Aqşin və Qismətin utanılası şeirləri

Aqşin və Qismətin utanılası şeirləri
1 dekabr 2012
# 08:45

Belə şeylər eləmək üçün hərdən adamın əlinin içi gidişir. Modern, fərqli şeirlər yazdıqlarını iddia edən şairlərin hələ sarıdimdik vaxtlarında yazdıqları, sonradan adam arasına çıxarmaq istəmədikləri şeirləri bir yerə toplamaq. Əlimdə onlardan cəmi ikisinin Aqşin Yenisey və Qismətin şeirləri var. Əslində daha bir neçə şairin də bu tipli şeirləri var, amma bilirəm ki, onlar bu hərəkətə Aqşin və Qismət kimi tolerant yanaşmayacaqlar.

Ədalət naminə özümün də on yeddi-on səkkiz yaşımda yazdığım şeirlərdən birini onların gözünə qoşuram ki, sonra söz-söhbət olmasın.

Qismət

(«Çıxardın əynimdən bu adamları» kitabından)

Günah özündədir, yaxşı bilirsən

Ağlasan, bəlkə də bağışlayaram

Ağlamaq yerinə sən ki, gülürsən

Ağlasan, bəlkə də bağışlayaram

Tez solan çiçəyə çevriləcəksən

Sovrulub, küləyə çevriləcəksən

Qapımda köləyə çevriləcəksən

Ağlasan, bəlkə də bağışlayaram.

Mənsiz günlərində, gülüm, gərək sən

Məni düşünəcək, düşünəcəksən

Get bir fala baxdır, öyrən, görək sən

Ağlasan, mən səni bağışlayaram?

Gözümdə kədərdi, yaş deyil mənim

Bu sevgim köçəri quş deyil mənim

Sənin tək ürəyim daş deyil mənim

Ağlasan, bəlkə də bağışlayaram...

Aqşin

(«Unutmaq sözünün şəkli» kitabından)

Mənim nə qəribə taleyim varmış

Səni itirmişəm, amma işə bax

İndi görüşəndə məndən dost-tanış

Səni soruşurlar kefimdən qabaq

Deyə bilmirəm ki, getdi o günlər

Susub telefonlar, batır günaha

O vaxt dediyimiz isti kəlmələr

Soyuq məftilləri qızdırmır daha

Elə bil dilsizdir bu küçə, bu tin

Görən olmayıbdır bu səhər qoşa

Metrodan çıxarkən üzr istəməkçün

Sənin ayağını tapdalamışam

İndi yad olsam da mən sənin üçün

Bir fikir önündə titrəyir huşum

Dost-tanış bir yana, qorxuram bir gün

Mən özüm kimdənsə səni soruşum

Günel Mövlud

Köhnə ünvan

Hər daşı, divarı əlinin izi

Hər udum havası səsindi sənin

Ağlayan görürəm pəncərələri

Köçdüyün bu evdə yasındı sənin

Xəbərsiz-ətərsiz elə itmisən

Bilmirəm hardasan, hansı yandasan

Divardan bu tayda gözüm yaşarıb

O tayda xəbərsiz sən dayanmısan

Zorla ayaqlarım bura gətirir

Bu yerdən sakitcə keçə bilmirəm

Sən fağır bir qızdan qaça bilirsən

Mən bir daşdan-divardan qaça bilmirəm...

# 11144 dəfə oxunub

Müəllifin son yazıları

# # #