“Musiqi sərxoşu” adlandırılan dahi bəstəkar

“Musiqi sərxoşu” adlandırılan dahi bəstəkar
26 may 2015
# 12:51

Zamanının tanınmış kilsə orqançılarından olan, 9 simfoniyası ilə simfonik musiqinin ən əhəmiyyətli bəstəkarları arasında yer alan Anton Brukner... Əsərlərinin Klassik Vyana Məktəbi bəstəkarları (Bethoven, Haydn, Motsart, Şubert) və XIX əsrin sonu, XX əsrin əvvəllərindəki bəstəkarlarını bir-birinə bağlayan körpü olduğu düşünülür.

Həyatı

Brukner Avstriyanın Lins şəhəri yaxınlığındakı Ansfelden kəndində 1824-ci ildə dünyaya gəlib. Çox dindar olan katolik ailənin on uşağından ən böyüyü idi. Kənd məktəbinin müdiri olan atası musiqi müəllimliyi və kilsə orqançılığını edirdi. Anası isə yerli kilsə xorunda vokalist idi. İlk musiqi təhsilini atasından alan Brukner 1833-cü ildə orqan dərsləri almaq üçün Hörşinqdə başqa bir məktəbə göndərilir. İlk bəstəsi olan "Vier Präludien in Es-Dur für Orgel" adlı əsərini orqan üçün yazıb. Musiqiyə qabiliyyəti olmasına baxmayaraq heç vaxt "dahi uşaq" adlandırılmayıb.

Brukner iki illik təhsilinin ardından atasının xəstəliyi səbəbindən Ansfeldenə geri dönür. Atasını 1837-ci ildə itirdikdən sonra anası on üç yaşlı Antonu kilsə xoruna qatılmaq üçün Florian Monastırına göndərir. Barokko memarlığı üslubundakı tikilidə keçən uşaqlıq günləri bəstəkarlıq həyatında ona ilham qaynağı olur. Florian kilsəsində keçirdiyi dörd il boyunca o, skripka, fortepiano, orqan dərsləri alır və musiqi nəzəriyyəsini öyrənir. Monastırda tez-tez çaldığı orqan "Brukner orqanı" olaraq xatırlanır.

Atasının izi ilə gedib müəllim olmaq istəyən Brukner 1840-1841-ci illərdə müəllimlik etdi. Bu arada ilk dəfə, Motsart və Bethovenin əsərləri kimi dünyəvi musiqi ilə maraqlanmağa fürsət tapdı. Bir müddət Vindhaq və Kronstorfdda müəllimlik etdikdən sonra 1845-ci ildə köməkçi müəllim vəzifəsiylə yenidən Florian kilsəsinə geri döndü. 1851-ci ildə həmin kilsəyə orqançı təyin olundu. Bir tərəfdən də müxtəlif təhsillər alan və imtahanlara girən Brukner, ali təhsil müəssisələrində dərs vermək şansını qazandı.

Lins həyatı

O illərdə müəllimlikdən çox professional musiqi ilə məşğul olmaq istədiyini anlayan bəstəkar 1856-cı ildə Lins katedralında orqançılıq üzrə keçirilən yarışda qalib gəldivə bu şəhərdə orqançı oldu. Bundan sonra 13 il Lins Katedralında işlədi. O, Linsdə olduğu illərdə yaxşı təhsil aldı, tanınmış musiqiçilərlə tanış olmaq və yeni musiqi axınlarını izləmək imkanı tapdı. Bu sırada dövrün məşhur sənətkarı olan Simon Seçerlə işə başlayan Brukner ondan bəstəkarlığın qaydalarını öyrəndi. 1861-ci ildə Vagner musiqisilə tanış olan Anton onun üslubuna uyğun əsərlər yazdı. 1865-ci ildə isə Vagnerlə görüşdü və bu tanışlıq sonradan dostluğa çevrildi. O, qabiliyyətinə güvənmədiyi üçün 40 yaşına qədər ustadlardan dərs almağı davam etdirdi.

Vyana illəri

Seçerin ölümündən sonra 1868-ci ildə onun yerinə Vyana Konservatoriyasında nəzəriyyə dərsləri verməyə başlayan Brukner həyatının sonuna qədər dünyanın musiqi paytaxtı sayılan bu şəhərdə yaşadı. Bəzən Paris və Londona konsert verməyə getdi. 1875-ci ildən isə o, Vyana Universitetində dərs verməyə başladı.

Bəstəkar Vyanaya gəldikdən sonra bütün enerjisini simfoniyalarını bəstələməyə həsr edib. Amma musiqi tənqidçisi Eduard Hanslikin sərt tənqid etməsi Bruknerin bəstəkarlıq həyatına mənfi istiqamətdə təsir edir. Vyana Filarmoya Orkestri də daxil olmaqla yerli orkestrlər onun əsərlərini könülsüz ifa edirdi. O illərdə Brams və Vagner arasında yaşanan qütbləşmədə Vagnerin yanında yer alması Brams tərəfdarları tərəfindən sevilməməyinə səbəb oldu. Amma buna rəğmən onu dəstəkləyən və əsərlərinin səsləndirilməsi üçün çalışan bəzi musiqiçi dostları da var idi. Bu dostlarından gələn tənqidləri dəyərləndirərək bəstələrini dəfələrlə yenidən hazırladı. Əsərlərinin orijinal notları vəsiyyəti ilə Vyana Milli Kitabxanasında saxlanılır.

Avstriyalı bəstəkarın əsərlərinin çoxu ayin və dini musiqilərdən ibarət idi. Simfoniyalarının çoxunun Avstriya-Almaniya romantizminin son dövrünü təmsil etdiyi bildirilir. Bunun səbəbi ahəngli dili və əsərlərinin uzunluğuna görədir.

Əsərlərinin uzunluğuna görə əsasən ingilis dilli ölkələrdə pislənsə də Brukner köməkçiləri vasitəçiliyi ilə əsərlərinin bir neçə versiyasını hazırlayır, amma bunlardan hansını daha çox bəyəndiyini seçə bilmirdi.

Bruknerin bioqrafiyası çox dəyişikdir. Onun tədqiqatçıları yaşayışı və musiqisi ilə qəti məlumat əldə etməkdə çox çətinlik çəkib. Bir çoxları onun kənd həyatına öyrəşdiyini və kosmopolit Vyanaya uyğunlaşa bilmədiyini deyir.

Amma Bruknerin musiqisi o dövrün musiqisindəki radikalizmi, ahəngsizliyi və nizamsızlığı göstərirdi. Vagner və Hugo Volf kimi digər radikal musiqiçilərin əksinə, Brukner nisbətən təvazökar idi.

Bir çox musiqiçi və yazıçı Bruknerin bu dəyişik hallarına uyğunlaşa bilmir və onun musiqisinə qarşı müxtəlif reaksiyalar göstərib. İndi Bruknerə hörmət duyulmağa başlasa əvvəllər rəqibləri onun haqqında "musiqi sərxoşu" və ya "az bişmiş dahi" kimi böhtanlar atırdılar.

Simfoniyalarını 2 və 3 nömrəsi ilə 1873-cü ildə Vagnerə göndərən sənətkar hansını ona ithaf etməsini seçsin deyə soruşmuşdu. Vagnerin seçimi ilə 3 nömrəli simfoniyasını ona ithaf etdi. "Vagner Simfoniyası" olaraq xatırlanan bu əsərin 1877-ci ildə ilk səsləndirilməsi iflasa uğradı.

İllər sonra gənc dirijor Nikiş bəstəkarın Vagnerin ölümü münasibətiylə yazdığı yeddinci simfoniyasını Leypziqdə ifa etdirdikdən sonra musiqi dünyası heyrətlə ona qulaq verdi. O gündən sonra Brukner ciddi qəbul edilməyə başladı.

Bəstəkar 1880-ci ildən etibarən müvəffəqiyyət qazanmağa başladı. Xüsusilə 7 nömrəli simfoniyası bəyənildi, musiqisi Almaniyada və başqa yerlərdə səsləndirildi, Avstriya hökumətindən mükafatlar aldı.

1891-ci ildə təhsil vəzifəsindən istefa verən bəstəkar tanrıya həsr etdiyi Doqquzuncu Simfoniyası tamamlaya bilmədən 1896-cı ildə dünyasını dəyişdi. Vəsiyyəti ilə Florian Monastırında orqan altında basdırılıb.

# 1855 dəfə oxunub

Müəllifin son yazıları

# # #