yox olmaq arasındakı fərqi bilmənin verdiyi xoşbəxtlikdir…
Milan Kundera yazdıqları əsərləri ilə fəxr edir, mən isə Kunderanı oxumağımla…
“Ayna” qəzeti