Kimisi təsadüfən, kimisi də ehtiyacı olduğu üçün bu kəşflərə imza atıb. Tək ortaq cəhətləri isə bu icadların müəlliflərinin qadın olmağıdır.
Kulis.az həmin kəşfləri təqdim edir...
Jozefina Kokreyn: Qabyuyan maşın
Kokreyn qulluqçuların tez-tez çini qablarını qırmağından bezərək qabyuyan maşını hazırlayıb. Yüksək təzyiqli su ilə işləyən maşın üçün Kokreyn 1886-cı ildə patent alıb. Həmin dövrdə evlərə isti su gəlməsə də, Kokreyn icadını restoranlara və otellərə sata bilib.
Meri Felps Jekop: Modern büsqalter
Jekop hazırladığı modern büsqalter üçün 1914-cü ildə Amerikada patent alıb. O vaxta qədər hazırlanan büsqalterlərin içində çubuq və ya balina sümüyü olurdu ki, bu da qadınları narahat edirdi. Bu gün istifadə edilən büsqalterlərin ilk modelini Jekop hazırlayıb və rahatlığı ilə bütün qadınların rəğbətini qazanıb.
Meri Anderson: Maşın şüşəsi silən
1903-cü ilə qədər sürücülər yağış və qar yağanda hər küçənin başında dayanıb şüşələrini silmək məcburiyyətində idilər. Meri Anderson məhz bu il maşın şüşəsi silən icad edəndə “sürücülərin diqqətini dağıdır” bəhanəsi ilə 10 il patent ala bilməyib. Ancaq nəhayət hər kəs şüşə siləndən istifadə etmək məcburiyyətində qalıb. Həmin silginin elektrikli variantını da 1917-ci ildə yenə bir qadın ixtira edib.
Dr. Qreys Hopper: İlk böyük ölçülü kompüter
Dr. Qreys Hopper II Dünya Müharibəsindən sonra Harvard Universitetində apardığı araşdırmalar nəticəsində ilk böyük ölçülü kompüter “IBM-Harvard Mark 1” icad edib. Onu “kompüterin anası” da adlandırırlar.
Sara Bleykli: “Spenks” alt paltarı
İcadı ilə dünyanın ən varlı qadınları siyahısına daxil olan Bleykli hazırda 500 milyon dollarlıq şirkət sahibidir. Müəllifi olduğu “Spenks” alt paltarı qadınları bir ölçü aşağı göstərir.
Rut Ueykfild: Amerikan üsullu peçenye
Qonaqları üçün şokoladlı peçenye etmək istəyən Ueykfild şokoladın bitdiyini görüb “Nestle”nin hazır şokoladını istifadə edib. Nəticədə “təsadüfən” də olsa, Amerikanın ən sevimli şokolad qırıntılı peçenyesini hazırlamış olub.
Marion Donovan: Uşaq bezi
Donovanın 1949-cu ildə ilk icadı “Boaters” adlı uşaqların bişməcə olmağa qoymayan bez olub. İcadını daha da təkmilləşdirərək Donovan 1961-ci ildə birdəfəlik uşaq bezləri “Pampers”i hazırlayıb.
Enn Mur: Uşaq daşıyan
Qərbi Afrikada şəfqət bacısı işləyən Mur afrikalı qadınların uşaqlarını daşıma formasından çox təsirlənib. Uzun müddətli səylərindən sonra kürəyə çanta kimi taxılan “Snugli”ni təqdim edib.
Patrisiya Bas: Lazerli katarakta əməliyyatı
Bas katarakta əməliyyatlarında yeni metoddan istifadə edib və 1988-ci ildə patent alan ilk afro-amerikan qadın həkim olub.
Doktor Mariya Telkes: Günəş enerjisi
Macarıstanda doğulmuş biofizik Telkes evlərdə günəş enerjisi ilə isitmə sisteminin ixtiraçısıdır. 1925-ci ildə Amerika vətəndaşlığı alan Telkes Vestinqhaus elektrik şirkətində mühəndis kimi işləyib.
Sara E. Qud: Qatlanan yataq
Amerikada 1885-ci ildə patent üçün müraciət edən ilk afro-amerikan qadın Sara Qudun kəşfi qatlanan yataq olub.
Elis H. Parker: Mərkəzi İsitmə Sistemi
Mərkəzi isitmə sisteminin ixtiraçısı Parker Amerikadan patent almaq üçün 1919-cu ildə müraciət edib. Bu sistem sayəsində bütün binalara istilik verilib.
Bet Nesmit Qraham: Daksil
Qraham daktiloda yazdığı yazılarda çoxlu səhvlər buraxdığı üçün kağızları cırıb atmaqdan bezib və evdə mikserlə bir qarışıq hazırlayıb. Uzun sınaqlardan sonra Qraham daksilin patentini 1958-ci ildə alıb.
Tabita Babbitt: Yuvarlaq mişar
1800-cü illərin əvvəlində ağac kəsmək üçün mişarın hər iki başından tutacaq adama ehtiyac var idi. Ancaq Tabita 1813-cü ildə icad etdiyi yuvarlaq mişarla artıq nəsə kəsəndə ikinci adama ehtiyac qalmırdı.