Layk xətrinə gözəlliyi məhv edən "gözəllər"... - "Ağnayıb" mərifətini nümayiş etdirənlər kimlərdir?

Layk xətrinə gözəlliyi məhv edən "gözəllər"... - "Ağnayıb" mərifətini nümayiş etdirənlər kimlərdir?
15 aprel 2026
# 12:00

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.

Bu yaxınlarda bir dəstə “gözəl-göyçək” bloqer qız gedib Dənizkənarı Milli Parkda yeni əkilmiş güllərin içinə uzanıblar, tort üstündə şam üfürüblər, nə bilim, mayallaq aşıb salto vurublar. Qısaca, orada min bir zəhmətlə əkilən gülləri əzib, tapdalayıb, sözün əsl mənasında xarabazara çeviriblər. Ardınca da bu görüntüləri “estetik” adı altında sosial şəbəkə hesablarında paylaşaraq utanmadan, çəkinmədən nümayiş etdiriblər.

Və daha pisi - bu rəzalət tezliklə trendə çevrilib, alqışlanıb, təqlid olunmağa başlayıb. Halbuki olay təkcə güllərin məhv edilməsi deyil; məsələ daha dərindir, daha ağrılıdır - özünü “rəy lideri” hesab edən, cəmiyyətə, xüsusən də formalaşmaqda olan gənc nəslə az-çox təsir imkanları olan ictimai fiqurların bu qədər məsuliyyətsiz, bu qədər düşüncəsiz davranmasıdır.

Bloqer dediyimiz şəxs sadəcə hansı brendi geyinməyi, hansı kafedə oturmağı, hansı filtri istifadə etməyi göstərən biri deyil. O, istəsək də, istəməsək də, bir modeldir - davranışı ilə, dili ilə, seçimləri ilə. O, izləyicisinə təkcə görünüş deyil, həm də münasibət, yanaşma, mədəniyyət ötürür. Amma təəssüf ki, bizim bəzi “ulduzlar” üçün estetik anlayışı yalnız fon kimi istifadə olunan dekorasiyadan ibarətdir. O dekorasiya ki, onun üzərinə çıxmaq, onu əzmək, onu məhv etmək “yaradıcılıq” sayılır. Təbiət onlar üçün qorunmalı dəyər yox, istifadə olunub atılan aksessuar kimidir. Özlərini isə bu “səhnənin” mərkəzində duran, hər şeyə haqqı çatan varlıqlar kimi aparırlar.

Bulvar hamımızındır. O güllər sadəcə torpağa sancılmış bitki deyil - şəhərin nəfəsidir, gözəlliyidir, zəhmətin, qayğının, diqqətin nəticəsidir. Hər birinin arxasında saatlarla işləyən insanların əziyyəti, zəhməti, alın təri dayanır. Layk, rəy, süni tərif, reytinq xatirinə o gözəlliyi tapdalamaq yalnız bitkini məhv etmək deyil - bu, şəhərə, insanlara, əməyə, ümumilikdə dəyər anlayışına qarşı açıq hörmətsizlikdir. Bu, “mən istəyirəmsə, hər şeyi edə bilərəm” düşüncəsinin ən çirkin, ən primitiv təzahürüdür.

Daha qorxulu olan isə bu görüntülərin trendə çevrilməsidir. Çünki bu, cəmiyyətə səssiz, amma çox təhlükəli bir mesaj ötürür: “Məşhur olmaq üçün hər şeyi etmək olar, dağıtmaq olar, tapdalamaq olar, fərqi yoxdur”.

Bu mesaj xüsusilə gənclərin şüurunda zəhərli bir toxum kimi cücərir. Onlar düşünür ki, diqqət qazanmağın yolu dəyər yaratmaqdan yox, mövcud olanı məhv etməkdən keçir. Bu isə artıq təkcə etik məsələ deyil, bu, mədəni deqradasiyanın açıq siqnalıdır.

İctimai fiqur olmaq yalnız kamera qarşısında poz vermək, filtrlərlə “mükəmməl” görünmək deyil. Bu, hər addımında məsuliyyət daşımaqdır. Hər paylaşımın, hər davranışın bir təsiri olduğunu dərk etməkdir. Gülləri əzərək gözəl göründüyünü zənn edənlərin bu davranışı isə əslində daxili boşluğun, estetik zövqsüzlüyün və şişirdilmiş eqonun acınacaqlı göstəricisidir. Bu, “mən mərkəzdəyəm” illüziyasının gətirdiyi korluqdur. Elə bir korluq ki, nə gözəlliyi görür, nə də onu qorumağın məsuliyyətini anlayır.

Gözəlliyi yaratmaq əvəzinə onu məhv edib sonra da bunu “yaradıcılıq” kimi təqdim etmək yalnız zövqsüzlüyün yox, həm də mənəvi kasadlığın sübutudur.

Yazını yazanda bir məsəli xatırladım: "Ulağa dedilər mərifətini göstər, tozun-torpağın içinə yıxılıb ağnadı…".

# 136 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər