Fərid MİRZƏYEV
Xalq yazıçısı fəxri adı daşıyıb azərbaycanlılara da (Əkrəm Əylisli, “Daş yuxular”), Xalq yazıçısı fəxri adı daşıyıb “Hərb və sülh”ü oxumadan ermənilərə də (Mövlud Süleymanlı, “Erməni adındakı hərflər”) hökm oxumaq olar.
Ancaq heç bir titul-filan daşımadan, Azər adı, Abdulla soyadıyla “Qəmərlidən keçən qatar”, “Sarı tağ” kimi usta yazıçı qələminin məhsulları olan əsərlərdə konflikt burulğanında boğulan iki xalqın (azərbaycanlılar və ermənilər) bir-birinə münasibətini obyektiv şəkildə təsvir etmək də mümkündür.
“Qəmərlidən keçən qatar” – Düşmən mühasirəsində
Yazıçı məfhumunun ətrafına çox söz düzmək olar. Amma ilk əvvəl “səmimiyyət” sözünün üzərində dayanmaq gərək. Əgər milli zəmində baş vermiş hadisələri yazıya alacaqsansa iş daha da qəlizləşir.
Yazıçı Məmməd Oruc Kulis.Az-a verdiyi müsahibədə “Əzrayılla görüş” povestində ermənilərə rəğbət iddiasına belə cavab vermişdi: ““Əzrayılla görüş”də rəğbətdən yox, rəhmdən söhbət gedə bilər”.
Rəğbətə alternativ olaraq rəhm, tutarlı cavabdır. (Nədənsə Azər Abdulla Məmməd Orucsuz, Məmməd Oruc Azər Abdullasız yarımçıq qalır).
Üstəlik, münaqişədə haqsızlığa uğrayan tərəfsənsə (hər mənada) di gəl, işin içindən çıx. Azər Abdullanın Azərbaycan - Ermənistan münaqişəsi barədə yazdığı bədii əsərlərində səmimiyyətinə şübhə yoxdur. Deportasiya, yaşanan vəhşiliklər, ortadakı haqsızlıqlar ailəsindən yan ötməyib. O ağrılar yazıçının canından, ruhundan keçib. Bütün bunlarla bərabər o, təmkinini pozmur, gecə saat ikidə qatardan düşəndə evlərinə gedə bilmədiyindən Mığrıda erməni kirvəsinin qapısını həmişə ərklə döydüyünü və hər dəfə də onu gülərüzlə qarşılayıb, boynuna sarılıb, üz-gözündən öpdüyünü, aləm qarışan vaxt ermənilərin qardaşını iki gecə gizlicə evlərində saxladığını etiraf edir (“Sağalmayan yaralar”), hətta erməni qızına meyl salacaq qədər irəliyə gedir (“Sarı tağ”).
İndi isə “Qəmərlidən keçən qatar”ın doqquzuncu vaqonuna minməkdə fayda var...
Mərhum Natiq Səfərovun təbirincə desək, Azər Abdulla “Qəmərlidən keçən qatar”ı tapıb. Bəli, məhz tapıb.
Kəskin süjetli povest oxucunu “Olay Ermənistan zəlzələsindən on iki il öncə olub” cümləsiylə salamlayır.
Əsərin ilk abzası “O payız düzü-dünyanı başına götürən, adamın üzünə gülən sarı soğan”ın təsviriylə başlayır. Acılıq, göz yaşı rəmzi olan soğana bir başqa gözlə baxan yazıçını görəsən əsəri belə başlamağa vadar edən səbəb nə olub? Əsərdəki hadisələr qansız-qadasız, uzaq 1978-ci ildə cərəyan etsə də, əsərin yazılma tarixi yaxın 1993-cü ili göstərir. Povestin yazılma tarixi bu sirr pərdəsini qaldırmağa kömək edir. Üzə gülən sarı soğanı soya-soya göz yaşı axıtmamaq mümkün deyil. Zaman-zaman göz yaşlarını saxlaya bilməyən məmləkətin göz yaşları təzə-təzə qurumağa başlayardı ki, göz yaşları elə həmin zəlzələ vaxtı yenidən selə-suya döndü.
Axacaq (axan) göz yaşlarının səbəbi, daha doğrusu kökü
Uzaq rayonun ucqar bir kəndində müəllim işləyən Ağəlinin bir ay əvvəl müalicə üçün yanına gətirdiyi atasının səhhəti düzəlib. Atasına aldığı oyma naxışlı əl ağacı Abdulla Əhmədovu ayaq üstdə saxlamağa kömək edir. Bir sözlə, Ağəli atasına görə çox sevinir. Qucağında daşıdığı atasının evlərinin qapısından öz ayaqları üstündə girməsini, həmin gün bütün kəndin tökülüşüb onlara gələcəyini xəyal edir. Bu sevincli anlarla birgə Ağəlinin qəlbini sarmış bir qorxu var. O, daima nigaran və gərgindir. Ruhunu çulğalamış qorxu bədəninə hakim kəsilir. “Kaş avtobus birbaşa Mığrıya gedəydi” kimi arzuya qapılır. Amma avtobus Mığrıya yox, Yerevan dəmiryol vağzalına tərəf yön alır. Yerevan dəmiryol vağzalının gözləmə zalı Ağəlinin on dörd yaşında gözü qarşısında baş verən “qırğını” xatırladır ona. Avtobusdan başlayan narahatlıq artan temp üzrə irəliləyir.
Azər Abdullanın təsvirləri maraqlı və dəqiqdir. Yazıçı entuziazmı güclüdür, bədii əsəri siyasi tezislərlə doldurub, oxucunu yormur.
Ağəlinin narahatlığı sıradan narahatlıq deyil. “Qəmərlidən keçən qatar”da yaşananlar orta məktəbdə oxuduğumuz zamanlarda hansısa bir sinifdən kiminləsə sözümüz çəpləşəndə, sonradan onların sinfinin qapısı ağzından, məhəllələrinin qarşısından keçən zaman keçirdiklərimizin daha böyüyüdür. Tərslikdən Ağəlinin ağsaqqal atası dəmiryoluna ayaq basandan oğlunun sözünə baxmır, bir növ uşaqlıq edir. Atasına görə isə uşaqlıq edən Ağəlinin özüdür.
Ağəlinin on dörd yaşında şahidi olduğu “qırğın”ı törədən qoçaqların törəmələri “Yerevan – Bakı” (İndi bu iki şəhərin adını ən yaxşı halda ancaq xəbərlərdə yanaşı görmək olar) qatarında peyda olurlar. Qoçaqlar bir kupenin biletini alan Ağəli və ailəsinin üzərinə hücuma keçirlər: “Gözümüz aydın, işə bir bax. “Yerevan-Qafan” qatarında türklər kupedə gedir, bizsə obşi vaqonda bir-birimizin belində...” deyə şikayət edirlər.
Necə də tanış mənzərədir. Azərbaycanlıları da doğma torpaqlarından didərgin salanda, qətlə yetirəndə səslənən “arqumentlər”: “Gözümüz aydın, işə bir bax. Bu türklərlə birlikdə yaşaya bilmirik. Onlar ən yaxşı evlərdə , bizim dədə - baba torpaqlarımızda yaşayırlar. Biz isə...”
Arxası məlumdur.
Ağəlinin erməni dilində danışması belə onları xilas etmir. Dələduz gənclər heç bir vəchlə Ağəli və atasından əl çəkmirlər. Min cür söyüş, təhqir qarşılığında nə Ağəli, nə də atası erməniləri, daha doğrusu erməni xalqını bircə kəlmə sözlə təhqir etməyi ağıllarının ucundan belə keçirmirlər. Azər Abdullanın qəhrəmanları “Bunlar belədir, çörəyimizi yeyib qudurublar”, “1905-1918-ci ildə də başımıza oyun açıblar” kimi ura-patriotik cümlələr səsləndirmir. Azər Abdulla bir növ ilanı Seyid Əhməd əli ilə tutur, milli hislərin körükləndiyi anda meydanı elə ermənilərin özünə buraxır:
“Erməni qadını dəhlizdəki oğlanlara üzünü tutub hədələyici tonla: - Bax, elə eləmiyin durum milis çağırım! – deyib kupedəki oğlanları gözdən keçirdi. – Budur sizin erməni mədəniyyətiniz? Atanız yerindədi!..
Dəhlizdən səslər gəldi:
- Qəhbə qızı! Gör kimi müdafiə edir!..
- Millət satqını!”
Yaşlı kişini ayaqda saxlayan əl ağacını vaqondan atan erməni uşaqlarına Əhmədov bir vaxt satmağa apardığı şaftalıları çox görməmişdi. Halbuki satılan şaftalının puluna Əhmədov ayaqqabı, kofta, lent, çanta, dəftər, qələm, pozan, qənd, şəkər tozu, sabun, kibrit almalıydı. Boşalan yeşikləri və siyahını gözünün qabağına gətirəndə Ağəli o anda peşman olmuşdu. “Yerevan – Bakı” qatarında bütün olanlara başını yelləyərək tamaşa edən Ağəli isə atasının verdiyi şaftalından dadan Vaçonu xatırlayır: “Hardasan ay Vaço?”
Atasını ayaq üstdə saxlayan oyma naxışlı əl ağacı yoxdur və atası da olmaya bilər. Ağəli atasını itirə bilər. Övladın gözü qarşısında, zaman, məkan və kimlərin əhatəsində olmasından asılı olmayaraq valideyn itkisi dünyada ən dəhşətli itki olsa gərək. Ağəli “duzsuz” iş tutur və Ağəligil ünvana çatmadan vaqonu yarımçıq tərk edirlər. O, razıdır payı-piyada Mığrıya getməyə, hətta əl ağacı olmayan atasını belində də daşıyar. Təki, şad xəbəri anasına çatdırsın: “Atam yeriyir”.
Atası isə ilk dəfə mehriban, doğma, xoşsifət və yumşaq səslə danışdığı Zülfiyyə müəllimənin qaçırıldığı Qəmərli kəndində düşə bilmir. Hazırda Qəmərli həsrətində olan saysız – hesabsız əhmədovlar var...
***
1988-ci ilin noyabrı, meydan.
Kamil Vəlinin “Azərin mübarizəsi elə özü ilə olub” sözlərinin boşuna deyilmədiyini dərk edirsən. “Tı rab, tı vor, tı armyanin” qışqıran kütlənin içində Ermənistandan deportasiya edilən qaçqınlara qarşı da ittiham irəli sürülməsinin portretini “Sağalmayan yaralar” publisistik yazısında Azər Abdulla yanğıyla çəkib. Bakının küçələrində, meydanda, avtobusda, trolleybusda, iş yerində ayrı-ayrı adamların qaçqınlar haqqında “Bakıya gəlmək ürəklərindənmiş” replikası ürəyində ağır daş kimi sallanır yazıçının və bir gün özünü saxlaya bilməyib doğma qardaşına “heç nədən qorxub kəndi qoyub qaçdınız” deyəndə qardaşı “tapança kimi açılır”:
- Sizdə insaf, vicdan yoxdur! Hamı da desə, sən demə barı! İyirmi beş, otuz il məndən qabaq qaçıb gəlmisən! Gəlib qoruyaydın da kəndi! Ermənilər bizim kənddən qabaq Lehvaza hücum etmişdilər. Kəndin arvadları dığaların üstünə qışqırıb hədə-qorxu gəlmək istəyəndə, bilirsən dığalar neyləyib!!.. Ay zalım, mən nə kənd düşünürdüm, nə də ev-eşik hayındaydım. Deyirdim bircə uşaqları götürüm çıxım. On səkkizinci ildə Bağud kəndikdə qızların başına gətirilən oyunlar yadından çıxıb!..
İnsanın içində baş qaldıran “mən”lər. Haqlı olan kimdir, haqsız olan kimdir. Hər halda dəhşətli səhnədir.
***
2009-cu ildə “İctimai” televiziyada praktikada idim. Gözləmə zalında Nemət Pənahlı ilə ordan – burdan söhbətləşməyə başladıq. Dialoq zamanı tez – tez “Mən sənin yaşında meydanlardan yığışmırdım” deyirdi. Söhbətimiz uzun çəkmədi. Soruşdum ki, hansı analitik verilişə qonaq çağırılmısınız. Cavabı belə oldu: “Ovqat” verilişinə çağırıblar. Bədii yaradıcılığımdan danışacam”. Susdum, susmaqdan başqa əldən nə gələrdi ki?!
Azər Abdullanın da iştirakçısı olduğu kütləyə “Oturmayan ermənidir” deyə xitab edən şəxs də bədii yaradıcılığından danışdı. Amma biz Azər Abdullanın yaradıcılığından, yazdıqlarından danışdığını nədənsə ya heç görmədik, ya da çox az gördük. Səsiniz gəlsin, Azər müəllim...