Kəmalə Ağazadə: "Vicdan əzabı məni öldürür" - Müsahibə

Kəmalə Ağazadə:  "Vicdan əzabı məni öldürür" - Müsahibə
4 noyabr 2022
# 09:00

Kulis.az Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə olan müsahibəni təqdim edir:

– Uşaq Sığınacağı Mərkəzinin yaradılma tarixindən başlayaq.

– Əvvəlcə 2007-ci ildə küçə uşaqları üçün “Günərzi mərkəzi”, 2010-cu ildə isə Uşaq Sığınacaq Mərkəzini yaratdıq. Biz uşaqları küçədən təcrid edirik. Dövlət müəssisəsinə gedənə qədər uşaq burada reabilitasiya keçir, ailəsinə qayıtmaq ehtimalı varsa, qaytarılırdı. Onların hüquqlarının müdafiəsi istiqamətində hüquqi, eyni zamanda, psixoloji yardım göstəririk. Gələn il “Azərbaycan Uşaqlar”ı İctimai Birliyinin otuz illiyi qeyd olunacaq. Onun 15 ilini sığınacağın fəaliyyəti ilə bağlamaq istəyirəm. Biz bu illər ərzində çox böyük layihələr icra etmişik. Təşkilatın nəzdində yaradılmış bu sığınacaq artıq bir neçə ölkənin təcrübəsini özündə birləşdirən bir brenddir. Mən Amerika və Avropadakı bir sıra modelləri görmüşdüm. O gördüklərimin üzərindən də bir Azərbaycan modeli formalaşdırdım. Biz çalışırıq ki, heç bir uşaq diqqətdən kənarda qalmasın.

– Digər ölkələrlə müqayisədə ölkəmizdə barmaqla sayılası qədər uşaq sığınacağı var. Buna əsasən bizdə uşaqların daha az şiddətə məruz qaldığını deyə bilərikmi?

– Gəlin “biz”, “onlar” anlayışlarını kənara qoyaq. Bir ölkədə sığınacağın çox olması heç də oradakı problemin çoxluğundan xəbər vermir. Hazırda bizim uşaq hüquqlarının müdafiəsi sahəsində nə qədər mükəmməl qanunvericiliyimiz olsa da, valideyn məsuliyyətsizliyi hər şeyi məhv edir. Bu hər yerdə var.

Bizdə indi bu istiqamətdə ciddi işlər görülür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi yaradılıb. Orda uşaqların müdafiəsi istiqamətində həm övladlıq, həm də uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısını almaq üçün sosial sifariş verən bir departament var. Ailə Qadın Uşaq Komitəsinin ailələrə dəstək verən 11 mərkəzi var. Bu istiqamətdə işlər görmək üçün yetərincə münbit şərait var.

Düzdür, hazırda Azərbaycanda həm uşaq, həm də qadın sığınacaqlarının sayı çox azdır. Sığınacaqların çox olmasının tərəfdarıyam. Nə qədər çox sığınacaq olarsa, uşaqların reabilitasiyasını bir o qədər düzgün həyata keçirmək olar. Amma əgər bu sığınacaqlar kadr potensialı ilə zəngindirsə, onun maddi-texniki imkanları varsa.


Burda ən əsas məsələlərdən biri həmin sığınacaqlarda uşaqlarla işləyə biləcək kadrların olmasıdır. Biz onlarla uyğunsuz kadrı yola salmışıq. Uşaq sığınacaqların sayının çox olması birbaşa uşaqların küçələrə düşməsinin, zorakılığa məruz qalmasının qarşısını alır. Ən azından potensiallarla iş aparıb bu təhlükələri aradan qaldırmaq olur.

– Bura uşaq sığınacağı olsa da, gəzərkən qadınlarla da rastlaşdım. Onları da qəbul edirsiniz?

– Burda bir-iki qadın gördünüz. Onların özü və qızları da zərərçəkən olduğu üçün bunu istisna hal kimi qəbul etmişik. Normalda, bizim sığınacaq qadınları qəbul etmir. Çünki bizim işimiz sırf zorakılıq qurbanı olan uşaqlarladır və mütəxəssislərimiz də kadr olaraq bu istiqamətdə yetişiblər. Qarışıq sığınacaqlar da var. Məsələn, "Təmiz dünya", "Ümid yeri", "Nur" kimi.

– Sığınacaqlar uşaqlar üçün nə qədər etibarlıdır?

– Elə ötən aylarda uşaq evlərinin birində ("Sevgi" uşaq evində) uşaqlara qarşı törədilmiş xoşagəlməz halın şahidi olduq. Burda əsas diqqət yetirilməli olduğumuz məqam kadr məsələsidir. İnanmıram ki, yaxşı kadrların olduğu hansısa uşaq sığınacağında belə hallar baş versin.

– Bu illər ərzində sığınacağa bir çox uşaq gəlib. Onlardan hansının həyat hekayəsi sizi daha çox təsirləndirib?

– Bura gələn hər bir uşağın öz ağrılı hekayəsi var. Amma son vaxtlar məni ən çox təsirləndirən 13 yaşlı bir qızcığazın uşaq dünyaya gətirməsi olub. Hazırda aidiyyəti qurumlarla həmin uşağın müvəqqəti körpələr evinə yerləşdirilməsi üçün sənədləşməsini həyata keçiririk. 13 yaşlı qız isə artıq məktəbə gedir. Zorakılığa məruz qaldığı üçün hamilə qalmışdı.

Maraqlısı bilirsiniz nədir? Bu azyaşlı qız öz uşağından imtina etmədi. Anası qıza bildirdi ki, uşaqdan imtina etməsə, onu qəbul etməyəcək. Nə qədər məcbur etsək də, razı olmadı.

Bu qız uşağını ev şəraitində dünyaya gətirmişdi. Sonradan onu doğum evinə yerləşdirəndə isə oradakı işçilərdən mənim nömrəmi tapmalarını xahiş edib. Gecə mənə zəng etdi.

Dedi: “Kəmalə xala, anam məndən imtina edib. Sən məni qəbul edərsən?”.

O an keçirdiyim ağrını heç cür sizə izah edə bilmərəm...

Səhər açılan kimi biz işi başlatdıq. Anası ilə dəfələrlə görüşdüm. Bu olduqca böyük bir cinayətdir. Amma bu cinayətdə doğulan körpənin də heç bir günahı yoxdur.

İki gün bundan öncə qızcığaza yenə müraciət etdim. Dedim, bəlkə, imtina edəsən, körpəni də hansısa ailəyə verək. Eləcə gözündən yaş axıtdı. İçindən gəlməsə də söz xətrinə “yaxşı”, dedi. Biz o uşağı bura da gətirə bilmirik. Düzdür, burda travmalı uşaqların təlim-tərbiyəsini həyata keçiririk. Amma o körpəni gətirib 13 yaşlı bu qızcığazın qucağına verib, ona baxacağımızı desəm, ətrafdakılar buna normal baxacaq. Düşünəcəklər ki, demək, bu yaşda uşaq da dünyaya gətirmək olar. Biz bunu qəbul etsək bir növ bunun təbliğatını aparmış olacağıq.

– Bəs uşağın taleyi necə oldu?

Onu körpələr evinə yerləşdirdik. Öz-özümə düşünürəm ki, görəsən, düzmü etdim? Bəlkə, bu 13 yaşlı qız övladı ilə birlikdə qalmaq, onun qoxusunu almaq istəyirdi? Amma yaşı ona bununla bağlı qərar vermək səlahiyyəti vermir. Onun rəsmi qəyyumu mən olduğum üçün seçim qarşısındayam. Mənsə qərar verə bilmirəm. Vicdan əzabı məni öldürür...

– Ailə üzvləri tərəfindən şiddət görən uşaqlar sığınacağa yerləşdirilir. Maraqlıdır, həmin uşaqlar arasında şiddət gördüyü ailəyə geri dönmək istəyənlər olub?

Olubsa siz buna necə reaksiya vermisiniz?

– Uşaqlar heç nəyi unutmur, bağışlamırlar. Xüsusən də, atalarının onlara etdiklərini. Axı ata tərəfindən təcavüzə məruz qalmış uşaq onu necə bağışlaya bilər?!

Ananın bir şilləsini, təhqirini onlar adi qəbul edirlər. Təcavüz hallarında isə məsələ ruhun sındırılmasıdır. Təcavüz ruhu dağıdır. Əlbəttə ki, bu halla qarşılaşan heç bir uşaq bağışlamamalıdır. Biz buna cəhd də göstərmirik.

Onlara necə deyək o sənin atandır, bağışlamalısan? Əsla bunu etmərik! O şərəfsizdir! Cinayətkardır! Uşaq onu elə bu cür də xatırlamalıdır. Övladına toxunan, ümumiyyətlə, təcavüz edən insan əxlaqsızdır! Hazırda bir məhkəmə işimiz var. Qıza qardaşı tərəfindən iki dəfə təcavüz olunub. O buna görə iki dəfə özünü öldürməyə cəhd edib. İndi siz deyin, bu qız onu necə bağışlasın?!

– Zorakılığa məruz qalan uşaqlar arasında oğlanlar, yoxsa qızlar çoxdur?

– Qızların sayı daha çoxdur.

– Bildiyimə görə, yalnız on yaşa qədər olan oğlanlar sığınacağınıza gələ bilərlər. Qızlar üçün isə belə yaş həddi təyin olunmayıb.

– Əslində, biz oğlanlar üçün konkret yaş həddi qoymaq istəmirdik. Amma əgər söhbət cinsi təcavüzdən zorakılıqdan gedirsə, burda artıq bir fizioloji dəyişiklik, hormon pozuntuları var. Artıq onlarda seksə maraq formalaşır. Buna görə hansısa problemlərlə qarşılaşmamaq üçün böyük yaşlı oğlanları qəbul etmirik. Nəzarət edə bilərik, amma əminəm ki, yenə də gözümüzdən yayınan hallar ola bilər.

Bura gələn heç bir uşağın getməsini istəmirəm. Amma getməlidirlər. Dövlət himayəsində olmaq tamam başqa şeydir. Nə qədər ağrılı da olsa, bəlli bir yaşdan sonra onlar öz ayaqları üzərində durmağı bacarmalıdırlar.

– Burdakı istedadlı uşaqların üzə çıxarılması, onların inkişafı üçün necə şərait yaradırsınız?

– İstedadsız uşaq yoxdur. Bu il iki uşağımız universitet, akademiya qazandı. Biri Bakı Dövlət Universitetinin biologiya fakültəsini, digəri isə Əmək və Sosial Münasibətlər Akademiyasının sosial iş fakültəsini.

Dörd uşağımız isə magistraturaya qəbul oldu. Elə onlardan ikisi modelyer, dizayner işi üzrə yönəldilər. Yeməklə bağlı masterklaslar edirik. Onlarda turizmin formalaşması üçün ölkəni gəzdiririk.

Əl işlərində xüsusi bacarığı olanları bu istiqamətdə yönəldirik. Hətta hazırda iki müəllimimiz aşpazlıq və dizayn texnologiyası üzrə kollec təhsili alır. Bu bizim üçün böyük uğurdur. Buradakı uşaqlara sənət öyrədirik ki, sabah heç kimə möhtac olmasınlar. Gedib haradasa günə on manatdan qab yuyaraq kimlərinsə, xoşagəlməz təkliflərini eşitməsinlər. Bunu deməklə qab yuyan insanların əməyinə hörmətsizlik etmək istəmirəm, amma reallığı hamımız bilirik axı.

– Sığınacaqdakı uşaqlarla psixoloji iş necə aparılır? Bu işdə könüllü iştirak edən psixoloqlar var?

– Bizim öz psixoloqumuz var. Bu sahədə olduqca peşəkardır. Davamlı olaraq da təlimlərdə iştirak edir, üzərində işləyir. O uşaqlarla fərdi və qrup şəkilində iş aparır. Psixoloq özünü onlardan biri kimi göstərərək onları çözməyə başlayır.

Zorakılıq qurbanı olanlar öz dünyalarından danışmağı sevmirlər. Bundan çəkinirlər. Amma bəlli müddətdən sonra buna ehtiyac duyurlar. Həmin vaxt da ancaq onlara dost olan şəxslərə yaxın gedirlər. Bizim psixoloq da bunu bacarır. Amma dəstək göstərən onlarla könüllümüz var. Onların arasında sosial işçi də, psixoloq da var. Bu uşaqların məxfiliyini qorumaq üçün onları bütünlükdə prosesə cəlb edə bilmirik.

Uşaqlar sığınacağa adaptasiya olmaqda çətinlik çəkirlər?

– Özünü dərk edən uşaq üçün sığınacaqda ən ağır gün onun bura gəldiyi ilk gecədir. Çünki o bilmir hara gəlib, onu nələr gözləyir? Düşünür ki, gecənin zülmətində burda da ona kimsə hücum edə bilər. Həmin gecə onlar üçün dəhşət olur. O dəhşəti ötüşdürməkdə yardımçı olmaq üçün biz əməkdaşlarımızla burada qalırıq. Yaşadıqları bədbəxt hadisədən sonra ilk təmasları bizimlə olduğu üçün aramızda güvən yaranır. Bu sonrakı mərhələdə bizə çox kömək olur.

– Buradakı uşaqların acı həyat hekayələri sizə də təsir edir, mənfi aura yaradır...

– Düzdür. Bütün ağrını, acını bu uşaqlarla birlikdə uduram. Amma onların üzü güldükdə hər şeyi unuduram. Bu gözəl hisdir. Eynilə müharibədə çoxlu itki vermiş, amma sonda qalib gələn dövlətin qələbə hissi kimi.

– Maraqlıdır sığınacaqda uşaqların çoxlu əl işləri var...

– Burda gördüyünüz əl işləri onların iç dünyasıdır. Bayaq gördüyünüz bəy və gəlin kuklaları əvvəl böyük bir stend idi. Stenddə oğlan əlindəki üzüyü qıza uzatmışdı, qızsa üzünü arxasında yerləşən məktəbə tərəf çevirmişdi.

Burada göstərmək istədiyimiz məsələ erkən evlilik idi. Biri var uşaqlara sözlə nələrinsə yaxşı olmadığını deyək, bir də var əyani şəkildə göstərək.

Zənnimcə, ikinci üsul daha effektivdir. Özünüz də uşaqlarımızın yaş kateqoriyasını gördünüz. Onlar həm təhsildən kənarda qalıb, həm də çox ağır şeylər yaşayıblar. Biz bu əl işləri ilə onların psixoterapiyasını həyata keçiririk. Onlara sevgi öyrədirik. Sevgi hissini onlara ötürə bilməyən kadrları da işə götürmürük. Bu uşaqların əlindən alınmış sevgini yenidən onlara aşılayırıq.

– Son zamanlar sosial şəbəkələrdə gördüyünüz işlərlə bağlı çoxlu paylaşımlar edirsiniz...

– Mən görünüş üçün heç nə etmirəm. Ümumi paylaşdığım şəkillərin, videoların bir məqsədi var. Uşaqlara diqqəti artırmaq. Düzdür sosial medianın Azərbaycan seqmentində daha çox lağlağı xarakterli statuslara önəm verilir. Bunu mən də etmişəm və həmin paylaşımlara daha çox reaksiya gəldiyinin şahidi olmuşam. Nəinki hansısa zorakılığa məruz qalan uşaqla bağlı etdiyim çağırışa.

Düşündüm ki, sığınacaqdakı uşaqlara diqqəti artırmaq üçün onların hekayələrini insanlara toxuna biləcək tərzdə çatdırsam daha effektiv olar. Məsələn, “bu gün yuxuda anamı görmüşəm, imza filankəs”.

Qaçırılmış qızın hekayəsini paylaşdım. Uşaqların adından müraciətlər etməyə başladım. Olduqca müsbət reaksiyalar aldım. Ümumiyyətlə, sosial şəbəkələrdə tərbiyəvi əhəmiyyətli paylaşımlar nə qədər çox olarsa, biz cəmiyyət olaraq bir o qədər yaxşı formalaşacağıq. Çox vaxt sosial şəbəkələrdə şərhlər yazırlar ki, bu sizin borcunuzdur etməlisiniz, dövlət sizə o boyda dəstək verir. Bəlkə, elə sizin saytınızın vasitəsi ilə həmin adamlara çatdıraq ki, biz də dövlətə dəstəyik. Öz fəaliyyətimizlə, əməyimizlə. Heç də hər şeyi pul həll etmir...

– Burdakı uşaqların təhsil məsələsi necə həllini tapır?

– Son vaxtlar mən uşaqların təhsili ilə bağlı çoxlu paylaşımlar edirəm, müraciətlər ünvanlayıram. Bilirəm ki, bu kimlərdəsə qıcıq da yaradır.

Axı nəyə görə hansısa uşaq təhsildən kənarda qalmalıdır?! Hələ bayaq siz uşaqlarla söhbət etdikdə, burada məktəbə təqdim etmək üçün məktub hazırlayırdım. Bura gələn hər bir uşağın təhsilini davam etdirməsi üçün üzərimizdə böyük bir məsuliyyət var. Bax bu gün gördüyünüz uşaqların əksəriyyəti oturub zamanını gözləyir ki, ya fərdi təhsilə getsin ya da yarım qalmış təhsilini bərpa etsin. Bununla bağlı Elm və Təhsil Nazirliyinə Bakı Şəhəri Təhsil İdarəsinə müraciətlərimiz olur.

– Müsbət cavablar ala bilirsiniz?

– Son zamanlar sosial şəbəkələrdəki səs küyümüz, konfranslardakı çıxışlarımız artıq bu istiqamətdə buzların əridiyini göstərir. Əminəm ki, dövlət qurumlarında çalışan məmurlar bu işdə bizə yardım etmək istəyirlər. Sadəcə bir qədər ötür-ötür olur. Bəlkə də, onlar da qanunun çərçivəsindən kənara çıxmamaq üçün bəzi məqamlarda heç nə edə bilmirlər. Müsbət nəticələr, əlbəttə, var.

Sizin qarşınızda olan məktubu dünən mən Feysbukda paylaşmışam. Bu bizim Ümidimizin məktubudur. O qədər ümidlidir ki, təhsil alacağına...

Hazırda o sanatoriyadadır. Geri dönəndə düşünürəm ki, artıq onu fərdi təhsilə yönləndirəcəyik. Sənədinin olmaması onun günahı deyil ki. Eləcə də digər uşaqların. Bu da birbaşa valideyn məsuliyyətsizliyidir.

Bayaq yazdığım məktub zamanında sığınacağımızda yerləşib, indi məktəbə gedə bilməyən iki qızımızla bağlıdır. Onları burdan valideynlərinə təhvil verəndə bildirdilər ki, həmin qızları yenidən məktəbə yerləşdirəcəklər. Sonradan bizə məlum oldu ki, onların heç biri təhsilini davam etdirməyib. İndi məktəb də nə edəcəyini bilmir. Burda da valideyn məsuliyyətsizliyinin şahidi oluruq. Burada bizə yad olan uşaqlar üçün çapalayırıq. Onların öz doğmaları isə özünü yad kimi aparır. Övladının gələcəyi ilə bağlı heç nə etmək istəmir.

– Sığınacaqdakı uşaqlarla psixoloji iş necə aparılır?

– Reabilitasiya işində psixoloji söhbətlərin qrup işlərinin çox önəmi var. Bura gələn uşaqlar çox ağır travmalardan keçiblər. Onlar, xüsusən də, cinsi, fiziki zorakılıq görmüş uşaqlardır. Onların zərərçəkən kimi qiymətləndirilməsi, tədqiqatın aparılması, istintaq, məhkəmə prosesləri var. Bütün bu ağır proseslərdə uşaqların ayaqda dayanması üçün çalışırıq. Bu uşaqlar təkcə psixoloq qarşısında oturdub, onlara hər şey yaxşı olacaq fikrini diktə etməklə kifayətlənə bilmərik.

Bax bu səbəbdən psixo-art-terapiyaya çox üstünlük veririk. Onlar əsasən qızlardır. Biz onların peşə bacarıqlarını ortaya çıxarırıq. Bu istiqamətdə ilk işlərimizi gəlinciklərlə başladıq. Çünki bura gələn uşaqların əksəriyyəti cinsi zorakılıq qurbanlarıdır. Biz, əvvəla, gəlinciklər hazırlamağa başladıq. Bu əl işlərinin hər biri məişət tullantılarıdır. Oyuncaqlar müxtəlif qırıntılardan bir araya gətirilir. Məsələn, burda elə kuklalar var ki, iki əli bir-birindən fərqlənir. Onlar sındırılmış uşaqları təmsil edirlər. Bu halda onlara oyuncaq versək onlar həmin oyuncağı da sındıracaqlar. Çünki özləri də sınıblar. Biz isə onları bərpa etməyə çalışırıq.

– Müsahibələrinizdən birində sığınacaqlar haqqında araşdırma aparan jurnalistlərin azlığından şikayətlənmisiniz. Sizcə, indiki məqamda buna ehtiyac varmı?

– Biz çox istərdik ki, ümumiyyətlə, vətəndaş cəmiyyətinin fəaliyyətindən yazılsın. Baxın, bir neçə QHT var ki, deyir mənim sığınacağım var. Neçəsində olmusunuz? Çox istərdim ki, bu araşdırılsın. Biz akkreditasiyadan keçmişik. Özümüzü sübut etmişik. Bundan sonra da bu qapı bura gəlib araşdırmaq istəyən hər kəsin üzünə açıqdır. Amma bir jurnalist olaraq bizim də sığınacağımız var deyənləri araşdırmalısınız. O zaman sizə bəlli olacaq hansında iş görülür, hansında yox. Hansı işləyir, hansı sadəcə pul yeyir.

– İxtisasınız rejissorluqdur. Əgər fürsətiniz olsa, sığınacağınızla bağlı film çəkmək istərdiniz?

– Bəzən yazılar yazıram. Çox dostum deyib ki, onları hekayəyə çevirib kitab şəkilində çap edim. Qürurum buna imkan vermir. Çünki biz zorakı xalq deyilik. Biz təcavüzkar millət deyilik. Amma yazacağım hekayələrdə o qədər zorakılıq qurbanları var ki... Buna görə yaza bilmirəm.

Bir vaxtlar qələmə aldığım "Bir arzum var" adlı 16 yaşlı bir qızın həyatından bəhs edən hekayə yazmışdım. O qız bizim sığınacağa gələndə reabilitasiyası qeyri-mümkün idi. Ancaq mən dirənmişdim. Altı ay onu yanımda saxladım. Qucağımda sığalladım. Onu o qədər öldürmüşdülər ki, artıq yox idi. Biz onu əsəb xəstəxanasına yerləşdirməyə məcbur olduq. Onun arzusu anasına çatmaq idi.

Anasını çox böyük çətinliklə tapdıq. Onu qolundan tutub uşağını görməsi üçün apardım. Amma artıq gec idi. Uşaq heç nəyi dərk etmirdi. Sonda o qız öldü... Film çəkərəmsə, bu ssenari əsasında çəkərəm. 16 yaşlı bu qızın simasında əzilən qızlarımızdan, ailə münaqişələri zəminində övladlarını tərk edən valideynlərdən, ikinci dərəcəli qohumların bu uşaqlara əşya kimi baxmasından film çəkərəm. Amma istəmirəm. Millətimin çox güclü olduğunu bildiyim üçün bu kiçik faizlərdən partlayış yaratmaq istəmərəm. Çünki biz daha yaxşı ssenari ilə yaşamağa layiqik.

– Zorakılığa məruz qalan qızların erkən nikaha cəlb olunması hallarına da çox rast gəlirik. Buna qarşı necə mübarizə apara bilərik?

– Hələ iyul ayında təkcə Saatlının bir kəndində hüquq mühafizə orqanları ilə birgə 11 erkən evlilik və nişanın qarşısını aldıq. Bu böyük bir göstərici idi. Mən İcra hakimiyyətlərinə sorğularla müraciət etdim ki, son üç il ərzində erkən nikahla bağlı neçə qərarın qəbul edildiyini bizə bildirsinlər. Nəticələr faciədir. Bunu etmək olmaz. Bu uşaqlar gəlinciklə oynamalıdır. Onların zorakılıq qurbanları olsalar belə, arzuları cehizlə bağlı olmamalıdır. Əllərində kitab, dəftər olmalıdır. Onlar hər şeydən əvvəl bu ölkəyə faydalı vətəndaş olmalıdırlar.

– Sığınacağınızda hansı problemlər var?

– Biz çox şeyi səsimizi çıxarmadan özümüz həll etməyə çalışırıq. Amma bu bir qədər zaman alır. Yəqin ki, siz də burdakı sıxlığın, yer azlığının şahidi oldunuz. Uşaqların əl işləri olduqca çoxdur. Onları yerləşdirmək üçün dolablarsa azdır. Biz də məcbur qalıb bir hissəsini kənara qoyuruq. O qədər möhtəşəm işlərdir ki, istəməzdik onlar kənarda qalsın.

– Burdan zorakılıq qurbanı olan uşaqlara, eləcə də onların valideynlərinə nə demək istərdiniz?

– İdeal cəmiyyət heç yerdə yoxdur. Bizim hələ də dəyişməli olduğumuz və dəyişə bildiyimiz çox şey var. Bu az da olsa, mənə rahatlıq verir.

Məsələn, hazırda biz burda komanda ilə birlikdə otuz uşağı dəyişirik. Onları cəmiyyətə geri qaytarırıq. Beləcə otuz nəfər cinayətkar azalır. Bu mükəmməl bir şeydir. Zorakılıq qurbanı olan hər bir uşaq bilsin ki, o tək deyil. Biz ona əlimizdən gələn hər cür dəstəyi göstərməyə hazırıq. Özünü cəmiyyətdən təcrid etməsin. Valideynlər isə gərək dünyaya gətirdikləri övladlarının arxasında durmağı bacarsınlar. Başlarına gələn istənilən bədbəxt hadisədə onlardan imtina etməsinlər. Əgər bu gün təcavüzə məruz qalan uşaq bir travma alırsa, valideynlərinin, doğmalarının ondan üz döndərməsi həmin travmanı ikiyə yüksəldir. Belə olduqda bundan sonra həmin uşağın yaşaması da, sual altına düşür. Buna imkan verməsinlər.

# 4979 dəfə oxunub

Müəllifin son yazıları

# # #