Müğənnilərin vətənpərvərliyinə niyə inanmırıq?

Müğənnilərin vətənpərvərliyinə niyə inanmırıq?
4 noyabr 2020
# 11:01

Niyə kütlə şou əhlinə, müğənnilərə qarşı bu qədər aqressivdir?

Bizim ölkəmizdə müğənnilər sənətin təkcə bazar məqsədi daşımadığını hələ də öyrənə bilmirlər və elə kütlə ilə şou-biznes nümayəndələri arasındakı uçurum tam mənasıyla bu məqamda gizlidir. Dünyanın bütün ulduzları cəmiyyətdə bəlli bir obraz formalaşdırıb. Məsələn Ancelina Coli deyəndə hamının ağlına “yaxşılıq mələyi” obrazı gəlir. Və o, bunun PR-nı çox peşəkar şəkildə aparır. Məsələn, Afrikadakı ac uşaqlara yardım edəndə əlinə beş-altı yardım qutusu alıb hay-həşir salmır.

Bu işlər incə işlərdir. “Nə şiş yansın nə kabab” formulunu tapmaq üçün ya məşhurun özünün yüksək intellekti olmalıdır, ya da bu sahədə peşəkar komanda ilə işləməlidir. Türkiyənin məşhur aşıqlarından olan Aşıq Şevkatinin bir sözü var. O, deyirdi ki, başı boş olan, heç bir obraza sahib olmayan insandan sənətkar ola bilməz.

Bu gün bizim tanınan simalarımız, ulduzlarımız arasında obrazı olan biri varmı?

Çətin sualdır.

Bu gün ölkəmizdə müharibə gedir. Xalq olaraq 30 ildə yaşamadığımız xoşbəxtliyi yaşayırıq. Heç olmadığımız qədər nikbinik. Qurdla-quzunun bir yerdə otladığı dövrə qədəm qoymuşuq sanki. Bu ərəfədə kütlə hamını bağışladı, bircə şou əhlindən başqa. İçlərində bu kəsimə olan kin, nifrət səngimədi. Heç müğənnilər də bunun olması üçün heç bir addım atmadı.

Ölkəsində bir aydır müharibə gedən Əməkdar artist Mətanət İskəndərli şəhidlərin qanı qurumamış Türkiyədə konsert verməyə getdi. Yaxşı. Dolanışıq dərdi deyək, anlayış göstərək. Bunu videoya çəkib niyə paylaşırsan sosial şəbəkədə? Açıqlama vermir, əvəzində səhifəsində qələbə xəbərləri paylaşır.

Bir neçə il bundan əvvəl Türkiyədə PKK-nın hücumu nəticəsində onlarla türk polisi şəhid olmuşdu. Türkiyədə konsertlər, toylar təxirə salındı. Sibel Can çıxdı dedi ki, musiqinin təkcə əyləncə məzmunu daşıdığını düşünmək çox yanlışdır, o, həm də bizim kədərimizi, dərdimizi ifadə tərzimizdir və mən təklif edirəm ki, konsertlər təxirə salınmasın, konsertlərdən əldə olunana gəlir şəhid polislərimizin ailələrinə verilsin.

Fikir vermisinizsə ən hissiyyatlı mahnılar, ən qiymətli sənət əsərləri dərdi, hüznü çox olan insanların yaradıcılıq məhsuludur. Həqiqi sənətkar yaşadığı cəmiyyətin problemini, dərdini duymadan əsl sənət əsəri yarada bilməz.

Müğənni Səidə Sultan İnstagram-da paylaşım edib, xalqa xitabən yazır ki, siz niyə müğənnilərin vətənpərvərliyinə inanmırsınız? Siz niyə ancaq müğənniləri qaralamısınız?

Amma qaçırtdığı incə bir məqam var. “Millət nədir?”, “Vətən nədir?” Suallarına ömür boyu cavab axtarmayan sənətçi, bu gün əyninə əsgər forması geyinib cəbhə xəttində peyda olub foto çəkdirməklə, İnstagram-da şəhid fotoları paylaşmaqla kütləni öz səmimiyyətinə inandıra bilmir.

Bəlkə, zaman-zaman nəğmələri seviləcək, hansısa mahnısından kədərlənəcək, hansısa mahnısından xoşbəxt olacaq. Amma bir balaca yanlışında kütlə o sənətçiləri o gözəl mahnılara görə də bağışlamayacaq. Bu gün olduğu kimi. Sizin sənətçi olaraq hər şeyə haqqınız var. Yaxşı yaşamağa, bahalı həyat sürməyə, gözəl evlərdə yaşamağa. Amma dinləyicilərə özünüz boyda xəyal qırıqlığı yaşatmağa haqqınız yoxdur.

Kitab oxumayan, məlumatsız, bütün həyat və yaradıcılığını toy üzərində quran, yeniliyin ancaq qarderoblarını, imiclərini dəyişməkdən ibarət olduğunu düşünən, tez-tez kanallarda verilişlərə çıxıb ona-buna ağıl öyrədən müğənnilər, əslində, özlərinə “biz harda səhv etmişik?” sualını verməli deyilmi?

Mətanət İskəndərlinin fotosunun altında bir izləyicinin şərhi məni çox kədərləndirdi: “Mətanət xanım indiyə qədər sizin mahnılarınızı dinlədiyim üçün özümü günahkar hiss edirəm”.

Bir sənətkara bundan ağır söz ola bilməz. Bu şərhi yazan izləyici mənə satqınlığına görə Knut Hamsuna etiraz əlaməti olaraq bir səhər vaxtı ona aid kitabları gətirib yazıçının qapısının ağzına qoyub səssizcə uzaqlaşan norveçli gənci xatırlatdı.

Xalqının ən ağır günlərində yanında olmayan müğənnilərin mahnılarını dinləməkdən imtina etmək ən təsirli etiraz yoludur. Nəinki sosial şəbəkələrdə söyüb, sabah gedib toylarda “Bacı qurban” mahnısına oynamaq...

# 4407 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #