Ouk-Park şəhərciyində güzəran keçirən gənc həkim Klarens Heminquey qonşu qızı Qreysə aşiq idi. Qız tibb kollecini bitirmişdi, amma arzuları bu sakit şəhərə sığmırdı. Qreys müğənni olmaq, dünyanı fəth etmək arzusundaydı. Nəticədə isə, o, əyalət həkimi Klarens Heminqueyin həyat yoldaşı olmuş və taleyiylə barışmışdı. Bu izdivacdan 1899-cu ildə dünyaya gələn Ernest ailənin ikinci uşağıydı.
Klarens təbiət vurğunu idi, təbiətin qoynunda özünü evindəki kimi hiss edirdi. Oğluna da bu sevgini aşılamışdı. Hələ 3 yaşında olanda Ernest atasıyla balıq ovuna gedir və artıq ağacların, çiçəklərin, quşların, heyvanlarını “dilini” bilirdi. Ernest kitabları da sevirdi. Xüsusilə Darvinin araşdırmalarını və tarixi əsərləri mütaliə edirdi.
Ernest sağlam və güclü idi, sevdiyi boksla məşğul olmaq üçün heç bir əngəl yox idi. Sonralar o, belə deyəcəkdi: “Boks mənə çox şey öyrətdi; məsələn, yıxılandan sonra da yenidən hücuma hazır olmağı”.
Ernestin adını babasının şərəfinə qoymuşdular, amma o, öz adnı sevmirdi. Onun fikrincə, bu, burjua adına oxşayırdı. Ernestin barışmadığı çox şeylər vardı. Məsələn, anası kimi əyalət həyatına alışmaq və taleyinə boyun əymək istəmirdi. Halbuki, valideynlərinin fikrincə, o, məktəbi bitirəndən sonra mütləq universitetdə oxumalı, evlənməli və münasib iş tapıb həmişəlik bu kiçik şəhərdə məskən salmalıydı. Amma belə sakit, adi həyat Ernesti cəlb etmirdi. O, həyatı dolu-dolu yaşamaq istəyirdi. O, döyüşmək, içib şənlənmək, dünyanı fəth etmək istəyirdi. Okeanın o tayında 3 il idi ki, Birinci Dünya müharibəsi gedirdi. Ernestin nəzərində müharibə əyləncədən başqa bir şey deyildi. Belə bir “əyləncə” olan yerdə hansı universitetdən söhbət gedə bilərdi? O, hər hansı bir yerə getməyə hazır idi, təki burdan uzaq olsun!
Ernest dayısının köməyiylə Kanzas-Sitidə, yerli qəzetlərin birinə işə düzəlir. Kriminal hadisələr onu daha çox cəlb edirdi. Müşahidə etdikləri sonralar əsərlərində ona çox gərək olacaqdı. Enerjisi aşıb-daşırdı. Dostları xatırlayır ki, makinada yazanda onun barmaqlarını görmək olmurdu, fikirlərini yazıb çatdırmağa iki əl “azlıq edirdi”.
Bununla belə, müharibəyə getmək fikri Ernesti rahat buraxmırdı. Gözlərində problem olduğu üçün komissarlıq onun istəyini rədd etsə də, Qırmızı Xaç Cəmiyyətindən İtaliya cəbhəsinə getməyə razılıq ala bilir. Ernest “Çikaqo” gəmisiylə Avropaya yola düşür. Sərnişinlər alman sualtı qayıqlarının hücumundan ehtiyat edirdilər, o isə göyərtədə durub gözləyirdi ki, düşmən qayıqları nə vaxt suyun üzünə çıxacaq. Gəmi sağ-salamat mənzil başına çatanda dilxor olmuşdu və elə hey düşünürdü ki, ona kələk gəliblər. Macəra arzusundaydı.
Nəhayət, gənc macəraçı arzuladığı cəbhə həyatına qovuşa bilir. O, səngərlərə yemək və siqaret daşıyırdı. Güllələr yağış kimi yağırdı, o isə zarafatından qalmır və lovğalanırdı ki, güllələr ona heç nə edə bilməz. Amma 8 iyul, 1918-ci ildə belə bir hadisə baş verir. O, yenə velosipedlə adəti üzrə səngərlərə şokolad və siqaret daşıyırdı, bu vaxt avstriyalılar qəfildən atəş açırlar. Ernestin yanındakı əsgərlər həlak olur, o isə huşunu itirir. Özünə gələndə bir az aralıda italyan snayperçinin vurulduğunu görür. Sürünə-sürünə yoldaşının olduğu yerə gedir və onu çiyninə atıb geriyə, səngərə qayıdanda yenidən güllə yağışına tutulur. Ernest ayağından güllə yarası alır və Milana, hospitala göndərilir.
Ağrılar gecə-gündüz ona rahatlıq vermirdi. Amma Ernest əvvəl-axır ağrılarına elə öyrəşir ki, sağalandan sonra özünü nəsə qeyri-təbii hiss edir. Bu vaxt ərzində müharibə başa çatır. Heminquey İtaliyanın “İgidliyə görə” gümüş medalıyla təltif edilir. Sonralar yazıçı deyəcəkdi: “Mən müharibəyə gedəndə lap axmaq olmuşam, orda dava gedir, qan su yerinə axırdı, mən isə hələ də elə bilirdim ki, biz avstriyalılarla yarışan iki idman komandasıyıq”.
Heminqueyə görə, yazıçı hər şeydən əvvəl yaxşı müşahidəçi olmalı idi: “Can verən adamın böyr-başında belə, nə qədər ağır olursa-olsun, heç bir kiçik detalı nəzərdən qaçırmaq olmaz”. Bu fikirlərdən məşhur Aysberq üslubu doğmuşdu. Əsərlərinin birində qadın və kişi barda oturub hansısa əhəmiyyətsiz şeylərdən danışırlar, ancaq səsin titrəyişindən, hansısa ötəri söz, ya jestdən sezilir ki, hər ikisi böyük faciə yaşayır.
Səssiz ağrıları Ernest Heminqueyin “Okeandakı adalar” əsərində də duymaq olur. Heminqueyin qəhrəmanı Tomas Xadson rəssamdır, təbiətlə harmoniyada olmaq üçün okeandakı adada yaşayır. Hər yay tətilində oğlanları adaya dincəlməyə gəlir. Romanın birinci hissəsi şən, sevimli üç oğlanın macəralarıyla yadda qalır. İkinci hissədə artıq uşaqlar yoxdur, onlar həlak olublar. Bütün roman boyunca ən əziz varlıqlarını - övladlarını itirmiş Tomas Xadsonun ağrısını duyuruq, amma bu kədər üzdə deyil, səthin görünməyən tərəfindədir. Bu hisslər istər-istəməz oxucunu ağrının lap dərinliyinə çəkib aparır və iliyinə qədər sarsıdır. Qəhrəman özü bu barədə bir kəlmə də danışmır. Və onun içində gizli qalmış, özünü ifadə etməmiş kədər bütün roman boyu oxucunu müşayiət edir. O, daha rəsm çəkmir, çünki təbiətlə harmoniya, rabitə itib, məhv olub. Səssiz ağrılar romanın pişiklərlə bağlı yerində də özünü büruzə verir. Qəhrəman mehrini pişiklərə salıb, çünki onun sevgisinə bəlkə də indi ancaq bu sahibsiz pişiklərin ehtiyacı var. Onların qayğısına uşaq kimi qalır, xidmətçilər də pişiklərə ailə üzvü kimi qulluq edir.
Xatırlayırsınızsa, Heminquey özü də pişikləri çox sevirdi. Hətta sevimli pişiyinin onun yemək masasına belə çıxmaq “hüququ” vardı. Qəhrəmanı Tomas Xadson kimi Heminquey də 4 dəfə evlənmişdi. Boşanmaların səbəbkarı, təşəbbüskarı o özüydü və maraqlıdır ki, hər boşanma prosesindən sonra ən çox o, özü əziyyət çəkir, özü-özünü danlayırdı: “Axı onların hər biri qeyri-adi qadın idi”. Amma əsərinin qəhrəmanı Xadson kimi Heminquey də bunun səbəbini anlamaqda aciz idi... Açıq-aydın görünür ki, bu romanda Heminquey özünü yazıb. Çünki ancaq dahilər belə kədərlənə bilər... Əsərin qəhrəmanı Xadson, Heminqueyin bütün kədərini, iztirablarını, qorxularını daşıyır. Ona görə bu kədər oxucunun yaddaşında unudulmaz izlər qoyur... Folkner deyirdi: “Mən səslərin səssizliyinə üstünlük verirəm; sözlərlə yaradılmış obraz isə sükutun içində mövcud olur”. Heminqueyin səssiz kədəri kimi...
1921-ci ildə Heminquey həyat yoldaşıyla Parisə köçür. “Okeandakı adalar” əsərində yazıçının Paris həyatından bəzi fraqmentləri görmək olar. Məsələn, gənc ailənin körpə oğlanlarının beşiyi başında sevimli pişikləri “keşik çəkir” və onlar (ata-ana) yatmış balacanı pişiyə “etibar edib” gecə yarıya qədər kafedə oturub səssizlikdən zövq alırlar...
Heminquey demək olar ki, əsərlərini kafedə yazırdı: “Mən bir franka kofe sifariş edir və gecəyə qədər orda oturub yazırdım”, - deyə yazıçı sonralar danışırdı. Gənc ailə Parisdə ehtiyac içində yaşayırdı, amma yazıçının öz prinsipi vardı: “Yaxşı nahar etmək üçün roman yazmaq istəsəm, qoy mən lənətə gəlim”.
Heminqueyin atası şəkərli diabetdən əziyyət çəkirdi və üstəlik Floridada sərmayə qoyduğu xeyli pul əlindən çıxmışdı. Problemlərdən xilas olmaq üçün o, başına güllə sıxaraq intihar edir. Ernestin fikrincə, ancaq qorxaqlar həyatdan bu cür gedə bilərdi. O, hər şeydə anasını günahlandırırdı. Əgər anası bu qədər hökmlü və diktator olmasaydı, bəlkə də... Bununla belə, Ernest bu barədə çox düşünməməyə çalışırdı, çünki qara fikirlər onun əsər yazmasına mane ola bilərdi.
1930-cu illərin əvvəllərində Heminquey ABŞ-a qayıdır. O, balıq ovuna gedir, öz yaxtasıyla Baqam adalarına, Kubaya səyahətə çıxır, yeni hekayələr yazır. Artıq böyük yazıçı kimi şöhrət qazanmağa başlayır. Həmin ilin yazında avtomobil qəzası keçirir, çoxlu zədə alır və bir müddətə karandaşla yazmaq vərdişindən vaz keçib çap makinasına keçir.
1933-cü ildə “Qalib heç nə almır” hekayələr toplusunu çap etdirir və kitabdan aldığı qonorarla çoxdankı arzusunu həyata keçirir: Afrikaya səyahət edir. Yazıçının bu ekzotik diyara səfəri onun “Afrikanın yaşıl təpələri” kitabında əksini tapıb.
İspaniyada vətəndaş müharibəsi vaxtı yazıçı Madridə gedir, mühasirəyə alınmış şəhərdə özünü heç kimi və heç nəyi olmayan bir adam kimi hiss edir. Tövlələrdə, yük maşınlarının kuzovunda gecələyir, güllələr altında ağır çəkiliş aparatlarını ora-bura çəkib münasib yer axtararaq müharibə haqqında sənədli film lentə alır.
Parisə qayıdan yazıçı hər gün səhər saat 8-dən başlayaraq nahara qədər işləyir, ispan müharibəsi haqqında roman yazır. “Əcəl zəngi” yazıçıya böyük şöhrət gətirir. Kitabın epiqrafı isə dildən-dilə gəzir: “Heç vaxt soruşma, əcəl zəngi kimin üçün çalır, o, sənin üçün çalınır”. Müharibə mövzusu Heminqueyi özünə çəkirdi. Ona görə İkinci Dünya müharibəsinə də laqeyd qala biilmir, yenidən jurnalist kimi Londona gedir. 1941-43-cü illərdə isə o, Kubada nasist casuslarına qarşı əks-kəşfiyyat təşkil edir və öz katerində Qərib dənizində alman sualtı qayıqlarının “ovuna çıxır”.
1949-cu ildə yazıçı yenidən ədəbi fəaliyyətə başlayır. Nobel mükafatına layiq görülən “Qoca və dəniz” əsəri bu illərdə yazılır. Heminqueyin bu obrazı - qoca Santyaqo yazıçının o biri əsərlərinin qəhrəmanları kimi tənha deyil, çünki o, özünü nəhəng və gözəl dünyanın bir parçası sayır. O dünya ki, orda dəniz var, okean var, o okeanda xırdalı-böyüklü balıqlar var… Qoca balıqçı dənizi çox sevir və onun haqqında elə danışır, sanki qadından söhbət açır. O yaşlıdır, heydən düşüb, gözləri də əvvəlki kimi yaxşı görmür. Amma öz gücünə inanır. Budur, 84 gündür ki, qocanın bəxti gətirmir, o, bircə balıq da tuta bilməyib. Balaca oğlan - onun yeganə həyanı - qocaya ürək-dirək verir. Bir vaxtlar qoca ona balıq tutmağı öyrədib, indi oğlan onu öz doğması kimi sevir. Balaca oğlana da dəniz çox şey öyrədib. O, böyüklər kimi davranır, qocanın qayğısını çəkir. “Yeməyə nəyin var” sualına qoca “düyü ilə balıq” deyəndə də özünü inanmış kimi göstərir. Hərçənd ikisi də bilir ki, nə düyü var, nə də balıq. Qoca onu kədərləndirməmək və bəlkə də öz iradəsini sarsıtmamaq üçün belə söyləyir.
85-ci gün qoca Santyaqo dənizə yollanır. Axır ki bəxti gətirir, arzuladığı nəhəng balıq qocanın toruna düşür! Amma onu qayığa qaldırmaq heç də asan deyil. İnsanla balığın qəribə mübarizəsi gedir. “İkimizdən birimiz öləcəyik” - ən ümidsiz vaxtında qoca deyir. Amma təslim olmaq istəmir. Balıq isə qayığı sahildən elə hey uzaqlaşdırır. Artıq gecədir. Amma qoca qorxmur. O, fikirləşir ki, insan dənizdə heç vaxt tənha ola bilməz, çünki ay işığı, buludlar var, okean, onun xırdalı-böyüklü balıqları, quşlar və başqa canlıları var… Səhər açılır. Qoca da, nəhəng balıq da səbirlidir; ikisinin də həyata qarşı müqaviməti var, çünki hər ikisi çox illər keçirib. İkisi də o birinin məğlub olacağı anı gözləyir. Qoca düşünür ki, insanı məhv etmək olar, amma onu heç vaxt məğlub etmək olmaz.
Əsərdə zəif, heydən düşmüş qocanın böyük iradə və əzmini görürük. O, 85 gündür ki, bu balığı gözləyirdi və nəhayət o, toruna düşüb və indi heç bir qüvvə onu qocanın əlindən ala bilməz. Hansısa anda balığa, onun gözəlliyinə rəhmi gəlir, hətta ona “dostum” deyir, qabar-qabar olmuş əllərindən çox balıq haqqında düşünür, “bağışla məni” deyir. Amma onun başqa yolu yoxdur. Bu, yaşamaq uğrunda mübarizədir və bəlkə də tora düşmüş, indi səbirlə işin axırını gözləyən o müdrik balıq da bunu bilir…
Nəhayət qoca balığın iradəsini dəf edir. Amma bir müddətdən sonra köpək balıqlarının hücumuyla üzləşir. Qoca geri çəkilmək fikrində deyil. Çünki həyat ona çox şey öyrədib. Balaca oğlanın göz yaşları da ona çox şey öyrədib. Yaşamaq ciddi işdir. İlk baxışda zəif görünən qocanın əslində çox böyük iradəyə və cəsarətə sahib olması və sona qədər mübarizə aparması insanı valeh edir...
1960-cı ildə Heminquey ağır depressiya keçirir. Gecələr yuxusuna kabuslar girir. Ona elə gəlir ki, FBR-in agentləri onu izləyir, telefon danışıqlarını dinləyir, hətta bank hesablarını belə yoxlayırlar. Nəhayət, həyat yoldaşı onu psixiatrik klinikada müalicə olunmağa razı sala bilir. Amma yazıçının vəziyyəti yaxşılaşmır, həkimlər qərara gəlir ki, evdə o, özünü daha yaxşı hiss edə bilər. Heminquey Paris xatirələrini yazmaq istəyirdi, amma onda heç nə alınmırdı. O, həkimləri və həyat yoldaşını günahlandırırdı, deyirdi ki, onlar onun istedadını məhv ediblər, yaddaşını siliblər və o, artıq heç nə yaza bilmir. “Ağlımı itirməyə razıyam, razıyam, təki yenidən yaza bilim, təki hamı kimi olmayım”.
1961-ci ilin günəşli bir yay səhəri. Evdəkilər hələ şirin yuxudadır. O, anbara düşür, həyat yoldaşının gizlədiyi qoşalüləni tapmaq yazıçı üçün elə də çətin olmur. Özünü çox yorğun hiss edirdi və düşünürdü ki, hardasa uzaqda, ağacların kölgəsində o, rahatlıq tapacaq. Atası intihar etdikdən sonra özünün dediyi sözləri xatırlayır: “Həyatdan ancaq qorxaqlar bu cür gedə bilər”. Qoca Santyaqo da əmin idi ki, “İnsanı məhv etmək olar, amma onu məğlub etmək mümkün deyil”. O qoca Santyaqo ki, həyatda qalmaq üçün köpəkbalıqlarını, aclığı, yoxsulluğu, hətta tənhalığı belə heçə saymışdı...
Həyatın o biri üzü yazıçını dəniz kimi özünə çəkirdi. Və yəqin ilk dəfə idi ki, böyük Heminquey düşünürdü: “İnsanı məğlub etmək – bu, necə də asanmış, ilahi, bu, necə də asanmış...” /"Aydın yol"/