“Heç bir şəkli bu qədər öpməyiblər”

“Heç bir şəkli bu qədər öpməyiblər”
22 fevral 2014
# 08:45

XIX əsrin ən parlaq simalarından biri, görkəmli filosof Karl Marks Prusiya baronunun qızı Cenni fon Vestfalen ilə evli olub. Marks və Vestfalen ailələrin razılığı olmadığı üçün evlilik məsələsini bir müddət gizli saxlayıb, 1843-cü ildə rəsmi nikahla evləniblər. Cütlüyün 7 övladı olub, onlardan cəmi biri digərlərinə nisbətən çox yaşayıb. Yetkinlik yaşına çatmış üç uşaqdan ikisi intihar edib, digər dördü isə çox kiçik yaşda dünyasını dəyişib. Mançestrdə ailə biznesini işlədən Engels bu illərdə Marksın ən böyük maddi və mənəvi dəstəkçisi olub. 1881-ci ildə arvadı Cenni vəfat etdikdən sonra Marksın da səhhəti pozulub və 15 ay sonra o da dünyasını dəyişib.

Kulis.az “Məşhurların məktubları” silsiləsindən Karl Marksın Cenniyə yazdığı məktubu təqdim edir:

Əzizim!

Yenə sənə yazıram, çünki tənhayam, səninlə daim fikrən söhbət etmək mənim üçün çətindir. Çünki sən bu barədə heç nə bilmirsən. Sənin portretin nə qədər pis olsa da, mənə çox gözəl “qulluq göstərir” və mən indi başa düşürəm ki, nəyə görə hətta “Tutqun madonnalar”, Məryəm ananın ən eybəcər təsvirləri də özlərinə qısqanc pərəstişkarlar tapa bilirlər. Amma hər halda, bu tutqun madonna təsvirlərindən heç birini belə çox öpməyiblər. Heç birinə belə xilaskar riqqətlə baxmayıblar, heç birinə bu cür sitayiş etməyiblər, sənin bu fotoşəklin tutqun olmasa da, acıqlıdır və sənin mehriban, füsunkar, sanki öpüş üçün yaranmış dolce (H.Heyne. “Yenə vətəndə” silsiləsindən şeir –red.) sifətini əks etdirmir. Lakin mən günəş şüalarının pis əks etdiklərini təkmilləşdirirəm və belə hesab edirəm ki, gecə lampasının işığından və tütün tüstüsündən nə qədər xarab olsalar da, hər halda yenə də təkcə yuxuda yox, ayrılıqda da surət yaratmağa qadirdirlər.

Sən bütün varlığınla qarşımda canlı insan kimisən, mən səni qollarım üstündə gəzdirir, başdan-ayağa öpüşlərə qərq edir, qarşında diz çökür və ah çəkirəm. “Mən sizi sevirəm, madame”. Həqiqətən, mən səni bir vaxt venesiyalı mavrın (şirin – red.) sevdiyindən də güclü bir məhəbbətlə sevirəm.

Müvəqqəti ayrılıq xeyirlidir, çünki daimi ünsiyyət yeknəsəqlik təsəvvürü yaradır ki, onda da şeylər arasındakı fərq silinib gedir. Hətta qalanlar da yaxından o qədər hündür görünmürlər, baxmayaraq ki, gündəlik həyatdakı xırda-xuruşlarla yaxından təmasda olduqda ölçüyəgəlməz dərəcədə böyüyürlər.

Ehtiraslarla da belədir. Yaxınlıq nəticəsində adamı tamamilə təsir altında salan və ehtiras forması alan gündəlik vərdişlər onların bilavasitə obyekti göz önündən çəkilən kimi yox olurlar. Obyektinin yaxınlığı nəticəsində gündəlik vərdişlər forması alan dərin ehtiraslar güclənir və ayrılığın sehrli təsiri altında yenidən özlərinə xas olan qüvvəni kəsb edirlər. Mənim də eləcə.

Elə ki, biz ayrı düşürük, mən dərhal əmin oluram ki, günəş və yağış bitkiyə nə üçün xidmət göstərirsə, zaman da mənim məhəbbətimə onun üçün – böyümək üçün xidmət göstərib. Sən məndən uzaq düşən kimi mənim sənə məhəbbətim həqiqətdə olduğu kimi nəhəng şəkildə qarşımda ucalır, mənim bütün ruhi enerji və hisslərimin bütün qüvvəsi onda cəmləşir. Mən yenidən özümün sözün tam mənasında insan olduğumu hiss edirəm.

Sənin Karlın.

Mançester, 21 iyun 1856-cı il.

# 2690 dəfə oxunub

Müəllifin son yazıları

# # #