Kölgəsi yoxa çıxan adamın faciəsi - Xoşbəxtliyin reseptini bilən yazıçı

Kölgəsi yoxa çıxan adamın faciəsi - Xoşbəxtliyin reseptini bilən yazıçı
29 noyabr 2023
# 17:00

"Biri var idi, biri yox idi, kiçik bir çobanyastığı çiçəyi vardı. Günəşin zərrələri onun ləçəklərini oxşayırdı. Çiçək günbəgün deyil, saatbasaat böyüyürdü. Günlərin birin­də bizim çobanyastığı ləçəklərini tamam açdı, indi o, Günəşin özünə bənzəyirdi... Çobanyastığını heç kəs görmür, heç kəs ona əhəmiyyət vermirdi, çünki o çox kiçik, adi bir çiçək idi. Amma bu, Çobanyastığını narahat etmirdi. O, həyatından çox razıydı. Xeyli yüksəkdə torağay oxuyurdu, çiçək isə bu nəğməni dinləyir, məst olurdu. Ona elə gəlirdi ki, torağay onun ürəyindəkiləri oxuyur. O, torağayın ağacdan-ağaca qonaraq nəğmə oxuya bilməsinə zərrə qədər də paxıllıq eləmirdi. "Nə olsun ki, mən uça bilmirəm, nəğmə oxumaq da mənlik deyil. Amma hər şeyi eşidir və görürəm. Günəş mənim qayğıma qalır, külək isə ləçəklərimi oxşayır. Mən xoşbəxtəm!"

O, sadəcə, yazmırdı, həm də balacalara və böyüklərə yaşamağı öyrədirdi. Axı "əsl xoşbəxtlik – dünyaya faydalı olmaqdır". Böyük nağılçı belə düşü­nür, nağıllarını da bu istəklə yazırdı.

Kulis.az Günel Natiqin Hans Xristian Andersenun həyat və yaradıcılığı haqqında yazısını təqdim edir.

Danimarka kralının dostu

...Məşhur Danimarka yazıçısı Hans Xristian Andersen 1805-ci il­də Fyun adasındakı Odnes adlı bir məkanda dünyaya gəlmişdi. Andersenin valideynləri varlı deyildilər; atası başmaqçı, anası Anna Mari Andersdatter isə paltaryuyan idi. Buna baxmayaraq, Danimarkada indiyə qədər Andersenin kral ailəsindən olması haqqında əfsanələr gəzir. Axı özünün ilkin bioqrafiyasında yazıçı dəfələrlə təkrar edirdi ki, uşaq vaxtı o, sonralar Danimarka kralı ol­muş şahzadə Fritslə dostluq edib, onunla birlikdə oynayıb. Andersenin sözlərinə görə, onların dostluğu bütün ömür boyu, Fritsin ölümünə qədər davam eləyib...

Bəs bu əfsanələr necə yaranıb? Doğrudanmı Andersen yalan da­nışırdı? Məsələ burasında idi ki, Hans bu nağıllarla böyümüşdü, hələ balaca olanda atası danışardı ki, o, hansısa kralın yaxın qohu­mudur. Andersen hələ uşaqlıqdan güclü fantaziyaya və təxəyyülə malik idi. Nağıl aləmində yaşayar, özünü də bu nağıllara inandırmaq istəyərdi. Məşhur teatr tamaşala­rını evdə improvizə edər, səhnə­ciklər qurardı. Böyüklər onun gös­tərdiyi səhnəciklərə baxıb gülər, yaşıdları isə lağa qoyardı. Onun ən böyük arzusu teatrda işləmək idi.

1816-cı il onun üçün ağır olur, atası dünyasını dəyişir. Andersen özü işləyib çörəkpulu qazanmalı olur. Əvvəl toxucuya şəyird olur, sonra dərzi yanında, daha sonra tütün fabrikində işləyir. Gözəl sə­si vardı, amma hələ həddi-buluğa çatmadığından qadın səsinə bən­zəyirdi, bu da dinləyənlərdə gü­lüş doğururdu... Arıq, uzunboylu, mavigözlü, sivriburunlu bir gənc idi. Uzun əlləri və ayaqları vardı, küçəylə gedəndə ona "leylək" ya da "fənər dirəyi" deyib lağa qo­yardılar. Uşaqlıqdan təkliyi sevir­di, bir küncdə oturar, kuklalarla oynayardı. Kukla teatrına olan məhəbbəti o, bütün ömrü boyu ru­hunda daşımışdı.

Yaşamaq dalınca

14 yaşı olanda Hans Danimar­kanın paytaxtı Kopenhagenə yol­lanır. Anası onun üçün narahat idi və ümid edirdi ki, tezliklə geri dönəcək. Han­sın qərarı isə qəti idi. Nəyin bahasına olur­sa olsun, məşhur olmalıydı. Hans qısa bir vaxt­da teatrda iş tapa­cağına ümid edirdi. Amma bir il ərzində teatrların heç birində işə düzələ bilmir. Bir gün çarəsiz qalıb məş­hur bir aktrisanın evinə gəlir və göz yaşları için­də ondan kömək istəyir. Aktrisa bəlkə də, bu yöndəmsiz cavandan yaxasını qurtarmaq üçün ona kömək edəcəyini deyir, amma vədinə əməl eləmir. Uzun illərdən sonra aktrisa etiraf edəcəkdi ki, o za­man həmin cavan oğlanı ağlı başın­da olmayan bir sərsəri hesab edib...

Hans Xristian çox-çox sonralar yazacağı nağılın qəhrəmanı olan çirkin və yöndəmsiz "ördək bala­sı" idi, fərqli olduğuna görə ona ikrah hissi ilə baxırdılar.

Nəhayət zahiri görünüşünə bax­mayaraq, Hansı teatra işə götürür­lər. Amma təəssüf ki, onun uğur qazana biləcəyinə inanmır və ikinci dərəcəli rollar verirdilər. Andersen teatrda özünü doğrulda bil­mir, yetkinlik yaşından sonra isə səsi də dəyişib öz gözəlliyini itirir. Beləliklə, onu teatrdan tamamilə uzaqlaşdırırlar.

Hans ümidini itirmir, 5 pərdə­li pyes yazır və krala məktubun­da pyesin çapı üçün maddi yardım göstərməsini xahiş edir. Kitab çap olunur və müəllif onu satmaq üçün əlindən gələni edir. Reklam aksi­yaları keçirir. Amma satış gözlədi­yi kimi olmur. Hans işi belə görüb pyesi teatrda tamaşaya qoymaq is­təyir, amma müəllif kimi təcrübəsiz olduğundan xahişi rədd edilir.

Amma Hans Andersen təslim ol­maq istəmirdi. Onun teatra böyük həvəsini görüb krala xahiş məktu­bu yazırlar və Hansın hökumət he­sabına oxumasını xahiş edirlər.

Hans təhsil almağa başlayır. Tələ­bələr bir qayda olaraq yemək və yaşa­yış yeri ilə təmin olunurdu. Buna baxmayraq, Hansın həyatı heç də asan keçmirdi. Birincisi, məktəb yoldaşla­rından yaşca xeyli böyük idi, onların arasında çirkin ördək balası kimi fərq­li və yöndəmsiz görünürdü. Üstəlik məktəbin rektoru onu tez-tez tənqid edir və danlayırdı. Hans bundan çox mütəəssir olurdu. Məktəb və müəl­limləri gecələr yuxusuna kabus kimi girirdi. Sonralar deyəcəkdi ki, mək­təb divarları arasında keçən illər onun ömrünün ən sönük çağları olub...

...Və nağıllar yazmağa başladı...

Andersen küsəyən və həssas idi, tez-tez depressiyaya düşürdü. Qəribə vərdişləri vardı. Məsələn, yanğından çox qorxurdu, ona görə özüylə həmi­şə kəndir gəzdirərdi ki, yanğın baş versə, kəndirin köməyi ilə xilas ola bilsin. O, diri-diri dəfn olunacağın­dan yaman qorxurdu, ona görə dost­larından xahiş etmişdi ki, onu tabuta qoymazdan qabaq hər ehti­mala qarşı damarını kə­sib öldüyünə əmin olsunlar. Xəstələ­nəndə stolun üs­tünə "Siz yanlış olaraq elə güman edirsiniz ki, mən ölmüşəm" sözləri yazılmş kağız par­çası qoyardı.Andersen "Amagerzə səyahət" adlı ilk hekayəsini tələbəlik illə­rində yazır. Bu yumoristik hekayə ona uğur gətirir. Yazıçı bu illərdə "Şəkilsiz şəkilli kitablar" toplusu­nu dərc etdirir. 1838-ci ildə "Nağıllar"ın ikinci cildini, 1845-ci ildə isə üçüncünü yazır. Andersen dünya şöhrətli yazıçıya çevrilir. 1847-ci ildə ilk dəfə İngiltərəyə səfər edən yazıçını təmtəraqla qarşılayırlar. Andersen folkloru çox sevirdi, nağılları el ədəbiyyatından qaynaq­lanırdı. Amma zaman keçdikcə, bu əlaqə zəifləyir. Anderseni artıq pə­rilər, sehrbazlar, tilsimli əşyalar de­yil, canlı insanlar, onların taleyi cəlb edirdi. O deyirdi: "Ən yaxşı nağıl həyatın özünün yazdığı nağıldır".

Günlərin birində özünün parlaq nağılbaz kostyumunu nəzərdən keçirir, fərqinə varır ki, kostyumu əyninə daralıb, düymələri bağlan­mır, alabəzək şalvarı isə öz öm­rünü başa vurub. Anlayır ki, artıq bu geyim üçün çox yaşlaşıb. Xoş­bəxt sonluqlu nağıllarla da o, belə­cə vidalaşır. Məsələ burasındadır ki, Hans Andersen çoxdan yalnız uşaqlarla deyil, böyüklərlə də da­nışmaq, dərdləşmək istəyirdi.

Məşhur nağılçının böyüklər üçün yazdığı nağıllardan biri ona çox böyük şöhrət gətirən, "Kölgə"dir. Nağıl birbaşa cəmiyyətə ünvanlanıb. O, ayna kimi cəmiyyətin qüsurlarını əks etdirir.

Nağılın qəhrəmanı bir alimdir. Onun kölgəsi var; hər zaman yanın­da olan kölgəsi. Günlərin birində kölgə yoxa çıxır və bir neçə vaxtdan sonra insan surətində yenidən peyda olur. Amma onun kölgə olduğunu alimdən başqa kim bilir ki? Kölgə ona birlikdə səyahətə çrxmağı təklif edir. Yolboyu kölgə alimə "sən" deyə müraciət edir və təklif edir ki, alim ona "siz" deyə müraciət etsin. Onlar yad bir ölkəyə gəlib çıxırlar. Burda alimi və onun kölgəsini heç kim tanımır. Bu halda kölgə özünü insan, alimi isə kölgəsi kimi qəbul edir.

Artıq kölgə zahirən insana çevril­məyə başlayır. Məsələnin mahiyyətinə varmaq isə çox müşküldür. Alim özü­nün kölgə olmadığını sübut etməyə cəhd etsə də, artıq ona heç kim inan­mır. Beləcə, sonda alim özü də fərqində olmadan kölgənin kölgəsinə çevrilir.

Əsl xoşbəxtlik nədir?

Hans Xristian Andersen öz nağılla­rında məharətlə iki janrı – sehrli nağıl­ları və məişət nağıllarını birləşdirirdi. Dünyada elə şeylər var ki, onlara sehr­lə sahib olmaq olmaz. Necə ki, "Su pə­risi" nağılında sualtı dünyadan gələn qızcığaz sevgi əzabı çəkir, onun hisslə­ri gerçək insan hisslərinə çox bənzəyir.

Amma təəssüf ki, o dövrün tən­qidçilərinə Andersenin nağılları xoş gəlmirdi. Məsələnin məğzinə varmadan ucdantutma tənqid edir­dilər. Ona sübut etmək istəyirdilər ki, Hans Andersen Danimarka ədə­biyyatının ögey övladıdır və o, "çəkməçi oğlu" kimi öz yerini bilməlidir. Bəs buna səbəb nə idi? Məsələ bura­sında idi ki, o, yoxsul, şair təbiətli idi və "yaşamağı bacarmırdı". Axı Andersenə görə, hər şey – ağac da, çiçək də, hətta şüşə qırığının özü be­lə poeziya idi. Çünki ağacın, çiçəyin, hətta şüçə qırığının da taleyindən gözəl bir nağıl ərsəyə gəlirdi...

Maddi ehtiyac və tənqidçilərin təzyiqi onun daxili dünyasına təsir etməyə bilməzdi: "Məni şübhələr didib-dağıdır, görəsən, yazdığım heç olmasa bircə əsər məndən son­ra yaşayacaqmı?", – deyə dostuna məktubunda yazırdı.

Andersenin məyusluqları nağılları­na da sirayət edirdi. Onun ömrünün ahıl çağında yazdığı nağıllarda daha çox kədər və göz yaşı vardı. Andersen erkən yaradıcılığında olduğu kimi ar­tıq xeyirxah və ümidli deyildi. Onun nağülarındakı pərilər artıq gücsüz idilər. Anderson adi insan kimi yaşa­yır, yaşlanırdı. "Yaşamaq üçün günəş, azadlıq və xırda bir çiçək lazımdır", – deyən nağılçı artıq dünyanın xilasına inanmırdı. Bəlkə də, elə ona görə za­man keçdikcə, o, öz nağıllarına az qa­la nifrət edirdi. O, roman, pyes, başqa bədii nümunələr də yazırdı, amma onlar nağılları kimi məşhurlaşmır, yenə nağıl yazmalı olurdu. Bəlkə də, onun romançı kimi şöhrət tapması­na nağılları mane olurdu. İnsanlar zərif duyğulan heç nə ilə əvəz etmək istəmirdilər.

Böyük nağılçı so­nuncu nağı­lını 1875-ci ilin Milad bayramı günlərində yazır. 3 il qabaq o, yıxılıb əzil­mişdi, bu müddət ərzin­də tam sağala bilməmişdi... 0,1875-ci ilin avqustunda dün­yasını dəyişir. "Xoşbəxt olma­ğın yeganə yolu – dünyaya faydalı olmaqdır" – deyən yazıçını son mənzilə yola salanlar ar­tıq əsl xoşbəxtliyin nə olduğunu bilirdilər...

# 2546 dəfə oxunub

Müəllifin son yazıları

# # #