Qonağın çantasına girən “Ay Zaur”, Aygünün düşməni Röya, günahkar Fədayə... – ULDUZ QALMAQALLARI

Qonağın çantasına girən “Ay Zaur”, Aygünün düşməni Röya, günahkar Fədayə... – <span style="color:red;">ULDUZ QALMAQALLARI
4 yanvar 2018
# 13:01

Təəccüblənmək yaxşı şeydi, deməli hələ ümidini itirməmisən. Mən də təəccübləndikcə bu müdrik aksiomu xatırlayıb özlüyümdə sevinirəm. Demək, hələ hər şey itirilməyib.

Yola saldığımız ildə də təəccüblənmək üçün bolluca səbəbim oldu. Yeni ulduzlar “kəşf etdim” özümçün, hansılarını ki, üslubu, ifa etdikləri mahnı, səhnə davranışları məni xeyli təəccübləndirdi.

Birinin səsi yoxdu, o birinin oxuma texnikası, digəri səhnədə necə davranacağını bilmir, başqa biri ümumiyyətlə musiqiylə əlaqəsini hələ tam müəyyənləşdirə bilməyib...

Bir kişi müğənninin adını çəkib qeyd etdilər ki, bir neçə qadın müğənnini məhz o, səhnəyə çıxarıb. Axırı qəhrəmanımızı görmək mənə də nəsib oldu.

Üslubu, ifaçılığı, davranışı, geyim tərzi ilə xeyli köhnə olan müğənnimizin elə bir potensialı yoxdur ki, kiməsə dayaq olsun. Bu yöndəmsiz, ala-yarımçıq ifaçılıqla kiməsə dəstək olubsa, halal olsun.

Amma yenə də təəccübümü gizləyə bilmirəm.

Pərvin Abıyevayla Səidə Sultanın dalaşıb, sonra mehriban düşmən olmaları xəbəri də məni xeyli şaşırtdı. Hələ Pərvinin Türkiyədən azərbaycanlı kişilərə mesaj yollamaq xəbərini demirəm. Kişilərin çoxu qeyzləndi, amma Pərvin xanıma haqq verənlər də tapıldı. Çünki kimin kimdən xoşlanıb xoşlanmamağı zövq məsələsidir, zövqlər isə dartışılmır.

Mübahisə predmeti deyil, yəni.

Ayrıca kişilərin belə kompleksli olmalarına da şaşırdım. “Kobud”, “qeyri-romantik” sözlərinə əsib-coşan azərbaycanlı kişilər dolayısıyla o sözlərin məsuliyyətini üzərlərinə götürmüş oldular.

Pərvinə nalayiq sözlər deməklə özlərini təmizə çıxarmaq istəyən və bununla daha da dolaşığa düşən kişilər kaş ki, susardılar. Məncə qulaqardına vursaydılar, daha effektiv olardı.

Fədayə Laçının həbsindən çox onun ətrafında dolaşan söhbətlər məni təəccübləndirdi. Müğənninin öz sevgilisi - “Qoca” ləqəbli “vor-zakonu” müdafiə etməsi böyük ajiotaj doğurdu. Elə bil qadın özünə məhrəm həyatın qapılarını kütləyə açdı və hamı içəri doluşub onun şəxsi həyatını müzakirə etməyə başladı.

Müğənni özü “dur” demək iqtidarında deyildi. Həbs olunmuşdu. Bu amilin özü də vəziyyətdən gen-bol faydalanmağa və Fədayəni çəkişdirməyə imkan yaradırdı.

Bir qisim insan onu şiddətlə qınayır, kriminal avtoriteti sevməkdə günahlandırırdı. Guya, hisslərimizi biz idarə edirik. Xüsusilə həssas insanlar məntiqlə deyil, hisslərlə yaşayırlar. Ola bilsin, Fədayə də belə qadındır.

Bir də, kişilər sifarişlə həyatımıza daxil olmur ki?

Həm də biz hadisələrin gedişatından xəbərsizik. Əslində, məsələlər necə vaqe olub? Kütləyə bu çox da maraqlı deyil. Əsas görünən, üzdə olandır. Görünənlərin arxasındakı görünməyənlərin məsələyə təsiri barədə düşünmək belə istəmirlər.

Ona görə suçlayır, alçaldır, qınayır, hətta vulkan kimi püskürür. Guya ki, kiminsə şəxsi həyatına qarışmağa kütlənin ixtiyarı var. Xeyr, əfəndilər, şəxsi həyat qadağan olunmuş zonadır, bu əraziyə yalnız icazə verildiyi qədər daxil olmaq olar.

Təəccüb etdiyim nəsnələrdən biri Ay Zaur adıyla tanınan şəxsin aparıcılıq manerasıdır. İndiyə qədər tamaşaçı aparıcının məsələyə dəxli olmayan və bir qədər qeyri-etik olan suallarını, müdaxilələrini zarafata salıb həzm edirdi.

Çünki etiraf edim ki, Zaur fantaziyası olan aparıcıdır, istedadına şübhə etmirəm; rejissura verdiyi kiçik tamaşalar fərqli, yeni və maraqlıdır. Əksər şou layihələri reytinqlidir.

Amma belə görünür ki, tamaşaçı daha böyük yeniliklər istəyir və Zaur bu yenilikləri daha da dəxilsiz və qeyri-etik yolla həyata keçirmək istəyir.

Məsələn, iş o yerə çatıb ki, qonaq çağırdığı müğənninin çantasını açıb içindəki pulları saymaqdan belə çəkinmir.

Müğənni etiraz etməli olur. Pullarının canlı efirdə görünməsi öz lüks həyatını gözə soxmaqdır. Müğənni bizə ögey olan şou şəhərciyinin vətəndaşı olsa da, gözlərini ekrana zilləyib intizarla çantadan nə qədər pul çıxacağını gözləyən (sanki bunun ona dəxli var imiş – G.N.) tamaşaçının hisslərinə biganə qala bilmir.

Amma hədər yerə demirlər ki, müsəlmanın işi-gücü başqasının pulunu saymaqdır. Bəlkə bir qrup tamaşaçı üçün maraqlıdır bu. Amma geniş düşünmək, çantadan çıxan pulları öz maaşıyla müqayisə edib xəyal qırıqlığı yaşayan tamaşaçıları unutmamaq lazımdır.

Görünür, yeni şou dünyasının öz qaydaları var və bu qaydaları düzənləyənlər insanın hisslərini nəzərə almırlar. Bəlkə də məqsəd elə insan hissləri üzərində revanş götürməkdir. Yeni dünyaya insan yox, robotlaşdırılmış mexanizmlər gərəkdir.

Amma mən yenə də təəccüblənməkdən vaz keçmirəm.

Aygün Bəylərin qalmaqallı çıxışı adamlarda təəccüb oyatsa da, etiraf edək ki, hər sahədə belə qarşıdurmalar olur.

Tutaq ki, sən peşəkarsan, amma sənə o qədər də tələbat yoxdur, nisbətən mütəvaze həyat keçirirsən, dəbdə olan ulduzların başının dəstəsiylə şəstlə girdikləri qapıdan sən kölgə kimi daxil olursan və ulduzların qələbəliyində səni demək olar ki, görmürlər.

Amma sən sənətkarsan, konservatoriya bitirmisən və s. Onda adama yalnız “Mən sənətkaram” deyib çığırmaq qalır.

Çünki çığırmasa onu görməyəcəklər.

Amma Röya da yaxşı müğənnidir, bəlkə də Aygün Bəylərin dediyi anlamda peşəkar deyil, amma müəyyən təcrübəsi və səviyyəsi olan ifaçıdır.

Bir də sənətkarlıq yalnız səs, istedad və peşəkarlıq deyil, həm də istedadı təqdim etmək bacarığıdır. Burda səhnə mədəniyyəti, müğənninin manerası, danışıq qabiliyyəti, mahnıları təqdim etmək bacarığı və digər özəlliklər rol oynayır.

Məsələn, səhnənin də öz estetikası var və zaman keçdikcə estetik dəyərlərə tələbat artır.

Aygün Bəylər də bunun fərqindədir. Röyanın sənətkar statusuna layiq olmadığını dilə gətirsə də, inkar edə bilməz ki, o, qısa vaxt ərzində şou-biznesin ən yüksək pilləsinə qalxmağı bacarmış müğənnidir.

Hər halda bu yüksəliş sayğılı bir münasibətə layiqdir. Sadəcə Aygün Bəylər çağdaş sənət dünyasındakı yerindən narahatdır, məsələn, onun “biz sənətkarlara qorxa-qorxa yanaşardıq, hörmət göstərərdik”, - sözləri onun ağrıdığını göstərir.

Yəni həmin münasibəti Aygün Bəylər ondan sonra gələn nəsillərdən görmür.

Bu da sənətdə bircə qavalı və papağıyla Aygün Bəylər ola bilmiş sənətkarı qıcıqlandırır, onu əks fikir söyləməyə məcbur edir.

Halbuki Aygün Röyanın yaxşı oxuduğunu deməklə öz qavalını itirməyəcək, Röya da onun peşəkarlığını vurğulamaqla şou-biznesdəki üst mövqeyinə xələl gətirməyəcək.

Əgər başqa cür düşünürlərsə, onda bizə ancaq təəccüblənmək qalır.

Nə deyim, ümid edirəm ki, bu il də xeyli təəccüblənəcəyəm.

# 1611 dəfə oxunub

Müəllifin son yazıları

# # #