Roza Zərgərlinin özəlliyi və “Maşın-şou”dakı kişi oyunçuların marağı

Roza Zərgərlinin özəlliyi və “Maşın-şou”dakı kişi oyunçuların marağı
4 iyun 2018
# 11:47

Günel Natiq

“Maşın-şou”nu futbol oyunuyla müqayisə edirəm. Taktiki gedişlər və s. mənə futbol meydançasını xatırladır. Burda da fənd işlədən oyunçular, güclü zərbə sahibləri və s. var. Elə oyunçular da var ki, onların fəndinin, ya zərbəsinin qarşısını heç bir qüvvə ala bilməz.

Amma bütün bunları yalnız təcrübəli və usta “məşqçi” Murad Dadaşov görür və duyur.

Budəfəki sürətdə Roza Zərgərli, Nərmin Abıyeva, Mətanət Əliverdiyeva kimi simalar var. Qalmaqallı sənətçilər yenə diqqətlə seçilib. Maşını idarə edəcək şəxslər bunlardır. Yəni şounun nə dərəcədə uğurlu olub-olmaması bu qalmaqallı sənətçilərdən asılıdır.

Amma qalmaqallarda adı hallananlar hələ ki, susqunluqlarını qoruyurlar. Yəqin ki, onların mənafeyinə zidd olan bir durum yoxdur. Hər şey “qaydasında” gedir. Heç Murad Dadaşov da onları qalmaqala cəlb etməyi hələ ki düşünmür. Görünür, Dadaşov bir məşqçi təcrübəsiylə bu sənətçiləri ehtiyatda olan futbolçular kimi dar macal üçün saxlayır. Oyunun taktikasını dəyişmək üçün yeni bir gediş etmək lazım gələndə onlar da meydanda öz “hünərlərini” göstərəcəklər.

Hələ ki, oyun tufandan qabaqkı sakitliyi xatırladır. “Maşın-şou”da və ümumiyyətlə həyatda böyük təcrübəsi olan oyunçuları izləyəndə bunu hiss etmək çətin deyil.

Yəqin ki, oyunda qazandıqları təcrübənin sayəsindədir ki, bəzi oyunçuların hansı məqamda oyun oynadıqlarını, hansı məqamda isə həqiqəti söylədiklərini təxmin etmək müşkül məsələdir. Yəqin ki, Aqata Kristinin qəhrəmanı-məşhur xəfiyyə müsyö Puaro da onlardan baş açmazdı. Şlyapasını başına qoyub sakitcə məkanı tərk edərdi.

Yalan nə söyləyim, bu oyunun elə qadın bombardirləri var ki, onlar hücuma keçəndə adamın təzyiqi qalxır, ya da ürək dərmanına ehtiyac duyur. Bu oyunçular elə bil ən güclü və qəddar məşqçilərdən dərs alıblar, bu yerə gəlib çatana qədər böyük və məşəqqətli bir yol keçiblər. Ona görə heç bir vəchlə sarsılmamağı, geri çəkilməməyi qarşılarına məqsəd qoyublar.

Bu yerdə deyiblər, aslanın erkəyi-dişisi olmaz.

Hər halda canlı efirdə güclü iradə nümayiş etdirmək, rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaratmaq hər oyunçunun işi deyil.

Bombardirlərin yanında diqqət çəkməyən, kölgədə qalan oyunçular-nisbətən yaşlı və məşhur sənətçilər də var. Onlar da müəyyən məqsəd üçün seçilib. Canlı korifeylərin kölgə kimi də olsa da şouda iştirakı yarışmanın nüfuzunu qaldırır. Onlar bir-iki günlük qonaqdırlar. Yəqin ki, bu sadəlövh varlıqlar olayları kənardan izləyib öz-özlüyündə “bizim vaxtımıza belə şeylər olmazdı” deyə təəccüblənirlər.

Tamaşaçıların reaksiyası da az maraq doğurmur. Məsələn, “Maşın- şou” başlayar-başlamaz Roza Zərgərli gündəmə gəldi. Həm də bir şəxsiyyət və ya bir sənətçi kimi deyil. Heç oyunçu kimi də deyil. Bu dəfə Roza Zərgərli bədəninin müəyyən bir hissəsi ilə diqqətləri özünə çəkdi. Kişi tamaşaçılar onu oyunçu kimi görməkdən imtina edib məhz bu baxış bucağından adını hallandırmağa başladılar. Hətta şok açıqlamalar verənlər də tapıldı. Roza Zərgərlinin tamaşaçıların qəlbinə xitab etməli olan müsbət özəllikləri heç yada da düşmədi.

Hər halda Roza Zərgərli hansı özəlliyinə görə isə oyunda qaldı və əsas forvardlardan biri kimi mübarizəsinə davam etməli oldu.

Yaxşı, bəs bu şou tamaşaçılara hansı özəlliyi ilə maraqlıdır? Tamaşaçılar adətən qalmaqallardan təngə gəldiyini deyirlər, “sənət” görmək istədiklərini vurğulayırlar. Elə isə qalmaqallı şou niyə maraqları özünə çəkir?

Təşkilatçılar və şouya dəstək verənlər “şou nə ilə maraqlıdır?” sualına fikirləşib belə bir cavab tapıblar: “Bu şou sənətçilərin iç üzlərini açıb göstərir”.

Maraqlı yanaşmadır. Roza Zərgərlinin, yaxud tutaq ki Qurd ləqəbli müğənninin iç üzü tamaşaçıya niyə maraqlı olsun ki? Tutaq ki, Qurdun iç üzündən hali olduq. Məlum oldu ki, Qurd doğrudan da adını doğruldan bir instinktə malikdir. Bu informasiya nə Qurdun, nə də bizim həyatımızı dəyişəcək.

Amma şou təşkilatçılarının həyatını mütləq dəyişəcək. Həm də elə bir sürətlə dəyişəcək ki, bu sürətə heç bir maşın sürəti çata bilməyəcək.

Onsuz da şou əhlini tanımaq üçün “Maşın-şou”lara ehtiyac yoxdur. Zatən şou-biznes nümayəndələri müəyyən bir səviyyəyə gəlib çatana qədər özlərini kifayət qədər tanıdırlar.

Əslində “Maşın-şou” bu illər ərzində bizə o qədər “doğmalaşıb” ki, burda hər şey gözləniləndir. Gözlənilən olmayan tamaşaçılardır. Sosial şəbəkələrdə öz aralarında diskussiyaya girən, oyunçuları yıxıb-sürüyən, kimisə yarışmadan uzaqlaşdırmaq üçün onun rəqibinə səs göndərən tamaşaçılar. Yalnız tamaşa etməklə qalmayıb aktiv şəkildə oyuna müdaxilə etməyə çalışan, kiminsə əlini maşından çəkdiyini izləyən kimi bütün vasitələrlə bunu təşkilatçıların nəzərinə çatdırmağı özünə borc bilən, öz müdaxiləsiylə ədaləti bərqərar etdiyini düşünən tamaşaçılar.

Yəqin ki, şounun bu hissəsini heç vaxt başa düşə bilməyəcəyəm.

# 2594 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #