Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı
6 may 2024
# 09:01

Kulis.az Hədiyyə Şəfaqətin "Türkiyənin hekayəsi - Səbahəddin Əli" adlı yazısını təqdim edir.

“Türkcə və məncə” silsiləsindən

Şəhərlər mənə bir tuzaq,

İnsan söhbətləri yasaq,

Uzaq olun məndən, uzaq!

Mənim məskənim dağlardır, dağlar...

***

Dünyada elə ölümlər var, yada salmaq istəmədiyim, amma ürəyimin dərinliyində ocaq çatıb korun-korun yanır. Gözümü yummağa çalışıram o ölümlərə, ölümdən daha çox insan amansızlığının, insan dəyərsizliyinin, insan sonunun hekayəsinə...

Belə ölümlərdən biri də Səbahəddin Əlinin məşum ölümü və ya ölüm adı qoyulmuş naməlumluğa yolçuluğudur...

Hər dəfə o ölümü xatırlayanda, gah canımda işgəncə yanğısı, gah başımda dəyənək zərbəsi hiss edirəm. Bir dəfə deyil, iki dəfə deyil, beş dəfə deyil... Başım bir kitabın üstünə əyilib, yol gedirik, oxumağa çalışıram. Bir yandan da yolumun bələdçiliyini etibar etdiyim adamla məni narahat edən, qırx bir illik həyatımın böyük hissəsində yazmaqdan çəkinmədiyim ideyaların, inandığım prinsiplərin, uğrunda təqiblərə, həbslərə, məhrumiyyətlərə, qınaqlara, damğalara məruz qaldığım fikirlərin mübahisəsi içindəyəm...

Sonra ölürəm. Meyidim o çox sevdiyim dağlara atılır, üstündən altı ay keçmiş tapılır, bədənimin qalıqları basdırılır. Sonra çıxardılır, başqa adam olduğum zənn edilir, sonra mən o olmuram... sonra bir də basdırırlar və məzarımın harda olduğunu birdəfəlik unudurlar. Kim olduğumu xeyli sonra qatilim etiraf edir...

Amma kim bilir, bəlkə mən o deyildim?

...Xatırladıqca ağrıdığım ölümə, bir yandan da bu qəribə tarixçəyə görə inanmıram. Mən Səbahəddin Əlinin o cür vəhşiliklə, düşməncəsinə öldürüldüyünə inanmıram. Öldürülməsiylə bağlı dolaşan müxtəlif şayiələrin sonunda kimsənin onu ölü gördüyünü etiraf etmədiyi üçün inanmıram.

Bəlkə də, xəyalən kitaba əyilmiş başıma dəyən dəyənəyin zərbələrinə buna görə hələ də dözürəm?..

***

Türk nəsrinin nəhəngi, özündən sonra ən işıqlı yazıçılara istiqamət vermiş Səbahəddin Əli daha çox üç romanı ilə tanınır: "Kuyucaklı Yusif", "İçimizdəki şeytan" və əlbəttə, "Xəz paltolu madonna". "Xəz paltolu madonna" Türkiyədə hələ də ən çox satılan, kitabxanalarda ən çox oxunan, ən çox oxucu rəğbəti qazanmış roman adını qoruyub saxlayan kitabdır. Yetmişə yaxın şeiri var ki, bəzilərinə dillər əzbəri olan mahnılar bəstələnib və bu mahnılar indi də həyatını ölkənin işıqlı amallarına həsr etmiş insanların şüarı, etiraz sədaları, dözümü və gələcəyə inamı rolunda çıxış edir. Müxtəlif mövzulu, siyasi, ədəbi və başqa istiqamətli məqalələri də sağlığında başına az bəla açmayıb...

Bütün bunlarla yanaşı, Səbahəddin Əli, ilk növbədə, Türkiyə hekayəsinin atasıdır. Lakin onu Türkiyə sərhədləri içərisinə sığışdırmaq böyük ədalətsizlik olardı. Çünki iti görən gözləri, yanğısı, həyati və mənəvi xırdalıqlara bələdliyi və onları təsvir etmək bacarığı dünyanın istənilən ölkəsində insan ürəyinə dərindən nüfuz etmək, ağrıtmaq və düşünməyə vadar etmək gücündədir.

***

Səbahəddin Əlinin hekayələri onun bütün xarakterini və mənsub olduğu torpaqlara doğmalığını, qaynayıb-qarışdığını göstərir. Səbahəddin Əli müxtəlif vəzifələrdə Türkiyənin müxtəlif rayonlarında işləmişdi, lakin ən başlıcası, səyahəti sevirdi. Dincəlmək, təbiətin gözəlliklərindən həzz almaq, güc toplamaq üçün gəzmirdi Səbahəddin Əli. İnsan hekayələrinin ovuna çıxırdı. Qulağına dəyən bir əfsanənin, hardasa eşitdiyi bir hadisənin, işlədiyi və müəllimlik etdiyi yerlərdə, tez-tez düşdüyü həbsxanalarda qarşılaşdığı məqamların dərinliyinə nüfuz edərək, onları gah satirik, gah faciəvi, gah da elə təsvir etdiyi laqeydlik ab-havasında hekayə kimi yazıb çap etdirirdi.

Onun hekayələrində detalların təsviri bəzən hekayənin fonunda, bəzənsə ani kadr şəklində görünüb itmir. Səbahəddin Əlinin hekayələrində köməkçi təsvirlər, köməkçi kadrlar, köməkçi girişlər yoxdur. Bu hekayələr oxucunun yaxasından birdəncə yapışıb onu zamanın, yerin, hadisənin - ağrının birbaşa içinə salır. Vurnuxmağa dəyməz, çıxa bilməzsən. Səni parçalayır, bölür, dağıdır Səbahəddin Əlinin hekayələri, heç tanımadığın insanlara çevrilməyə, heç bilmədiyin ağrıları çəkməyə, canını xilas etmək üçün yaralı heyvan, küncə sıxılmış quş kimi çırpınmağa, vurnuxmağa, haray salmağa məcbur edir. Üsyankar bir ruh yükləyir sənə. Yükləyir ki, haqqı pozulanların, əzilənlərin, mənasız ömrün caynağında heçə dönüb kənara atılanların səsi olasan, qəzəbini daşıyasan, intiqamını alasan.

Soyuq qış günü boyundan böyük güyümün dəyib ayaqlarını yara edən kiçik Həsənin ağrısını ayaqlarında hiss edirsən. Boynundan dolan buz kimi hava səni titrədir. Kimsəsiz yolun qaranlığında ulaşan qurdların yeminə çevrilirsən. Parçalanırsan, kiçik bədənini bir daha həyatın boynuna yük kimi qoyduğu, baxmağa məcbur olduğun, özündən kiçik iki qurbanın yaşadığı soyuq və qaranlıq daxmaya qayıtmır. Ayran verib pulunu ala bilmədiyin insanın cibində tapılmayan xırda pul sənin həyatının haqqına çevrilir: on beş quruş!

Eyni "on beş quruş" başqa bir hekayədə, "İsitmək üçün" də bir daha sərt şillə kimi sifətimizə çırpılır: Biz necə insanıq? Biz insanıqmı?


Səbahəddin Əlini Almaniyadan qayıtdıqdan sonra ölkəsində böyük bir çətinlik gözləyirdi. Sağ tərəf onu solçu, daha doğrusu, kommunist deyib təqib edir, məhkəmələrdə süründürür, işsiz qoymağa çalışır, sol tərəf isə daha çox ailə həyatı qurduqdan sonra rahat, hətta dəbdəbəli burjua həyatı keçirməsini, mətnlərindəki ideyalara yaraşan şəkildə həyat tərzinə sahib olmamasını irəli sürərək qəbul etmirdi. Səbahəddin Əli isə nə kommunist idi, nə sağın adamı. Sosial-demokratiyanın ideyalarına əsaslanmaqla yanaşı, ziddiyyətli, müəyyən müddət əvvəl inamla səsləndirdiyi yanaşmalara əks yanaşmalarını çəkinmədən, məhdudiyyətsiz dilə gətirir, yazırdı. Fikrini tez-tez dəyişməkdə ittiham olunurdu. Adama elə gəlir, Səbahəddin Əli çoxlu adam olmaq istəyir və bunu çəkinmədən həyata keçirirdi. Lakin hekayələrində fikrini dəyişdiyini görən olmamışdı.

Türkiyə həyatının bütün xırdalıqlarının amansız və qınayıcı təsviri ilə yanaşı, bəşəri ideyalara sadiqliyini qoruyur, ədalətin, adi insani haqların milli və irqi ayrı-seçkilikdən, faşizm ideyalarından uzaq və uca olduğunu təlqin edirdi. Onun zəngin mövzulu hekayələrinin heç birində fikir dəqiq bir ideya üzərində cəmlənmir. Səbahəddin Əlinin hekayələri bir-birinə qırılmaz tellərlə bağlı amillər torudur və məhz bu xüsusiyyətilə həyatiliyini təmin edir. O, heç vaxt iztirabını təsvir etdiyi obrazı və ya obrazları əlahiddə halda göstərmir. Əzaba məhkum obrazın bunda özünün də günahkar olduğunu oxucunun beyninə həkk edir.

Cəmiyyəti fərddən, fərdi ictimai vəziyyətdən, ictimai vəziyyəti idarəetmənin mənzərəsindən ayırmır. Səbahəddin Əli xisləti açmağın, göz qabağında canlandırmağın mahir ustasıdır. Fotoqrafiyaya az-çox bələd olanlara məlumdur, istənilən şəkildə nəsə bulanıqlaşır, göstərmək istədiyin nöqtəni fokslayırsan və "çık!" Lakin Səbahəddin Əli sehrli "fotoqraf"dır. Onun hekayələrində bulanıqlaşdırılmış bircə detal da tapmazsan. Hər şey şəklə daxildir, ən uzaqdakı ağac da, ən yaxındakı ot da, ortada qalan kötük də...

Ən uzaqdakı dağlar da, ən yaxındakı qəsəbə də, ortada qalmış insan da.

Həbsxana kamerasında ölüm döşəyinə düşmüş Süleyman əfəndi də, ona qulluqda son ana qədər vəfasını qoruyan Satılmış da, ölmüş ərinin əşyalarını yığışdıran qadın da, hətta qısa müddətlik yoxa çıxmış çaydan da... - bizik...

***

Səbahəddin Əlinin "Asfalt" hekayəsi kütlənin nə qədər həlməşik olduğunu təsvir edir. Bizi həmin kütlənin həlməşikliyi insanda qazanılmış laqeydlik və yaltaqlıq sindromunun hansı mənəvi sapmalara səbəb olduğuna baxmağa məcbur edir. İmkan vermir, başımızı yana döndərək, gözümüzü kənara qaçırdaq; qəddarcasına tutub saxlayır. Fikrimizi səhnəyə kilidləyir və aradan keçən az qala, doxsan ildə insan xislətinin necə də dəyişməz qaldığını görüb dəhşətə gəlirsən. Sənə elə gəlir, zaman geriyə axır, sən və mənsub olduğun cəmiyyət üzüaşağı, quyunun dibinə gedir. Asfalt yoldan çıxıb "Yuxu"nun qarmağına keçməyin isə an məsələsidir. Səbahəddin Əli hər nə qədər insan mərkəzli yazıçı, insan hisslərinə vaqifdirsə də, onu heç vaxt budağından qopartmır. Onu öz ağacının, içdiyi suyun, udduğu havanın, üşüdüyü soyuğun, quruduğu quraqlığın meyvəsi - ya geni dəyişdirilmiş, ya da qurdlanmış meyvəsi kimi göstərərək günahkarlığıyla günahsızlığını eyni tərəziyə qoyur. İzolə olunmuş otaqlar şəklində üst-üstə düzülmüş cəmiyyətin mümkünsüzlüyünü bir daha xatırladır.

Biz hamımız hər şeyimizlə bir-birimizdən ibarətik...

***

Səbahəddin Əlinin "Salam" və ya "Həsənboğuldu" kimi hekayələri də var; həyatın içindən, adi əhvalat təsiri bağışlayan hekayələr. Amma bu hekayələrdə belə haqqında danışılan qəhrəmanların xarakteri onlar haqqında danışılan qəhrəmanın xarakterini kölgə altına almır: "Yusif dükanını bağlayıb gedəndən sonra müştəriləri mənə qaldı. Övladlarının qisməti mənə tapşırılmış oldu. Onların haqqı boynumun borcudur" deməklə həm də boynumuzda tanıdığımız və tanımadığımız insanların, həyatın, inkişaf və rifahın yükünü gəzdirdiyimizi başa salır...

***

Nəhəng Səbahəddin Əli hekayələrində əzabla təsvir etdiyi kiçik adamların taleyini yaşamalı oldu. Onun ölümü ölümünü təsvir etdiyi bədbəxt uşaqların, qadınların, - insanların ölümünün inikası idi, Səbahəddin Əli hekayələrində qəribə bir soyuqqanlı pərdə arxasından qəzəb doğuracaq şəkildə təsvir etdiyi amansız və düşüncəsiz, laqeyd, beyni dar çərçivədə manqurtlaşdırılmış, insani hisslərini itirmiş, hardasa balaca bir qızcığazı soyuqdan, hansısa bir qadını isitmə xəstəliyindən öldürən birbaşa və ya dolayı qatillərdən birinin qurbanı oldu.

Məzarının yeri hələ də bilinməyən Səbahəddin Əli kim bilir, indi haralardadır? Məzarının yeri bilinməyən Səbahəddin Əlinin qalıqları tapılıb o olduğu zənn edilmiş meyidinin yerində bir xatirə daşı qoyulub, amma o daşın da yeri çox az adama məlumdur.

Amma mən bilirəm, onu sevənlər də o daşın dağlarda olduğunu bilirlər...

***

...Bir məmləkətin ordusu pozulubsa, döyüşə girmədiyi müddətdə bu meydana çıxmaz; bir məmləkətin təhsili pozulubsa, bunun özünü göstərməsi, ən azı, bir nəsil çəkəcək; lakin bir məmləkətdə ədalət pozulubsa, xalq ədalətə inanmamağa başlayıbsa, anarxiya dərhal özünü göstərməyə başlar, hərə öz haqqını özü təmin etməyə çalışar və həmin cəmiyyət dərhal dağılmağa və batmağa məhkumdur...

Səbahəddin Əli həmişə diridir...

# 2831 dəfə oxunub

Müəllifin son yazıları

# # #