“Biz səni dünyaya gətirmişik, böyüdüb boya-başa çatdırmışıq, indi bizə olan borcunu belə ödəyirsən?” - bu cümləni çoxumuz valideynimizdən eşitmişik və hətta qohum-əqrəba, qonum-qonşu fürsət düşdükcə valideynlərimizə borclu olduğumuzu bizə xatırladır. Hələ çoxumuz bu cümləni övladlarımıza deyəcəyik.
Bu cümləni ən çox da özümüz qərar qəbul edərkən eşidirik. Təhsil, ixtisas seçimində, iş seçimində, həyat yoldaşı seçimində valideynlər çox vaxt müdaxilə edirlər və bunu da onlara borclu olmağımızla əsaslandırırlar. Bu borcun faizi çox yüksəkdir. Azalmaq bilmir ki, bilmir.
Evlənmək, ərə getmək (ailə qurmaq yox, səhv salmayın) adət halı aldığı cəmiyyətimizdə müəyyən yaşa çatıb ailə qurmayan və övlad sahibi olmayan insanlar qüsurlu, natamam hesab olunur. Buna görə də bir çoxları tərəfindən bu ehtiyac kimi qəbul edilir və dünyaya övlad gətirmə aktı adət halını alıb.
“Qocalanda 1 stəkan su verənim olsun” deyə gətirirlər dünyaya uşaq, burda düşünülmüş seçimdən danışmaq yersizdi.
Bu gün televiziyaya çıxıb övladlarından şikayət edən valideynlərin və valideynlərindən şikayət edən övladların sayı gündən günə çoxalır və hər iki halda övladlar qınanılır.
Valideynlərin arqumenti “saçımı sənin yolunda süpürgə etdim...”, “bütün ömrümü sənə qurban etdim...” Valideyn anlamır axı, necə olur ki, övladı ona qarşıdı, bu necə ola bilər axı?
Müzakirələrin baş tutduğu televiziya verilişlərində ekspertlər də bir-biriylə adətən ən kəskin tənqid səsləndirmək uğrunda yarışırlar, övladı qınayırlar:
“O, səni dünyaya gətirib, o, olmasa sən də olmazdın”, “Nə olursa olsun o, sənin anandı, atandı” tipli cümlələrlə təsir etməyə çalışırlar.
- Uşaq borcludurmu?
- Borcludur!
...Hamıdan tez diş çıxarmağa, hamıdan tez iməkləməyə, hamıdan tez yeriməyə, hamıdan tez danışmağa. Sinifdə hamıdan hündür olmağa, hamıdan yaxşı oxumağa. Valideynin başını uca etməyə.
Nə qədər ki, valideyn övlada öz nakam arzularını həyata keçirmək üçün obyekt kimi baxacaqsa qocalığını qarantiya altına almaq üçün böyüdəcəksə, övlad da valideyninə həyata addımlamaq ucun “pyedestal” kimi baxacaq.
Valideyn özü də övlad olub axı və ona da eynən belə davranıldığı üçün o bu ritualı davam etdirir, çünki başqasını bilmir. Onu da bax beləcə istifadə ediblər, hər dəfə öz arzularına tərəf addımlarkən ona borcunu xatırladıblar.
Sevdiyi qızla evlənmək istəyəndə, sevdiyi oğlana ərə getmək istəyəndə, zorla evləndirildikdə, istədiyi peşəni seçdikdə, övladına ad verdikdə və daha neçə-neçə hallarda ona valideynə olan borcunu xatırladıblar.
Buna görə də o başqa davranış modeli bilmir, görməyib. Övlad da öz növbəsində uğursuzluqlarını özündə yox valideyndə axtarır. Qarşılıqlı ittihamlar başlayır və “filankəsin övladı”, “filankəsin atası, anası” misallarıyla bir-birlərinə borclarını sübut etməyə çalışan nəsillər yetişir.
Borc ağırdı, borc sıxır. Üstünə faiz gəlir. Valideyn hər fürsətdə övladına onun borcunu xatırlatdıqda övlad sıxılır və bu borcdan tez bir zamanda qurtulmaq istəyir.
Övladın etdiyini borclu olduğu üçün səmimi qəbul etmək olarmı? Bir stəkan su gətirdikdə belə bu borcun tez qurtarmasını arzulayan övladın özündən də gələcəkdə borclu nəsil törəyəcək.
Və beləcə borc altında əzilə-əzilə nəsillər davam edəcək. Beləcə valideynlə övlad arasındakı bağ borcun ağırlığına tab gətirməyib qırılacaq.
Amma gəlin bu “borcu” məsuliyyətlə əvəz edək. Biz böyüklər və kiçiklər bir-birimizin qarşısında məsuliyyətliyik.
Özümüz üçün məsuliyyət, öz ailəmiz üçün, öz nəslimiz qarşısında məsuliyyət....
Evlənmək lazım olduğu üçün evlənmək yox, ailə qurmaq lazımdır.
Belə ailələrdə övladı istədikləri üçün dünyaya gətirirlər, lazım olduğu üçün yox. Bu ailədə borc olmur, məsuliyyət olur.
Valideynlər dünyaya gətirdikləri övladları qarşısında məsuliyyət hiss edirlər, doğulduğu andan ona şəxsiyyət kimi yanaşır, övladına insani keyfiyyətlər aşılayırlar. Onu borcla yükləmirlər, seçim qarşısında qoymurlar, məsuliyyətli şəxsiyyət kimi böyüdürlər və bəhrəsini görürlər.