Dünən səhər yuxudan oyananda ilk əvvəl xəbərləri gözdən keçirdim. Yenicə dünyaya gəlmiş uşağın gecə vaxtı yox olması xəbərini oxudum. Sonra çörək yedim, çay içdim və işə yollandım.
Yol boyu hər şey barədə düşünürdüm, bircə bu olaydan başqa. Lənkəranda gecə vaxtı beşiyindən yoxa çıxmış o uşaqla bağlı xəbəri deyirəm. Amma hər şey o hadisəylə bir çarxda idi sanki. Yəni hər şeyin içində o olaydan hansısa detallar vardı.
Birdən-birə hər şey mənə mənasız göründü, səhər işə hazırlaşmağım, geyindiyim qırmızı təzə paltar, yeni düşüncələrim.
Əslində, hər şey o qədər bəsit və köhnə idi ki. Cəmi 6 gün yaşamış körpənin müəmmalı yoxluğu ilə müqayisədə hər şey mənasız idi. Bir körpəyə sahib çıxa bilməyən dünyanın yenə çarxı döndü gözümdə.
Bəlkə o tifillə birgə tarix bir də ölmüşdü və təkrarlanmaq istəməzdi.
Axşam beşiyindən oğurlanmış uşaqla bağlı yeni xəbər hamımızı sarsıtdı. Uşağın cansız bədəni həyətin quyusundan tapılmışdı.
İlkin versiya bu oldu ki, evdə artıq bir qız uşağı olduğu üçün ikincisi arzuolunmaz idi. Və bu qətli qohumlardan (yaxın və uzaq) birinin törədəcəyi də ehtimal olundu. Diri-diri basdırılan qız uşaqlarını xatırladım.
Bilirsiz ki, ərəblər keçmiş zamanlarda qız uşaqlarını qətl edirdilər, yəni onları diri-diri torpağa basdırırdılar. Çünki qız uşağının “xeyri az idi”. O, nə döyüşə gedirdi, nə də ailəyə qazanc gətirirdi. Ona görə kasıb ərəblərə belə bir hüquq verilmişdi: “Əgər qız uşaqlarını saxlamaq imkanınız yoxdursa, onları diri-diri basdırın.”
Deyirlər, bir dəfə peyğəmbərin yanına bir ərəb gəlir. Onun gözlərindən dərd-ələm yağırdı. Sözsüz ki, peyğəmbərə dərdini danışmaq, yüngülləşmək istəyirdi:
“Mən böyük bir günah işləmişəm, qızımı öz əllərimlə diri-diri torpağa basdırmışam”, - ərəb deyir və hönkürür. Əllərinə qatil əlinə baxırmış kimi nifrətlə baxaraq sözünə davam edir: “Müəyyən bir yaşa gəldikdən sonra mən onu şəhərdən uzaq bir yerə, səhralığa gətirdim. Yeri qazmağa başladım. Qızım da mənə kömək edirdi, ağlına gəlmirdi ki, onun üçün qəbir qazıram.
Quyunu qazıb qurtarandan sonra qızımı ora itələdim və üstünə torpaq atmağa başladım. Qızım hələ də heç nə anlamadan “Ata”, “Ata” deyib fəryad edirdi. Bu səs ölüncəyə qədər yadımdan çıxmayacaq”.
Peyğəmbərin gözləri yaşla dolur. Ətrafındakılar kişiyə acıqlanırlar, deyirlər, o dövr üçün bu adi hal idi, niyə indi yada salıb qanımızı qaraldırsan?
Ərəblər haqlı idi, o dövr üçün bu, adi hal idi, o dərəcədə adi hal ki, öz əlləriylə qızını diri-diri torpağa basdırmış atanın faciəsini belə dərk eləmirdilər.
Bəs bizim dövr üçün? Bizim dövr üçün bu faciə hansı məsuliyyət daşıyır? Uşağı quyuya atanlar qız uşağına lənət damğası vuran o qaranlıq dövrlərdən gəlməyiblər, 21-ci əsrdə yaşayırlar, yüzilliklərdir cəhalətlə mübarizə aparan bir cəmiyyətin insanıdırlar. Bilmirəm, bu onların öz talelərindən qisasıdır, ya cəhalətin damğasıdır, nədirsə, çox dəhşətli faciədir. Elə bir faciə ki, bəlkə də həmin adamlar bu an dərk eləmir, amma bütün ömrü boyu bu cinayətin kəndirini boyunlarında daşıyacaqlar. Hər an ölüb, ölüb diriləcəklər.
Zavallı ananı isə əski dövrlərin ərəb qadınlarına bənzədirəm.
O dövrlərdə ərəb qadınının heç bir hüququ yox idi, yeganə əlacı dünyaya gətirdiyi qız uşağını ərindən gizləmək idi.
Bəlkə o tifili də anası ona zərər verə biləcək qorxunc insanlardan gizləmək istəmişdi, bəlkə də ciyərparasını qorumaq üçün bütün gecəni yatmamışdı. Kim bilir, bəlkə də ürəyinə nəsə dammışdı. Son anda bəlkə də ağlına gətirdiklərindən özü də hürkmüşdü. Tarixdə belə şeylər olmuşdu, amma o körpə cəmi 6 günlük idi, bu 6 günlük çağanın qulağı şirin-şirin nağıllar eşitmək istəyirdi, tarixin qorxunc hekayətlərini yox.
Yəqin ana da bunu düşünərək şirin yuxuya getmişdi. Körpə də ana nəfəsini hiss edib xumarlanmışdı, o da şirin yuxuya batmışdı.
Yəqin ki, səhər tezdən quyudan tapılan körpənin cansız üzündə hələ də təbəssüm vardı...