Receb İvedik: “Filmlərimin pulu ilə kino çəksələr də məni bəyənmirlər”

Receb İvedik: “Filmlərimin pulu ilə kino çəksələr də məni bəyənmirlər”
28 mart 2014
# 08:45

Türkiyədə çox sevilən “Recep İvedik 4” filmi artıq ötən həftədən etibarən Bakıdakı kinoteatrlarda da göstərilməyə başlayıb. “Recep İvedik” filmləri istər Türkiyədə olsun, istərsə də ölkəmizdə birmənalı qarşılanmır. Baş qəhrəmanın kobudluğu, söyüşlə danışmağı, aqressivliyi bir qisim tamaşaçı tərəfindən tənqidlə qarşılanır, filmi “səviyyəsiz” adlandırırlar. Buna baxmayaraq ilk “Recep İvedik” filmi çıxdığı zaman Türkiyə kino tarixində izlənmə sayına görə rekord qırmışdı. Elə seriyanın dördüncü filmi də bu günlərdə “Nizami” kinoteatrında anşlaqla izlənilir. Türkiyədə bir çox tənqidçilər “Recep İvedik” filmini qəbul etmir və tənqid atəşinə tuturlar.

Kulis.az filmin ssenari müəllifi və baş rolun ifaçısı Şahan Gökbakarın müsahibəsindən maraqlı hissələri təqdim edir. Müsahibədə aktyor tənqidlərə də cavab verib.

- “Recep İvedik” dörd ildən sonra sizə necə təsir etdi?

- Super qəhrəmana fasilə vermək üçün 4 il az vaxt deyil. Bu müddət ərzində təzəsini çəkməyimiz üçün tələblər çox idi. Tamaşaçılar “biz “Cəlal ilə Ceren”i sevdik, amma “Recep İvedik”i də istəyirik” deyə çoxlu məktublar göndərirdilər. Əslində bir il sonra başlamalıydıq bu çəkilişləri, amma bir il tez başladıq.

- Niyə bir il sonra? “Kimsəsiz ada” ideyası hardan ortaya çıxdı?

- Başqa bir film layihəm vardı. İstəyirik ki, hər “Recep İvedik”in arasında iki film olsun. Bundan sonra “Recep İvedik”lər ard-arda gəlməyəcək. Şərikim və prodüserimiz Əmrah Çoban ilə yemək yeyirdik. Əmraha dedim ki, Recep İvedik “Survivor” yarışına getsə, mırt olar hə? Əmrah da dedi ki, çox gözəl olar. Recep İvediki kimsəsiz ada şəraitində fikirləşdik, xeyli güldük. Sonra digər şərikimiz və rejissorumuz Togana bu haqda danışdım, o da bəyəndi, bu ideyanın partlayacağını dedi. Sonra ssenarini yazmağa başladım.

- Şahan Gökbakar kimsəsiz bir adaya düşsə, yanında götürəcəyi üç şey nə olardı? Amma texnologiya olmasın.

- Bilmirəm, bu haqda heç fikirləşməmişəm. Yaxşısı budur ki, mən heç bu haqda düşünməyim. Əgər düşəcəyəmsə, istərdim yanımda sevdiyim adamlar olsun. Birlikdə başımızın çarəsinə baxarıq. Güc birlikdədir.

- Filmdə Türkiyənin zənginlərindən biri olan Koç ailəsi ilə də zarafat edirsiniz. Onlardan bir reaksiya gəlibmi?

- Yox, heç bir reaksiya olmadı. Məncə xoşlarına gəlib. Əli Koç sağ olsun, məni çox istəyir.

- Sizi “Recep İvedik” filmi və obrazı vasitəsilə vururlar adətən. Bu cür tənqidlərə əsəbiləşirsinizmi?

- Mənə qarşı qərəzli olanlar “şəxsi həyatında da Recep kimidir” deyirlər. Nəyə görəsə çəkdiyimiz filmin komediya olduğunu, baş rolu oynayan aktyorun qəhrəmanla eyniləşdirilməsinin düzgün olmadığını başa düşmürlər. Amma bunlar mənə elə də çox təsir etmir. Mən tənqidi təbii refleks kimi qəbul edirəm. Məni ən çox birinci filmin çıxdığı 2008-2009-cu illərdə tənqid etdilər, həmin illəri keçə bildimsə, bundan sonra da bir şey olmaz.

- Paxıllığınızı çəkirlər?

- Ola bilər, paxıllıq edirlər. Hamı uğurlu iş görmək istəyir. Hamı istəyir ki, gördüyü iş zirvədə olsun. Bunu bacaranlar var, bacarmayanlar var. Bacarmayanlar qısqana bilərlər, amma nə etməli?...

- Tənqidlər daha çox “sənət sənət üçündür” və “sənət xalq üçündür” dilemmasından qaynaqlanır deyəsən?...

- Ola bilər. Mən bir komediya filminin qəhrəmanını canlandırıram. Milyonlarla adam məni sevir, “Recep İvedik”i sevir, filmlərimi izləyib əylənirlər. Həyata bu gözlə baxmayanlar, “Recep İvedik”dən narahat ola bilərlər. Çünki həyat onların istədikləri kimi deyil təkcə. Hamı onların istədiyi tərzdə yaşamaq məcburiyyətində deyil. Ağır mövzuları olan filmləri sevənlər də var. Tənqidçilərimiz də o cür filmləri sevir. Sanki o cür filmlər əsl kinodur, amma bizimki yox. Onlar da bir kino janrıdır, bizimki də. Bu gün çoxluq bizim janrımıza maraq göstərir. Mən nə edə bilərəm? Nə etməyimi gözləyirlər? Heç kim inciməsin, amma mən belə davam edəcəm. “Recep İvedik” kütləyə hədəflənmiş filmdir. Burda səhv olan nədir?

- Filmlərinizdən alınan vergidən hardasa 120 filmin çəkilişi üçün kredit verilib. Kreditlərin sənət filmlərinə verilməsinə münasibətiniz necədir?

- Bizim filmlərimizdən gələn pullarla bizi tənqid edənlərin bəyəndikləri filmlər çəkilir. Bizi bəyənməyən tənqidçilərin bəyəndiyi filmlər ortaya çıxır. Bizi tənqid edərkən bunu da nəzər almalıdırlar. Onların xoşuna gələn filmlərin çəkilməsinə maddi baxımdan şərait yaratdığına görə bizim filmlərimizə “gözəldir” demələrini gözləmirəm, təbii ki. Amma ən azından bizim işlərimizi də bu qədər dəyərsiz bir şey kimi qiymətləndirmələrini gözləmirik. Kənarda dayanıb “bunlar da filmdi? Bunları izləyən insanlara təəccüblənirik” demək yerinə, “bu filmlər sayəsində gənc rejissorlar, yaxud Zeki Demirkubuz kimi tanınmış rejissorlar aldıqları pullarla film çəkirlər” demək də olar. Bizim tamaşaçımıza və bizə qarşı bir az hörmətlə yanaşmalıdırlar. Sadəcə “Recep İvedik”ə qarşı deyil, eyni zamanda bu tipdə olan başqa filmlərə qarşı da.

# 5220 dəfə oxunub

Müəllifin son yazıları

# # #