Bərbərə mesaj göndərən prezident

Bərbərə mesaj göndərən prezident
3 sentyabr 2014
# 08:30

Kim Çen İn – son dövrlərdə dünya mediasının gündəmindən düşmür. Dünyanın ən qapalı ölkəsinə rəhbərlik edən Kim Çen İn atasından sonra Şimali Koreyada bir çox dəyişikliklər edib.

Gənc dövlət başçısı gah ağzında siqaret xəstəxanaya baş çəkir, gah da paraşütlə düşən bombaları seyr edir. Kim Çen İn dünyanı təəccübləndirməyi bacarır. Bir gün ayaqqabı ustalarını, bir gün bərbərləri yoxlayır. Fotoları da dünya ilə paylaşaraq özünün əfsanəsini yaradır.

Korrupsiyaya bulaşmış dayısını xalqın gözü qabağında edam etdirdi. İddia edilir ki, o özünün saç modelini bütün kişilər üçün məcburi edib. İngiltərədə Kimin fotosunun üstünə “pis saç kəsim günü, 15 faiz endirim” yazıb vuran bərbərin ardınca səfirlikdən adam göndərib, təhdid etdirib. Diplomatik böhran yaşanıb.

Onun anadan olma tarixi də dəqiq bəlli deyil. Gah 1983-cü ildə, gah da 1984-cü ildə doğulduğu deyilir. Amma hökumət rəsmi olaraq onun 8 yanvar, 1984-cü ildə doğulduğunu bildirir. İstənilən halda o dünyanın ən gənc ( 28 yaş) prezidentidir.

1988-ci ildə Kim Çen İn İsveçrənin Bern şəhərində başqa adla orta təhsil alıb. Onun sinif yoldaşları bilmirdilər ki, Pak İn (saxta adı) Koreya prezidentinin oğludur. İsveçrədə oxuyan zaman gələcək prezident ingilis, alman və fransız dillərini öyrənib.

Atasının antiamerikan təbliğatına laqeyd olan gənc oğlan Amerika brendlərinə qarşı həvəsi ilə seçilir, hətta “Nike” idman ayaqqabılarının kolleksiyasını yığırdı.

Kim Çen İnin aşpazından sızan qeyri-rəsmi xəbərlərə görə prezident alkoqolikdir, diabetdən və yüksək təzyiqdən əziyyət çəkir. Ən yaxşı məhsullarla qidalanan prezidentin əsas problemi məhz çox içməyindədir.

İsveçrə kollecində oxuyan zaman dostlarının təsiri ilə Çen İn basketbola maraq göstərib. Kobi Braynt, Toni Kukoç, Maykl Cordan kimi basketbolçulara azarkeşlik edib. Elə buna görə də prezident olduğu dövrdə köhnə basketbolçu Dennis Rodmanı Şimali Koreyaya çağırıb. Dennisi öz ölkəsində krallar kimi qarşılayıb. Rodman basketbol meydanının ortasında Kim üçün Kennedinin qabağındakı Merilin Monro kimi “Happy Birthday” mahnısını oxuyub. Ölkəsinə qayıtdıqdan sonra televiziyalara çıxıb - “Kim Çen İn əslində super adamdır” – deyib.

Yəqin ki, onun haqqında olan iddiaların bir qismi yalandır. Amma o halından məmnun kimi görünür.

# 4087 dəfə oxunub

Müəllifin son yazıları

# # #