Əcnəbilərlə nikah gündəmə gələn kimi insanlarımız öz hökmünü verir: “Onsuz da boşanacaqlar!”
Bu sözlərin arxasında indi söz açmaq istəmədiyimiz bir çox mətləblər gizlənir ki, onlardan biri də gerçək faktlarla bağlıdır. Statistikaya görə, doğrudan da, xarici ölkə vətəndaşlarıyla evliliklər əksər hallarda boşanmayla nəticələnir.
Nümunə üçün deyim ki, ziyalı bir ailənin övladı kimi tanıdığım bir qız avropalı oğlanla ailə qurmuşdu. Hər ikisi neft sahəsində çalışırdı, maraqları üst-üstə düşsə də, mentalitet fərqi onları ayırırdı.
Avropalı oğlan gəlinin qohumlarını qəbul etmək və evində görmək istəmir, təsadüfən evində qonaq görəndə isə özünü təkəbbürlü aparırdı. Belə münasibət qadının ürəyini ağrıdır, qüruruna toxunurdu.
Ortaq övladları da onları bir-birinə yaxınlaşdıra bilmədi. Fikir ayrılığı qadının ailədəki yerindən tutmuş təsərrüfat məsələlərinə, uşaqların tərbiyəsinə kimi gedib çıxdı.
Axır ki qadın bu durumdan bezib boşanma tələb etdi. Kişi razılaşdı, amma belə bir şərt də qoydu ki, qızının tərbiyəsilə şəxsən özü məşğul olacaq. Doğma övladının yad təsirlərə məruz qalacağından oddan qorxan kimi qorxurdu. Maraqlıdır ki, belə bir qorxu uşağın soydaşımız olan anasında da vardı. O da eynilə qızının yad təsirlərə məruz qalacağını, açıq-saçıq böyüyəcəyindən qorxurdu. Və heç biri də fərqində deyildi ki, mentalitet fərqi aralarında böyük bir baryer əmələ gətirib.
İnsanlarımız bu amili görməzlikdən gəlir və qarışıq nikahlardakı problemin əsas səbəbini belə izah edir ki, guya əcnəbilər nikaha barmaqarası baxır. Əlbəttə ki, bu yanlış düşüncədir, çünki hər millətin evliliyə, nikaha öz əxlaq ölçüləri daxilində ciddi baxışı var.
Xüsusilə həyat səviyyəsi bir-birindən kəskin fərqlənən iki ölkəyə məxsus cütlüyün nikahı çətin sınaqlardan keçir. Həyat səviyyəsi arasındakı fərqlər ailədaxili təbəqələşmə yaradır. İnsanların eqoları belə nikahlarda daha kəskin görünür. Mentalitet fərqi hətta qarşılıqlı nifrətə belə çevrilə bilir.
Xarici ölkəyə ərə gedən qadın həyatını sıfırdan başlamağa hazır olmalıdır. Hər halda sevib-seçdiyi həyat yoldaşı hər an yanında olub kommunikasiya problemlərini aradan qaldırmaqda ona kömək edə bilməyəcək.
Əcnəbiyə ərə getmiş bir rəfiqəm yeni mühitə adaptasiya ola bilməmiş və ağır depressiyaya düşmüşdü. Ərin qohumları ona soyuq davranır, öz aralarına qəbul etmək istəmirdilər.
Əslində rəfiqəm özü də qapalı insan idi, yad adamlarda xoş təəssürat yaratmaq üçün özünü sevdirmək, qaynayıb-qarışmaq ağlına da gəlmirdi. Tısbağa kimi qınına çəkilmişdi.
“Aynanın qabağında durub özümlə danışacaq qədər pis durumda idim. Ərim işiylə bağlı başqa şəhərdə olduğu vaxt pəncərədən boylanaraq bir səs arayırdım. İt, pişik səsləri belə məni ovudurdu”.
Rəfiqəm özünü elə tənha hiss etmişdi ki, pəncərədən atılıb intihar etmək istəmişdi. Qəfil qapının döyülməsi onu özünə gətirmişdi. Nə üçünsə gələn qonşu qadını görçək onun boynuna sarılıb ağlamışdı.
Rəfiqəmin həyatı sanki sürgündəymiş kimi davam etmişdi, ta həyatına ovladı daxil olana kimi. Uşağın dünyaya gəlişi vəziyyəti xeyli dəyişmiş, onu sosial həyata bağlamışdı. Rəfiqəm uşağını dərnəklərə yazdıraraq əslində təkcə onun üçün deyil, özü üçün də yeni maraq yaratmış, özünə kiçik çevrə qura bilmişdi.
Xarici vətəndaşla ailəli olan digər həmsöhbətim Günay Almaniyada yaşadığı 10 il ərzində özünə çevrə qura bilmədiyini deyir, əsas sıxıntısı da bu məqamla bağlıdır.
“Dil, mədəniyyət baryerini aşmaq çətindir. Gənc insanlar başqa ölkədə yeni həyat qura bilər, amma müəyyən yaş mərhələsində olan adam üçün bunu etmək çox çətindir. Başqa ölkəyə gələn qadın mühit dəyişikliyini, mədəniyyət dəyişikliyini gözə almalıdır. Təsəvvür edin ki, bütün ailəni, işini, sevdiklərini arxada qoyub yad insanların arasına gəlirsən, başqa mədəniyyətdən olan insanla bir yuva qurursan, fərqli baxış bucağından həyata baxmalı olursan. Bir-birinizə alışa bilmək bəzən illərlə mümkün olmur”.
Günayın sözlərinə görə dil, mədəniyyət baryerini aşan qadınlar da az deyil. Amma çoxları üçün yeni mühitə uyğunlaşmaq çətindir.
Uzaqlar həmişə maraq doğurduğu üçün hamıya elə gəlir ki, xarici ölkələrdə bulaqlardan da su yerinə süd axır. Amma reallıq nağıllardan çirkinliyilə fərqlənir. Belə bir çirkin reallıq bir rus qadınını İtaliyada yaxalayıb. 40 yaşlı italyana ərə gedən 25 yaşlı rus qızı İtaliyada onu modern bir həyat tərzinin gözlədiyini düşünürdü, amma qayalıqlara əhatə olunmuş bir kəndə gəlib çıxır. Bu kənd elə bir ucqar yerdə yerləşir ki, adicə bir marketə getmək üçün neçə km yol qət etmək lazım gəlir.
Amma rus qadını bu çirkin reallığı gözəl nağıla çevirə bilib. Onu əhatə edən təbiətə elə vurulub ki, ancaq bir sevgi insanın gözünü kor edə və çirkin mənzərəni gözəl bir biçimdə göstərə bilər.
Bundan başqa, rus qadın həmin kənd və öz həyat tərzi haqqında yazılar yazmağa və sosial şəbəkələrdə populyarlaşmağa macal tapıb.
Xarici ölkə vətəndaşlarıyla evlilikdə mədəni mübadilə əsas rol oynayır. Tərəflər bir-birinə öz ölkələrinin ənənələrini ötürərək başqa bir dilin, başqa bir mədəniyyətin açdığı imkanlarla dünyanı yeni tərəfdən görə, dərk edə bilərlər. Bu həm maraqlı, həm də faydalı olar.
Bundan başqa, insanlar o dərəcədə etikalı olmalıdırlar ki, qarşı tərəfin mentalitetində olan əskikləri görməzdən gəlsinlər və problem yaratmasınlar.