Türk şairlər fars şairləri necə üstələdi? – Həmid Herisçi yazır...   

Türk şairlər fars şairləri necə üstələdi? – Həmid Herisçi yazır...   
6 oktyabr 2021
# 11:20

Böyük şairimiz Nizami Gəncəvi, Qətran Təbrizi, Xaqaniyədək farsdilli (qədimlərdə bu dilə fars yox, “dari” dili deyirdilər) ədəbiyyat daha çox mistik, lirik mövzulara tuşlanmışdı. Dastan poetikası, epizm, epos bu ədəbiyyatda, kiçik istisnalarla, o qədər də aparıcı mövqelərdə deyildi.

Rudəki, Sənai, Dəhləvi, Əttar və ilaxır kimi tanınmış imzalarla məşhurlaşan bu ədəbiyyatda mistika, mücərrəd mövzular hakim mövqedəydi. Realizm, süjet, ədəbi qəhrəman kimi vacib ədəbi dəyərlər həmin bax bu ədəbiyyatda yox dərəcəsindəydi.

Həmin farsdilli ədəbiyyatın coğrafi mərkəzi də, o vaxt indiki İran, Azərbaycan ərazisində yox, daha çox Şərqdə - indiki Əfqanıstan, qismən Xorasan bölgəsindəydi. Bu səbəbdən həmin mistik ədəbiyyata bəzən indiki alimlər “Xorasan şeri” də deyirlər.

Böyük alman kulturoloq Osvald Şpenqler bu səbəbləri nəzərə alaraq həmin farsdilli “Xorasan ədəbiyyatı”na, ümumən fars mədəniyyətinə çox düzgün olaraq “Mistik, magik ədəbiyyat” təyinatını vermişdi. Əlbəttə bu təyinata, diaqnoza qədim “Avesta”nın, habelə digər əski dini ədəbiyyat əsərlərinin ciddi təsiri olduğunu da gəlin indi unutmayaq.

Böyük türk-özbək şairi Əlişir Nəvai (o vaxt bu ədəbiyyata “Cığatay ədəbiyyatı” deyirdilər) 1499-cu ildə yazdığı “Muhakamat əl-luqəteyn” əsərində, bu ədəbiyyata öz tənqidi münasibətini göstərən heç də ilk şair deyil. Əslində oxşar mövqedə, xeyli əvvəl - hələ 11-12-ci əsrlərdə, ölməz Azərbaycan şairləri - ilk olaraq Qətran Təbrizi, Nizami, Xaqani dayanmışdılar.

Qayıdaq Nəvaiyə. Nəvai bu əsərində göstərirdi ki, türk dilləri feillərlə çox zəngindir. Feillərlə zəngin bu dillər isə hərəkət, süjet, toqquşma, çoxsaylı ədəbi personajlar istəyir ki, farsdilli klassik şer, razılaşaq, bu dəyərlərdən məhrumdur.

Ədəbiyyatda, şerdə çox vacib sayılan bu meyar-ölçülərin farsdilli ədəbiyyata sıçraması ilk növbədə türk hökmdarlarının ədəbi, milli zövqü ilə, sifarişləri ilə mümkün oldu. İlk növbədə böyük türk hökmdarı Sultan Mahmud Qəznəvi ibn Sabuk Təkinin ədəbi zövqü və sifarişləri nəticəsində, farsdilli ədəbiyyata “süjet, ədəbi qəhrəman, realizm” kimi türk dastan ədəbiyyatının vacib halqaları sızdı.

Türk ədəbiyyatı, şeri farsdilli ədəbiyyatla müqayisədə, dastan poetikası ilə zəngindi. “Alpamış”, “Manas”, “Kitabi Dədə Qorqud”, sonrakı “Koroğlu” kimi dastanlarda süjet, qəhrəman, realizm kim dəyərlər öndədir. Həlledici ədəbi fəndlərdi. Qeyd edim ki, türk dastan poetikası, epizmi hələ Sasani, Əşkani hökmdarları zamanı (3-7 əsrlər) farsdilli ədəbiyyata sızmış, özünə artıq münbit şərait qazanmışdı. Bunun ilk nümunəsi o vaxt yazılmış “Xvaday namak” dastanıdır.

Bəzi alimlər bu əsəri “Şahnamə”nin məşqi kimi qəbul edirlər.

Kiçik detal: Sultan Qəznəvinin sarayındakı 300 şairin sırasında türkdillilər də az deyildi. Şair Sənai bu saraydakı Cuci adlı bir türkdilli şairdən xeyli danışıb. Ancaq həmin o türkdilli şairlər, dastan poetikasının tələbi ilə, daha çox şifahi ədəbiyyat tərəfdarları idilər, nəinki yazılı...

Yazılı fars ədəbiyyatını bu baxımdan nöqsanlı görürdülər. Əsərlərinin bu günədək qalmaması da həmin şifahi ədəbiyyatın xüsusiyyəti ilə bağlıdır.

Sultan Mahmud Qəznəvidən başlayaraq türk hökmdarları bu vacib ədəbi texnologiyaları, yəni dastançılığı, realizmi, süjeti, ədəbi qəhrəman anlayışını öz sifarişləri nəticəsində farsdilli ədəbiyyata gətirdilər. Yəni, ovaxtkı Şərq şerinə əvvəlcə türk təfəkkürü təsir etdi. Türkdilli ədəbiyyat da məhz bundan sonra yarandı.

Bu sifarişlərin ilki, siftəsi Firdovsinin “Şahnamə” əsəriydi. Sultan Mahmud ibn Səbuk Təkin “Şahnamə”nin sifarişçisi, böyük hərbi sərkərdəydi. 17 hərbi səfəri vardı. Hindistan üzərində qələbələri ilə məşhurdu. Onun türk zövqü, psixologiyası spekulyativ mistik fars mövzularını qəbul etmirdi. O, türk dastançılığını, epos dəyərlərini önə sürərək Firdovsidən zövqünə, türklərə uyğun ədəbi dastan – “Şahnamə”ni istədi.

Bu əsərin geopoilitik, siyasi məzmunu da vardı. Əsərdə əslində türk-fars dialoqu, geopolitik birliyi irəli sürülür, Turan-İran ziddiyyəti ortaq maraqlarla əvəzlənirdi. Yəni, türk sultanlarının sifarişi ilə yazılmış bu cür əsərlərin təkcə ədəbi deyil, həm də siyasi, geopolitik məzmunu da mövcuddur.

Sonralar, Səfəviyyə Azərbaycanı “Şahnamə” projesinə ikinci nəfəs verdi. Şah Təhmasib sifarişi ilə ən nüfuzlu xəttat, nəqqaş, miniatür ustaları yığılıb bu əsəri yenidən gündəmə gətirdilər. Səfəvilərin sultan adını osmanlılara bağışlayıb özlərinə “şah” deməsi də “Şahnamə”, Sultan Mahmud mirasına iddia ilə bağlı idi. “Şahnamə”nin qızıl suyla, bahalı miniatürlərlə bəzənmiş bu Şah Təhmasib nüsxəsi vaxtilə Ərdəbildə, Şeyx Səfi məqbərəsində saxlanılırdı. Bu nüsxə indi Sankt-Peterburqdadır. Türkmənçay müqaviləsinin hərbi qəniməti kimi hələ də ordadır.

Böyük şairimiz Nizami Gəncəvi də, Xaqani, Qətran Təbrizi kimi “Şahnamə”nin bax bu türk-fars məzmununu, estetikasını öz dastan yaradıcılığının əsasına qoydu. Bu xətti daha dolğun, çoxçalarlı inkişaf etdirdi. Nəticədə farsdilli ədəbiyyatda bir növ parçalanma yarandı - Xorasan şairləri, Sənai, Əttar kimilər mistik mövzularda ilişib qaldılar, Azərbaycan şairləri -Qətran Təbrizi, Xaqani, Nizami isə türk ədəbiyyatının ən vacib cəhətini-dastançılığı, epizmi, realizmi ədəbiyyatda təsdiq etdilər.

Xatırladıram - “realizm, süjet, ədəbi qəhrəman” ədəbi kriteriyaları Avropada ancaq 19-cu əsrdə təsdiqlənib. Nizami, Xaqani, Qətran yaradıcılığında isə bu dəyərlər hələ 700 il öncə mövcud idi.

Bu mövzu çox maraqlı və çəkicidir.

Dünya alimləri bu vacib cəhətə əsla diqqət ayırmayıblar.

Firdovsinin türk sifarişçisi Sultan Mahmud Qəznəvi idisə, Nizaminin türk sifarişçiləri Atabəy Qızıl Arslan, Marağa atabəyi Körpə Aslan, Şirvanşah Axsitan idi.

Xaqaninin sifarişçiləri arasında da türk hökmdarları az deyil. Qətranda da eyni vəziyyətdir. Bu ədəbiyyat farsların Xorasan şeri kimi sufilərin, təriqətlərin “təkyə ədəbiyyatı” əsiri deyildi. Geniş xalq kütlələrinin üzünə açıq idi.

Azərbaycan ədəbiyyatını, yəni Xaqani ilə Nizamini, Qətranı farsdilli ədəbiyyatdan həmişə bax bu “süjetə, realizmə, ədəbi qəhrəmanlara” sədaqət fərqləndirib. Sonralar bu cəhətlər ədəbiyyatımızda daha da inkişaf edərək indiki məzmununu qazandı.

Beləliklə, gəldiyimiz nəticə budur: Türk ədəbiyyatı, dastanları Şərq ədəbiyyatına əvvəlcə linqvistik deyil, estetik təsir edib.

Türkdilli ədəbiyyat isə məhz bundan sonra yaranıb.

Nizami yaradıcılığı bu prosesdə çox mühüm yer keçid halqasıdır.

# 4500 dəfə oxunub

Müəllifin son yazıları

# # #