Bir sülalənin faciəsi

Bir sülalənin faciəsi
1 noyabr 2023
# 17:00

Kulis.az Fəxri Uğurlunun "Bir sülanənin intiharı" adlı yazısının ikinci hissəsini təqdim edir.

ƏVVƏLİ BURADA

Hamlet ölüm yox, olum yolunu seçsə də, onun olumuyla ölümü əmisinin hazırlatdığı zəhərli şərab kimi bir qədəhdə, bir qabdadır. Onun məqsədi əmisini aradan götürüb taxtı ələ keçirmək, kral olub insanların taleyinə sərəncam vermək, gələcək rahatlığına təminat almaq deyil. Belə niyyəti olsaydı, kral diz çöküb ibadət elədiyi bir vaxtda, yəni Klavdinin tamamilə köməksiz, mühafizəsiz olduğu bir məqamda asanlıqla onu öldürə bilərdi. Üstəlik, gələcək kraliça kimi Ofeliyanı monastıra - qaynar, coşqun həyatın sahilinə göndərməzdi, onun barmağına nişan üzüyü taxardı. Gələcəklə bağlı Hamletin heç bir planı yoxdur.

Hamlet tarana, intihara gedir, ancaq ölümünə tələsmir. Prosesi uzatmaqla o, öz intiharının miqyasını böyüdür, sərhədini genəldir. Mərd, qəhrəman, igid atasının xain qətlinə səbəb olmuş taxt-tacın, səltənətin onun gözündə heç bir dəyəri yoxdur. Hamletin intiharı bütövlükdə sülalənin, krallığın, dövlətin intiharı olacaq. Onun əcəli həm əmisi Klavdi ilə anası Gertrudanın, həm sevgilisi Ofeliyanın, həm qızın atası Poloni ilə qardaşı Laertin, həm də Hamletin keçmiş dostları, kralın şirnikləndirməsi nəticəsində ona xəyanət mövqeyi tutan Rozenkrants ilə Gildensternin ölümünü içinə alır. Hamletin əcəlinə Horatsio da şərik çıxmağa can atır, zəhərli şərabdan içmək istəyəndə yarımcan Hamlet ondan özünə qıymamağı, dostunun xatirəsini yaşatmaq üçün yaşamağı rica eləyir.

Üstəlik, taxt-tac da, krallıq da Norveç şahzadəsi Fortinbrasa qismət olur. Bir zamanlar Hamletin atası kral Hamlet onun atası kral Fortinbrası yenmişdi, indi ədalət yerini alır, krallıq tacı yaralı Hamletin də xeyir-duasıyla oğul Fortinbrasın başına qoyulur. Fortinbras şahzadə Hamletin krallara layiq təntənəylə dəfn olunmasına göstəriş verir.

***

Görəsən, taxt-tacı ələ keçirsəydi, Hamlet necə bir kral olardı? Bu suala cavab vermək indi, Şekspirin ölümündən dörd yüz ildən də artıq bir vaxt keçəndən sonra, əlbəttə, çətindir, yalnız təxminlərimizi dilə gətirə bilərik.

Məncə, Hamlet çox zalım, amansız müstəbid olardı. Çünki o, çox istedadlı, çox da romantik oğlan idi, belələrininsə əlinə hakimiyyət düşəndə dedikcə təhlükəli olurlar. Tarixdə buna dair misallar çoxdur: İsgəndər, Sezar, Kromvel, Robespyer, Napoleon, Mussolini, Hitler... Elə Şekspirin başqa bir dünya şöhrətli qəhrəmanı Maqbeti də, zənnimcə, Hamletin taxtı ələ keçirmiş versiyası saymaq olar.

İsgəndər demişkən, Hamletin məzarlıqda dostu Horatsio ilə söhbəti Şekspirin fəlsəfi dünyagörüşünə işıq tutmaq üçün dəyərli materialdır. Qəbirqazan şahzadənin əlinə götürüb gözdən keçirdiyi bir qafa tasının mərhum kralın təlxəyi Yorikin kəlləsi olduğunu deyəndə Hamlet həyatın faniliyi ilə bağlı düşüncələrini dilə gətirir:

“Yazıq, zavallı Yorik! Mən onu tanıyırdım, Horatsio. O, dedikcə zarafatcıl, gözəl qaravəlli ustası, mehriban adam idi. Azı min dəfə məni çiyinlərində gəzdirib. İndisə gör necə iyrənc günə düşüb, ona baxdıqca ürəyim ağzıma gəlir. Burada dodaqları vardı, o dodaqlardan neçə dəfə öpdüyüm yadımda deyil. Ah, biçarə, sənin lağlağıların, sənin məzhəkələrin, sənin nəğmələrin haralara getdi? Məclisdəkilərə qəhqəhə çəkdirən o şaqraq gülüşlərin hanı, necoldu? Artıq özünə gülməyə belə heç nəyin yoxdur...

İndi buyur, bir kübar xanımın bəzək otağına get, denən ki, onun da koppuş al yanaqları nə vaxtsa bu kökə düşəcək...

Horatsio, sən bilən Rum qeysəri İsgəndərin də başı torpağın altında bu vəziyyətdədir? Bəşər övladının aqibəti budursa, onda Böyük İsgəndərin cəsədi çürüyüb kaşı şərab kuzəsinin ağzına tıxac ola bilməzmi?..

İsgəndər öldü, İsgəndər dəfn olundu, İsgəndər çürüyüb torpağa döndü, torpaqdan palçıq tutdular, palçıqdansa kaşı şərab kuzəsinin ağzına tıxac vurdular...”

Bu sözlər Şekspirin həyat fəlsəfəsinə aydınlıq gətirməklə yanaşı, Hamletin necə şair qəlbli, poetik düşüncəli gənc kimi yetişdiyini də sübuta yetirir. O, böyük bir şair, filosof olmalıykən zəmanənin təhrikiylə qatil, intiharçı olur.

Sitat gətirdiyim parça həm də Vilyam Şekspirlə bir sıra Şərq-müsəlman şairinin, məsələn, Rudəki, Xəyyam, Xaqani, Sədi, Hafiz kimi söz ustalarının həyata baxışı arasında nə qədər uyğunluq, doğmalıq olduğunu göstərir. Şekspirdən üzübəri yola çıxıb həmin cığırla gəlsək, yenə bir çox böyük sənət örnəyinin, məsələn, Şarl Bodlerin “Leş” adlı şeirinin də içindən keçəcəyik.

***

“Hamlet” Şekspir yaradıcılığının ikinci mərhələsinə aid olunan əsərlərdəndir. Birinci mərhələ dahi dramaturqun daha çox komediya yazdığı dönəmdir. Bu komediyalar da çoxdan bəşəriyyətin ortaq malına, dəyərinə çevrilib: “Venesiya taciri”, “On ikinci gecə”, “Səhvlər komediyası”, “Şıltaq qızın yumşalması”, “Heç nədən hay-küy”, “İki veronalı”, “Yay gecəsində yuxu”... İkinci dönəmdə “Hamlet”dən savayı “Romeo və Cülyetta”, “Otello”, “Kral Lir”, “Maqbet” kimi dünya şöhrətli faciələr qələmə alınıb. Üçüncü mərhələyə bir neçə tragikomediyanın yazıldığı dövr aid olunur.

Tragediyaları Şekspir yaradıcılığının zirvəsi sayılır. Bu əsərlərdə hüdudsuz insan ehtiraslarının, titanik iradə sıçrayışlarının doğurduğu faciələrdən bəhs olunur. Cilov gəmirən arzuların tüğyanı, səsi batırılmayan istəklərin təntənəsi sonda mütləq fəlakətə gətirib çıxarır. Fərqi yoxdur, istər hakimiyyət iradəsi olsun, istər nəsil instinkti, istər şəhvət, qısqanclıq, istərsə də qara həsəd, paxıllıq. Hər biri bədbəxtlik, bəla, cəhənnəm qapısıdır. Tək doğru yol dünyəvi arzulardan üz döndərmək, ehtirasların əli yetməyən mənəvi ucqarlara, “monastıra” çəkilməkdir. Şekspir məntiqi bunu deyir.

Antik dövrdən baş götürüb üzübəri axıb gələn bu düşüncə cərəyanı Şekspirdə, Şillerdə, Bayronda ilişib qalmadı, son iki yüzilin də ədəbi bağ-bağçasını, söz bostanını suvardı: Stendal, Balzak, Qonçarov, Turgenev, Flober, Mopassan... Kafka, Folkner, Heminquey, Kamü, Selincer, Markes... daha kimlər, kimlər...

Bu xətt qırıla biməz. Bu xəttin, bu varisliyin sonu o vaxt gələcək ki, ana düşüncə modelləri mərhələ-mərhələ bəşər oğlunun zehnindən həyatına transfer olunsun. İnsan əvvəlcə azad, ruhani fərd, ardınca da azad, ruhani cəmiyyət epoxasına qədəm qoysun. Hamlet kimi bir şairi qatilə döndərən mexanizmlər qırılıb tarixin küllüyünə atılsın. Bir ideya, nəzəriyyə nə vaxtsa praktikaya, cəmiyyətin həyat tərzinə çevrilməyəcəksə, onun heç bir dəyəri yoxdur.

***

Yüz illərdir söz xiridarları, ədəbiyyat, sənət biliciləri “Hamlet”i eşələməkdən, ondan yeni mənalar qazıb çıxarmaqdan usanmırlar. Bu cəhdlər bu gün də göstərilməkdədir, ancaq Hamlet düyünü yenə çözülmür ki, çözülmür.

Məncə, Şekspirin 420 il əvvəldən bəşər övladına göndərdiyi mesaj, nəsihət o qədər də qəliz deyil. Şekspir bizə deyir ki, həyat fani, fərd əvəzsiz, arzular puçdur. Çiynimizdə oturub canımızı cin kimi çapan quduz ehtirasları boynumuzdan ataq, aram-aram vuran qəlbimizin müdrikanə dincliyindən zövq alaq.

# 1466 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #