“Bu şəhərdə” kollektivini nə gözləyir?

“Bu şəhərdə” kollektivini nə gözləyir?
5 noyabr 2020
# 13:24

Hərdən insanlara özünü biabır etmək üçün şərait yaratmaq lazımdır. Sonra kənarda dayanıb izləmək...

İllərdir sarayı doldurub, beş, yeddi günlük proqramla çıxış etməkləri ilə öyünən “Bu şəhərdə” komandasının paylaşdığı məlum şəkil sadəcə alınmamış zarafat idi, ciddiyə alınmalı, hoydu-hoyduya götürülməli bir yanı yox idi.

Komandanın ssenaristi açıqlama verib “şəkli silmək fikrimiz yoxdur” deyənə qədər.

Burda artıq qıcıq yaratdınız, bəylər!

Komediya aktyoru olmaq, komediya yazıb-oynamaq sandığınız qədər asan iş deyil. Ürək istəyir. Həssaslıq gərəkdirir. Siz illərdir çatlardan sızmış soyuq kimi at oynadırsınız, düzdür, amma bu o demək deyil ki, siz nə verdiniz, yeyəcəyik.

Zarafatlarınız məişət müstəvisindən, müdir-katibə, gəlin-qaynana, kəndli qız-bakılı ev sahibi dairəsindən heç vaxt kənara çıxmayıb. Buna istedadınız çatmır, demirəm, sadəcə, sizə elə buralarda oynamaq yetir. “Azla qane olmayan, çoxdan da olar” atalar sözünə ciddi əməl etmişsiniz. Niyə? Aydındır ki, heç kimin əsəbiylə oynamaq istəməmisiniz ki, onlar da çörəyinizlə oynamasın.

Ən yaxşı komediya aktyoru, ssenaristi əslində müxalif düşüncəli olmalıdır. Küçələrə çıxıb plakat qaldırmağa, polislə yaxlaşmağa ehtiyac yoxdur, insan, sadəcə, ürəkdən, içdən gələn bir zarafatla da fikrini izah edə bilir.

Siz müharibəyə aid nəsə paylaşmasanız belə inanın ki, sizi qınayan olmaz. Nə vacibdir axı!

Dediyim kimi, bu şəkil sadəcə uğursuz zarafat idi. Tam sizin səviyyənizdə. Bundan artığını sizdən gözləmək bizim səhvimiz olardı. Amma “bu şəklin əsgərlərə heç bir dəxli yoxdur”, “göstərin əsgərlərə görək problem edəcəklərmi” və ya “etiraz edənlər qadınlardır, ona görə silmək fikrimiz yoxdur” deyibən boş arqumentlərlə özünüzü müdafiəyə qalxmayın.

Siz öz kütlənizi yaxşı tanıyırsınız, söz yox, amma illərdir heç kim sizə durub bir kəlimə demirsə, bu, sizə sevgidən xəbər vermir, sadəcə ciddiyə almağa ehtiyac yoxdur. İndi isə bu həssas məqamda hər şey gözə batır. Ona görə, ağıllı olmaq lazımdır.

Baxın, həmkarlarınızdan olan Afaq xanıma. Dünyanın düz vaxtı “padvalda yaşayan oğul qəhrəman-zad olmaz” deyə qışqırırdı. Görürsünüz, səsi gəlmir bu günlərdə.

Siz - ucuz və keyfiyyətsiz yumor “ustaları”, təfəkkürü ancaq qurşaqdan aşağı işləyən ssenaristlər, “manıs” tayfası, efirdə “şpaqat” açan aparıcılar – hamınız uzun illər münbit şəraitdən çox gözəl istifadə etdiniz. Amma yəqin fərqindəsiniz ki, Azərbaycan artıq öz “evi”ni təmir edir. Bütün yırtıq-deşiklərin, çatların üstünün örtüləcəyinə ümid edirəm. Məncə, bekarçılıqdan da olsa, daha kimsə sizə gülə bilməz. Keçmişdə qalmağınızı arzulayıram. Ciddi işlər var gələcəkdə.

Qadın buzqalteri geymək, dikdabanda yerimək, “Qudam-qudam” oynamaq qədər asan olmayacaq bu dəfə...

# 14053 dəfə oxunub

Müəllifin son yazıları

# # #