1941-ci ilin oktyabrında Rusiyanın Vyazma şəhəri yaxınlığındakı meşədə alman ordusunun mühasirəsini yarmağa çalışan tank ekipajının üzvləri həlak oldular. Yaralanmış kiçik leytenant İvan Kolosov sevgilisi Varyaya son məktubunu yazdı. Tankı 25 il sonra tapdılar. Ordan İvan Kolosovun da meyiti çıxdı. Onun üzərindən göndərilməmiş məktub və foto tapıldı. Varvara Juravlyova bu məktubu 25 il sonra oxudu...
Kulis.az həmin məktubun mətnini təqdim edir.
25 oktyabr 1941-ci il
Salamat ol, mənim Varyam!
Xeyr, biz səninlə görüşməyəcəyik. Dünən biz günortaya kimi daha bir Hitler kolonunu dağıtdıq. Faşist mərmisi yan bronu vurdu və içəridə partladı. Mən maşını meşəyə sürənə qədər, Vasiliy öldü. Mənim yaram dəhşətlidir.
Mən tozağacı meşəsində Vasiliy Orlovu dəfn etdim. Onun üzü işıqlı idi. Vasiliy öldü, mənə son sözünü deməyə vaxt tapmadı, öz gözəl Zoyasına və ağsaçlı Maşenkaya heç nə çatdıra bilmədi.
Budur üç tankçıdan təkcə mən qalmışam. Hava işıqlanana yaxın meşədən çıxdım. Gecə çox ağır keçdi, çox qan itirmişdim. Sinəmi yandıran ağrı indi də ruhuma sakitliklə yayılmaqdadır. Çox pisəm. Biz çox şey edə bilmədik. Amma bacardığımızı etdik. Bizim yoldaşlarımız düşmənləri qovacaqlar. Onlar bizim meşələrdə, bizim ərazilərimizdə gəzməsinlər deyə.
Əgər sən olmasaydın, mən bu həyatı belə yaşamazdım, Varya. Sən həmişə mənə kömək etmisən: Xalxil-Qolda da, burda da. Deməli, kim ki sevir, o, insanlara qarşı xeyirxah olur.
Təşəkkür edirəm sənə, əzizim! İnsan qocalır, amma səma həmişə gəncdir, sənin gözlərin kimi, insanın baxmaqdan doymadığı gözlərin... Onlar heç vaxt qocalmayacaqlar, solmayacaqlar.
Vaxt keçəcək, insanlar yaraları sağaldacaqlar, insanlar yeni şəhərlər tikəcəklər, yeni bağlar salacaqlar. Başqa həyat yaradacaqlar, başqa mahnılar ifa edəcəklər. Amma heç vaxt bizim haqqımızda mahnını unutmayın, üç tankçı haqqında. Sənin gözəl uşaqların olacaq, sən hələ sevəcəksən. Amma mən xoşbəxtəm ki, sizdən sənə olan böyük sevgimlə ayrılıram.
Sənin İvan Kolosovun.
Mənbə: Adme.ru