Qab yuyanda qətl haqqında düşünürdü

Qab yuyanda qətl haqqında düşünürdü
13 dekabr 2012
# 08:30

Aqata Kristi-15 sentyabr 1890 – 12 yanvar 1976

Milliyəti: İngilis

Bürcü: Qız

Ən məşhur əsərləri: “Staylzdakı sirli hadisə” (1920), “Rocer Akroydun qatili” (1926), “Şərq ekspressində qətl” (1934).

Yazdığı ədəbi janr: Dedektiv

“Başqalarının sənin üçün edə biləcəyi şeyi heç vaxt özün etmə”

Atası amerikan, anası ingilis olan Aqata Meri Klarissa Miller dənizkənarı Torki qəsəbəsində doğulub və əsl ingilis kimi tərbiyə olunub. Deyilənlərə görə, yazıçını ən çox təsirləndirən şəxsiyyətlərdən biri Ser Artur Konan Doyl da “Baskervillərin iti” əsərini bu qəsəbədə yazıbmış.

Aqata ilk əsərlərini anasının təsiri ilə yazıb. Güclü soyuqdəymədən yatağa düşən qıza anası darıxmamağı üçün kiçik hekayələr yazmağı məsləhət görüb. O da “Gözəllik yuvası” adlı ilk hekayəsini qələmə alıb.

Yazıçı daim ideal ər, xoşbəxt ailə arzusunda olub. Nəhayət, 1914-cü ildə hərbi pilot Arçibald Kristi ilə ailə həyatı qurub. “Arçi” bir müddət sonra-I Dünya Müharibəsində almanlara qarşı fransız qüvvələri ilə birgə döyüşmək üçün göndərilib. Aqata isə müharibə dövründə xəstəxanada könüllü kimi işə başlayıb. Tibb bacısı vəzifəsindən həmişə razılıq edən yazıçı müsahibələrinin birində: “Bu, insanın məşğul ola biləcəyi ən yaxşı peşədir”, - deyib.

Müharibədən sonra Aqata bir ilini “Staylzdakı sirli hadisə” romanını yazmağa sərf edib. Kitab belçikalı dedektiv Herkul Puaronu oxucuya tanıtsa da, çox satılmayıb. Yazıçı ilk yüksək gəlirini 6 il sonra – “Rocer Akroydun qatili” əsərindən əldə edib. Həmin əsərin mövzusu və gözlənilməz sonluğu dedektiv janrında “inqilab” olub.

Yazıçı Herkul Puaro ilə yanaşı bir çox obrazları - xanım Ceyn Marplı, sirli Elbi Reysi və ər-arvad dedektivlər Tappens və Tommi Beresfordu da oxucusuna sevdirib.

Aqata Kristinin 11 gecəlik yoxluğu

1926-cı il Kristinin həyatının ən çətin ili olub. Anasının rəhmətə getməyi azmış kimi ərinin də xəyanəti ilə üzləşib. Bu evlilikdən olan yeganə qızı Rozalinin ad günündə əri ona Nensi Niil adlı sevgilisi olduğunu və boşanmaq istədiyini deyib.

Çox keçməyib ki, Aqata Kristi birdən-birə yoxa çıxıb. Katibəsinə Yorkşirə gedəcəyini deyən yazıçının avtomobilini yol qırağından tapıblar. Onun öldürüldüyü haqda müxtəlif şayiələr dolaşmağa başlayıb. Polis də daxil olmaqla hər kəs onun “ölümündə” ərindən şübhələnib. Faktlar şübhələri artırıb: avtomobilin Arçinin məşuqəsi ilə dincəldiyi məkanın yaxınlığında tapılması, maşının içində Aqataya aid əşyaların olması və s.

11 gün sonra polisə Yorkşir otellərinin birində işləyən xidmətçidən məlumat daxil olmasaydı, bəlkə də Aqata tapılmayacaqdı. Oteldə Tereza Niil adı ilə qeydiyyatdan keçən Kristi polisə kimliyini unutduğunu, amneziyadan əziyyət çəkdiyini söyləyib. Ancaq illər sonra məlum olub ki, Aqata bu yolla ərinə əzab və dərs verməyə çalışırmış. Bir sözlə, dedektiv kraliçasının planı işləməyib və cütlük iki il sonra boşanıb.

“Ən yaxşı ər arxeoloq ərdir – qocaldıqca ona daha maraqlı olursan”

Aqata Kristi 1928-ci ildə ərindən boşanaraq həmişə arzusunda olduğu macəra dolu səyahətə çıxıb. Bağdad səfəri vaxtı özündən 14 yaş kiçik – yəni 25 yaşlı arxeoloq Maks Malloenlə tanış olub və iki il sonra onunla evlənib. Cütlüyün evliliyi 40 ildən çox davam edib.

Zəhər həvəsi

II Dünya Müharibəsi ilə bağlı 10 illik Şərq səyahətinə ara verən Kristi o zamankı London Universitetində (hazırda “University College Hospital”) əczaçı işləməyə başlayıb. Burada o, zəhərlər və onların insan bədəninə təsirlərini öyrənib. Heç təsadüfi deyil ki, romanlarındakı cinayətlərin çoxu zəhərlənmə ilə bağlıdır.

Məsələn, tallium elementindən zəhər kimi istifadə olunmasını ona baş əczaçı Harold Deyvis başa salıb. Yazıçı da bu zəhərdən 1961-ci ildə yazdığı “Ağ at” əsərində “istifadə edib”. Əsərdə zəhər qurbanlarının əvvəlcə saçları tökülməyə başlayır və yavaş-yavaş solub gedirlər. Yazıçı tallium zəhərinin bədənə işləməsini elə dəqiqliklə izah edib ki, həkimlər də bu informasiyalardan yararlanaraq bəzi xəstəlikləri daha dərindən araşdırmağa başlayıblar.

Alçheimer xəstəliyinə tutulan Aqata

1956-cı ildə Aqata Kristi Britaniya İmperiyası ordeni, 1971-ci ildə isə “Komandir qadın” titulu ilə təltif olunub. 1974-cü ilə qədər sağlamlığında ciddi problemlər yaranıb. Buna baxmayaraq, yazmağa davam edən Kristi vəziyyətinin 1975-ci ildə daha da pisləşdiyini görüb, əsərləri ilə bağlı hüquqlarını nəvəsinə ötürüb. Kanada alimlərinin son dövrlərdə apardıqları araşdırmalara görə, yazıçı uzun müddət alçheimer xəstəliyindən əziyyət çəkib.

“Kraliça” 1976-cı ilin yanvarında 85 yaşında vəfat edib. 2004-cü ilin oktyabrında Kristinin yeganə övladı Rozalin Marqaret Hiks də anası ilə eyni yaşda dünyasını dəyişib.

“Dedektiv yazmağa başlamaq yaxşı əyləncə olardı”

Yazıçının bir çox əsərlərinə filmlər çəkilib, amma Kristi onlardan cəmi birini bəyənib; bu da Albert Finninin çəkdiyi “Şərq ekspressində qətl” filmi idi.

Kristi 93 kitab, 17 pyes və Meri Uestmakot imzası ilə nəşr olunan 6 sevgi romanının müəllifidir. Kitabları 103 dilə tərcümə olunub. Ən çox satılan dedektiv roman müəllifi kimi Ginnesin Rekordlar kitabına düşüb. Yazıçının “Sıçan tələsi” pyesi son illərə qədər Londonda nümayiş olunmaqla, ən çox səhnədə qalan tamaşa kimi tarixə düşüb.

“Dedektiv yazmağa başlamaq yaxşı əyləncə olardı”, - sözləri ilə karyerasına başlayan yazıçı üçün bu qədər uğur heç də pis nəticə deyil.

Əlinə bir dəfə də qələm almayan Aqata

Ədəbiyyat dünyasının ən məhsuldar yazıçılarından olan Aqata Kristi bir dəfə də əlinə qələm almayıb. 11 yaşına qədər məktəbə gedən Aqata yazmağı hələ 4 yaşında bacarsa da, əsərlərini özü yazmayıb, hamısı diktə edib. Səbəb isə yazıçıdakı disqrafiya adlanan, öyrənmə çətinliyi xəstəliyi olub. Bu xəstəlik onun oxunaqlı yazmağına maneçilik törədib.

Heyvanlara sevgi

Heyvanlara qarşı münasibət onun avtobioqrafiyasında maraqlı məqamlardandır. Kristi yazır ki, 1907-ci ildə o, tennis toruna yapışıb qalmış kirpini qurtarmaq üçün məcburən ona xloroform iylədib. Huşunu itirən kimi yazıçı kirpini tordan çıxarıb. Heyvan haqlarını qoruyan “PETA” təşkilatı o vaxt mövcud olsaydı, yəqin ki Aqata Kristiyə “İlin qadını” mükafatını verərdilər.

Kök, bığlı, keçəl Puaro

Dedektiv Herkul Puaro oxucular tərəfindən nə qədər çox sevilsə də, Kristinin nifrət etdiyi personajlardan olub. 30 romanda, 50-dən çox qısa hekayədə baş qəhrəman olan Puaro son romanların birində “vəfat edir”. Naşirlər sevimli personajın ölümü ilə bitən kitabı çap etmək istəmədiyindən roman yazılandan 40 il sonra nəşr olunub. Kristi “Rocer Akroydun qatili” əsəri ilə sevilən Puaronu “dözülməz”, “özündən razı, eqoist” kimi xarakterizə edirmiş. Bığlı, gonbul, keçəl Poaronun iştirak etdiyi əsərlərdən birinə film çəkmək istəyən rejissor müqavimətlə üzləşir. Kristi bu obrazın görünüşündə dəyişiklik edilməyinə və qızların sevimlisinə çevirmə istəyinə qətiyyətlə qarşı çıxıb və onu olduğu kimi çəkməyi tələb edib.

Sevimli dedektivi – Ceyn Marpl

Həvəskar dedektiv Ceyn Marpl ilk dəfə oxucuya “Çərşənbə axşamı gecə klubunda” hekayəsində təqdim olunub. Puarodan fərqli olaraq xanım Marpl Kristinin sevimli obrazı olub. Müsahibəsində: “Niyə xanım Marplla Herkul Puaronu eyni əsərdə heç vaxt qarşılaşdırmırsınız?”, - sualına: “Çünki Puaro kimi eqoist bir tip heç vaxt qarımış qızın sözünə qulaq asmaz və onun dediyini etməz”, - deyə cavab vermişdi.

Türkiyədə yazılan əsər

Kristi ən məşhur romanlarından olan - “Şərq qatarında qətl” romanını Türkiyənin İstanbul şəhərindəki “Pera Palas” otelinin 411 nömrəli otağında yazıb. “Aqata Kristinin otağı” yazıçının xatirəsi kimi qorunub. Yazıçıya əsər üçün ilham verən isə böyük ehtimalla gəldiyi Paris-İstanbul qatarı olub.

Arxeoloq ən yaxşı ər deyilmiş

Yazıçı arxeoloq əri Maks Malloenlə evlənəndə dediyi: “Ən yaxşı ər arxeoloq ərdir – qocaldıqca ona daha maraqlı olursan”, - sözünü yəqin sonralar geri götürüb. Çünki Maks Malloen də ilk əri Arçi kimi ona xəyanət etməkdən yorulmayıb. Hətta yazıçının ölümündən bir il sonra məşuqələrindən biri ilə evlənib.

Aqata Kristinin sevmədiyi şeylər

Kristi avtobioqrafiyasında sevdiyi və sevmədiyi şeyləri sıralayıb. Demə, onun gözünün düşməni bunlar imiş: “Adamların arasında ilişib qalmaq, basabas, yüksək səs, çox danışan adamlar, ziyafətlər, xüsusilə kokteyl ziyafətləri, siqaret və tüstülü şeylərin çəkilməyi, içkilər, marmelad, soyuq yemək, boz səma, quşların ayaqları”. Ən nifrət etdiyi isə isti südün dadı və qoxusu olub.

Qəribə vərdişləri

Müsahibələrinin birində yazıçı etiraf edib ki, romanlarının süjeti qab yuyanda ağlına gəlir: “Bu axmaq məşğuliyyət həmişə məni qətllər haqda düşünməyə sövq edir”. Kristi yazmazdan əvvəl isti vanna qəbul edib alma yeyərmiş. Daha əvvəl qeyd etdiyimiz kimi, yazıçı disqrafiya xəstəliyindən əziyyət çəkdiyindən əsərlərini ya diktə edir, ya da diktofona yazırmış. Ölümündən 40 il sonra nəvəsi evin çardağından nənəsinin 27 audiokasetə yazdığı müsahibələrini tapıb.

# 4764 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #