O, bu səfərdən salamat qayıtmayacaq - Fəxri Uğurlu yazır...

O, bu səfərdən salamat qayıtmayacaq - Fəxri Uğurlu yazır...
25 may 2023
# 09:00

Kulis.az Fəxri Uğurlunun Lev Tolstoyun "Anna Karenina" romanı haqqında yazdığı "Paralel xətlərin kəsişməsində" yazısının ikinci hissəsini təqdim edir.

Əvvəli burada

Tolstoy Levinlə Kitinin sevgisini ruhani izdivac kimi qələmə verməyə çalışır. Bundan ötrü o, istedadının qüdrətiylə Kitinin ruhunu Levinin qəlbində əritməyə girişir. Kiti artıq ərini sözsüz-sovsuz anlamağa, onun kimi, hətta onun əvəzinə düşünməyə alışıb, onun ayrılmaz parçasına çevrilib (Platondan üzübəri məhəbbət fəlsəfəsinin klassik düsturu budur: özünü başqasında tapmaq). Levin xəstə qardaşının harayına tələsəndə Kiti yenə ondan aralanmır, acılı-şirinli hər məqamda ərinin yanında olmağı özünə müqəddəs borc bildiyini təkidlə sübuta yetirməyə çalışır. Qardaşının ölümündən bərk sarsılan Levini arvadı müjdələyir. Bir neçə ay keçmiş onların oğlu dünyaya gəlir. Levin bu iki ilahi akt - qardaşının ölümüylə övladının doğumu arasında qəribə bir uyğunluq, oxşarlıq, doğmalıq görür (daha bir paralellik, simmetriya). Aydındır ki, müəllif bununla hər iki aktın bir ilahi metamorfozun iki qütbü, o dünyayla bu dünya arasında gediş-gəliş, alış-veriş olduğuna işarə vurur.

Bəs paralel cəbhədə bu zaman nə baş verir? Anna ilə Vronski arasında münasibət gün-gündən gərginləşir. Belə görünür, Anna boşanmağa bir o qədər maraq göstərmir. Bunun səbəbləri üzərində çox baş sındırmaq olar, ancaq mənə elə gəlir başlıca səbəb qadının içində getdikcə böyüyüb metastaz verən günah duyğusu, cəza istəyidir. Onunla evlənmək naminə Vronski bütün karyerasından, gələcəkdə özünü gözləyən rütbələrdən, təltiflərdən imtina eləyir, fəqət Anna yenə narazıdır. Vronski qadına “indiki vəziyyətində” teatra getməməyi məsləhət görəndə Anna onu eşitmir, nəticədə riyadan, məkrdən don geyinmiş kübar cəmiyyətin linçinə məruz qalır. Qadının höcətliyi, tərsliyi, hikkəsi get-gedə dözülməz həddə çatır, şübhə, qısqanclıq onun içini yeyir. Vronski onunla təmkinli davranmağa çalışır, amma artıq bunun faydası yoxdur, Annanın qəsdinə duran mübhəm güc onun bütün içini sarıb, sinirlərinə dolaşıb, beynini qapsayıb. İndi yalnız çoxdan verilmiş hökmü icra eləmək qalıb.

Bundan əvvəl Levin də həyatın qapısına açar tapmadığına, ömrünə məna verə bilmədiyinə görə intihara güclü meyil göstərirdi, eynən bir vaxt Tolstoyun elədiyi kimi tüfəngini, boğazına dolaya biləcəyi kəndiri gözündən gizlədirdi. Fəqət İsa təliminə tapınması, ruhunun dünyaya açılması, qəlbinin qəlblərə toxunması, əbədiyyətin dadını duyması onu acı aqibətdən yayındırır. Annanın isə artıq belə bir alternativ enerji mənbəyinə əli çatmır, onun məhəbbəti mənəvi əsasdan məhrum qalıb, hərçənd nə onu, nə Vronskini əxlaqsız, pozğun saymaq olmaz. Onların faciəsini daha dərindən duyaq deyə Tolstoy bu parlaq cütlüyü bizə var gücüylə sevdirir, hətta o dərəcədə ki, Annayla Vronskinin birliyi əvvəl-əvvəl oxucuya Levinlə Kitinin evliliyindən daha təbii, daha şirin, daha səmimi gəlir.

Bəs nədir onların suçu? Kəbindənkənar əlaqəyə girməkmi? Boşanmaq indiki qədər asan olsaydı, onların əli xoşbəxtliyə çata biləcəkdimi? İnanmıram Tolstoyun verdiyi mesajı belə primitiv üsullarla çözələmək mümkün olsun.

Anna intihara getməklə Vronskinimi cəzalandırır, ya özünümü? Axı onların sevgisi cəsarətdən, fədakarlıqdan, məhəbbətin gətirdiyi min cür mənəvi nemətdən xali deyildi. Nəydi bəs çatışmayan? Faciəni ictimai basqının üstünə atsaq, yenə də məsələni sadələşdirmiş olarıq.

Bir məqamda Anna duyur ki, artıq Aleksey ona dərin nifrət bəsləyir, hiss eləyir ki, o, Vronskiyə daha heç nə verə bilmir, onu sevindirə, xoşbəxt eləyə bilmir. Ehtiras soğulduqca münasibət də bitir. Ancaq onları bir-birinə yalnız ehtirasmı bağlayırdı? Bu, ehtirasdırsa, bəs onda sevgi necə olur?

Romanın yeddinci hissəsi Annanın özünü qatarın altına atmasıyla başa çatır, ancaq “Madam Bovari”dən fərqli olaraq “Anna Karenina”ya qəhrəmanın ölümüylə xitam verilmir, ilk cümlədən təməli qoyulan paralelizmə, simmetriyaya əsərin sonuna qədər riayət olunur. Sonuncu - səkkizinci bölümü romanın epiloqu da saya bilərik. Vronski ilə Levin bu hissədə iki yol ayrıcındadır: biri özü üçün heç bir məna daşımayan müharibəyə yollanır, o biri kəşf elədiyi yeni dünyanın nemətlərindən barınmağa başlayır.

Vronski Balkanlara slavyan qardaşlarını qorumağa yox, ölməyə gedir. Tolstoy onun sonrakı aqibətini bizə danışmasa da, aydındır ki, Vronski bu səfərdən salamat qayıtmayacaq. Beləliklə, Annanın intiharı həm özünün, həm də sevdiyi insanın axırına çıxır - bu, faktiki həm intihar, həm də qətl aktıdır. Onların yetim qalan övladını, Seryojanın ögey bacısını isə, əlbəttə, rəhmdil Aleksey Aleksandroviç bəsləyib böyüdəcək.

Bir daha vurğulamaq istərdim ki, romanın o zamana qədər görünməmiş unikal kompozisiyası var. Paralel süjet xətlərinin aparıcı fiqurları olan Anna ilə Levin əsər boyu yalnız bir dəfə, o da təsadüfən görüşürlər: arvadını yükünü yerə qoyması üçün Moskvaya gətirən Levin dostu Stivanın təkidiylə onun bacısının ziyarətinə gedir. Bu birinci-sonuncu görüşdə romanın iki başlıca qəhrəmanı arasında maraqlı dialoq yaranır, hər ikisi bir-birinə xoş təsir bağışlayır, həyatdan, sənətdən həvəslə danışırlar. Şirin söhbət hər ikisinin duyğularına sığal çəkir. Anna Kitiyə sayğı-sevgi dolu salam göndərir, onun qarşısında günahını anladığını bildirir.

Qəhrəmanların bu görüşü - görüşdən çox ayrılığa bənzəyir. Annanın ölümünə sanılı günlər qalıb, qarşı cəbhədə isə tezliklə yeni insan dünyaya gələcək.

Bundan sonra Anna qardaşıgilə gedəndə orada Kiti ilə rastlaşır, keçmiş rəqibinə Levini tərifləyir. Bəzən Annanın hərəkətlərini belə yozurlar ki, qadın şeytani bir ehtirasla Kitini qısqandırmaq, Levinin səadətinə haram qatmaq, Vronskinin acığına onda özünə maraq oyatmaq niyyəti güdür. Müəllifin mövqeyi də aşağı-yuxarı belədir. Mən nədənsə bu yozuma inana bilmirəm; məncə, Anna Levini öyməklə Kiti qarşısında suçunu yüngülləşdirməyə çalışır, ona demək istəyir ki, Vronskidən əlin üzüldüyünə çox peşman olma, sənin getdiyin oğlan ondan qat-qat üstündür.

Bu, əlbəttə, mənim subyektiv yozumumdur. Məncə, biz böyük yazıçıların özlərindən çox onların yazdıqlarına inanmalıyıq.

Bu epizodları oxuyanda ağıla istər-istəməz belə bir sual damır: görəsən Levinə qismət olsaydı, Anna özünü xoşbəxt sanardımı, ruhunu qoymağa yer tapardımı?

Doğrusu, Levinlə Kitinin ideal birliyi mənə bir az süni, qondarma gəlir - qarşıdakı illərdə Lev Nikolayeviç özü də qənaətlərini dəyişəcək, əlli yaşına qədər örnək, ideal saydığı ailə modelini şübhə altına alacaq, üstəlik “Kreyser sonatası” kimi nikahın fiziologiyasını, kəbinin müqəddəsliyi illüziyasını ifşa eləyən dəhşətli əsər yazacaq. Hələliksə onun xəyallarının qanadı qırılmayıb, Levinin evdən, ailədən qaçıb kiçik bir stansiyaya sığınacağı gün hələ üfüqdə görünmür...

Məncə, Vronski ilə Kitinin evliliyi, ideal olmasa da, nümunəvi bir ailənin təməlini qoyardı. Anna ilə Levinin birliyi də mənəvi əsasdan məhrum olmazdı, çünki hər ikisi vicdanlı, namuslu insandır. Bəli, Anna Karenina məhz namuslu, qeyrətli, sevib-sevilmək istəyən, sevdiyinə sədaqətli qadındır, o, sağ-solundakı kübar xanımlar kimi yalan, riya içində yaşamaq, həm ərinin, həm də məşuqunun arvadı olmaq istəmir. Anna könlünü yalnız sevdiyi insana təslim eləmək, dürüst yaşamaq istəyir, neyləsin ki, siftədən bəxti gətirməyib, sevgidən yarımayıb. Qismətlər dolaşıq, talelər qarışıq düşüb, heç kimə doğma bəxti əl verməyib. Bəlkə də vaxtında Levinlə yolları kəsişsəydi, zavallı, gözəl Annanın başı müsibət çəkməzdi.

Belə götürəndə Vronski də şərəfli, dürüst, fədakar, mərd, bir sözlə, cəngavər xislətli oğlandır, intəhası onların birliyi mənəvi dayağını itirəndən sonra duruş gətirmir. Ümumiyyətlə, bu romanda pis adam, demək olar, yoxdur, sadəcə, yerlər dəyişik düşüb.

Söz-sənət xiridarları dəmiryol stansiyasına gedən Annanın sonuncu daxili monoloqunu haqlı olaraq dünya nəsrində şüur selinin ilk örnəyi sayırlar. Başdan-başa şeytani bir nihilizmlə, ölümcül pessimizmlə, həyata, Allaha üsyanla yüklənmiş bu səhifələri lap neçənci dəfə vərəqləsən belə yenə heyrətlənməmək mümkün deyil. Elə bil o sətirləri bir kərə özünü öldürüb sonradan dirilmiş adam qələmə alıb. Kitabın sonunda Tolstoy Levinin daxili monoloqunu buna qarşı qoyur. Annanın monoloqu cəhənnəm vəsvəsəsi, Levinin monoloqu cənnət nəğməsidir. Biri ölümə, yoxluğa, o biri dirilişə, əbədiyyətə aparan yürüşün himnidir.

Lev Tolstoyun dörd-beş illik fasiləsiz zəhməti hesabına başa gəlmiş “Anna Karenina” romanını zamanında heç də hamı heyranlıqla qarşılamamışdı. Ədəbiyyatın missiyasını ictimai bəlaları tənqid atəşinə tutmaqda görən Nekrasov, Saltıkov-Şedrin kimi ədiblər Tolstoyu bu əsərə görə məsxərəyə qoyur, onun azman zəhmətini yerə vurmaqdan, ona qıymaqdan çəkinmirdilər. Ancaq onları qınamaq olmaz, onlar Lev Nikolayeviçin baş vurduğu dərinliklərdən xəbərsiz idilər, dayaz sularda üzürdülər.

Bu yüz əlli ildə nə qədər texniki yeniliklər, ixtiralar, kəşflər köhnəlib, ancaq “Anna Karenina” yenə təzə-tər qalıb, hələ də təravətini itirməyib. Son yüz ildə bu romanın uğurlu-uğursuz onlarla kino versiyası yaranıb, hələ də yaranmaqdadır, yenə də yaranacaq. Bu, həm də onu göstərir ki, böyük, üstəlik orijinal ədəbiyyat yaratmaq hər cür elmi kəşfdən, texniki ixtiradan daha çətin, daha qəliz məsələdir. Məşhur filmdə aktyorun dediyi kimi - həm qəlizdir, həm də vacib...

# 1362 dəfə oxunub

Müəllifin son yazıları

# # #