Onun qadın obrazlarından böyük qalereya yaratmaq olar

Onun qadın obrazlarından böyük qalereya yaratmaq olar
12 iyun 2023
# 11:05

Kulis.az Fəxri Uğurlunun İvan Alekseyeviç Buninin “San-Fransiskolu cənab” povesti haqqında olan yazısını təqdim edir.

Bunin göründüyü qədər sadə yazıçı deyil. Çexovdan sonrakı dönəmdə rus ədəbiyyatının ən böyük hekayə ustası odur. Buninin dünyagörüşü də Turgenevin, Çexovun həyata baxışına yaxındır. Hətta bu üç yazıçı arasında düşüncə bənzərliyindən doğan süjet oxşarlıqları da tapmaq olar: məsələn, Turgenevin “Dvoryan ocağı” romanında, Çexovun “Böyük Volodya, kiçik Volodya”, Buninin “Saf bazar ertəsi” hekayələrində qadın qəhrəmanların monastıra çəkilməsi kimi. Təsadüfi deyil ki, 1933-cü ildə ona Nobel mükafatını da “rus klassik nəsrinin ənənələrini böyük ustalıqla inkişaf etdirdiyinə görə” vermişdilər.

Siyasi ədəbiyyat yaratmasa da, Bunin siyasi baxımdan çox ayıq yazıçıydı. Sosial-siyasi romanlar yazan zavallı Qorkidən fərqli olaraq Stalin rejimi onun başını bişirib sovet Rusiyasına qaytara bilmədi, hərçənd Bunin rus torpağına hədsiz bağlı bir patriot idi; üstəlik əlli yaşında mühacirətə gedib yeni həyata başlamaq zarafat deyil, buna hər adamın təpəri çatmaz. Avropanın Banin imzasıyla tanıdığı fransızdilli mühacir Azərbaycan yazıçısı Ümmülbanunun “İvan Buninin son höcəti” povestində ədəbiyyat üzrə ilk rus nobelçisinin Parisdəki emiqrant həyatıyla bağlı maraqlı məqamlar var. Biri budur ki, sovet ədəbiyyatının marşalı Konstantin Simonov Parisə səfərə gedəndə Bunini dilə tutub vətəninə qaytarmaq üçün onunla görüşəsi olur. Simonov arvadıyla gəldiyindən Bunin görüşə Baninin də qatılmasını ondan xahiş eləyir. Ümmülbanu yazır ki, görüş çox darıxdırıcı, sıxıntılı keçirdi, elə bil qonşu otaqda tabut vardı. Arada Bunin Simonovun Rusiyadan gətirdiyi arağı gözünün önünə tutub şüşənin üstünə yapışdırılmış etiketi uzun-uzadı nəzərdən keçirir. Qadın buna belə yozum verir: elə bil yazıçı o bir parça kağızdan rus xalqının taleyini oxumaq istəyirdi.

Adını çəkdiyim əsərdə Buninin siyasi sayıqlığıyla bağlı bir maraqlı məqam da var. Həmin günlərdə Parisdə sovet Özbəkistanının çiçəklənməsiylə bağlı təbliğati sənədli film nümayiş olunur. Filmin təsiri altında Banin (əslində daha çox qoca aşiqini qıcıqlandırmaq üçün) sovetləri tərifləməyə başlayır, deyir ki, oradakı inkişafı vətənindən küskün yazıçının gözü götürmür. Bunin inciyib gedir, çox keçməmiş ərköyün qıza bu məzmunda məktub göndərir: “Əzizim Tanin, Banin! Özbəkistan əlli, yüz, min il bundan qabaq da gözəl idi. Yer üzündə üzüm Karl Marksa qədər də yetişirdi. Allahın adını kiçik hərflə nə qədər yazsalar da, o, insanların qəlbində əbədi yaşayacaq”. Zənnimcə, bu üç qısa cümlə yetmiş illik sovet təbliğatını darmadağın eləməyə yetər.

İvan Bunin sənətə baxışları, fəlsəfi-estetik dünyagörüşü baxımından da ayıq-sayıq adam idi. Onu realist də, modernist də sayanlar var, hərçənd bu məsələyə yanaşmada birmənalı mövqe tutmaq çətindir. Əslində, Bunin realistlər içində modernist, modernistlər içində realist yazıçıdır. Onun Andrey Belı kimi fanatik, ehkamçı modernistlərdən, həyatı estetik kanonların çərçivəsinə dürtən sənət xürafatçılarından, modern mövhumatçılardan xoşu gəlmirdi, bununla belə Buninin, başqa ad çəkmirəm, “Kölgəli xiyabanlar” silsiləsini oxuyan kəs onun necə yenilikçi, necə yetik yazıçı olduğunu görməyə bilməz. Rus nəsri sonrakı mərhələlərə ondan keçməklə adlayıb.

Buninin povest-hekayələrinin mütləq çoxluğunun süjeti sevgi əhvalatları üstündə qurulub. Onun can, nəfəs verdiyi qız-qadın obrazlarından böyük bir qalereya yaratmaq olar, həm də on illər boyunca vücuda gəlmiş bu surətlər eyni gənclik şövqüylə, korşalmamış bir zövqlə yaradılıb. 1916-cı ildə qələmə alınmış “Zərif nəfəs” hekayəsinin müəllifiylə 1924-cü ildə ərsəyə gəlmiş “Mityanın məhəbbəti” povestinin müəllifi, 1925-ci ildə işıq üzü görmüş “Günvurma” hekayəsinin müəllifiylə 1944-cü ildə yazılmış “Saf bazar ertəsi” hekayəsinin (74 yaşlı!) müəllifi arasında yaş fərqi əsla sezilmir. Sonuncu əsərin də içində yer aldığı qırx hekayədən ibarət “Kölgəli xiyabanlar” silsiləsini Bunin öz nəsr yaradıcılığının zirvəsi sayırdı. Qırxı da nakam sevgidən danışan bu hekayələri müəllif iyirminci əsrin ən ağır illərində (1937-1945), öz ömrününsə sonuncu gənclik dönəmində qələmə almışdı. Hamısı da ya kədərli, ya faciəli sonluqla bitir. Göründüyü kimi, dünya savaşının kosmik hay-küyü içində, tarixin qırılma nöqtəsində yazıçı öz qəlbinin səsini dinləyib öz ruhunun tarixinə dala bilmişdi.

Buninin sevgi hekayələrinin az qala hamısının avtobioqrafik bünövrəsi var. Yazıçı yeni könüllər kəşf eləməyə, yeni-yeni eşq sultanlıqlarına səyahətə çıxmağa təşnə duyğularını heç vaxt umsuq qoymamışdı, hər təzə təəssüratını bir yazıya çevirmişdi. Bu baxımdan Buninin fərdi yaşantılarından, şəxsi təcrübəsindən mayalanmayan əsəri tək-tək olar. “San-Fransiskolu cənab” (1915) povesti həmin sırada bəlkə də birincidir. Bu əsərdə həyatdan alınma yalnız bir fakt var - Kapridə amerikalı turistin qəfil ölməsi. Həmin vaxt özü də adada dincələn yazıçıya bu hadisə bərk təsir göstərmişdi. Daha sonra Tomas Mannın 1912-ci ildə işıq üzü görmüş “Venesiyada ölüm” kitabının üz qabığını görəndə ağlına “Kapridə ölüm” adlı əsər yazmaq ideyası gəlmişdi. İdeya dördcə günə həyata keçirilsə də, başlıq dəyişdirilmişdi. Yeri gəlmişkən, adıyla onu ilhamlandıran əsəri Bunin yalnız bir neçə ay sonra oxumuşdu, ancaq bəyənməmişdi.

Bəlli fakt istisna olunmaqla povestdə hər şey müəllif təxəyyülünün məhsuludur. Bunindən çıxmayan iş - bu əsərdə nə sevgi macərası, nə aşiqanə baxış, nə ehtiraslı görüş var. “San-Fransiskolu cənab” povesti həm fantaziyaya yer qoymayan realist hekayə, həm də gerçəkliyi fəlsəfi ümumiləşdirmə donunda təqdim eləyən bədii pritçadır. Buninin həyatı tragik qavrayışı burada bütün gücüylə əksini tapıb.

58 yaşlı milyonçu (müəllif onun adını bizə demir, bununla da həyatda bir ad, nişanə qoymadığına eyham vurur), nəhayət, bu yaşında dincəlmək haqqı qazandığı qənaətinə gəlib arvadıyla, qızıyla iki illik dünya səyahətinə çıxır. “Atlantida” adlı nəhəng səyahət gəmisi bu əsər qələmə alınandan üç il əvvəl okeana qərq olmuş “Titanik” transatlantik laynerinə bənzəyir. Bu gəmiyə Atlantik okeanının dibinə çökmüş əfsanəvi qitənin adını verməklə yazıçının nəyə eyham vurduğunu söyləməyə, zənnimcə, lüzum yoxdur.

“Atlantida” gəmisi kainat adlı qaranlıq, soyuq okeanda üzən yer adlı mavi gəmiciyin rəmzidir. Bu gəmidə həyat ikiqatlıdır: zirzəmidə fəhlələr üzlərini cəhənnəm alovu qarsa-qarsa ac sobalara daş kömür atır, varlı sərnişinlərin rahat dincəlməsi üçün gecə-gündüz çalışırlar; işıqlı kayutlarda, salonlarda qayğısız, yeknəsəq günlər keçirən ağalar, xanımlar isə gündə bir neçə dəfə ləziz təamlar düzülmüş süfrələrə çağırılır, hər yeməyə bir ayrı libasda gəlirlər.

San-Fransiskolu cənabın səyahət marşrutu uzundur: İtaliya, Fransa, Yunanıstan, İstanbul, Misir... ta Yaponiyaya qədər. Uzun illər boyunca çinli muzdurların istismarı hesabına yığdığı kapital özünə hər cür qulluğu rəva görməsi üçün ona geninə-boluna yetir. Müəllif yazır ki, cənab indiyədək yaşamamışdı, yalnız mövcud olmuşdu. Onun keçmişi haqda dolğun təsəvvür yaratmasa da, yazıçı milyonçunun ömrü boyu məhz bu gün üçün çalışdığını, ömrü boyu haradasa gələcəkdə onu gözləyən mücərrəd xoşbəxtliyə can atdığını anlamağa oxucuya imkan verir.

Ardı var...

# 1344 dəfə oxunub

Müəllifin son yazıları

# # #