#

Vanna otağında özünü asan qazinin sirri

Vanna otağında özünü asan qazinin sirri
7 yanvar 2021
# 13:01

Müharibə sırasında əsgərlər insan psixologiyasında atrofiya yaradan, sonradan ruhi çöküntü və travmalara çevrilən dəhşətli savaş mənzərələri ilə qarşılaşır. Bu isə artıq müharibənin təbiətidir.

Savaş meydanında itki qaçılmazdır. Kimisi həyatını, kimisi əlini-ayağını, kimisi də ağlını qoyur o meydanda. Silahların ürküdücü səsi və məhvedici gücü əsgərlərin psixologiyasında qalıcı təsirlər buraxır.

Nobelli Belarus yazıçısı Svetlana Alekseyeviçin “Müharibə qadın simalı deyil” sənədli romanında döyüşçü qadınlardan biri deyir:

“Məndən soruşsanız müharibədə ən böyük xoşbəxtlik nədir. Cavab verirəm ki, ölülərin arasında bircə nəfər sağ adam görmək”.

Müharibə meydanında cəsədlərin arasında sağ qaldığını görməyin özü belə insan ruhunun sarsıntısıdır.

O əsgərlər hətta qazandıqları böyük qələbələrin fonunda belə müharibədən sonra xoşbəxt olmağı bacarmırlar.

Müharibədə ən dəhşətli itki isə, mənə elə gəlir, ağıl, yaddaş itkisidir. Bu həssas məqam bir çox filmlərin, roman və hekayələrin əsas mövzusu olub. Həyat müharibədən kontuziya ilə qayıdan həm əsgərlər üçün, həm də onların ailə üzvləri üçün çətin olur.

Şəxsən mən bu dəhşətli prosesin canlı şahidi olmuşam. Atam 1993-cü ildə ağır minaya düşəndən sonra ölən günə qədər qulağında o partlayış səsi ilə yaşadı. İlk zamanlar daha dəhşətli idi vəziyyət. Başını heç vaxt isti su ilə yumazdı. Sinirlər o qədər həssas idi ki, bir damcı isti su onun kontroldan çıxması üçün kifayət edirdi. Gecələr dəhşətli sayaqlamalar, qışqırıqlar...

Bəzi gecələr ağlayaraq yuxudan ayılır və üç-beş dəqiqə ətrafına boş-boş baxıb harda olduğunu xatırlamağa çalışırdı. Yaşım az olsa da atamın çəkdiyi o əzabı iliklərimə qədər hiss edir, onunla birlikdə o psixoloji böhranı yaşayırdım.

Müharibədən sonra cəmi on yeddi il yaşaya bildi.

Bu on yeddi ilin hər gecəsi bir ayrı kabus idi onun üçün.

Nədənsə, biz ancaq müharibə meydanında şəhid olanlardan çox bəhs edirik, amma geridə qalan bəzi qazilərin yeriyən ölüdən fərqsiz olduğu çox zaman diqqətimizdən yayınır. Halbuki, ən çox diqqət və qayğı onlara lazımdır. Ruhi sarsıntı keçirən bu insanları yenidən qazanmaq, həyata qaytarmaq üçün cəmiyyət olaraq səfərbər olmalıyıq. Əks halda ən kiçik bir məsuliyyətsizlikdən doğan böyük faciələr qaçılmazdır.

Dünən müalicə aldığı hospitalın vanna otağından özünü asaraq intihar edən Vüsal Musayevin faciəsi kimi...

Bu hadisədə cəmiyyət olaraq hər birimizin payı var.

Yaddaşını, şüurunu itirən bir əsgəri həyata qaytarmaq əlini-qolunu itirən bir əsgəri həyata bağlamaqdan qat-qat çətindir.

Müharibədən kontuziya ilə qayıdan insanları hərb meydanında yaşadıqları, gördükləri mənzərələrdən sonra normal həyatda yaşanan heç nə heyrətləndirə bilmir. Ən təhlükəli risklərə getməkdən çəkinmirlər. Onlar üçün doğru bildikləri yolda atdıqları hər addım mübahdır.

Biz bu faktı Rasim Ocaqovun Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “Ölsəm bağışla” . Müharibədən travma ilə qayıdan Yusif qarşılaşdığı haqsızlıqlarla təkbaşına mübarizə aparmalı olur. Həm də çox aqressiv. Axırda da bunun qurbanı olur.

Müharibədən fiziki və mənəvi cəhətdən zədələnərək qayıtmış Yusifə cəmiyyətin baxışı dəyişmir. Onu döyürlər, sorğu-sula çəkirlər, hədələyirlər.

İsa Hüseynovun “Tütək səsi” kinopovestindəki Cəbrayıl da müharibədən kontuziyalı qayıdır. Gərgin, əsəblərini cilovlaya bilməyən Cəbrayıl cəmiyyət tərəfindən sevgi, diqqət görmür. Əsər əsasında çəkilən filmə baxan tamaşaçı da Cəbrayıla hirslə baxır. Filmdə bir kadr var: Gənclər tarlada yaxşı işləyə bilmədikləri üçün onları döyür, incidir, gənclərin baxışları sanki onu özünə qaytarır. Üzündəki aqressiya yox olur, yazıqlaşır və söylədiyi bu cümlə onun film boyu özünü ən yaxşı ifadə etdiyi cümləyə çevrilir:

“Başa düşün, bala, sizə bir söz deyəndə mənim ürəyim ağrıyır”.

Müharibədən sonra əsgər həyatının çətinliyini ən təsirli və həqiqətləri bütün çılpaqlığı ilə qələmə alan alman yazıçı Henrix Böll də öz əsərlərində bu mövzuya toxunur. Yazıçının qələmə aldığı “Mənim bahalı ayağım” hekayəsində ayağını itirən bir qazinin iş üçün müraciət etdiyi məmurun ona qarşı etinasızlığından bəhs olunur.

Demək, bu mövzu həmişə cəmiyyətin ağrıyan yeri olub.

İkinci Qarabağ müharibəsinə qədər özünü yandıran, intihar edən, küçədə dilənən onlarla Birinci Qarabağ müharibəsi qazisi gördük. Ümid edək ki, bu dəfə də eyni şeylər təkrar olmayacaq.

Vüsal diqqətsizlikdən, məsuliyyətsizlikdən intihar edən sonuncu qazi olsun.

# 28021 dəfə oxunub

Müəllifin son yazıları

# # #