Yevgeni Yevtuşenko Yazıçılar İttifaqını "diriltməyi" tələb etdi

Yevgeni Yevtuşenko Yazıçılar İttifaqını "diriltməyi" tələb etdi
27 noyabr 2013
# 17:44

Rusiyalı şair Yevgeni Yevtuşenko Rusiya Yazıçılar İttifaqını islahatlar həyata keçirməyə çağırıb. Kulis.Az-ın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, Y. Yevtuşenkonun təklifləri “Literaturnaya Qazeta”nın bugünkü sayında dərc edilib.

Şairin fikrincə, SSRİ Yazıçılar İttifaqının iki düşmən təşkilata dağılmasından sonra yazıçıların kəmiyyət üzrə səviyyəsi qalxsa da, keyfiyyəti aşağı düşüb və bunun nəticəsində rəhbərlikdə ümid verməyən istedadsızlar oturub. Y. Yevtuşenko konkret olaraq Ədəbiyyat Fondunun rəhbəri İvan Pereverzinin adını çəkib: “O, yalnız Yazıçılar İttifaqının və Ədəbiyyat fondunun mülkiyyətini mənimsəməklə məşğul idi”.

Yevtuşenko əvvəl Yazıçılar İttifaqının əsasını təşkil edən – tanınmayan şair, yazıçıların şeirlərinin, hekayələrinin və romanlarının peşəkar müzakirələrinin hal-hazırda unudulmasından gileylənir: “Peşəkar ədiblər müxtəlif siyasi və yaradıcılıq problemləri üzrə xarici həmkarlarının, eləcə də prezident və dövlət nümayəndələrinin iştirakı ilə yazıçı konfransları və simpoziumlar keçirməlidir”.

81 yaşlı şair hesab edir ki, ölkədə yazıçı çıxışlarını bərpa etmək lazımdır: “Bu nəinki zövqün dəhşətli dərəcədə düşmüş səviyyəsini qaldırar, eləcə də yazıçılara qazanmaq imkanı, oxuculara isə yazıçılarla ünsiyyətdə olmaq imkanı yaradar”.

O, həmçinin hökumətə yazıçılara rahat yaşayıb yaratmaq üçün dövlət universitetlərinə büdcədən maliyyələşdirilən yazıçı vəzifəsi yaradılmasını təklif edib.

Y. Yevtuşenko Rusiyada yeni İttifaq üçün istedadlı peşəkar genofondun olduğunu da məqaləsində göstərib: “Lakin bu vahid energetik özək yox, siyasi fikir ayrılığı nəticəsində bəzən bir-birilərini təhqir edən, bəzən də bir-birilərinə şübhəli mükafatlar verən kiçik qruplara parçalanmış yaradıcı şəxsiyyətlərdir”.

# 2332 dəfə oxunub

Müəllifin son yazıları

# # #