Falçının cadu ilə ərə verdiyi biznesmen

Falçının cadu ilə ərə verdiyi biznesmen
21 may 2019
# 11:02

“Çalıquşu” filmindən bir epizod xüsusilə yaddaşımıza hopub:

- Qızım, adın nədir?

- Zəhra...

- Ayişə...

- Zəhra...

Məlum olur ki, kənddəki bütün qızların adı ya Zəhra, ya da ki Ayişədir. Bu epizod kəndin islam qanunları çərçivəsində idarə olunduğuna işarəydi.

İslam dininin ayrıca fənn olaraq tədris olunması məsələsi müzakirə ediləndə həmin o Ayişələr, Zəhralar yadıma düşdü. Amma dövr, zaman dəyişib. Ayişə və Zəhralar indi dünyanın ən prestijli universitetlərində təhsil alır, vətənə yüksək ixtisaslı mütəxəssislər kimi dönürlər. Elə Türkiyə universitetlərinin özü də kifayət qədər savadlı, peşəkar mütəxəssislər yetişdirir.

Xatırladım ki, Türkiyə məktəblərində din ayrıca fənn kimi tədris edilir.

İslam dininin ayrıca fənn kimi tədris olunmasının təhsil sisteminə heç bir ziyanı yoxdur. Əksinə, yaxşı mütəxəssisin tədris etdiyi dərsin ancaq faydaları olar.

Biz dindən qorunmuruq, dini cahillikdən qorunuruq. O dini cahillikdən ki, Mirzə Cəlillər, Axundovlar, Cəfər Cabbarlılar əsrin bəlası kimi bəhs edirdi. Əsrlər dəyişir, dini cahillik isə əsrlərin bəlası olaraq qalmaqda davam edir.

Hələ də müsəlman qadınları əriylə sözü çəp gələndə falçıya gedir, şirinlik edir, dualar yazdırır.

Qızımızı ərə vermək istəyəndə hələ də mollaya gedirik.

Xəstə uşağı həkimə aparmaq yerinə cadu çıxaranların əlinə veririk.

Keçənlərdə ruhi xəstə bir oğlanın “içindəki cini çıxarmaq üçün” bir dəstə kişi onu çubuqla döyə-döyə öldürmüşdü.

Bəs deyilmi?

Bu yerdə bir haşiyə çıxım. Tanışımız olan gənc qadın biznes işində uğurludur, qazancı kifayət qədər olur. Biznes işində uğur qazanmaq üçün lazım olan “məziyyətlər” onda var: Diribaşdır, fərasətlidir, şirin dili ilanı yuvasından çıxarır, adamların üzərində manipulyasiya edə bilir, qapıdan qovanda pəncərədən girir və s.

Amma qadın öz uğurları üçün bu məziyyətlərinə yox, falçıya borclu olduğunu deyir. Dediyinə görə, bu falçı öz cadularıyla əsl möcüzələr edir. Ayrılanları evləndirir, evlənənləri ayırır və s. Evə uğur, pul-para cəlb edir. Bu mərifəti səbəbindən ona hörmətlə “Molla” deyə müraciət edirlər.

Tanış qadının fikrincə ona bol qazanc qazandıran falçı ərə getməkdə də kömək edəcəkdi. Bir namizəd var; gənc, subay, yaraşıqlı oğlandır. Qadınla arabir görüşür, amma evlənmək fikri yoxdur. Bunun üçün qadın “Molla” ləqəbli falçının bol-bol ziyarətinə gedir. Amma bu cadu prosesinin nəticəsində nəinki cavan oğlan onunla evlənməyə razı olub, hətta aralarında soyuq sular axır. Deyəsən, bu ayrılığın yazıçı demiş, sonu yoxdur.

Fərasətli qadının biznesdə faydalı olan məziyyətləri bu sahədə hələ ki effekt vermir.

Keçən dəfə marketə getməyi təklif etdi. Falçının sifarişiylə cadu etmək üçün lazım olan ləvazimatları alacaqmış.

Qəhrəmanımız marketi bir xeyli gəzib dolanandan sonra seçib iki kilo yaxşı qoyun əti, iki kilo mal əti, 1 kilo keyfiyyətli yağ aldı.

Dedim, molla bu axşam küftəbozbaş bişirəcək?

Tərs-tərs baxdı üzümə. Dedi, bunlar cadu etmək üçün lazımdır.

Dedim, onda üzrlü say.

Qızın yenə vitrinlərə nəzər saldığını görüb daha nə alacağını soruşdum. Çay, kişmiş, konfet də alacağını dedi.

Qalan şeyləri də aldıqdan sonra cadu ləvazimatlarını götürüb falçının yanına yollandı. Evə gələn kimi zəng vurdu:

“Molla çayı, kişmişi, konfetləri geri qaytardı. Dedim axı, gözütox adamdı. Sən isə inanmırdın”.

Dedim, yəqin ucuz olduğundan onları bəyənməyib.

Əsəbiləşib dəstəyi asdı.

Molla da yəqin həmin anlarda küftəbozbaşla nahar edirdi.

Dediyim odur ki, cahillərin sayəsində dələduzlar qaz vurub qazan doldurur, mal-mülk yiyəsi, nüfuz sahibi olur, özlərini başbilən, bilici kimi təqdim edib tövsiyələr verirlər. Tək olanda da müsəlmanın sadəlövhlüyünüzə qarınlarını tutub doyunca gülürlər.

İndi “oxutmuram, əl çəkin” deyən kişilər kimi əlimizi qarşımıza tutub “yox, bizə dini dərslər lazım deyil”, deyirik. Guya dini bilikləri elə çözmüşük ki, heç bir tədrisə bu sahədə ehtiyac yoxdur. Halbuki bizlər dini kitabımızda nələr yazıldığından xəbərsiz olan kəslərik.

Nə gizlədim, rusları “Bibliya” oxuyan çox görmüşəm, həm də onların kitablarının səhifələri oxunmaqdan yırtılıb, rəngi solub. Əlbəttə ki, əsas olan kitabın daşıdığı dəyərdir, onun mahiyyətidir.

Bizim dini kitablarımıza elə bil işıq düşmür. Xüsusi bir yerdə qorunur, saxlanılır. Halbuki “Quran”ı da rəfdə digər kitablarla bir yerdə saxlasaq, hərdən götürüb vərəqləsək, uşaqlara da oxumalarını tövsiyə etsək necə gözəl olar.

“Quran”ı bilmədiyimiz üçün cahil mollaların dediklərinə qulaq verir, sayıqlamalarını böyük həqiqət kimi qəbul edib bir-birimizə ağızdolusu “hər şey Quranda yazılıb” deməkdən yorulmuruq.

Əgər din savadlı şəkildə tədris olunsa, bilmədiklərimizi öyrənmiş olsaq, bu bizim ancaq xeyrimizə olar.

Dediyim odur ki, əziz müsəlman bacı-qardaşlarım, dini cahillikdən ancaq dinə hərtərəfli bələd olmaqla qurtulmaq olar.

# 3204 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #