"Elçin də Ayaz Vəfalı kimi bir şeydi"

"Elçin də Ayaz Vəfalı kimi bir şeydi"
31 mart 2014
# 16:27

Bir neçə gün öncə Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları – “Ədəbiyyat qəzeti” və “Ulduz” jurnalında baş redaktor dəyişikliyi baş tutdu. Qəbul olunmuş qərara görə “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli “Ədəbiyyat qəzeti”nə baş redaktor təyin olundu. Kulis.Az qələm adamlarının yeni təyinatla bağlı fikirlərini təqdim edir.

Vaqif Nəsib: “Ədəbiyyat qəzeti” ədəbiyyatımızı tənzimləyən, ədəbi proseslərə reaksiya verən ən operativ qəzet olmalı idi. Ən müqəddəs, pak şey sudu, su da bir yerdə çox qalanda iylənir. Anar iyirmi beş ildir bir kresloda oturub və bu iyirmi beş illik fəaliyyətində hər şey onun istədiyi kimi olur. “Ədəbiyyat qəzeti”ndə vaxtilə Sabir Əhmədli kimi vicdanlı yazıçı baş redaktor işləyib. Yazıçılarımızın içində ondan vicdanlı, ondan obyektiv, ondan istedadlı adam tapmazdın. Anar və yaxud Fikrət Qoca mətbu orqanlara elə adamları təyin edirlər ki, istədikləri yazıları keçirə bilsinlər. “Ədəbiyyat qəzeti”ndə də Anarın səhifəsi işləmirdi ki, Sabirə söz desin. Günlərin bir günü Sabir Əhmədlini çıxarıb, yerinə Ayaz Vəfalını qoydular. Təxəllüsündən götürüb özlərinə “vəfalı” adam qoydular. Onlar üçün namuslu adam, ədəbiyyatı sevən adam kriteriyası yoxdur. Onlara “vəfalı” adam lazımdır. O vaxtdan həmən ənənə davam edir. Elçin Hüseynbəyli bir dəfə məni tənqid etmişdi. Mən də sonra ona cavab yazdım. Bir yazıçı yaza ki, quzu buynuzu ilə yeri eşirdi... Bunu yazan adamdan nə yazıçı olar? Belə bir səviyyədə olan adamı “Ulduz” jurnalına baş redaktor qoymuşdular. İndi də “Ədəbiyyat qəzeti”nə baş redaktor təyin ediblər. O vaxt yazıçılar Qoqolun “şnel”indən çıxırdı. Belə vəzifə sahibləri də hal-hazırda Anarın rəhbərlik etdiyi Yazıçılar Birliyində “vəfalı şneli”ndən çıxır. Elçin də elə Ayaz Vəfalı kimi bir şeydir”.

Nəriman Əbdürrəhmanlı: “Başdakını dəyişməklə heç nə dəyişmir. Birinci, ədəbiyyata, ədəbi materiala münasibət dəyişməlidir. İkinci, ordakı bütün kollektiv dəyişməlidir. Bu illər ərzində belə vəziyyətə göz yumub orda oturan adamların o qəzetdə işləməyə mənəvi haqqı yoxdur. Mən belə hesab edirəm. Yəni, bütün kollektiv dəyişməsə, yenidən formalaşmasa, münasibət dəyişməsə müsbət nəsə olacağını gözləmirəm. Hər halda mən inanmıram. Çünki, yenə deyirəm, kollektiv dəyişməsə, ədəbiyyata münasibət dəyişməsə inanmıram ki, yaxşılığa doğru nəsə bir sıçrayış olsun”.

Salam Sarvan: “Allah xeyrini versin!”

Tehran Əlişanoğlu: “Elçinin “Ulduz” jurnalındakı fəaliyyətini qənaətbəxş hesab etməsəm də düşünürəm ki, “Ədəbiyyat qəzeti” daha geniş meydandır, nəinki “Ulduz” jurnalı. Bu baxımdan mənə elə gəlir ki, səmərəli olacaq. “Ədəbiyyat qəzeti”nə bu günün yetirdiyi simanın baş redaktor təyin olunması daha doğrudur. Nəinki altmışıncı illərdən qalma fiqur (gülür)”.

Kəramət Böyükçöl: “Ulduz” jurnalı aylıq dərgi idi, “Ədəbiyyat” qəzeti isə həftəlik qəzetdir. Həm də “Ədəbiyyat qəzeti”ylə “Ulduz” jurnalının büdcəsi də eyni deyil. Hesab edirəm ki, Elçin Hüseynbəyli “Ədəbiyyat qəzeti”ndə dəyişiklik edə biləcək. Yəni qəzeti bizim daimi oxuyacağımız maraqlı bir qəzetə çevirəcək. Amma istərdim ki, Elçin müəllim ətrafına gəncləri yığsın və gənclərlə işləsin ki, qəzet maraqlı olsun. Yenə də qocaları başına yığacaqsa şübhəsiz, yaxşı olmayacaq. Ümumi olaraq bu təyinatı müsbət qarşıladım”.

# 2395 dəfə oxunub

Müəllifin son yazıları

# # #