O, arvadı ilə yatmırdı, çünki...

O, arvadı ilə yatmırdı, çünki...
14 fevral 2014
# 08:30

Kulis.az məşhur insanların qeyri-adi vərdişlərini təqdim edir.

Məşhur ispan rəssamı Salvador Dalinin qeyri-adi vərdişləri varmış. Günortadan sonra yuxuya gedən rəssamın əlində ağır mis açar, əlinin altında isə dəmir kasa olarmış. Açar kasanın üstünə düşəndə yuxudan oyanan Dali deyirmiş ki, bu səsə oyanmaqdan gözəl heç nə yoxdur.

Görkəmli rus şairi Aleksandr Blok Lyuboçke Mendeleyeva ilə sevib evlənməyinə baxmayaraq uzun müddət öz həyat yoldaşına seksual mənada yaxınlaşmayıb. Uzun müddətdən sonra qadını Bloku yola gətirə bilib. Amma şair yenə də “ruhi yaxınlığa” üstünlük verirdi.

Yazarkən içki içən, siqaret çəkənlərdən fərqli olaraq Puşkin limonad içməyi sevirmiş.

Böyük rus yazıçısı Lev Tolstoy fəal həyat tərzi keçirməyi sevirmiş. Gün ərzində müəyyən qədər gəzməsə, yata bilməzmiş. Qışda isə odun doğrayarmış.

Bəstəkar Lüdviq Van Bethoven həmişə saqqallı gəzirdi, çünki hesab edirdi ki, üz qırxmaq yaradıcılığa mane olur. Əsər yazmağa başlamamışdan qabaq isə, bəstəkar öz başına bir vedrə soyuq su tökürdü. Düşünürdü ki, bu, beynin yaxşı işləməsinə təkan verir.

İxtiraçı Tomas Edissonun gün ərzində bir neçə dəfə uyğun olmayan yerlərdə yuxuya getmək vərdişi vardı. Tomas kresloda, laboratoriyasındakı iş stolunda, şkafa söykənərək, hətta reaktivlərlə dolu stolun üstündə də yuxuya gedə bilərdi. Yarım saatlıq bu yuxu o qədər dərin olurmuş ki, yanında top atsaydılar da oyanmazdı.

Fransalı sərkərdə Napoleon Bonopart isti vannalara olan məhəbbəti ilə tanınır. Sülh dövründə o, gündə bir neçə dəfə vanna qəbul edərdi. Napoleon saatdan az olmayan vanna kefi ərzində məktub diktə edər, ziyarətçiləri qəbul edərdi. Hərbi ekspedisiya zamanı da özü ilə səyyar vanna götürürmüş. Həyatının axırını Müqəddəs Yelena adasında sürgündə keçirən Napoleon bütün günü isti suda olurmuş.

Viktor Hüqo əsərlərini çılpaq yazarmış. O öz qulluqçusuna əmr edirmiş ki, bütün paltarları yığışdırıb aparsın. Məqsəd isə evdən çölə çıxmağın qabağını alaraq daha çox işləmək imiş.

Çarlz Dikkens qəribə səslənsə də, morqda oturmağı sevərmiş. “Hansısa qeyri-adi qüvvə məni morqa çəkir”- o belə yazırdı. Yeni şəhərə gedərkən o ilk növbədə morqa baş çəkər, saatlarla orda oturarmış.

Eynşteyn heç vaxt corab geyməzmiş. Böyük alim deyirmiş ki, buna ehtiyac görmür. Mərasimlərə gedərkən corabsız olduğu bilinməsin deyə uzunboğaz ayaqqabılar geyərmiş.

İosif Stalin isə bir paltarı cırılana qədər geyinərmiş. Cəmi bir ayaqqabısı varmış, teatra, qəbullara, işə onunla gedərmiş.

Balzak 5-7 fincan qəhvə içməsə yaza bilmirmiş. Deyilənə görə gün ərzində 50 fincan qəhvə içərmiş.

# 6381 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #