Üzünü görmədiyiniz məşhur danışdı MÜSAHİBƏ

Üzünü görmədiyiniz məşhur danışdı MÜSAHİBƏ
18 aprel 2013
# 08:00

Dövlət, idman və mədəni tədbirləri səsi ilə məşhur olan Ramiz Qafarovsuz təsəvvür etmək mümkün deyil. “Gözəgörünməz məşhur” illərdir ölkəmizin mərkəzi stadionunda, idman və mədəniyyət saraylarında öz səsi ilə diqqətləri üzərinə toplamağı bacarıb. Kulis.Az nadir səs sahibi ilə müsahibəni təqdim edir.

- Özünüz haqda bir az məlumat verərdiniz...

- 1956-cı il aprelin 7-də Bakı şəhərində anadan olmuşam. Məşhur biznesmen İsgəndər Xəlilovla bir sinifdə oxumuşam. 1973-cü ildə 18 nömrəli məktəbi fərqlənmə ilə bitirmişəm. Təhsil aldığım məktəbdən yeganə məzunam ki, həmin il instituta daxil olmuşam. Ona görə deyirəm ki, o məktəbdə mənə heykəl qoyulmalıdır (gülür). Məsələn, İsgəndər Xəlilov İqtisad Universitetinə qəbul ola bilməmişdi. Səhv etmirəmsə sonradan axşam fakültəsinə girdi. Məktəbdə Qasımzadə adlı müəllim mənə deyirdi ki, səndən böyük riyaziyyatçı alim olacaq. Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsində iki il oxuyandan sonra başa düşdüm ki, səhv etmişəm. Anladım ki, ali riyaziyyat mənlik deyil. Mən daha çox sadə riyaziyyatı sevirdim, ali riyaziyyat isə ciddilik tələb edir. O ciddilik isə məndə yox idi. Sənədlərimi götürüb əsgərliyə yollandım.

Hərbi xidmətdən qayıdandan sonra idmanla məşğul olurdum, buna görə sənədlərimi İdman İnstitutuna verdim. Əsgərlikdən əvvəl keçmiş leytenant Şmidt stadionunda “Ulduz” klubunda futbol oynayırdım, qapıçı idim. İdman İnstitutuna qəbul olanda, müəllimlər dedi ki, sənə futbol lazım deyil. İnstitutda təhsil alan zaman məni “Sprint” voleybol klubuna dəvət etdilər. İdman İnstitutunu da voleybol məşqçisi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdim. Sonra Olimpiya Uşaq Gənclər məktəbinə təyinat aldım. İki il orda işlədikdən sonra İdman İnstitutunun rektoru məni və bir neçə nəfəri instituta dəvət etdi. Dedi ki, bu bataqlıqda dərs deyən qocaları dəyişmək istəyirəm. İnstitutda gəncləşdirmə, yeni ab-hava yaratmaq istəyirdi. Mən də onun çağırışı ilə gəldim. İnstitutdakı kafedra müdirlərinin heç birinin elmi dərəcəsi yox idi. Kafedra müdiri olmaq üçün isə elmlər namizədi, doktor olmaq lazım idi. Rektor bizi Moskvaya aspirantura oxumağa göndərmək istəyirdi ki, kafedra müdiri olaq. Aspirantura məsələsi bir-iki il uzandı. 1988-ci ildə Qarabağ problemi yarandı, sonra SSRİ dağıldı və aspirantura məsələsi alınmadı. İnstitutda mühazirə oxuyanda artıq səsimin sədası ətrafa yayılmışdı. 1986-cı ildə institutun futbol kafedrasının müdiri Akif Fəttahov dedi ki, respublika stadionunda diktor yeri boşalıb, gələrsən? Futbolu sevdiyim üçün razılıq verdim və işə qəbul olundum. 1986-cı ildən respublika stadionunun diktoruyam.

- Mətbuatda danışmağa o qədər də meylli deyilsiniz, səbəb nədir?

- İşimin spesifikası budur. Mənim səsim gəlir, özüm görünmürəm (gülür). Bakı İdman Sarayında keçirilən tədbirlərdə zalın düz ortasında otururam, məni görmək istəyən adamlar görə bilir. Heydər Əliyev adına sarayda və Respublika Stadionunda keçirilən tədbirlərdə isə ancaq səsim gəlir, üzümü görmürlər.

- Diktor kimi ilk dəfə hansı tədbirdə çıxış etmisiniz?

- Bu haqda çox az adam bilmir. İlk dəfə sizə deyirəm. Mənim səsim ilk dəfə 1980-ci ildə Respublika Sarayında səslənib. SSRİ Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnev 1980-ci ildə Heydər Əliyevə “Qırmızı bayraq” ordenini təqdim etmək üçün Azərbaycana gəlmişdi. İndiki Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev o vaxt Nərimanov rayonunda komsomol təlimatçısı işləyirdi. Bizim rayondan tələbələri zalda iştirak etmək üçün ora aparmışdılar. Brejnev gələndə şüarlar səsləndirmək lazım idi: “Leonid İliçu Brejnevu slava”, zaldakılar üç dəfə “slava, slava, slava” qışqırırdılar. Şüarları mənə verdilər. Mən də Moskvadakı paradlarda danışan levitanların səsini təqlid etdim: “Leonid İliçu Brejnevu slava”, zaldakılar üç dəfə “slava, slava, slava”, qışqırdı. Sonra “Azərbaycan Mərkəzi komitəsinə eşq olsun”, “Azərbaycana eşq olsun” şüarlarını səsləndirdim. Zalda üç-dörd belə şüar səsləndirdikdən sonra zaldakılar mənə hay verdilər. Bakı şəhər partiya komitəsinin rəhbərliyi tədbirdən sonra instituta məktub göndərmişdi ki, mənimlə işləsinlər. Mənə deyirdilər ki, biz bilmirdik Azərbaycanda Levitan var. Qarşıdan 1 və 9 may nümayişləri gəlirdi. O vaxt “Lenin” meydanında nümayişlər keçirilirdi. Dedilər, həm rusca, həm də Azərbaycan dilində danışacaqsan. Rəhbərliyin sözündən çıxmayıb, razılıq verdim. İnstituta məktub göndərib, məni dərslərdən azad etdilər. Paradlara hazırlaşmaq üçün səsyazmaya getdim. Səsyazmada dedilər ki, səs möhtəşəmdir, ancaq bir balaca nöqsan var. Səsimdə İran radiosunun diktorlarının səsindəki şirinliyin olduğunu bildirdilər. Dedilər ki, həmin şirinliyi götürmək lazımdır. Çünki dövlət tədbirlərində quru çıxış etmək lazım idi. Səsimi qurudandan sonra səs yazmağa başlayacaqlarını dedilər (gülür).

Bir gün məşqə gedəndə rektor qarşıma çıxıb hara getdiyimi soruşdu. Dedim ki, məşqə gedirəm. Dedi, nə məşq? Dedim ki, bəs şəhər partiya komitəsindən məktub gəlib, dövlət tədbirlərində diktorluq edəcəyəm. O da çox əsəbiləşdi. Mən də institutda fakültənin komsomol katibi idim. Dedi, sən ya komsomol katibi olub İdman İnstitutunu bitirəcəksən, ya da diktor olacaqsan.

Onlara diktor lazımdırsa, gedib İncəsənət İnstitutundan tapsınlar. Bizim institutdan niyə aparırlar ki?! İnstitutda oxuduğum üçün diktorluqdan imtina etdim. Rektor məktubu gözümün qabağında cırıb atdı. Beləcə 1980-ci ildə başladığım diktorluq karyeram başladığı kimi də bitdi. Çox şadam ki, bitdi. Bitməsəydi yəqin, mən indi AzTV-nin təqaüdə çıxmış diktorlarından biri olacaqdım (gülür). Düşünürəm ki, məni mütləq AzTV-yə diktor götürəcəkdilər. Çox şadam ki, belə olmadı.

- Necə oldu ki, müstəqillik vaxtı dövlət tədbirlərinə sizi dəvət etdilər?

- 1997-ci ildə Respublika Stadionunda yeniyetmələrin birinci idman oyunları keçirilirdi. Tədbirdə mərhum prezident Heydər Əliyev də iştirak edirdi. Çıxış etmək üçün cənab prezidenti dəvət etdim. Bundan sonra məni Respublika Sarayındakı tədbirlərə dəvət etdilər. Dedilər ki, bütün dövlət tədbirlərinin diktoru siz olacaqsınız. 1997-ci ildən bu tərəfə prezident tədbirlərinin aparıcısı olmuşam. Bir çox müğənnilər elə bilir ki, mən Respublika Sarayının diktoruyam. Mən sarayın diktoru yox, sarayda keçirilən dövlət tədbirlərinin aparıcısıyam. 2000-ci ilə kimi Respublika Sarayında tamaşaçılar qapıların açılmasını, prezidentin içəri girməsini gözləyirdilər. Prezident Heydər Əliyev içəri girirdi, insanları onu alqışlarla qarşılayırdı. 2000-ci ildə dünya azərbaycanlılarının birinci qurultayı keçirilirdi. Lissabon sammitində görmüşdüm ki, prezidentlər içəri girəndə elan olunur. Tədbirdən qabaq Fatma Abdullazadəyə dedim ki, prezident içəri girəndə onu elan etmək istəyirəm. Fatma xanım dedi, prezidentlə məsləhətləşərəm. Prezident bu ideyanı bəyənmişdi.

- Hansı yubiley tədbirlərinin aparıcısı olmusunuz?

- Fəxr edirəm ki, Niyazinin, Müslüm Maqomayevin, Rəşid Behbudovun, Mstislav Rostropoviçin yubiley gecələrinin aparıcısı olmuşam. Ən maraqlı an Rostropoviçin konsertində oldu. Konsert bitdi, tamaşaçılar gül dəstələri ilə onu gözləyirdilər ki, təbrik etsinlər. Mən də pultun arxasında oturmuşdum. Rostropoviç üstümə gəlib, məni qucaqlayıb dedi ki, nə gözəl səsin, nə gözəl nitqin var. Səsimi çox bəyənmişdi. Mənə ən böyük qiyməti Heydər Əliyev vermişdi. Mənim üçün ən böyük tərif budur.

- “Şəfa” stadionu təzə açılmışdı, azarkeşlər ilk dəfə sizin səsinizi eşitmədi. “Şəfa”dan sizə təklif gəlməmişdi?

- Respublika Stadionunun diktoru olduğum üçün yerimi dəyişmək fikrim yox idi. Ancaq bir il “Şəfa” stadionunda, “İnter” futbol klubunun diktoru olmuşam. “İnter” çempion olmaq istəyirdi, məni dəvət etdilər. Dəvəti qəbul etdim və həmin ildə “İnter” çempion oldu. Belə bir söz yayılmışdı ki, Ramiz Qafarovun ayağı yüngüldür. Bütün komandalar məni dəvət etmək istəyirdi. “Bakı” klubu Respublika Stadionunda çıxış edəndə klubun prezidenti Hafiz müəllim dedi ki, bizim diktor olarsınız. Təklifi qəbul etdim və “Bakı”nın diktoru oldum. “Bakı” kubok aldı, çempion oldu. Sonra ”İnter” dəvət etdi, bir il “İnter”də işlədim, “İnter” çempion oldu. “Xəzər Lənkəran” çempion olmaq istədiyi üçün dedilər ki, Lənkərana gələrsiniz? Dedim ki, çempion olmaq istəyirsinizsə niyə gəlmirəm. “Xəzər Lənkəran” da çempion oldu. Çempionluqdan sonra getmədim, “Xəzər Lənkəran” indiyə kimi çempion ola bilmir. Fakt budur ki, bir dəfə mənimlə çempion olublar (gülür).

- Azərbaycanda hansı kluba azarkeşlik edirsiniz?

- Son illər “Qarabağ” klubuna azarkeşlik edirəm.

- Milli komandanın Bakıda Serbiya və Çernoqoriyanı 2:1 məğlub etdiyi oyunda UEFA sizi qaydaları pozmaqda təqsirli bilib, AFFA-nı cəzalandırmışdı. Bu haqda ətraflı danışardınız.

- Yığma komanda serblərlə səfərdə 2:2 oynamışdı. Avtobusdan düşüb stadiona tərəf gedəndə azarkeşlər yolda yaxınlaşıb deyirdilər ki, Ramiz müəllim, “Azərreyl”in oyunlarında olduğu kimi insanları ayağa qaldırın da. Onlara deyirdim ki, o voleybol idi, bu isə futboldur, futbolda belə şeylərə icazə yoxdur. Səfərdə qazandığımız 2:2 hesabı insanları ruhlandırmışdı. Komanda da yaxşı idi. Birinci hesabı serblər açdı, o qola kimi azarkeşlər bir balaca qışqırırdı. Gördüm ki, oyun sönməyə başlayır, mikrofonu götürüb dedim ki, ay camaat, nə oturmusunuz orda 2:0 uduzurduq, 2:2 etdik, indi öz meydanımızda 0:1 uduzuruq, gəlin komandamızı hücuma səsləyək. Bunu deyən kimi hayqırtı qopdu. Bizimkilər hesabı bərabərləşdirdilər. Azarkeşlər bir az da həvəsləndi. Serblər özlərini itirmişdi. Mən azarkeşlərə müraciət edəndə, oyunun inspektoru Asim Xudiyevi yanıma göndərdi ki, diktora bildir ki, danışmasın, danışmağa icazə vermirəm. Asimin müraciətindən sonra sakitləşdim. İnspektor yazmışdı ki, diktor serblərə psixoloji təzyiq göstərib. UEFA mənə görə AFFA-nı 2500 İsveçrə frankı cərimə etdi. AFFA-ya getmişdim, o zaman baş katib olan Çingiz İsmayılov dedi ki, Ramiz, sənə görə bizi 2500 frank cərimə ediblər. Dedim nə olsun, serblər sizə 250 min versə heç-heçəyə razı olmazdınız? Millinin qələbəsinin yanında 2500 nədir axı, öz gücümüzlə udmuşuq da. Çingiz İsmayılovun elə deməyi xətrimə dəydi.

- Sizi də çox səhv etməkdə günahlandırırlar...

- Ola bilər son illərdə hansısa səhvlər etmişəm. Güclü səhvləri xatırlamıram. Xırda səhvlər olmalıdır da. SSRİ vaxtı Respublika Stadionunda dördüncü hakimin yanında telefon olurdu və onunla əlaqə saxlayırdıq. Qol vurulanda, oyunçu dəyişiləndə hakim mənə çatdırırdı ki, Ramiz müəllim, qolu filankəs vurdu. Hakim görməyəndə də gedib məşqçilərdən soruşurdu ki, qolu kim vurub? O vaxt səhv etmək olmazdı, bir səhvə görə işdən çıxarırdılar. Bir dəfə şəhər partiya komitəsindən dedilər ki, Yunis Hüseynovu Yunis Quseynov kimi səsləndirmisiniz. Yəni, bir hərfə görə belə ilişirdilər. Baxın, respublika stadionun diktor kabineti haradadır. Oyunçu qolu vurandan sonra onun üstünə yıxılırlar, qucaqlaşırlar. Bir saniyə buraxdın, qol vuran futbolçunun kimliyini itirirsən.

- 1996-cı ildə İsveçrəni məğlub etdiyimiz oyunda da diktor siz idiniz?

- Bir-iki oyun olub ki, mən olmamışam. Həmin oyunda mən olmalı idim. Oyuna bir gün qalmış UEFA nümayəndələri stadionu qəbul edirdi. AFFA prezidenti Fuad Musayev UEFA nümayəndələri ilə aşağıda idilər. Həm də diktorun səsini yoxlayacaqdılar. Bizimkilər də birinci oyunda İsveçrəyə səfərdə uduzmuşdular. Şeytan yoldan çıxartdı məni, mən də səsimi çatdırmaq üçün kənar şey demədim, 3-4 dəfə dedim ki, birinci oyunda komandamız filan hesabla məğlub olub. Bu da Fuad Musayevi qəzəbləndirib, deyib ki, nədir o bizim məğlubiyyətimizə sevinir? Halbuki, mən bunu elan kimi səsləndirirdim, stadion da boş idi. Hirslənərək Çingiz İsmayılova deyib ki, başqa diktor çağırın (gülür). Çingiz də AzTV-nin köhnə əməkdaşı kimi Sabir Əliyevi çağırmışdı.

- Avropada, Türkiyədə diktorlar oyunçuları, qol vuran futbolçuları təqdim edəndə onların adını çəkib, soyadlarını azarkeşlərin çəkməyini gözləyir. Siz isə belə etmirsiniz.

- “Neftçi” Respublika Stadionunda oynayanda mənə dedilər ki, biz də belə etmək istəyirik. Dedim, böyük məmnuniyyətlə, mənim üçün heç bir çətinliyi yoxdur. Amma boş stadionda bunu necə etmək olar? İspaniyada, İtaliyada stadion azarkeşlə dolur, onlar gözləyirlər ki, diktor bir söz desin. Yaxşı mən deyim, “Simurq” komandasının qapısından qolu Məmməd, ardınca sakitlik. Cavab verməsinlər biabır olum? Camaat da desin Ramiz yenə səhv edir. Doğrusu belə şeyləri vacib saymıram.

- 2005-ci ildə “Neftçi” Birlik kubokunun finalına çıxanda komanda üçün himn bəstələndi. Himndə sizin də səsiniz var idi. Himni siz bəstələmişdiniz?

- Həmin turniri izləyirdim, “Neftçi”nin ermənilər üzərində qələbəsindən sonra bütün xalq kimi mən də sevincdən səhərə kimi yatmadım. Həmin mahnının sözləri, musiqisi gecə saat 3-də gəldi. Mən heç vaxt bilərəkdən mahnı bəstələmirəm. Çünki mən professional bəstəkar deyiləm. Və bunda marağım da yoxdur. Mən həvəskar bəstəkaram, heç vaxt oturub bilərəkdən mahnı yazmıram. Amma həmin gün “Neftçi”nin qələbəsi məni ruhlandırdı, sözləri, musiqisi bədahəyən gəldi. Studiyada yazdıq, Ədalət Şükürov da oxudu. Mahnı oldu “Neftçi”nin himni. Futbol tariximizə yeni dastan yazıldı, bu kubokda belə yüksək nəticə qazanmamışdıq. O mahnı da düşərli oldu, “Neftçi” gələn il kuboku qazandı. Sonra “Bakı” dedi, bizim üçün mahnı yaz, yazdım, mahnının sözləri belə idi: “Bakı kubok alacaq, Bakı çempion olacaq”. “Bakı” kubok aldı və gələn il çempion oldu. Sözlərim düz çıxdı. O vaxtacan “Bakı” çempion olmamışdı. Daha sonra “İnter” sifariş verdi. “İnter”in də himnini yazdım. Hansı komandaya himn yazmışamsa, o komanda çempion olub. “Qarabağ”ın da himnini mən yazmışam. Onların əvvəlki himni Türkiyədə yazılmışdı. Tahir Gözələ təklif etdim ki, insanları ruhlandıran bir mahnı olsun. Çünki “Qarabağ” UEFA kubokundakı uğurlu çıxışı ilə stadiona 30-40 min adam yığırdı. “Qarabağ sən birinci ol, Qarabağ xalqın sevinci ol” mahnısını yazdım. “Qarabağ” həqiqətən də xalqın sevinci oldu. Bu mahnının sədaları altında çox qələbələr qazandı. Bu ildə çempionluğa gedir. Yəqin ki “Qarabağ” çempion olacaq.

- Musiqi üçün verilən pul qan edir?

- Heç vaxt qiymət oxumamışam (gülür). Kim nə verib razılaşmışam. “Ramiz müəllim, sizə nə qədər verəcəyik?” deyəndə, bildirmişəm ki, adınıza layiq verin. Bunu demək kifayət edir, başa düşən düşür. Qane etməyəndə çıxıb getmişəm.

- Ancaq futbol üçün musiqi bəstələyirsiniz?

- Mən onlarla mahnının müəllifiyəm. Mahnılarımı xalq artisti Nisə Qasımova, Ağadadaş Ağayev ifa edib. Sonra sevgi, məhəbbət mövzularında yazmağa başladım. Radiolarda ən çox səslənən “Şəhidlər” mahnısının müəllifi də mənəm. Özüm də ifa etmişəm. Çox adam elə bilir ki, bu mahnını Şəmistan Əlizamanlı oxuyur. Bu mahnını ifa etmək fikrim yox idi. Qardaşım Qarabağ müharibəsində şəhid olduğu üçün mahnını ona ithaf etdim. İlk olaraq ifa etməyi Azərinə təklif etdim. Azərinin prodüseri dedi ki, elə ən yaxşı ifa sizin ifanızdır.

- Dublyajlara çağırırlar?

- Bu yaxınlarda ATV kanalı çağırmışdı. Kino və mətni verdilər ki, oxu. Dedim ki, bu, mümkün deyil. Filmin məzmununu bilmirəmsə, onu necə səsləndirə bilərəm? Bir gün etdim, sonra dedim ki, yox, mənlik deyil. Daha gəlməyəcəyəm. Ciddi dublyaj olsa gedərəm.

# 5520 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #