Möhlət Müslümov: “Sənətdən getsəm heyvan saxlayaram”

Möhlət Müslümov: “Sənətdən getsəm heyvan saxlayaram”
16 noyabr 2015
# 09:00

Kulisin “Yeməli söhbət” layihəsinin qonağı Azərbaycan Milli Konservatoriyasının professoru, xalq artisti, Prezidentin fərdi təqaüdçüsü tarzən Möhlət Müslümovdur. Möhlət müəllimlə Elmlər Akademiyası metrostansiyasının çıxışı ilə üzbəüz olan “Künefe Evi”ndə görüşüb, söhbətləşdik.

- Möhlət müəllim, necəsiz?

- Şükür Allaha yaxşıyam. Gecə yatanda şükür edirəm, səhər yuxudan oyananda deyirəm ki, şükür Allaha oyandım.

- Tarın bu gün vəziyyəti necədir? Sizcə tar bu gün hansı dövrünü yaşayır?

- Tar bu dəqiqə böyük inteqrasiya dövrünü yaşayır. Tar bizim milli kökümüzdür, kimliyimizidr, azərbaycanlı olmağımızı bizə sübut edən alətdir. Həmişə də tara qayğı-diqqət olub. Amma son dövrlərdə bizim dövlətimiz tərəfindən tara verilən qiymət analoqu olmayan qiymətdir. Qeyri-millətlər tarı öz adına çıxırdı. Amma Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bütün dünyaya sübut elədi ki, tar Azərbaycanın şah alətidir və “UNESCO”da şah alət elan edildi. Bundan sonra tarzənlərin qol-qanadı açıldı və bizim sevincimizin həddi hüdudu olmadı. Mən ömrü boyu arzu edirdim ki, bizdə tara qiymət verilsin. Şükür Allaha ki, mən o günü gördüm.

- Bu gün gənc tarzənlər sizi qane edir?

- Baxır hansı mənada. Amma ümumi götürəndə qane edir. Tara verilən qiymətdən sonra gənclərin meyili bir az da artdı. İndi bu dəqiqə çox istedadlı uşaqlar yetişir. Bilirsiz tar xalqın malıdır. Bunu bizə əmanət ediblərsə, biz də onu kimlərəsə əmanət eləməliyik. Ona görə, bu gün görürəm ki, biz tarımızı cavanlara çox gözəl əmanət edirik.

- Siz, özünüzə hansı muğamı yaxın hesab edirsiz? Yəni sizə doğma olan muğam hansıdır?

- Mənə bütün muğamlar əzizdir. Təvazökarlıqdan kənar da olsa, mənim üçün qəliz, çətin, bilmədiyim muğam yoxdur. Yeddi əsas muğam ki, var onların hamısını çox sevirəm. Segah da özümü kimliyimi, azərbaycanlı olmağımı tapıram.

- Tarı kişi və ya qadının ifa etməsinin bir fərqi var? Yəni xanım tarı kişi kimi ram etməyi bacarır?

- Tar çox çətin, gücaparan alətdir. Tar doğurdan da kişi alətidir. Bütün alətlərdən çox güc tələb edir. Çünki sinədə çalınır və güclü bilək lazımdır. Əlin ikisi də düz olmalıdır. Keçmişdə bizim qadın tarzənlər olub. Amma son dövrlərdə bir-iki cavan tarçalan qızlar yetişib. Biri mənim tələbəm olub Samirə Cəlilova, o biri Humay Qədimova. Mən onlara pərəstiş edirəm və onların ifasını ayıra bilmirəm. Qulaq asanda bilmirəm bunu ifa edən kişidi, ya qız.

- Azərbaycanda bu günə qədər ən peşəkar tar ifaçısı kim olub?

- Mənim ideallarım olub Hacı Məmmədov, Əhsən Dadaşov. Sevdiyim tarçalanlar isə Bəhram Mansurov, Həbib Bayramov, Məmmədağa Muradov, Firudin Yarməmmədov. Bunları mən çox sevmişəm. Uşaq vaxtı onlar bizim kəndə toya gəlirdilər. Mən saatlarla oturub onlara qulaq asırdım. Göz açıb mən Bəhram Mansurovu evimizdə görmüşəm. Onların hamısı dahidilər, korifeydilər.

- Toylara gedirsiz?

- Vallah toya gedənə pis baxmıram. Allah xalqımıza can sağlığı versin. Mənə bu sualı verəndə deyirəm ki, necə olur ki, mən dünya səhnələrində tarı çalıram, öz xalqımın xoş günündə tar çalmayım? Vaxtında çox getmişəm. İndidə bəzən pərəstişkarlarım dəvət edir gedirəm. Təbii ki, əvvəlki qədər getmirəm. İşlərim çox olur. Cavan vaxtı çox gedirdim. Ayda 30 gün var idi və mən o günlərin hamısını toyda olurdum. Birdən elə olurdu ki, bir gün iki toya gedirdim. Toy mənim üçün böyük məktəb oldu. Bizim xalq kimi sənətkara qiymət verən xalq yoxdur. Mən 40-dan çox ölkədə olmuşam. İkinci elə xalq tanımıram ki, sənətkarı sevir, sənətkarı küçədə görüb hörmət edir, sənətkara dükanda tapılmayan şeyi ona verir, güzəştlər edirlər. Bu Azərbyacan xalqına məxsusdur. Mən Qarabağda Səxavət Məmmədovla çox toyda olurdum. İndi də ürəyim istəyir ki, Qarabağ alınsın. Yaşa doluram və istəyirəm ki, o zonada kimin toyunu eləmişəmsə heç olmasa onların övladlarının toyunda iştirak edim.

- Toylarda yadınızda qalan hadisə olub?

- Toylarda o qədər hadisə olub ki. Mən bir dəfə toya getməliydim, amma qızdırdım. Toy yiyəsinə nə qədər yalvarıb-yaxardım ki, gəlməyim xəstəyəm. Toy səhv eləmirəmsə Bərdədə idi. Toy yiyəsi razılaşmadı. Dedi gəlməlisən. Getdim. Toyda qızdırmam 40 dərəcəyə qalxdı. Bu toyda bizə nə qədər tələbatın olduğunu gördüm. Bu sənətdə belə bir şey var. Əgər canın ağrısa belə tar çalanda sənə Allahdan vəhy gəlir. Ağrılar yaddan çıxır. Bütün toyu qızdırmalı-qızdırmalı ifa elədim. Bir dəfə də belə hadisə canlı efirdə olub. Amma efir qurtaran kimi özümdən getmişəm.

Toylarda davaların da şahidi olmuşam. Regionlar var ki, oranın toylarında dava mütləq olur. Ondan sonra çalışırdım ki, o regionlara toya getməyim. İndidə o regiondan keçəndə gözümün qabağına o davalar gəlir. Fikirləşirəm ki, mənim barmaqlarımı qızıla da tutsalar buralara toya gəlməyəcəm.

- Tarın sizi heç yorduğu olubmu?

- Yox. Musiqi məktəbində ikinci sinifdə oxuyanda gəlib evdə dedim ki, mən oxumayacam. Yoruluram. Tar məni yorur. Bir həftə dərsə getmədim. Tar müəllimim gəldi evimizə. Məni danladı. Atama dedi ki, bu uşağı həvəsləndirmək lazımdır. Bunun böyük gələcəyi var. Bunu kimsə həvəsdən salıb. Tarı çalanda qolum ağrıyırdı, yorulurdum. Sonra tarı öyrəndim, professional oldum və tar məni yormadı. İfa elədikcə yorulmuşam, güc alan alətdir. Elə olub ki, mən 10 saat tar çalmışam. Amma bu o demək deyil ki, mən tardan bezmişəm. Çünki o mənim çörək ağacımdır. Mənim o alətə ömrü boyu borcum var.

- Möhlət müəllim, Azərbaycan Dövlət Konservatoriyasını bitirmisiz. Kimdən dərs almısız?

- Mənim müəllimim hazırdada Konservatoriyada işləyir. Əməkdar incəsənət xadimi, professor Məmmədağa Kərimovdur. Hazırda bir yerdə işləyirik. Nə qədər böyük sənətkarlar olub onların hamısını özümə müəllim saymışam. Mənim özümdən 4-5 yaş böyük Ağasəlim Abdullayev, Firuz, Vamiq Məmmədəliyevə pərəstiş eləmişəm. Mən onlardan bir az kiçik idim. Həmişə deyirdim ki, Ağasəlim, Firuz kimi tar çala biləydim. Adamın 15 yaşı olanda 20 yaşlı adama yekə kişi kimi baxırsan. Məndə də belə idi. Bilmirdim ki, 5 yaş elə böyük fərq deyil. Bunları özlərinə də demişəm. Mənim müəllimlərlə yaş fərqim elə çox olmayıb. İndidə özümdən 5 yaş böyük tarzənə ustad kimi baxıram. Elə bilirəm ki, mənim müəllimim olub. Məndə “mən” sözü yoxdu. “Mən” Allaha məxsusdur. “Mən” sözünü çox işlədən adamlardan xoşum gəlmir.

- Müsahibələrinizin birində demisiz ki, tələbə vaxt kasıb olmusuz və qış aylarında dərsə pencəklə getmisiz. Heç qışda pencəklə dərsə gedən tələbəyə palto almısız?

- İndi elə tələbə tapmaq olmaz ki, qışda dərsə pencəklə gəlsin. Şükür Allaha, çox yaxşı dövrdə yaşayırıq. Mən hərdən tələbələrim yolunu azanda dərsə qışda pencəklə getməyimi deyirəm. Bunu gizlətmək düzgün deyil. Mənə o qədər soyuq olmuşdu ki, kor bağırsağımdan əməliyyat olundum. Əmisiz-dayısız oxuyurdum. Atamda fəhlə adam idim, atamın mənə qalın bir şey almağa imkanı yox idi. Təbii ki, elə tələbə görsəm ona hörmət edib palto alaram.

- Tələbəlik illərinizi necə xatırlayırsız? Məncə kasıbçılıqla keçən o illərə sonradan baxdıqda kadrlar bir az rəngsiz olur.

- Mən Bakıda böyüsəm də ilk dəfə şəhərə Asəf Zeynallıya daxil olanda gəldim. Kənd Biləcəridə olurduq. O vaxtlar kinoteatrlar dəb idi. Allaha and olsun mən indidə o kinoteatrları tanımıram. Bilmirəm o kinoteatrlar harda yerləşir. Səhər tezdən evdən çıxıb gedirdim dərsə. Bir əlimdə tar, bir əlimdə çantam. Evdən mənə 20 qəpik pul verirdilər. Bunları demək lazımdır. Qoy camaat bilsin. Cəmi 10 qəpik avtobusa verirdim, qalan 10 qəpiyə bulka alıb yeyirdim. Saat 9-da yorğun gəlib çıxırdım evə. O vaxt bizdə sənət eşqi var idi. O vaxt Asəf Zeynnallıda sanballı adamlar dərs deyirdi. Mənim şan-şöhrətim, kinoteatrım, geyimim hamısı o müəllimlərdən dərs almaq idi. Mən evə gələndə yadıma yemək düşmürdü. Deyirdim ki, Adil Gəray müəllim məni təriflədi, Bəhram Mansurovu gördüm. Mən bunlarla fəxr edirdim.

İndi sənətə gələndə fikirləşirlər ki, mənim qazancım nə olacaq. Heç mənim ağlıma gəlməzdi ki, mən bu sənətdən pul qazana bilərəm. 20 il bundan qabaq Nadejda İsmayılova müsahibə götürürdü. Kəlbəcər alınan vaxtlarda bu gedib orda qalıb. Nəsə atışmaya düşüb. Səhərə kimi həmin evdə buna mənim ifalarımın yığıldığı bir kasetə qulaq asdırıblar. Bu ifa bunun yadında qalıb. Sonra mənə zəng vurdu ki, səndən müsahibə almaq istəyirəm. Utandım deməyə ki, rus hara tar hara. Mənə bir sual verdi. Dedi ki, sizin niyə fəxri adınız yoxdur? Mən əsəbi halda qayıtdım ki, Nadejda xanım, mən anadan olanda “metirkam” da yazılmışdı ki, mən əməkdar artist olmalıyam? Yoxdu, yoxdu da. Olaram da canın sağ olsun, olmaram da. Bunu tələbələrə deyirəm ki, mən sənətə eşqlə gəldim. Birdə görürsən ki, mənim yanıma uşaq gətirilər, deyirlər ki, bunu hazırla. Sonra sual verirlər ki, bu neçə ilə toya gedər? Başa salmağa çalışıram ki, mənim dediyim tələbə olsa 20-25 ilə yetişər.

- Möhlət müəllim, tələbəlik illərində xanım qrup yoldaşınızı restorana dəvət etdiyiniz olub?

- Tələbə vaxtı mən yaxşı pul qazanırdım. Konservatoriyada oxuyanda kurs yoldaşlarım təqaüdlə dolanırdılar, kirayə qalırdılar. Məni toydan gələndə gözləyirdilər ki, onları nahara harasa aparım. Bu mənə zövq verirdi. Amma heç vaxt razı olmaram ki, bir xanım mənə pul xərcləsin. Mən o kişilərdən deyiləm.

- Möhlət müəllim, o vaxtın nostalji kafeləri hansılar idi?

- İndiki Heydər Əliyev adına sarayın kassalarının yanında maştağalıların bir kafesi var idi. Orda yaxşı cız-bız, küftə verirdilər. Mənim tələbəliyim orda keçirdi. Mənə dəvlətli tələbə kimi baxırdılar. Özü də heç vaxt tək getmirdim. Mütləq kurs yoldaşlarımı dəvət edirdim. İmkanım var idi. Kasıblığın daşını atmışdım. Mən nə eləmişəmsə sənətlə eləmişəm.

- Sevdiyiniz yemək hansıdır?

- Dünyanın elə ölkəsi yoxdur ki, mən orda olmayım, oranın yeməklərini dadmayım. Mənim elə səfərlərim olurdu ki, ay yarım, iki ay çəkirdi. Mən onda öz yeməklərimizin dadını bilirdim. Dünyada öz yeməklərimizdən yoxdur. Bizim elə bir yeməyimiz yoxdu ki, mən onu sevməyim.

- Atanız qəssab olub. Bu peşəni öyrənmisiz?

- Biz dədə-baba tərəkəmə olmuşuq. Atam da o işlərə baxıb. Qoyun saxlayıb, qoyun kəsib satıb. Mən də ona kömək eləmişəm. Mənim 81 yaşında əmim var. O, əsa ilə yeriyir, amma yenə bu işlərlə məşğuldur. Çünki o onların qanında var. Ona demək olmaz ki, bu sənəti tərgit. O bundan zövq alır.

Uşaqlıqdan qoyun kəsməyi, soymağı bacarıram. Qoyuna baxanda onun yükünü bilirəm. Bir dəfə ət dükanında mənə qəssab yaxınlaşdı ki, buyurun professor. Dedim nə professor. Ona kəsdiyin qoyunun yaşını, yükünü dedim.

Şamaxı yolunda ət dükanına girdim. Qəssaba dedim ki, mənə kürər keçi kəs. Kürər keçi doğmamış 8-9 aylıq keçiyə deyirlər. Gətirdi birin kəsməyə. Dedim bu keçinin 9 kilo əti var. Qəssab xeyli təəccübləndi. Dedi bunu hardan bildiz? Mən bunu kişi sənəti hesab edirəm. Bakının kəndlərində bu işlərlə məşğul olan adamlar var. Mən gedib onlarla söhbət edirəm.

İsveçrəyə qastrola getmişdim. Yolla getdiyimiz yerdə qoyun sürüsü gördüm. Bizi dəvət edən qadın rus dilini bilirdi. Ona rusca dedim ki, maşını saxlatdırın. Səbəbini soruşduqda dedim ki, qoyunlara baxmaq istəyirəm. Çobanlarla oturub söhbət elədim. Qoyunların köklüyünə-arıqlığına baxdım. Mənə bəzən sual verirlər ki, bu sənətdən getsəz nə işlə məşğul olarsız? Deyirəm bu sənətdən getsəm heyvan saxlayaram.

- Xarici səfərlərdə, qastrollarda çox olmusuz. Sizi hansı ölkənin mətbəxi təəccübləndirib?

- Elə ölkə olub ki, orda ac qalmışam. Yeməkdə halal-harama fikir verən adamam. Bir dəfə böyük bəstəkarımız Arif Məlikovla Taylanda səfər getdik. Yüksək səviyyədə konsert verdik. Konsertdən sonra bizə dedilər ki, indi sizi şəhərin meri qəbul edəcək. Əvvəlcə bizi kilsəyə apardılar. Kilsədən çıxanda bizi yeməyə dəvət elədilər. Gördük manqal qoyublar. Neçə gün idi ki, ac idim. Fikirləşdim , qarnım doyacaq. Manqala yaxınlaşanda gördüm ki, necə biz şişə əti düzürük, onlar da o qayda ilə şişə qurbağa düzüblər. Biz o yeməyi yemədik. Sonra bizi apardılar ördək yeməyə, çox dadsız bir şey idi. Bu hadisədən bir neçə il sonra mən Tayvana getdim. Ora gedəndə özümlə burdan yemək apardım.

- Hansı yeməkləri bişirə bilirsiz?

- Özüm aşpazlığa baş qoşsam yaxşı yeməklər bişirə bilərəm. Hərdən yaxşı buğlama asıram. Hamı dadına məəttəl qalır. Yaxşı xaş da bişirirəm. Amma son vaxtlar səhhətimlə bağlı yeyə bilmədiyim üçün bişirmirəm.

- Ananız 10 ildir dünyasını dəyişib. Onun yeməklərini necə xatırlayırsız?

- Onun əlinin dadını axtarıb tapa bilmirəm. 80-85 yaşlı xanımların yeməyini yeməkdən ötrü burnumun ucu göynəyir. O dövrün evdar xanımlarının bişirdiyi yeməyin dadın heç harda yoxdur. Mənim Buzovnada bir tələbə yoldaşım var idi. Onun anası pomidor badımcan dolması bişirirdi ki, adam məəttəl qalırdı. İndi mənim qızım da, yoldaşım da yemək bişirməyi bacarır. Hərdən onlarla zarafat edirəm ki, bu yeməklərdə mənim anamın əlinin dadı yoxdur. Allah bütün ölənlərə rəhmət eləsin.

- Həyat yoldaşınızla ilk dəfə harada yemək yediyinizi xatırlayırsız?

- Öz evimizdə. Mən yenə də deyirəm, köhnə kişilərdənəm. O vaxtı biz ata-baba qayda qanunları ilə evləndik. Bizə icazə vermirdilər ki, qızla oğlan gedib hardasa oturub yemək yesin. Amma indi hərdən restorana gedirik.

- Azərbaycanda hansı regionun mətbəxini sevirsiniz?

- Mən regionları ayırmıram. Bakının düşbərəsi, qutabı, küftəsi. Bakının Güzdək kəndində çox gözəl küftə bişirirlər. O vaxt danışırdılar ki, Zülfü Adıgözəlov o kəndi çox sevirmiş. O məhərrəmlik, orucluq vaxtlarında oranın yeməkləri çün darıxırmış.

Lənkəranın öz mətbəxi var. Qarabağda yediyimiz kababların, çığırtmaların öz dadı var idi.

- Spirtli içki ilə aranız necədir?

- Mən vaxtı ilə içmişəm. Amma elə aludəçisi olmamışam. Bizim işimiz belədir; elə adamlar olur ki, onlarla gərək “rumka-rumkaya” vurasan.

- Sosial şəbəkələrdə xeyli aktivsiz. Siz ordan Azərbaycan gəncliyini necə görürsüz? Sizi qane edirik?

- Sosial şəbəkələrdə mənim üç səhifəm var. Birin bilmirəm kim açıb, birinə tələbəm baxır, birinə də özüm baxıram. Mən istəyirəm ki, gənclər virtual aləmdən çıxıb reallığa keçsinlər.

# 3018 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #